Mətnşünaslığa ixtisas
şifri verilsə də...
Elm sahələrinə ixtisas şifrlərinin (kod, indeks) verilməsi, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət heyətinin rəsmi sənədləri ilə nizamlanır və bu proses indi də davam etdirilməkdədir. Son illər (AAK Rəyasət heyətinin 2012-ci il 13 aprel tarixli qərarı ilə təsdiq olunmuş və 2015-ci il 30 oktyabr tarixli qərarı ilə əlavələr edilmiş) ixtisas şifri (5721.01) verilən elm sahələrindən biri də mətnşünaslıqdır. Xatırladaq ki, bu qərara qədər milli mətnşünaslığımızın öz ixtisas kodu olmamış və o, ədəbiyyat nəzəriyyəsi ilə eyni indeksə daxil edilmişdi (10.01.08 - Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq). Bu elmlərin ikisinə bir indeksin verilməsi Rusiya Ali Attestasiya Komissiyasının elmləri təsnifatından götürülmüşdü. Rusiya alimlərinin isə mətnşünaslığı ədəbiyyatşünaslığın digər sahələri, deyək ki, ədəbiyyat tarixi yox, məhz ədəbiyyat nəzəriyyəsi ilə eyni indeksə daxil etmələri, əlbəttə ki, təsadüfi deyildi: məqsəd, uzun müddət təcrübi fəaliyyət sahəsi hesab edilən mətnşünaslığın da nəzəri bazaya malik müstəqil elm olduğunu gündəmə gətirmək və təsdiqləmək idi. Qənaətimizi hələ 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərindən başlayaraq, rus-sovet tekstoloqları B.Tomaşevskinin, D.Lixaçevin, S.Reyserin,V.Neçayevanın,Y.Proxorovun, B.Buxştabın, B.Eyxenbaumun və b. mütəxəssislərin tekstologiyanın müstəqil elm kimi nəzəri əsaslarının-predmeti, metodologiyası, terminologiyası və b. məsələlərin müəyyənləşdirilməsi ilə bağlı araşdırmaları, bu mövzuda keçirilən müzakirələr, seminarlar və konfranslar da təsdiq edir. O illərdə tekstologiyanın müstəqil elm kimi obyekti və predmetini, qarşısında dayanan vəzifələri müəyyənləşdirən, təkcə "Mətnşünaslığın əsasları" adı ilə bir neçə monoqrafiya çap olunmuşdu. Akademik D.Lixaçevin tədqiqatları bu sahədə xüsusi əhəmiyyət kəsb etmiş, onun B.Buxştabla, Y.Proxorovla, eləcə də digər mətnşünaslar arasında yaranmış mübahisələr o dövrün mətbuatında geniş yer almışdır...
Doğrudur, Azərbaycan AAK-ı tərəfindən mətnşünaslığa, ədəbiyyat nəzəriyyəsi ilə birlikdə də olsa, ixtisas şifrinin verilməsi bu elmə müəyyən qədər diqqət yönəldirdi, amma haqqındakı "ənənəvi" təsəvvür (onun elm deyil, təcrübi fəaliyyət sahəsi hesab edilməsi) və üstəlik adının ədəbiyyat nəzəriyyəsinin "kölgəsində" (ədəbiyyat nəzəriyyəsindən sonra yazılması) qalması (halbuki əksinə olmalı idi; çünki mətnşünaslıq bütövlükdə filoloji elmlərin, o sıradan ədəbiyyat nəzəriyyəsinin də təməlində dayanıb, onlara binagüzarlıq etmişdir), istər-istəməz onun müstəqil elm olduğuna kölgə salır, S.Ə.Şirvaninin məşhur ifadəsi ilə desək, onu "dümbüridə" (quyruğu kəsik) edirdi. Digər tərəfdən, ədəbiyyat nəzəriyyəsi ilə bağlı dissertasiya yazan, lakin nəzəri mətnşünaslığa toxunmayan, yaxud mövzusunun, ümumiyyətlə, tekstologiyaya aidiyyəti olmayan, hətta onun haqqında anlayışı belə olmayan dissertantlar mexaniki olaraq, mətnşünaslıq ixtisasına da "yiyələnirdilər". Bəzən bu faktın əksi də baş verirdi: mətnşünaslığa aid elmi əsər yazan tədqiqatçılar da eyni "üsul"la ədəbiyyat nəzəriyyəsi ixtisasına "sahib olurdular".
Problemi yaradan, təbii ki, adları çəkilən elmlərin ayrıca indekslərinin olmaması idi. Bu baxımdan mətnşünaslığa ayrıca ixtisas şifrinin verilməsi (13 aprel 2012), əlbəttə ki, təqdirəlayiq hal kimi qəbul edilməlidir. Çünki hər bir elm sahəsinin özünün indeksinin olması onun statusunu müəyyənləşdirən başlıca atributdur. Bu, inkaredilməz gerçəkdir. Amma o da gün kimi aydındır ki, indekslərə yazılan izahlar aid olduqları ixtisasların məzmununu tam - axıradək açmalı və dərəcə verilən elm sahələrinin adları və sərhədlərini dəqiq müəyyənləşdirməlidir. Əks təqdirdə ixtisas şifri statistik rəqəm baryerini aşa bilmir. Rəqəmi elmin tərkibinə, daha dəqiq desək, elmə çevirən onun tovsifi - ona yazılan izahdır. Mətnşünaslıq haqqında verilən izah isə (şərti adlandırırıq), bizim qənaətimizə görə bu tələblərə cavab vermir. Qərarda deyilir: "Mətnşünaslıq-mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması)". İzah adına verilən bu bir cümlədə məsələnin qoyuluşu kökündən səhvdir - burada mətnşünaslığın öyrəndiyi sahələr, onun tədqiqat predmeti düzgün müəyyənləşdirilməmiş və qarşısındakı vəzifələr məhdudlaşdırılmışdır. Bu bir cümlədə məsələnin qoyuluşu və problemə yanaşma kökündən yanlışdır. Belə ki, izahda ilk nəzərə çarpan mətnşünaslıq ixtisasının dissertasiyaların-elmi əsərlərin yazılmasına yox, "qədim əlyazmaların nəşrə hazırlanmasına", yəni təcrübi fəaliyyət sahəsinə veriləcəyidir. Əslində isə ixtisas şifri təcrübi fəaliyyətə yox, elm sahələrinə və elmi-tədqiqat əsərlərinə görə verilməlidir.
İzahdakı "qədim əlyazma" ifadəsi də, bizə görə, yerində işlədilməyib: "Qədim" sözü ümumi və yayğın olduğundan bu söz ilə hansı dövrün əlyazmalarının nəzərdə tutulduğu bəlli olmur: Orta əsrlərdən əvvəlinmi, ortaçağınmı, XVIII-XIX əsrlərinmi - məlum deyil. Əgər, nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyasında (akademik İsa Həbibbəylidinin konsepsiyası) "qədim dövr" adı altında IX əsrə-"yazılı ədəbiyyata giriş"ə qədərki dövr nəzərdə tutulur, onda mətnşünaslığın Azərbaycan ədəbiyyatına dair hansı "qədim əlyazmalar"ı nəşrə hazırlayacağı (olmayan əlyazmaları?) şübhə altına düşür. Yox, əgər "qədim əlyazma" adı altında Orta əsrlərin yazılı mətnlərinin nəzərdə tutulduğunu güman etsək və mətnşünaslığı, şərti olaraq, yalnız mətnləri nəşrə hazırlayan təcrübi fəaliyyət sahəsi kimi qəbul etsək, onda da bu izahdan o yanlış mülahizə hasil olur ki, guya, yeni dövr ədəbiyyatı mətnlərinin tekstoloji araşdırmalara və nəşrə ehtiyacı yoxdur.
"Əlyazma" sözünə gəldikdə isə bildirməliyik ki, əsərlər nəşrə hazırlanarkən, onların təkcə əlyazmaları yox, çap nüsxələri də tədqiqata cəlb edilməlidir və edilir də. O səbəbdən ki: 1. Mətnlərin məzmununun açılmasında, təkcə əlyazmalar yox, çap nüsxələri də xüsusi əhəmiyyət daşıyır; 2. Əlyazmalardakı xəta (mexaniki səhvlər) və təhriflər (məqsədli müdaxilələr - katib, naşir, senzor müdaxilələri və s.) nəşr zamanı aradan qaldırıla bilir və onlar əlyazmalardan daha mükəmməl olur; 3.Bu tekstoloji faktın əksi də baş verir-çap zamanı mətnə əlyazmada olmayan əlavələr edilir, yaxud onda ixtisarlar və əvəzləmələr aparılır.
Beləliklə, həm əlyazmalarla çap nüsxələrini tutuşdurub aralarındakı tekstoloji fərqləri üzə çıxarmaqla, həm də mətnlə əlaqəli bütün (vasitəçi) mənbələri öyrənməklə hər bir əsərin əsas mətnini müəyyənləşdirmək və sənətkarın yaradıcılığının təkamül prosesini müşahidə etmək mümkündür.
İzahdakı "tərcümə" sözündən isə belə anlaşılır ki, mətnşünaslıq, təkcə özgə dildə yazılan mətnləri tərcümə edib, nəşrə hazırlamalıdır. Buradakı məntiq (əslində məntiqsizlik) onu da deyir ki, mətnşünaslıq (əgər mətnşünaslığın Orta əsr ədəbi mətnlərinin nəşrə hazırladığını şərti qəbul etsək) İ.Nəsiminin və M.Füzulinin ərəb və fars dillərində olan əsərlərini tərcümə edib, nəşrə hazırlamalı, Azərbaycan türkcəsində yazdıqlarını isə yox...
Mətnşünaslığın vəzifəsini yalnız "qədim əlyazmaları" nəşrə hazırlamaqda görənlərin İ.Nəsiminin, Ş.İ.Xətainin, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundovun, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Ə.Hüseynzadənin, H.Cavidin, M.Hadinin, C.Cabbarlının, S.S.Axundovun, Ü.Hacıbəyovun, S.Vurğunun, Ə.Vahidin və adlarını çəkmədiyimiz digər ortaçağ və yeni dövr sənətkarlarının əsərləri üzərində indiyə qədər aparılan mətnşünaslıq araşdırmalarından və üzə çıxarılan tekstoloji faktlardan (atributiv-müəllifləri naməlum, yaxud imzaları dolaşıq salınmış əsərlərin müəlliflərinin müəyyənləşdirilməsi, mətnlərə müdaxilə, təhrif və xətalar, yeni əsərlərin üzə çıxarılması, əsərlərin elmi-tənqidi mətnlərinin müəyyənləşdirilməsi, bioqrafik, biblioqrafik və b. məsələlərlə bağlı), doğrudanmı xəbərləri yoxdur? Bunu bilmirik, amma onu qəti bilirik ki, mətnşünaslıq təkcə "qədim əlyazmaları" nəşrə hazırlamaqla, eləcə də mətnləri, yalnız nəşrə hazırlamaqla məşğul olmur...
Yeri gəlmişkən, biz bir problemə-mətnşünaslığın milli filologiyamızda hansı statusda qəbul edilməsinə, həm də AAK-ın haqqında danışdığımız izahı çərçivəsində deyil, daha geniş aspektdə münasibət bildirmək istəyirik.
Qeyd edək ki, filoloji mətnşünaslığın, yalnız qədim və ortaçağ mətnlərini ("qədim" adı altında ortaçağ ədəbi mətnləri nəzərdə tutulur) nəşrə hazırlaması mülahizəsi Azərbaycan elmi təfəkküründə də "əsaslı" şəkildə oturuşmuşdur (əminik ki, AAK-ın məlum izahı da buradan qaynaqlanır). Onu da xatırladaq ki, bu mülahizə, təkcə bizdə yox, rus filologiyasında da bir vaxtlar geniş yayılmışdı. Rus-sovet tekstologiyasında mübahisələr həm də qədim və yeni dövr ədəbiyyatının hər birinin öz mətnşünaslığının olub-olmaması və tekstologiyanın elm yox, köməkçi təlim hesab edilməsi ilə bağlı da gedirdi. Lakin 1950-ci illərin sonlarından başlayaraq aparılmış və yuxarıda adlarını çəkdiyimiz müəlliflərin tədqiqatları nəticəsində bu problem həllini tapmış, yəni "tekstologiyanın köməkçi fənn deyil, müstəqil elm olması, artıq heç kimdə şübhə yeri qoymamış" (D.Lixaçev), eləcə də hər dövrün özünün yox,vahid mətnşünaslıq elminin mövcudluğu əsaslandırılmışdı. Bizdə isə həmin təsəvvür hələ də dəyişməmişdir. Əlavə edək ki, bizdə mətnşünaslığı transliterasiya və biblioqrafiya ilə eyniləşdirənlər də var. Bu yanlış təsəvvürləri aradan qaldırmaq üçün mətnşünaslığın vəzifələrinə, qısa da olsa, aydınlıq gətirməyi lazım bilirik. Bunun üçün, əvvəlcə nə üçün filoloji mətnşünaslıq, yalnız qədim və ortaçağ ədəbi mətnlərini nəşrə hazırlayan təlim və nəyə görə o, təkcə təcrübi fəaliyyət sahəsi hesab edilir-suallarına cavab verək.
Doğrudur, bəzi mütəxəssislərin də qeyd etdiyi kimi, ortaçağ ədəbi mətnləri ilə yeni dövr ədəbi mətnlərinin tekstual xüsusiyyətlərində müəyyən fərqlər var. Belə ki, doğrudan da: 1.Orta əsr mətnləri ərəb əlifbası ilə, müəyyən qismi ərəb, yaxud fars dillərində yazılıb; 2.Avtoqrafları, demək olar ki, qalmayıb, günümüzə katib nüsxələrində, həm də bir əsərin yüz illiklər fərqi ilə köçürülmüş onlarca nüsxələrində gəlib çatıb və dünyanın müxtəlif arxiv və kitabxanalarına səpələnib; 3.Bu mətnlərin müəyyən qismi müxtəlif səbəblərdən təhriflərə məruz qalmış və imzaları dolaşıq salınmışdır. Bu səbəblərdən də izaha, yalnız bu dövrün mətnlərinin ehtiyacı olduğu, başqa sözlə mətnşünaslığın, yalnız bu dövrün əsərlərini öyrənməli və nəşrə hazırlamalı olduğu güman edilir. Şübhəsiz, Orta əsrlərdə qələmə alınmış ədəbi əsərlərin tekstoloji tədqiqi zəruridir və bu, tekstoloqdan gərgin əmək, böyük axtarışlar və xüsusi hazırlıq da tələb edir. Buna heç kəsin şübhəsi ola bilməz. Amma bu heç də o demək deyildir ki, filoloji mətnşünaslıq, yalnız ortaçağ ədəbi mətnlərini öyrənməlidir, yaxud yeni dövr ədəbi mətnlərinin tekstoloji tədqiqata ehtiyacı yoxdur. Çünki akademik D.Lixaçevin də qeyd etdiyi kimi, "Qədim ədəbiyyatın, demək olar ki, bütün tekstoloji xüsusiyyətləri yeni dövr ədəbi nümunələrində də özünü göstərir. Başlıca fərq ondadır ki, bu xüsusiyyələrin bir qismi daha çox qədim, digər qismi isə yeni dövr ədəbiyyatında özünə yer alır". Bu tezisin təsdiqi üçün bu oxşar və fərqli xüsusiyyətlərin bəzilərini xatırladaq: götürək elə paleoqrafik aspektləri və dil xüsusiyyətlərini - əsərlərin ərəb əlifbası, yaxud ərəb və fars dillərində yazılmasını: məlum olduğu kimi, Azərbaycanda ərəb əlifbasından 1929-cu ilə qədər istifadə edilmişdir. Deməli, yeni dövr ədəbiyyatımız da həmin vaxta qədər ərəb əlifbası ilə yazılıb (yeni dövr ədəbiyyatının iki əsrdən də artıq bir mərhələsi). Hətta 1930-1950-ci illər arasında belə əsərlərini ərəb qrafikası ilə yazan sənətkarlara təsadüf edilir. Digər tərəfdən, yeni dövr sənətkarları içərisində də əsərlərini ərəb, yaxud fars dilində yazanlar olmuşdur. Üstəlik, yeni dövr sənətkarlarının bir qisminin də əsərlərinin müxtəlif yollarla xarici ölkələrin arxivlərinə düşməsi faktdır.
Doğrudur, ərəb və fars dillərində və ərəb əlifbası, xüsusilə də Orta əsrlərdə ərəb qrafikası ilə yazılmış mətnləri oxumaq və anlamaq çox çətindir - həm də təkcə əlifba yox, eləcə də dil və üslub baxımından. Amma etiraf edək ki, XVIII-XIX, hətta XX əsrin əvvəllərində də ərəb qrafikası ilə qələmə alınmış mətnləri (onların da dil və üslub xüsusiyyətlərini) transfonoliterasiya və dərk etmək az çətinlik törətmir. Onu da əlavə edək ki, təkcə ərəb yox, kiril və latın əlifbası ilə yazılmış mətnlərin oxunması və izahında da az xətalara yol verilmir.
Yaxud götürək mətnə müdaxilə, onlarda təhrif və xətalara yol verilməsini. Ortaçağ ədəbiyyatındakı katib təhriflərindən çox danışıldığından (xüsusilə M.Füzulinin katiblər haqqında məlum "qarğış"ına istinadən), əvvəla nəzərə alınmır ki, o dövrün ədəbi mətnlərinin, demək olar ki, hamısı, məhz katiblərin zəhməti sayəsində günümüzə çatmış və ustad şairin də "qollarının qələm olmasını" arzuladığı bütün katiblər yox, "bəd təhrir" katiblərdir. Savadlı katiblərə isə şairin özü müraciət etmişdir ki, əsərlərini redaktə etsinlər. İkincisi isə, elə təsəvvür yaranıb ki, yeni dövr ədəbiyyatında mətnə müdaxilə (ideoloji qurumlar, senzor, naşir, redaktor və b. tərəfindən) baş verməyib, onlar təhrif olunmayıb. Halbuki nəinki XVIII-XIX, eləcə də XX əsr sənətkarlarının əsərlərinin nəşrində də mətnlərə az müdaxilələr edilməyib. Belə müdaxilələrə, təkcə müəlliflər dünyasını dəyişdikdən sonra yox, onların sağlığında da yol verilmişdir...
Atribusiya və ateteza problemi - səhvən başqa şair və yazıçının adına çıxılmış əsərin əsl müəllifinin müəyyənləşdirilməsi də onun kimi: yenə də belə bir təsəvvür daha geniş yayılmışdır ki, guya yalnız Orta əsr sənətkarlarının imzaları dolaşıq salınmış, bir şairin yazdıqları, səhvən başqa şairin adına çıxılmışdır. Halbuki eyni yanlışlıqlara M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Şahtaxtlı, C.Cabbarlı, hətta, S.Vurğun və Ə.Vahidlə də bağlı yol verilib. Xatırladaq ki, az qala "gözümüzün qabağında" yazıb-yaratmış S.Vurğunun və Ə.Vahidin kitablarına da başqa şairlərin xeyli şeiri salınmışdır. Bu barədə adlarını çəkdiyimiz sənətkarların nəşr olunan kitablarında və barələrində yazılan elmi-tədqiqat əsərlərində kifayət qədər məlumatlar verilmiş, dəqiqləşdirmələr aparılmışdır.
Avtoqrafların hifz olunub-olunmaması məsələsində də fərqlərlə yanaşı, bənzərliklər də az deyil. Doğrudur, qeyd etdiyimiz kimi, Orta əsr müəlliflərinin avtoqrafları, demək olar ki, hifz olunmayıb. Yeni dövr ədəbiyyatında da bir sıra sənətkarların (məsələn, M.P.Vaqifin, Q.B.Zakirin və b.) avtoqrafları, demək olar ki, hifz olunmamışdır. XX əsr şair və yazıçılarının da bəzilərinin, xüsusilə repressiya qurbanlarının (H.Cavidin, M.Müşfiqin və b.) avtoqraflarının az bir qismi günümüzə gəlib çatmışdır. Heç S.Vurğunun avtoqraflarının da xeyli qismi əldə yoxdur. Başqa sözlə, bu məsələdə də fərqliliklərlə yanaşı, təmaslaşan məqamlar da az deyil.
Doğrudur, ədəbiyyatın özünün tarixi-tipoloji təsnifi mətnşünaslığın da öyrəndiyi materialın xarakterindən asılı olaraq üç dövrə bölünməsini şərtləndirir: 1) Qədim (Antik) dövr ədəbiyyatı mətnşünaslığı; 2) Orta əsrlər ədəbiyyatı mətnşünaslığı; 3) Yeni dövr ədəbiyyatı mətnşünaslığı (ayrıca folklor mətnşünaslığı da mövcuddur). Amma, bu dövrlərin ədəbiyyatlarının tekstual xüsusiyyətləri arasında, yuxarıda da gördüyümüz kimi, müəyyən fərqlər olsa da, qarşısında dayanan vəzifələr və həll etdiyi problemlər, demək olar ki, eynidir. Bəzi fərqli tekstual əlamətlər nə mətnşünaslığın ümumi problemlərini nə də ümumi tədqiqat metodologiyasını inkar edir, əksinə, müxtəlif dövrlərə məxsus ədəbi nümunələrin tekstoloji tədqiqində onları birləşdirir: Odur ki, "Folklor da, qədim ədəbiyyat da, yeni dövr ədəbiyyatı da mətnşünaslığın eyni dərəcədə tədqiqat obyektidir. Mətnşünaslıq vahid bir elm kimi mövcud olmalı və fəaliyyət göstərməlidir. Onun problematikası və əsas anlayışları (avtoqraf, nüsxə, qaralama, ağartma, surət, arxetip, variant və s.), ümumi metod və prinsipləri (atribusiya, tarixləndirmə, şərhvermə, konyektura, tipik səhvlərin üzə çıxarılması və s.) ümumi məqsədi olan bir elm haqqında danışmağa əsas verir" (S.Reyser). D.Lixaçev bu problemə bir qədər də geniş aspektdən və daha qətiyyətli yanaşır. O, qədim ədəbiyyatla yeni dövr ədəbiyyatı arasındakı fərqləri əsas götürüb, onları eyni nəzəri-tekstoloji prinsiplərlə öyrənməyin mümkünsüz olduğunu iddia edən tekstoloqlara cavabında deyirdi: "Mən həmişə o qənaətdə olmuşam və indi də əminəm ki, hansı mətni (yapon, rus, yunan-qədim, yaxud, yeni olsun, fərqi yoxdur) öyrənməsindən asılı olmayaraq, tekstologiyanın ümumi prinsipləri, ümumi metodologiyası və ümumi iş üsulları mövcuddur".
Nəhayət, hansı mətnlərin şərhə, izaha ehtiyacının olması və anladılması məsələsi. Şübhəsiz, hər bir bədii əsər öz zamanının, mühitinin məhsulu olduğu üçün, yarandığı dövrün ideoloji və mənəvi-estetik xüsusiyyətlərini ehtiva edir. Əsəri yarandığı dövrün, mühitin insanları, təbiidir ki, sonrakılardan daha yaxşı anlayır və dərk edir: istər nəzəri-struktur və semiotik elementlər, istər dil-imla və qrafik aspektlər, istərsə də sırf tarixi-ideoloji baxımdan olsun, fərqi yoxdur. Hər bir əsər yarandığı dövrdən uzaqlaşdıqca, bu məsələlərin anlaşılması və anladılması bir o qədər çətinləşir. Ortaçağ ədəbi əsərlərinin çətin anlaşılmasının səbəbi də bunlarla, daha çox da əsərlərin dilinin ağırlığı, qəlizliyi ilə əlaqələndirilir. Amma o da etiraf edilməlidir ki, təkcə Orta əsrlərdə yox, XVIII-XIX, hətta XX əsrdə yazıb-yaradan sənətkarların da (məsələn, Ə.Hüseynzadənin, M.Hadinin, H.Cavidin, hətta M.Ə.Sabirin də) əsərlərində müasir oxucunun çətin anladığı sözlər, ifadələr, poetik fiqurlar az deyil. Təkcə bir faktı qeyd edək ki, Ə.Hüseynzadənin əsərlərinə zəhmətkeş ədəbiyyatşünas Ofelya Bayramlının yazdığı izahların həcmi az qala əsərlərin özləri qədərdir. Həm Ə.Hüseynzadənin, həm də H.Cavidin əsərlərinin nəşri və yeni şərhi, eləcə də əvvəlki izahların dəqiqləşdirilməsi və dərinləşdirilməsi ilə bağlı Azər Turanın tədqiqatları bu böyük sənətkarları daha dərindən və olduğu kimi dərk etməyə imkan verir. A.Mirzəyevin M.Füzuli, A.Dadaşzadənin M.P.Vaqif, R.Kərimovun Q.Zakir, K.Şəriflinin Ə.Nuxəvi, Ə.Mirəhmədovun, İ.Həbibbəylinin və E.Qasımovanın C.Məmmədquluzadə, M.Məmmədovun, T.Novruzovun, və A.Bayramoğlunun M.Ə.Sabir, İ.Qəriblinin M.Hadi, A.Rüstəmlinn C.Cabbarlı, K.Nəhmətovanın S.S.Axundov, M.Nuruoğlunun Ə.Vahidlə bağlı apardıqları tekstoloji tədqiqatlar da eyni funksiyanı daşıyır və eyni dərəcədə əhəmiyyətlidir...
…Filoloji mətnşünaslıq, qeyd etdiyimiz kimi, müstəqil elmdir. Onun tədqiqat predmeti bədii əsərlərin mətnlərinin tarixçəsi, spesifik metodları isə atribusiya, ateteza, tarixləndirmə, şərhvermə və lokalizasiyadır. Mətn çox mürəkkəb konstruksiya olduğundan onun tekstoloji tədqiqində məntşünaslığın məxsusi metodlarından əlavə də bir çox metodlardan (linqvistik, semiotik, bioqrafik, komparativ, paleoqrafik, mifoloji, fenomenoloji, fəlsəfi, hətta, riyazi və s.) istifadə edilir. Digər bütün elmlər kimi, məntşünaslığın da özünəməxsus terminologiyası var. Milli tekstoloji terminologiya digər filoloji elmlərdə olduğu kimi, həm Azərbaycan türkcəsinin öz hesabına, həm də alınma-Yaxın Şərq (ərəb və fars), eləcə də rus dilindəki və rus dili vasitəsilə dilimizə keçmiş Avropa mənşəli terminlər hesabına formalaşmışdır. Yeri gəlmişkən qeyd edək ki, "tekstologiya" termini sorğu kitablarında göstərildiyinin əksinə olaraq, təkcə, yunan və latın yox, həm də türk mənşəlidir, daha doğrusu, nostratik-ulu dildən gəlmə sözdür. Təməlində "tkat, tekstil" kəlmələri ilə yanaşı, "toxumaq, tikmək" sözlərinin bildirdiyi məna da dayanır. Çağdaş mətnşünaslıq isə əski şərh və təfsir (daha əvvəl "açım", "yozum") elmlərinin, qısa desək varisidir. Onu da diqqətə çatdıraq ki, bütün elmlərin öz mətnşünaslığı olduğundan ədəbi mətnlərin tarixçəsini öyrənən elmin filoloji mətnşünaslıq adlandırılması daha məqsədəuyğundur.
…Filoloji elmlərin tarixi inkişaf yolunun müşahidəsi maraqlı bir faktı - filoloji mətnşünaslığın ədəbiyyat haqqında elmlərin ən qədimi olduğunu da təsdiqləyir. Bir elm kimi başlanğıcını yazılı mətnlərin öyrənilməsindən götürsə də, onun qaynaqları mətnin özündən də çox-çox əvvəllərə-yazı işarələrinə, heroqliflərə, onların ad açımına, folklor nümunələrinin, miflərin, ritualların (qam-şaman, ozan, rapsod və s.), yuxu yozumlarının ilkinə, başlanğıcına gedib çıxır. Başqa sözlə, filoloji mətnşünaslıq (əski açım, yozum, şərh, təfsir) bütövlükdə ədəbiyyatı öyrənən elmlərin təməlində dayanıb, onlara binagüzarlıq etmiş - "Azərbaycan estetik və tənqidi fikrinin ilk janrı kimi meydana çıxmışdır. Şərh-bir janr kimi "tənqid-biblioqrafiya"ya yaxın olmuş və yazıçı ilə oxucu arasında anlaşma, əlaqə yaratmaq məqsədini izləmişdir. Şərhçilər dövrlərinin məşhur filoloqları idilər, tanınmış şairlərin əsərlərini beyt-beyt izah edir, onların mənasını açırdılar" (K.Talıbzadə).
O da məlumdur ki, hər bir mətn özündə yarandığı dövrün sosial-siyasi, mənəvi-əxlaqi, nəzəri-estetik xüsusiyyətlərini, müəllifin yaradıcılıq kredosunu - hansı cərəyana, məktəbə mənsubluğunu və s. ehtiva edir. Bu baxımdan mətnin məzmununun açılmasında onun yarandığı dövrün öyrənilməsinin, mühit-müəllif - mətn əlaqələrinin üzə çıxarılmasının böyük əhəmiyyəti var. Və bu problemlərin həlli də mətnşünaslığın başlıca vəzifələrindəndir. "Mətnşünaslıq ədəbi məktəblərin, cərəyanların, ideoloji istiqamətlərin, üslubların və onlardakı dəyişikliklərin, yaradıcılıq prosesinin dinamikasının öyrənilməsində də geniş imkanlar açır və bir çox mübahisəli məsələlərin həllində arbitr kimi çıxış edir" (D.Lixaçev).
Beləliklə, həm tarixən qədimliyinə, həm ədəbiyyatşünaslığı zəruri materiallarla təmin etdiyinə, həm də ilkin nəzəri prinsipləri həyata keçirdiyinə görə, mətnşünaslıq özünün həm nəzəri, həm də təcrübi sahəsi ilə ədəbiyyatşünaslığın başlanğıcı və əsası kimi qəbul edilir.
Ədəbi mətnlər üzərində bu və ya digər istiqamətdə elmi araşdırmalar aparan filoloqları-ədəbiyyatşünasları, dilçiləri, folklorşünasları qüsursuz, mötəbər mətnlərlə təmin edən də mətnşünaslıqdır. "Mötəbər mətnsiz isə, mötəbər elmin mümkünsüzlüyü, artıq, hər kəsə gün kimi aydındır" (Ə.Mirəhmədov). Filoloji mətnşünaslığı bu mənada, təkcə ədəbiyyatşünaslığın yox, bütövlükdə filologiyanın, ədəbiyyatı öyrənən bütün elmlərin başlanğıcı və əsası hesab etmək olar.
Beləliklə də nüfuzlu mütəxəssislərin elmi-nəzəri qənaətlərinə əsasən, çağdaş filoloji mətnşünaslığın vəzifələrini belə ümumiləşdirmək olar:
1.Filoloji mətnşünaslıq bütün ədəbi əsərlərin (yazıldığı dövr, dil və əlifbadan asılı olmayaraq) mətnlərinin tarixçəsini öyərnir;
2. Filoloji mətnşünaslığın ədəbi mətnlərin tarixçəsini öyrənməkdə başlıca məqsədi:
a) hər bir əsəri müəllifin yazdığı, əslində olduğu kimi bərpa etmək;
b) hər bir əsəri şərh edib məzmununu açmaq, oxucuya anlatmaq;
c) hər bir əsərin əsas (mötəbər) mətnini müəyyənləşdirməkdir;
3. Filoloji mətnşünaslıq ədəbi mətnlərin tarixçəsini öyrənməklə onunla bağlı bütün suallara (atributiv, bioqrafik, biblioqrafik, semiotik və s.) aydınlıq gətirir, onları elmi-tekstoloji cəhətdən əsaslandırılmış izahı ilə birlikdə ortaya qoyur. Tekstoloji tədqiqatın nəticələrindən isə:
a) ədəbiyyat tarixlərinin yazılmasında;
b) şair və yazıçıların əsərlərinin elmi nəşrlərində (ədəbi-tarixi və tekstoloji müqəddimələrdə, xüsusilə də şərhlərdə);
c) şair və yazıçıların yaradıcılığı haqqında yazılan monoqrafik tədqiqatlarda və elmi məqalələrdə istifadə edilir.
Beləliklə, deyilənlər
AAK-ın haqqında söz açdığımız qərarında
mətnşünaslığın nə filoloji elmlər
sistemində yerinin, nə də vəzifələrinin
düzgün müəyyənləşdirilmədiyindən xəbər
verir. İzahdan mətnşünaslığın, ümumiyyətlə
elm deyil, təcrübi fəaliyyət sahəsi olması
təsəvvürü yaranır. Onu da qeyd edək
ki, sivilizasiyalar, sosial-siyasi sistemlər dəyişdikdə
milli-mənəvi dəyərlərin, o sıradan ədəbiyyatın
da dərki və yenidən dərkinə, bunun
üçün isə şərhinə, başqa sözlə,
filoloji mətnşünaslığa ehtiyac daha da artır.
Etiraf edək ki, bu istiqamətdə, xüsusilə də mətnlərin
nəşrə hazırlanmasında müstəqillik
dövrü ədəbiyyatşünaslığında bir
canlanma müşahidə olunur. Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu kimi mütəfəkkirlərin
əsərlərinin, "Molla Nəsrəddin" və
"Füyuzat"
jurnallarının nəşri və başqa nəşrlər
bu qəbildəndir. Bu səbəbdən də yeni dövr ədəbiyyatı
və onların nəşrləri ilə bağlı
aparılan tekstoloji araşdırmalar da
qarşılığını - halal haqqını - öz
indeksini tələb edir. Bütün bunlar məsələyə,
yazımızın əvvəlində də qeyd etdiyimiz kimi,
yenidən baxılmasını gündəmə gətirir.
Ali Attestasiya Komissiyasının son zamanlar həyata
keçirdiyi konstruktiv tədbirlər, toxunduğumuz bu ciddi
problemin də aradan qaldırılacağına inam yaradır.
Aslan Salmansoy
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.28-29.