Vaqifin abidəsi önündə

 

Səməd Vurğunun "Vaqif" dramından söz düşəndə Mustafa Süleymanovu xatırlayıram. Azdramanın - Akademik Milli Dram Teatrının aktyoru idi. Onunla məni jurnalist dostum İnqilab Həsənli tanış eləyəndə yaşı xeyli keçmişdi. İkinci Dünya müharibəsindən sonra Quba teatrında Vaqif rolunun əsas ifaçısı olduğunu deyirdi. O vaxt ifası Səməd Vurğunun xoşuna gəlir və şairin tövsiyəsi ilə onu Bakıya dəvət edirlər. Lakin nə qədər səy göstərsə də, arzusu ürəyində qalır, Azdramada ona heç vaxt Vaqif rolu verilmir. Bunu özünə qarşı qısqanclıqla əlaqələndirib, dərindən ah çəkirdi: "Varımdan-yoxumdan keçib, maya qoyub Vaqifi mütləq oynayacağam!" - deyirdi...

1938-ci ildə ilk dəfə tamaşaya qoyulduğu vaxtdan Azərbaycan teatrının və tamaşaçısının yaddaşında fərqli yer tutan, dövrdən-dövrə, zamandan-zamana yeni keyfiyyətlərlə müşyiət olunan bu əsərə qeyri-adi rəğbətin izahı mənə xeyli mürəkkəb və çətin görünür...

Orta məktəbdə "Vaqif"i başdan-ayağa əzbər öyrənmişdim və təsəvvürümdə səhnədə görmədiyim bir tamaşa gəzdirirdim. 1976-cı ildə əsəri azdramanın səhnəsində gördüm, baş rolu SSRİ xalq artisti İsmayıl Dağıstanlı (Lenin rolunun əvəzedilməz ifaçısı idi) oynayırdı. Vaqifi siyasi xadim kimi təqdim edən həmin tamaşa mənim təsəvvürümdəki tamaşadan çox fərqli idi və düzü, "Vaqif"in dövranının başa çatdığını zənn edirdim...

Keçən il Şəki teatrının Bakıda göstərdiyi "Vaqif" də məni "tutmadı". Xüsusilə Səməd Vurğunun mətninin "rekonstruksiyasını", mətnə müdaxilələri, siyasi "düzəlişləri" məqbul hesab edə bilmədim və bilmirəm. Əslində, bu, yolverilməzdir!

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin gənc dekanı Elçin Məmmədovun Vaqifin 300 illik yubiley tədbirlərindən biri kimi tələbələrin ifasında "Vaqif"i səhnələşdirmək təşəbbüsü ədəbiyyat təsəvvürü və zövqü yaşlı və orta nəsildən xeyli fərqli olan, çox vaxt sözə, sənətə laqeydliklərinə görə qınadığımız ən yeni nəslin Səməd Vurğunun üzdən sadə görünən "Vaqif" dramını necə başa düşəcəyi, başa düşdüyünü necə təqdim edəcəyi baxımından çox maraqlı, həm də təhrikedici görünürdü: "Vaqif"in yaşamağa qadir olub-olmadığı aydın olacaqdı... 

Tamaşaya quruluş vermək üçün respublikamızın xalq artisti, Prezident təqaüdçüsü, teatrımızın ağsaqqalı professor Ağakişi Kazımov dəvət olundu...

Və tələbələrin universitetin böyük akt zalının səhnəsində göstərdikləri tamaşa yüksək səviyyədə alındı. Özü də necə? Salona toplaşanlara sadəcə əsərin süjeti, yaxud Səməd Vurğun dilinin şeiriyyəti, Azərbaycanın, Qarabağın XVIII əsri əks etdirən dramatik tarixi, Vaqifin taleyinin və həyatının faciəli hekayəsi deyil, mükəmməl, bütöv bir səhnə əsəri təqdim olundu. Tamaşaçı saat yarım ərzində nəfəsini tutub ayrı-ayrı ifaçılara, dekorasiyalara, kostyumlara deyil, bütöv bir tamaşaya baxdı. Elə tamaşanın başlıca keyfiyyəti də bu bütövlükdə idi. Mətnlə oyun arasında bütövlük var idi. Peşəkar rejissor yozumu ilə həvəskarlardan ibarət aktyor ifası arasında bütövlük var idi. Yaşlı nəslin nümayəndəsi ilə 17-18 yaşlı tələbələrin estetik  maraqlarının bir səhnə fəzasındakı təmasında bütövlük var idi. Ən əsası isə səhnə ilə salon arasında, tamaşa ilə tamaşaçı arasında bütövlük, harmoniya var idi. Səhnədən ötürülən enerji salondakılara sirayət edirdi.

Dərindən fikir verəndə Səməd Vurğunun "Vaqif" dramında dialoqlar səhnədəki qəhrəmanların bir-biri ilə ünsiyyətindən daha çox, şairin tamaşaçıya müraciəti üzərində qurulub. Əsər boyu obrazlarla bərabər şair özü də əsərdə iştirak edir, öz tendensiyasını açıq şəkildə bildirməklə dialoqları müşayiət edir. Dialoqların məzmunu və quruluşu elədir ki, səhnədəki obrazlar yalnız bir-birləri ilə deyil, tamaşaçı ilə də ünsiyyətə cəlb olunurlar. Bunun dramaturgiya sənətkarlığı baxımından  müsbət, yaxud mənfi hadisə olması başqa söhbətin predmeti ola bilər. Ancaq işin maraqlı cəhəti budur ki, həm rejissor, həm də ifaçılar bundan bir imkan kimi istifadə etməyi bacarmışdılar. Yəni səhnədəki obrazlar əsər boyu bir-birlərinin üzlərinə baxıb, pafosla deklomasiya oxumur, tamaşaçı ilə birbaşa ünsiyyətə girirdilər, səhnədəki tərəfdaşlarına demək istədiklərini tamaşaçıya yönəldirdilər və bununla mətndəki pafosu əhəmiyyətli şəkildə aradan götürürdülər. Səməd Vurğun poeziyasının qeyri-adi sirayətedici gücü ilə tamaşaçı da əsərin içinə daxil olmağa və səhnədəki dramı yaşamağa təhrik edilirdi.

...Və tamaşaçılar səhnədəkiləri yaşadılar. Bunu qəhərlənmiş üzlərdən, dolmuş gözlərdən oxumaq o qədər də çətin deyildi. Müxtəlif yaşlı tamaşaçıların üzlərindəki oxşar ifadələrdən ayrı-ayrı nəsillərin "Vaqif"də kəsişən zövqlərinin  bir-birinə nə qədər doğma olduğunu da aydınca oxumaq olurdu...

Xuraman (Nərminə Xanəliyeva), Vaqif (Cavid Quliyev), Qacar (Elnur Soltanlı), Təlxək (Fərid Kərimov) obrazlarına baxanda aktyorların həvəskar olduqları yada düşmürdü. Heç onların peşəkar olub-olmadıqları da əhəmiyyət daşımırdı: çünki səhnədə diqqəti cəlb edən aktyorlar yox, dolğun obrazlar idi. Nərminə nəfsinə uyub, ər namusuna xəyanət edən, sonradan bunun mənəvi əzabını çəkən Xuramanın daxili tərəddüdlərini yaşından və təcrübəsindən çox-çox qabağa gedən bir ustalıqla yarada bildi. Tamaşada Xuraman sevimli qadın kimi yadda qaldı. Düzü, heç peşəkar səhnədə də belə Xuraman görməmişdim... 

Tamaşaya ilkin baxışda universitetin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova (tamaşanın ərsəyə gəlməsində Səhər xanımın misilsiz xidməti var), fakültə dekanı Elçin Məmmədov və mən iştirak edirdik. Hələ səhnə hazır deyildi. Ağakişi müəllimə "Vaqif"lə bağlı xatirə danışmaq istədiyimi bildirdim. "Danışmayın, - dedi. - Yadımda qalmayacaq. İndi beynim səhnə ilə məşğuldur". Mən də: "Eybi yoxdur, yazaram", - dedim. Danışacağım xatirə Mustafa Süleymanov barədə idi. Düşünürəm ki, bu günümüzün əsl mədəniyyət hadisəsi olan tamaşa ömrünün sonuna qədər Vaqifi oynamaq növbəsi gözləyən bir aktyorun inadının təsadüf olmadığını bir daha təsdiqləyir: Səməd Vurğunun Molla Pənah Vaqifi mənəvi edamdan - unudulmaqdan xilas edib səhnəyə gətirdiyi "Vaqif" yaddaşımızın ölməz abidəsidir...     

Tələbələrin göstərdiyi tamaşa haqqında söhbət bəlkə də hissə qapılmağım kimi qiymətləndirilə bilər. Düşünürəm ki, mənim hissə qapılmağım da tamaşanın möhtəşəm keçdiyinin bir göstəricisidir. Gərək bunu yaddan çıxarmayaq ki, milli teatrımızın tarixi də məktəb səhnəsindən - 1873-cü ildə Bakı realnı gimnaziyasında böyük maarifçi ziyalımız, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə onun şagirdi Nəcəf bəy Vəzirovun birgə hazırladıqları tamaşadan başlayır...

 

Məti OSMANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.11.