ƏDƏBİYYAT ÜZRƏ 1960-CI
İLİN NOBEL
MÜKAFATÇISI: Sen-Jon Pers
Sen-Jon Pers
Nobel nitqi
Fransız şairi, diplomat
Sen-Jon Pers 1887-ci ildə Fransa Qvedulpesində,
hüquqşünas ailəsində doğulub, Bordoda və
Parisdə təhsil alıb. 1911-ci
ildən etibərən, xarici işlər nazirliyində
işləyib, Fransanın Pekindəki səfirliyinin katibi olub.
Yaradıcılğa erkən
yaşlarında başalyıb, ilk şeirlər toplusu
"Eloges" 1911-ci ildə işıq üzü
görüb. Daha sonra 1924-cü ildə
"Anabasis" epikpoeması və "Şahzadənin
dostluğu" poemaları, "Küləklər" (1946),
"Quşlar" (1962) və s. kitabları çap olunub.
Ədəbiyyat üzrə 1960-cı
ilin Nobel mükafatı ona "dövrümüzün
ucalıq və bədiilik mənzərəsini poeziya vasitəsilə,
özü də usatlıqla əks etdirdiyi
üçün" verilib.
Nobelçi şair 1975-ci
ilin 20 sentyabrında Fransada vəfat edib.
Bir vaxtlar poeziyanın gətirdiyi şöhrəti qəbul
etdim, indi də borcumu qaytarmağa tələsirəm. Amma poeziya
tez-tez yada düşmür. Sən demə,
poetik əsərlər fəaliyyətdə olan cəmiyyətin
maddi bədbəxtliklərini dərinlədirmiş. Şair istəməsə də bu uyğunsuzluğu
qəbul edir, amma alim üçün bu uyğunsuzluğun
praktik tətbiqi yoxdur.
Müasir
elm dramının rasional sərhədlərini riyazi dəqiqliklə
dərk edirik; fizikada olduğu kimi, iki üstün doktrina bir tərəfdən
nisbiliyin ümumi prinsiplərini, digər tərəfdən isə
kvant nəzəriyyəsinin qeyri-müəyyənliyini və
indeterminizmi irəli sürərək, fiziki kəmiyyətlərin
dəqiqliyini şübhə altına salır; əsrimizin
qüdrətli elm dahilərindən, çağdaş
kosmologiyanın banilərindən, intellektual sintezin qeyri-səmimi nəhənglərindən,
riyazi terminlər səviyyəsinə köklənənlərdən
kimsə intuisiyanın köməyinə arxalanıb təsdiq
edir ki: "xəyal - doğru elmi ideyaların yaranmasına
yol açır" və bu fikir, alimin gerçək bədii
təxəyyülünə işarədirsə, o zaman poetik
yanaşmaları məntiqi yanaşmalar kimi qəbul etməyin
nəyi pisdir?
Doğrudan
da ağlın məhsulu olan nə varsa, hər şeydən əvvəl
demək lazımdır ki, bu,
sözün əsl mənasında "poetikdir" və
alimlə şairin cismani, eyni zamanda mənəvi zəhmətinin
bərabər hüquqlu olduğunu nəzərə alsaq,
görərik ki, bu, elə əvvəldən öz eyniliyini
qoruyub saxlayıb.
Bizi uzağa aparan və bizə lap uzaqdan
yaxınlaşan nədir? Diskursiv (formal məntiqi
nəticələrə əsaslanmaq) fikir, yoxsa poetik ellipsis?
Və ilk gecədə gözləri tam
açılmamış iki fikir kor-koranə şəkildə
- biri təpədən dırnağadək elmlə
silahlanmış, digəri, sadəcə, intuisiyanın
gücünə arxalanaraq - addımlayırsa,
çıxış yolunu ilk kim tapır,
kim özü ilə daha çox parıldayan fosfor
parlaqlığı daşıyır? Cavabın
heç bir əhəmiyyəti yoxdur.
Sirr hər ikisi üçün eyni məna kəsb edir,
çünki qüdrətli poetik ruhdakı cəsarət
müasir elmi kəşflərin dramatikliyindən əsla geri
qalmır. Bir vaxtlar kainatın genişlənməsi məsələsi
astronomları çox pərt etmişdi; amma nəzərə
almaq lazımdır ki, digər kainatda da - insanın mənəvi
və ruhi kosmosunda - genişlənmə prosesi gedir. Nə
qədər ki, elm öz qövsvari sərhədləri boyunca
addımlayıb özündən uzaqlaşa bilmir, biz
şairləri təqib edən ovçu dəstəsinin
hay-küyünü hələ çox eşidəcəyik.
Çünki əvvəldən də dediyimiz kimi, poeziya
özündə "mütləq reallığı" əks
etdirmir, yəni o, yenə də heç bir şübhə
doğurmadan özünə yaxın olanları qəbul edir və
bu yaxınlığın ümumi cizgiləri ilə
şeirin relallıq dərəcəsi arasında uyğunluq
var.
Vasitəçi - obraz sayəsində gerçəkləşən
xəyali anoloji rəmzi fikrin, müxtəlif reaksiya zəncirinə
nəzərən özünü aparmağı, eləcə
də yad assosiasiyalar, sonunda dilin yumşaqlığını
təmin edir, varlığı hərəkətə gətirir
və şairi elmə dəxli olmayan reallığa kökləyir.
İnsan varlığını toparlayan, ya da onu səfərbər
edən dialektika mövcuddurmu? Filosfoslar metafizika sərhədlərini
aşdıqca, onun yerini şairlər tutur və o zaman fəlsəfə
deyil, poeziya əsl "heyrət
mücəssəməsi"nə çevrilir; gerçəyə
böyük şübhə ilə yanaşan antik filosofun
fikirlərinə nəzər salsaq, bu mənzərənin
şahidi olarıq.
Amma poeziya - idrak vasitəsindən başqa bir şey
deyil.
Poeziya hər şeydən əvvəl həyat tərzi
və bütövlükdə həyatın özüdür. Mağara
insanları arasında da şair olub, atom əsri insanları
arasında da olacaq, çünki o, şəxsiyyətin
ayrılmaz parçasıdır. Dinlər
poetik yanğıdan, mənəvi acgözlükdən
yaranıb və məhz poeziyadan yayılan ilahi
qığılcım insan ruhunda əbədi yaşayır.
Elə ki, miflər dağlıb param-parça
olur, o zaman ilahi olan nə varsa, öz keçmişini - bəlkə
elə gələcəyini də - poeziyada tapır. Hətta
ümumilikdə, insanın ictimai varlığına yaxın
olan, əlində məşəl tutaraq, antik kortejin başında
duranı duz-çörəklə qarşılamağa gedən
Pərini əvəz etməyə tələsən o biri Pəri
də məhz, poetik təxəyyülün köməyilə
işığa can atan xalqların həvəsinə
işıq saçır.
İnsanın
qüruru - əbədiyyət yolunun yolçusudur! İnsan
qüruru qarşısında yeni humanizm pəncərəsi -
həqiqi, universal və ruhən bütöv - açılırsa, insan həyatın
ağırlığını üzərinə
götürür!
Müasir poeziya daim axtarışdadır və bu,
birbaşa inasan varlığı ilə əlaqədardır. Bu poeziayada
ikibaşlı heç nə yoxdur. Eyni
zamanda, onun qabarıq estetikliyini də görmək olmur.
Artıq o mumiyalanmış, ya da dekorativləşdirilmiş
incəsənət mənası vermir. Heç mədəniyyət
incisi də deyil, saxtakarlığın, emblem azarının
ona dəxli yoxdur, heç bir musiqili tədbir onun ürəyincə
ola bilməz.
Öz
yoluyla gedərsə, gözəlliklə qarşılaşar,
- bu ən ali bağlılıqdır - amma bunda, azacıq da olsa
öz yüksəlişini, mənəvi qidasını
görmür. O, incəsənəti həyatdan
qoparmağın, bu - sevgidəndir fikrindən ayırmağın
əleyhinədir; o - hərəkətdir, o - ehtirasdır, o -
sərhədləri daima genişləndirən qüdrət və
təzəlikdir. Təməlində - eşq
durur, qanunu - itaətsizlikdir və o - gələcək və
keçmişlə bağlı hər yerdədir. Nə olursa-olsun, özündən üz döndərməyi,
sönüklüyü qəbul etmir. Bu mənada müasir
dövrdən də heç bir üstünlük gözləmir.
Məqsədinə doğru gedərək, istənilən
ideologiyadan kənar, heç bir bəraət tələb etrmədən
özünü həyata tay tutur. Bircə bənd şeirlə o indi də -
müasirlikdə, keçmişdə və gələcəkdə,
insanlıqda və insanlıq fövqündə olan hər
şeydə, planetar məkanın hər yerində, kainat
adlı hər künc-bucaqda əks olunur.
Onu dəyişən qaranlıq da öz təbiətindən
irəli gəlir, bu, işıq yaymaq üçün deyil, əksinə,
araşdırıldığı - insani hisslərlə
yüklənən ən səmimi və ən sirli - gecədə
tapılmaq onun borcudur. Onun nitqi hər zaman qaranlıqla mübarizə
aparıb və bu, heç də elm dilinin ortaya qoyduğu tələblərdən
az olmayıb.
Beləliklə, şair öz varlığıyla
mövcud olan hər şeyə təsir göstərir, hər
şeyi öz varlığıyla daimi vəhdətdə qəbul
edir. O, bizə
optimizm dərsi keçir. Bu səbədən də
ona təsir edən harmoniya qanunu bütövlükdə
dünyaya hökm edir. Burada insani
ölçüləri ötüb keçə biləcək
nəsə baş verə bilməz.
Böyük tarixi fəlakətlər də - yalnız
daha böyük və mütəmadi həyat ritmindən olan
asılılıqları və yenikiləri ehtiva edən - bu
qəbildəndir. Elə ortaya çıxaraq, ani məqamda
bitmək bilməyən qaranlığa işıq saçan əli
məşəlli Deyingənlər də eyni mövzulara
işıq tutur. Yetkin sivilizasiyalar
payız xəzəli kimi ölüb getmir, sadəcə, dərisini
dəyişir. Sükunət - qorxuludur.
Şair - adilikləri alt-üst edən adamdır.
Şair iradəsinin əksinə olaraq, tarixdən
asılı olur. Və onun dramının zamanı
üçün əhəmiyyətsiz və yad heç nə
yoxdur. O zaman icazə verin nəhəng zaman anlamıyla
müqayisədə həyatdan aldığı zövqə
özü münasibət bildirsin.
Tarix üzündəki qeyzli maskanı çıxarıb atarkən: "Qorxma - deyir və oynadığı ölüm rəqsinin pik nöqtəsinə çatarkən əlini qaldırıb Asiya tanrıçılığı dilində havada barışıq jesti cızır. - Qorxma və şübhələnmə, çünki şübhələr mənasızdır, qorxu isə - köləlik hissidir. Yaxşı olar ki, bu ritmik döyüntüləri dinləyəsən, mən onu yeni şəklə salıb insan nitqinə - əbədi yaradıcılıq yoluna çevirirəm. Həyat özünü inkar edə bilər - yalan sözdür. Heç bir canlı yoxdan və olmazdan yarana bilməz. Eyni zamanda, heç nə Varlığın əbədi axını qarşısında formasını və ölçüsünü qoruyub saxlamaq qüdrətinə malik deyil. Faciəvi olan - bu metomorfozaya aid olan deyil. Yaşın gerçək dramının arxasında - insanın zaman və insanın zamandan kənar gerçəkliyi dayanır. Məgər həyat yamacında üzərinə işıq düşən insan mütləq gözünü qıyıb başqa səmtə baxmalıdır? Məgər hər şey yalnız qəbul olunmuş mütləqliklərlə - cəmiyyət içində, amma cəmiyyətdən kənarda - davam etməlidir və sizcə, bu, yanlış yanaşma deyil?"
Öz gerçəyindən ayrılmayan şair - bizimlə birlikdə ikili insan həyatı yaşamalıdır. Bu, haradasa, ağla işıq tutmaq üçün güzgünü yuxarı qaldırmaq, onun mənəvi uğurlarına ayna tutmaq kimi bir şeydir. Bu, əsrin ortasında insanın təyinatını müəyyənləşdirmək, onu artırmaq və onu, haradasa, ilkin insan tipinə uyğunlaşdırmaqdır. Bu, sonunda insan ruhuna daha çox nüfuz etmək və onu dünyadakı enerjiyə doğru düzgün yönəldə bilməkdir... Görəsən, şair nüvə enerjisi qarşısına antik çıraqla çıxa bilərmi? İnsanın gil barədə fikirləşməyi yetər.
Şair dövrün vicdan xəstəliklərinə yoluxduğundan xəbərdardır.
Tərcümə
etdi:
Əyyub Qiyas
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.31.