Ağacların yuxusunu danışan
"Bir
insan nə zaman şair hesab edilər?" soruşularsa, buna
cavabım "hər şeydən əvvəl, duymağı
bacardığı zaman" olar - həyatı,
ölümü, Tanrını, sevgini, təbiəti, əşyaları...
- ayrılıqda hər birini və bütün olaraq
hamısını. Şairlərin həyatını öyrənməyi,
ömrünün rəqəmlərə çevrilməsini,
xronoloji ardıcıllığa sığmasını sevməmişəm
heç vaxt. Düşünmüşəm ki, onların həyatı
ilə bağlı bilgilərimizdən çox təsəvvürlərimiz,
lap elə uydurduqlarımız
olsaydı, mətnləri daha çox şeir olardı bizimçün
- eynən şairlər uydurduğu kimi. Şair də hər
şeydən əvvəl, "oxucu"dur məncə -
gördüklərini deyil, "oxuduqlarını" yazan,
üzünü köçürən yox, duyduqlarını
"uyduran"...
Faiq
İsmayılovun şeirlərini oxuduqca nədənsə mənə
elə gəlir ki, bu sətirlərin müəllifinin həyatı
məhz şeirsəldir. Yaxşıdır, pisdir,
maraqlıdır, ya yox, bilmirəm - sadəcə
düşünürəm ki, onun həyatını nəql
etmək mümkün deyil, ən yaxşı halda, Faiqi
tanı(t)maq üçün şeirlərini oxu(t)maq olar. Necə
ki, bunu onun ən yaxın dostu Azər Turan etdi və edir.
Şeirləri ilə tanış olduğum ilk vaxtlardan nədənsə mənə elə gəlib ki, "dili bilinməyən fağır oğlan" ən çox təbiətlə anlaşa bilib, misralarında təbiətlə bütünləşmə, özünü onun bir parçası kimi hiss etmə duyğusu başqalarından daha qabarıqdır. Bu sətirlərdə təbiət ruhun aynasıdır - içindəki kədər və sevincə, ümid və çarəsizliyə güzgü tutur.
Alnım gümansızlığa dəyəndə,
arzularım yarpaq kimi tökülür
bir-bir, iki-bir.
Ağacların hardasa ümidi var
baharın gəlməsinə,
yarpaqların yenisinə.
Arzuların təkrarı olmur,
arzuların xəzan gördüsə
getdi fələyin çərxinə.
Yenidən doğulmur,
Yenidən doğulmur.
Ölən arzular - ölən inam və ümid kimidir - reinkarnasiyası olmur, bir kərə ölür və özüylə həyat eşqini də aparır…
Biz onlara hansı
anlamları qazandırsaq
da, təbiətdəki
gözəlliklərin gerçək
estetik miqyası idrakımızı aşır. Bu üzdən hər şair təbiətə öz intuitiv dərketməsincə yanaşır.
"Güllüköynək kənd uşağı"nın təbiətə
bu qədər bağlılığı təəccüblü
deyil. Özünü cəmiyyətə yad, dışlanmış
hiss edən insan dayaq nöqtəsini ya təbiətdə, ya da yenə
öz içində tapar. Hələ də mənəvi
dəyərlərin nümunəsinin
insandan deyil, təbiətdən gəlməsi;
təmizliyin insan gözlərinə deyil, dağ çiçəyinə;
kövrəkliyin insan
ürəyinə yox,
kəpənək qanadlarına
bənzədilməsi boyda
bir təəssüfdür
bu misralar. İnsan "bitki kimi" mövcud ola bilməz,
lakin şüuru, düşüncəsi ilə
təbiətdən, bütün
başqa canlılardan
üstün yaradılmış
insan bu şüuru sayəsində
hər cür çirkinliyi və pisliyi öz malı edib. İnsanın mənəvi
zənginliyi də, iç dünyasının
kasadlığı da
təbiətin boyasından
rəng alır Faiq İsmayılovun şeirlərində.
Konkretdən mücərrədə keçidin
vasitəsi, ucalığın,
yüksəkliyin simvolu
olan ağac insanın özünü
və bir o qədər də tənhalığını rəmzləşdirir. Əski türklərin
mifik inanclarına görə, o biri dünyada hər yarpağı yer üzündəki hər kəsə aid olan bir ağac var
və insan onun yarpağı saralıb-solduğu zaman ölər. Adam özünü kənardan
görmək istəyəndə
daha çox özünə bənzətdiklərinin
gözüylə baxınmaq
istər. Faiq dünyaya
da, ruhuna da təbiətin, ən çox da ağacların gözüylə baxır.
Ədəbiyyatda insan ömrünün
ağac, yarpaq ömrüylə müqayisə
olunduğuna dair saysız-hesabsız nümunələr
var, bu, yeni deyil - yeni
olan hər yazarın sözlə birgə şeirə bəxş etdiyi ruhdur, nəfəsdir.
Ağacın kökləri dərinliklərə,
budaqları isə yüksəkliklərə nüfuz
edərək yalnız
məkan olaraq ikili xarakter daşımır, həm də kök və budaq olaraq
keçmişlə bağlı
xatirələri və
gələcəklə bağlı
arzu və ümidləri simvollaşdırır. Faiqin şeirlərində alnına
ölüm yazılmış
və xəzanını
gözləyən yarpaqlar
ölümün bir addımlığında, ümidlərin
sahilində, arzuların
uçurumundadır.
Yarpaqların üzündə ölüm
kölgəsi
Azca yel əsdi;
bəsdi!
Budaqdan torpağacan uzanacaq
yarpaqların ömrünə
əl yelləməsi.
Kənardan sadəcə təbiət
hadisəsi kimi görünən xəzanın
yaxınlaşması şeirdə
təbiətin əzabı
kimi təsvir olunur. Hər şey ona görə bu qədər kədərlidir
ki, ölümünü
gözləyən yarpaqlar
insana öz mövcudluğunun müvəqqəti
olduğunu xatırladır.
Tənha,
yarpaqsız ağaclar
ona öz kimsəsizliyini xatırlatdığı
kimi. Bu şeirlərdə
insan özünü ağacla qiyaslayır, dünyaya onillər boyu durub-dayanan, hər yazda yarpaqları - libası təzələnsə də,
kökü-köməciylə özü olan ağacın gözüylə
baxır. "Faiqin
ağacları" insani
duyğuların tərcümanı
kimi təsvir olunur: sevgi və
qayğı dolu, yaşıllanmış, yarpaqlı,
ya əksinə, küləyə barmaq silkələyən "qəzəbli",
"dərdli" yarpaqsız
ağaclar; ya da yaşamaqdan da, ölməkdən də qorxan, qaranlıqda özünə
çəkilən fərqli
ağaclar, əslində
isə fərqli insan taleləri...
Payıza
baxıram pəncərələrdən,
budaqlar cansızdır,
rəngi qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər hardadı,
qeybə aparsın.
Faiqin şeirlərində
təbiətdə, ətrafda
görünəni seyr
və təsviretmə
insanın öz içinə boylanışıdır
və nə qədər kədər və hüznə köklənsə də,
"ötəki" dünya,
fərqli, içində
olduğumuzdan daha yaxşı, bəlkə daha hüzurlu bir dünya ümidi duyulmaqdadır. Bu şeirdə
"səmaya mıxlanmış"
budaqlar pəncərədən
baxanın gördüyü
bir canlı tablo deyil sadəcə,
ağacların göylərə
əl açması,
duası, "cansız,
qapqara" budaqların
onlara can verənə
- səmaya, buludlara, yağışa doğru dartınması, ucalmasıdır.
İstər-istəməz türk
mifologiyasında ağacla
bağlı detalları,
yaradılış prosesində
yerlə göyü birləşdirmə funksiyasını,
Tanrıya qovuşmanın
simvolu kimi alqılandığını xatırlayırıq…
İnsan da iztirabdan keçməklə
ÖZünə, mahiyyətinə,
əslinə yaxınlaşar,
qayıdar beləcə:
"Mələklər hardadı
\ qeybə aparsın."
"Mənim şeirlərim
göz yaşlarımdı,
\ orda könül açan bir şey tapılmaz," - deyən şairin misraları ilk baxışdan
tamamən bədbinliyə
köklənmiş təsiri
bağışlasa da,
çoxunun içində
"dirilmə", canlanma
arzusu, qovuşma ümidi var - başqa dünyalarda görüşmə…
Oturmuşam
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin
içində.
Qu tükütək
yüngüləm.
Heç bilmirəm.
nə var, nə yox
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin
çölündə.
Mən də belə dəliyəm.
Bu şeirdə Tanpınar
hüzuru duyuram hər oxuduqca.
Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare geniş bir anın
Parçalanmaz akışında,
Bir garip rüya rengiyle
Uyuşmuş gibi her şekil,
Rüzgarda uçan tüy
bile
Benim kadar hafif
değil.
Məqsədim "XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat
fırtınası" (Azər
Turan) yaradan müəllifi türk şeirinin nəhəngi ilə qiyaslamaq deyil, şeiri oxuduqca xəyalımda şəkillənən duyğuların
rəsmini çəkməkdə
yaddaşımdakı başqa
bir tanış
tablonun təəssüratlarına
üz tutmaqdır.
"Ay işığının, ot ətrinin,
böcək nəğməsinin
içində oturub"
dışından xəbərsiz
olmaq, əslində isə olanlarla heç maraqlanmamaq laqeydliyi, rahatlığı
sonsuz bir hüzur əlamətidir -
Tanpınarda əbədiyyət
misallı "yekparə
geniş bir an"; Faiqin şeirində bir səs, bir
ətir, bir işığın yaratdığı
mücərrəd məkan
içrə məkansızlıq… Fani dünyadan doymaq, əl götürmək rahatlığı - hər
iki şeirdə bir tük misallı
xəfiflik…
aiq İsmayılovun
şeirlərinin indisi
olmayıb sanki, o, üzünü həmişə
gələcəyə - özündən
sonraya tutaraq yazıb və yazdıqları növbəti
hərfə keçid
alar-almaz keçmiş
olub, xatirəyə dönüb - onu yalnız gələcəkdə
tanıyacaq oxuculara ünvanlanaraq...
Günlərin bir günü
xatırlayıb məni,
oxumaq istəsəz
şeirlərimi,
Dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
Sıxıb yazmışam.
Yaxud:
Kimin yadına düşəcəm
Bir isti yay günü,
O ayna sularınmı?
Üzümü özündə saxlamır.
Kimin yadına düşəcəm,
Yağışlı bir payız,
O asfalt yollarınmı?
İzimi
özündə saxlamır...
Faiq İsmayılovun nakamlığı
gənc yaşdakı
ölümüylə gəlmədi,
zira o elə yaşadıqca həyatdan
kam almayacağını
bilən, buna görə ömrünün
üstündən taa
uzaqlara göz dikən və bu "uzaqları" şeirlərində ən
yaxınında təsvir
edə bilən şairdir. Sanki o həmişə zaman qatarının önündə qaçır.
…İstəkdən keçəndən
sonra
yandırılmış
kibrit çöpü
kimi
diş qurdalamağa
yarayar ömür!
- deyən şairin
kamı yarım qalması ömrün sona yetməsiylə gəlməmişdi. Torpağında, şəhərində, evində
özünü qərib
hiss edənçün bu
dünyanın harasına
üz tutsa da, bircə doğma bucaq qalmaz.
Bu dünyaya baxınca
"beli bükülən"
bənövşə qədər
ömür sürdü
Faiq bu dünyada. Kiminsə
yadına düşə
biləcəyini belə
ummayan şair bu gün yada
da düşür, sayğı və sevgiylə anılır da, yaşadılır da. Faiq İsmayılov
həyatdaykən ədəbiyyatda
varmıydı, bilmirəm,
amma ədəbiyyat onun içindəydi və onun imzasını
ədəbiyyata bir
dost sevgisi və sədaqəti qaytardı,
hətta "qazandırdı"
desəm, daha doğru olar, bəlkə də. Və mən bilirəm, o hələ də ağacların yuxusuna girir…
Ədəbiyyat qəzeti.-
2017.-3 iyun.- S.8.