Sergey Eyzenşteynin
Moskvada
saxlamaq istədiyi sənətkar –Rza Təhmasib
"O axşam atamın gözləri nura
boyanmışdı. Xırdaca gözləri məmnun
baxırdı, hərdən gülürdü. Kim bilir, bəlkə
də həyatın əzabla dolu, lakin mənən xoş və
fərəhli günlərinə
qayıtmışdı".
Tamilla Təhmasibin
"Rza Təhmasib"
kitabından
* * *
Rza Təhmasib
1894-cü ildə Naxçıvanda
tacir ailəsində doğulub. Onun babası Hacı Ələkbər kişi dinə dərin etiqadına görə böyük nüfuz sahibi olan ağsaqqallardan biri idi. Rza Təhmasib
tacir ailəsində doğulsa da, o qədər də varlı uşaqlıq keçirməmişdi. Babası onu
özü ilə bərabər keçirilən
xan məclislərinə
aparar, sanballı insanların əhatəsində
böyüməsi və
inkişaf etməsi üçün zəmin yaradardı. Hacı Ələkbər kişi əmin idi ki, balaca
Rza özü kimi gələcəyin böyük taciri və dinə etiqadı olan hörmətli şəxslərdən
biri olacaq.
Həyat elə gətirir ki, gələcəkdə
teatr və kino sahəsinə böyük xidmətlər
göstərən bu şəxs elə ilk uşaqlıq illərindən
taleyin amansızlığı
ilə üz-üzə
qalır. O, çox erkən yaşda anasını itirir. Rzanın tərbiyəsində və
böyüməsində iki
qadın böyük rol oynayır. Onlardan biri nənəsi, digəri isə Durna adlı bibisi olmuşdur.
Rza Təhmasib öz xatirələrində onları
gözləri dolmadan xatırlaya bilmir: "Mən ana görməmişəm,
Durna bibi mənə əsl ana olub, nazımı
çox çəkib.
Nənəmin gen tumanı
həmişə mənim
üçün alınmaz
qala idi. Nadinclik üstündə cəzalardan
məni hər dəfə onun qat-qat tumanı qoruyardı".
O, 1901-ci ildə Naxçıvanın
məşhur ziyalısı
pedaqoq Məmməd Tağı Sidqinin hələ 1894-cü ildə
açmış olduğu
"Məktəbi-tərbiyə" məktəbində təhsilə
başlayır. 1906-cı ildə oranı bitirir. Həmin illər ərzində
o, rus dilini çox yaxşı şəkildə mənimsəyir.
1909-cü ildə Rza atası Abbasqulu kişiyə təhsilini davam etdirmək üçün
Tiflisə gedəcəyini
bildirir. Lakin ata
öz oğlunu tacir nəslinin davamçısı kimi görmək istəyir və bu kimi
fikirlərə qarşı
çıxır. Həmin
illərdə Rza artıq Şekspirin, Şillerin, Puşkinin yaradıcılığı ilə
tanış idi. Həmçinin Naxçıvanda məşhur olan Böyükxan Naxçıvanskinin
aktyorluq və rejissorluq fəaliyyətini
izləyir, onun quruluş verdiyi tamaşaların hamısına
baxırdı. Bu dövrlərdə
öz klassik yazıçılarımızın əsərləri ilə tanış olan Təhmasib Hüseyn Ərəblinskinin
sənətkarlığı ilə də tanış olur.
O, 1909-cu ildə yazıçı
dramaturq Hüseyn Cavidlə tanış
olur. Onların müəllim-tələbə münasibətləri başlanır.
Həmin
dövrlərdə Cavid
İstanbul Universitetindəki
təhsilni bitirib Naxçıvana qayıdaraq
öz evində məktəb açmışdı.
Rza da bu məktəbin
ən qabaqcıl tələbələrindən biri
idi.
* * *
Güclü inadı sayəsində Təhmasib 1910-cu ildə atasını razı salaraq onunla birlikdə Tiflisə gəlir. Lakin gəliş gecikdiyindən
bütün qəbul imtahanları baş çatmışdı. Belə olan
halda o, atasının
istəyi ilə kommersiya məktəbinə
daxil olur. Lakin qısa vaxt ərzində Azərbaycanlı
artistlərin yaratmış
olduqları "auditoriya"
dərnəyinin üzvü
olur.
Günlərin birində ata oğluna baş çəkmək üçün
Tiflisə gəlir. Oğlunun teatra
marağını bilən
ata qaldığı mehmanxanada tamaşa üçün satılan
biletlərdən almağı
qərarlaşdırır. Təhmasib hər vasitə ilə bunun qarşısını almağa
çalışır. Çünki atasının bilet
aldığı tamaşada
o, özü aktyor kimi iştirak etməli idi. Lakin ata tamaşaya bilet alır. Aktyorun tanınmaması üçün
bircə yol qalmışdı. Bu da
yaxşıca qrimlənmək idi. Birinci və
ikinci pərdələrdə onun atası heç bir
şübhəyə düşmür. Lakin
sonuncu pərdədə özünü itirən Təhmasib
dekorasiyanın əsasını təşkil edən asma
ağaca toxunur. Bütün "meşə" titrədiyi
üçün suflyorun "korsan, gözün
görmür" deməsi ona pis təsir edir. Və
bu əhvalat onun atası tərəfindən tanınmasına
səbəb olur. Tamaşadan sonra ata
oğluna "səylə" oxuduğu üçün
"təşəkkür" dolu sifariş yollayır.
Mehmanxanaya qayıtdıqdan sonra ata heç bir izahat tələb etmədən,
nəsihət vermədən çox sakit və qısa
danışıb məzəmmət və hətta təhqir
dolu baxışlarla oğlunu süzərək ondan
ayrılır.
Lakin bu ayrılıq və faş olma Rzanın
teatrla daha aktiv işləməsinə şərait
yaradır.
1910-cu ildən 15-ci illərə
qədər o, Tiflisdə yaşayır bu
illər ərzində xeyli ziyalı insanla tanış
olur. Hüseyn Cavid və Əziz Şəriflə
dostluğu daha da möhkəmlənir. Onlar
tez-tez Botanika bağında xudmani məclislər qurar, söhbətlər
edərmişlər.
Əziz
Şərif xatirələrində
yazır: "Biz tez-tez Botanika bağı
dərəsinə gedər, məclis qurar və
uşaqlığımızı yada salıb əylənərdik.
Rza şərab içmədiyindən bizdən
nisbətən ayıq olurdu. Və biz
şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə
maraqlanırdı."
* * *
1915-ci il aktyorun həyatında çox əlamətdar
dönəm olur. Belə ki, həmin il
Naxçıvan teatrında səhnələşən
"Ölülər" əsərəində iştirak
edir. Cəlil Məmmədquluzadənin bu aktual əsərini həmin
dövrdə teatr səhnəsində hazırlamaq çox çətin
idi. Çünki qəhrəmanlar və hadisələr
o dövrün bütün mənzərəsini əks
etdirirdi.
Cəlil Məmmədquluzadənin bu
pyesindəki qəhrəmanların bir
çoxu həyatdan götürülmüşdü. 1889-cu ilin yazında
İrandan gələn Seyid Heydər və Seyid Mirzəcan
adlı iki nəfər o vaxtkı Cəbrayıl qəsəbəsinin
iki kilometrliyndə yerləşən Horovlu kəndində
yaşayan şiələrə xəbər verirlər ki,
onları birinci İmam Əli göndərib ki, xalqa yaxın
günlərdə dünyanın dağılması xəbərini
versinlər. Ona görə də hamı bu qiyamət
gününə hazır olub dünya nemətlərindən
vaz keçərək yeyib-içib kef etsinlər. Dünya dağılandan sonra onlar nəqd
pullarını artıqlaması ilə alıb xoşbəxt
həyatlarına davam edəcəklər. Təyin
olunmuş vaxtda möminlər soyunub dağın başına
çıxırlar. Lakin nə qədər
gözləyirlərsə, dünya dağılmır. Onlar kor-peşman evə qayıdan zaman seyidlərin
onların pullarını götürüb qaçmış
olduqlarını görürlər.
Heç
şübhəsiz ki,
Mirzə Cəlil bu hadisələrin ya
şahidi olmuş, ya da eşitmişdir ki, onları
"Ölülər" əsərində təsvir edib. Həmçinin Kefli İsgəndər obrazı da Mirzənin
Sübhi adlı müəlliminin prototipi olub.
Rza Təhmasib
"Ölülər" tamaşasındakı
Kefli İskəndər rolunda çox böyük müvəffəqiyyətlə
iştirak edir.
1918-ci idə isə Bakıya gəlir.
Bakıdakı Dram teatrında işə
başlayan Rza Təhmasibin yaradıcılığında
Hüseyn Cavid repertuarı çox vacib yer tutur. Xüsusən
də "İblis" tamaşası. 1921-ci
ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə
hazırlanan "İblis" tamaşasında aktyor Şərifzadədən
sonra İblis rolunu ifa edir.
Rza Təhmasib həmin illəri sonralar "Unudulmayan günlər"
adlı xatirə kitabında belə xatırlayr: "Mənim
İblis rolunda Şərifzadədən sonrakı
çıxışım, qəhqəhəm çox pis
qarşılandı, hətta gülüş doğurdu. Mən başa düşürdüm ki, Şərifzadə
səsi, Şərifzadə nəfəsi məndə yoxdur.
Mən yalnız sözlərimdəki məntiqin gücünə
arxayın olmalıydım. Əks təqdirdə obrazın fəlsəfi
mənası itə bilərdi. Bu səbəbdən obrazı
qəbul edərkən xeyli götür-qoy etdim. Şərifzadə
istedadı qarşısına çıxmaq böyük cəsarət
tələb edirdi. Teatrın soyuq dəhlizində rejissor mənə
əsas mizanları göstərdi. Rol üzərində ciddi
işə başladım. Əsas məşqlər evimdə
olurdu. Mən kiçik iş otağımda İblisin
monoloqunu və başqa səhnələri saatlarla məşq
edirdim. Premyera günü ilk çıxışım
gülüş doğursa da, danışmağa
başladığım ilk dəqiqələrdən mən
salonu tamamilə özümə tabe edə bildim."
Belə günlərin birində Rza Təhmasib gözlənilmədən xarici
işlər komissarlığına dəvət olunur və
diplomatik nüməyəndə heyətinin tərkibində tərcüməçi
kimi uzunmüddətli Türkiyə səfəri təklifi
alır.
Müxtəlif şəhərləri, ölkələri
görmək aktyorun hələ uşaqlıq
illərindən arzusu olduğundan bu təklif onun ürəyindən
olur.
* * *
Rza Təhmasib
Türkiyədə işləməklə yanaşı həm
də yetimlərin xeyrinə verilən tamaşalarda iştirak
edirdi. Həmin tamaşaların birinin sonunda Rza Təhmasib
Cavidin "İblis" tamaşasından monoloq söyləyir.
Bundan sonra onu din, dövlət əleyhinə kommunist təbliğatı
aparmaqda günalandırıb Türkiyədən qovmaq istəyirlər.
Sonra bu təhlükə sovuşur.
* * *
Aktyor
Bakıya geri qayıdır. Elə həmin ili də teatra
direktor təyin olunur.
1924-cü
il iyulun
1-də aktyor "xəstəliyinə
görə" öz xahişi ilə işdən azad olunur.
O, bir də teatra
bir il iki aydan sonra
qayıdır. Onun qayıdışından sonra Aleksandr
Tuqanov da teatra gəlir və bir-birindən maraqlı
tamaşaların hazırlanma dönəmi başlanır.
1930-cu ildə Tuqanovun
rejissorluğu ilə
Cavidin "Knyaz" əsəri səhnəyə qoyulur. Əsərdəki Knyaz
obrazı isə Təhmasibə həvalə olunur.
Tamaşadakı Knyazın dəlilik səhnəsini ifa etməkdən
ötrü aktyor iki dəfə ruhi xəstəxanya gedir və
oradakı xəstələri müşahidə edir.
* * *
Ötən
əsrin 20-ci illərinin sonunda kinematoqrafiyada rejissor kimi
işləmək istəyən aktyor bu yolda özünü
sınamaq qərarına gələrək Moskva Kinematoqrafiya
Akademiyasına imtahan vermək üçün Moskvaya yola
düşür. İmtahanı S.Eyzenşteyn qəbul edir.
Rejissor və aktyor yaradıcılığı
suallarının cavabları İvan Qroznının oğlunun
qətlə yetirilməsi şəklini kinematoqrafın
gözü ilə görməsi və "Qorio ata"
romanındakı kiçik parçanın ssenariləşməsi
ustadı qane edir. R.Təhmasib əla qiymətlə akademiyaya
qəbul olunur. Onun müəllimlərindən biri də
Stanislavskinin tələbəsi Kedrov olur.
Təhsil
illərinin sonunda aktyor müəllimi Eyzenşteynlə olan son
söhbətini belə xatırlayır: "Bir gün
Eyzenşteyn məni evinə çağırtdırdı.
Onun evi mənzili deyil, böyük bir kitabxananı
xatırladırdı. O, məni çarpayının
yanında oturdub yumşaq tərzdə gülümsünərək
söhbətə başladı: "Qulaq as, Təhmasib, gəl,
birlikdə işləyək. Sən aktyorlarla çox
yaxşı işləyirsən, mən isə bunu
bacarmıram. Doğru sözümdür, mən aktyorlarla
işləməyi bacarmıram. Mən obrazları aktyora izah
edib ötürürəm, ancaq aktyordan bunu ala bilmirəm. Bu
isə rəsmiyyətçilik və
yorğunçuluqdur".
Hədsiz sevinclə müəllimdən
ayrılan sənətkar şad halda evinə
gəlir. Həyat
yoldaşına bu xəbəri çatdıranda isə
gözlənilməz vəziyyətlə
qarşılaşır. Ailəsindən qohumlarından uzaq
düşmüş arvadı ağlayaraq vətənə,
doğmalarının yanına qayıtmaq arzusunu dilə gətirir.
Bundan sonra geri qayıtmağa məcbur olan aktyor sonrakı fəaliyyətini
Bakıda davam etirir.
Müharibənin qızğın dövründə
- 1941-ci ildə Rza Təhmasib rejissor kimi "Səbuhi" filminin çəkilişinə
başladı. Film 1943-cü ildə tamamlandı.
Böyük mütəfəkkir
Mirzə Fətəli
Axundovun həyat və yaradıcılığından
bəhs edən bu filmdə İsmayıl Dağıstanlı,
Leyla Bədirbəyli,
Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani,
Mustafa Mərdanov kimi böyük sənətkarlar
çəkilmişdi. Ancaq
onun kinoda rejissor kimi ən uğurlu işi
"Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor
Nikolay Leşşenko ilə birgə yaratdığı bu film
SSRİ Dövlət mükafatına layiq görüldü.
Rza Təhmasib 1950-ci ildə A.Zarxi və İ.Xeyfitslə birlikdə
"Bakının İşıqları",
1959-cu ildə Mikayıl
Mikayılovla "Mahnı
belə yaranır"
filmlərinə quruluş
verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu bağışlamaq olarmı?"
filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuş və rejissor həllinə görə diqqəti çəkən,
maraqlı filmdir.
Filmin ssenarisini rejissorun qardaşı, görkəmli
filoloq-alim M.Təhmasib
yazmışdı.
Rza Təhmasib
həm də aktyor kimi kinomuza
öz töhfəsini
verib. 1947-ci ildə
istehsal olunmuş
"Fətəli xan"
filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun
ən layiqli aktyor işi isə "Qanun naminə" filmində yaratdığı Qaloş
obrazıdır. Bu obraz öz xarakterinə
və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
1971-ci ildə aktyorun
ailəsində ağır
itki yaşanır. Sənətkarın cavan qızı ürək iflicindən dünyasını dəyişir.
Şəkər xəstəliyindən əziyyət çəkən
sənətkarın səhhəti
daha da pisləşir.
Onun qanqrena olan ayağının
biri narkozsuz halda amputasiya olunur. Bundan sonra o, doqquz il ömür
sürür. 1980-ci ildə Rza Təhmasib
dünyasını dəyişir.
Yazıda Tamilla Təhmasibin "Rza Təhmasib" adlı kitabından istifadə olunmuşdur.
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.30-31.