Velosiped
Hekayə
Allahverdi səkkizinci sinifdə oxusa da ərköyünlüyündən, nadincliyindən əl çəkmir, gündə bir hoqqa çıxarırdı. Gah oğlanlara ilişir, gah da qızlara söz atırdı. Sinif yoldaşları, məhəllə uşaqları onunla mübahisə etməkdən çəkinər, ikibaşlı atmacalarına məhəl qoymaz, ondan uzaq durmağa çalışardılar. Ona görə yox ki, ondan qorxurdular. Yox, qorxmurdular. Sadəcə olaraq, bilirdilər ki, kim onun xətrinə dəysə, nənəsi Gülsüm arvad tez özünü yetirib aranı qatacaq, hamını bir-birinə vuracaq, “konsert” çıxaracaqdı. Bəzi uşaqlar uğultu qoparacaq, camaat isə tamaşaya yığılacaqdı.
İnsafən,
Allahverdinin valideyinləri pis adam deyildi.
Anası Şölə xanım çox mehriban, səmimi bir
tibb bacısı, atası Yaqub kişi isə
zəhmətkeş Kamaz sürücüsü idi. Qonşu olduqları üçün hələ
uşaq vaxtlarından Yaqub bəylə Şölə
xanım bir-birlərinə get-gəl eləmiş,
dostlaşmış, böyüyəndə isə
ağsaqqalların xeyir-duası ilə ailə qurmuşdular.
Lakin evləndikdən sonra uzun müddət
övladları olmamışdı. Bəzi
dostları, qohumları Yaquba arvadından ayrılıb
başqası ilə evlənməyi məsləhət bilsə
də, o, bu fikri qətiyyən qəbul etməmiş, səbirli
olmağa üstünlük vermişdi. Evli
olduqları müddətdə Şölə xanımla
çox mehriban ömür sürmüş, valideyinləri isə
gəlindən həmişə razılıq etmişdilər.
Bu cür arvad hər adama qismət olmazdı ki,
Yaqub bəyin bəxtinə çıxmışdı.
Necə deyərlər, doşab almışdı - bal çıxmışdı. Bircə,
övlad dərdi olmasaydı... Yoxsa, kim istəməzdi
ki, ömrünü Şölə xanım kimi tərbiyəli,
başıaşağı, üzüyola, mehriban bir gəlinlə
keçirsin.
Yaqub bəy Şölə xanımı da götürüb şəhər həkimlərindən belə hər yana aparmışdı. Lakin həkimlər onların sağlamlığında bir qüsur tapa bilməmiş, bu problemin zamanla həll oluna biləcəyini demişdilər. Yaqub bəy ümidini üzməyərək təkcə həkimlərlə kifayətlənməmişdi. Ağsaqqal və ağbirçəklərin məsləhəti ilə ağır ocaqlara, pirlərə pənah aparmış, nəzirlər paylamış, həmişə Allaha dualar etmişdilər. O, demək olar ki, olub-qalan nə pulu vardısa, hamısını bu yolda qoymuşdu. Və nəhayət beş ildən sonra sevinc üzünə gülmüşdü. Özü də təkcə onun yox. Öz ailə üzvləri ilə bərabər bütün kənd camaatı da bu hadisəyə sevinmişdi. Allahverdi adını isə uşağa nənəsi qoymuşdu – Gülsüm xala. Uşaq böyüyənə qədər anası ilə bərabər nənəsi də onun üstündə əsmiş, qayğısına qalmış, hər nazını çəkmişdi. Şölə xanım uşağından arxayın olduğu üçün iş yerinə rahat gedib-gəlmiş, qayınanasına güvəndiyindən narahatlıq hissi keçirməmişdi. Təəssüf ki, uşaq böyüdükcə nənəsi onu daha çox əzizləmiş, bəzən səhv hərəkətlərinə də fəxrlə “maşallah” demişdi. Ata-anası uşağa hirslənəndə və ya bir irad tutanda Gülsüm xala tez reaksiya vermiş, “yaxşı, yaxşı, dünya dağılmadı” deyə nəvəsinə qahmar çıxmışdı. Ərköyünlük o həddə gəlib çatmışdı ki, Allahverdi nənəsindən pul götürüb kənddəki mağazalardan istədiyi şeyi alırdı. Öz təqaüdü kifayət etməyəndə Gülsüm xala əlini ömür-gün yoldaşı Mustafa kişininin cibinə uzadırdı. Satıcılar Allahverdiyə alışdıqlarından, onu görməyəndə darıxardılar.
Bir gün Yaqub bəy yorğun halda işdən gəlib arvadını çox qaşqabaqlı gördü. Hiss etdi ki, Şölə xanım onu soyuq qarşıladı. Əvvəl heç nə demədi. Adəti üzrə bir stəkan çay içdikdən sonra aynəbənddən otağa keçib arvadını səslədi:
Şölə, keç içəri, işim var.
Şölə xanım işini bilirdi. Odur ki, otağa daxil olan kimi arxasınca qapını örtdü. Yaqub bəy gözləmədən soruşdu:
Niyə qaşqabaqlısan? Nəsə olub?
Yox, heç nə olmayıb – həyat yoldaşı dilləndi.
Yorğunam, hövsələm yoxdur. Yubatma, de görüm, nə olub?
Yaqub, sənə qurban, məni pis vəziyyətdə qoyma...
Bəsdi görək! Bağrımı çatlatdın! De görüm, nə məsələdi?!
Nə olacaq, Allahverdi evdə heç kimi saya
almır. Nə
bilir, onu edir, dərslərini oxumur. Gör saat neçədir,
hələ evə yığışmayıb.
Narahat olma, mən onun qulağını dartaram.
Kötəklə düzələsi məsələ
deyil, Yaqub. Nənəsi onu çox pis öyrədib. Uşağın sözü ilə oturub-durur. Allahverdinin bir əmri yerinə yetməyəndə
uşaqdan çox o, narahat olur. Ağzımı
açmağa qoymur. Bəlkə üzbəüz
oturub şirin dil ilə özün uşağı başa
salasan. Hələ gec deyil. Ananı
yola gətirsən, Allahverdini dartıb bir yana
çıxara bilərik.
Bəs, indiyə kimi niyə mənə bir söz
demirdin?
Nə deyim, Yaqub? Xasiyyətinə bələd deyiləm?
O dəqiqə əsəbləşib hay-küy
qaldıracaqsan. Hamı da deyəcək ki,
Mustafa kişinin qızı ana ilə balanın arasına
girib onları bir-birinə vurdurur. Bu
işdə mən əsas günahı qayınanamda
görürəm. Allahverdi dükanlardan nə
istəyir götürür. Pulu ona nənəsi ilə
babası verir... Yaqub, elə et ki, mənim
adım hallanmasın, xahiş edirəm. Qoy, evimizdəki
mehribanlıq pozulmasın.
Yaqub bəyin
hövsələsi qaçdı. Həyat yoldaşı
haqlı idi. Ancaq bilmirdi ki, söhbətə hardan və necə
başlasın. Elə etməliydi ki, Şölənin adı
hallanmasın, yoxsa anası evdə mərəkə qoparar,
olub-qalan xətir-hörmət aradan götürülərdi.
İkilikdə olduqlarını nəzərə alıb
Şölə xanım sözünə davam etdi:
Yaqub,
hirsli başda ağıl olmaz. Yaxşı-yaxşı fikirləş,
qötür-qoy elə. Həmən uşağın
üstünə getmə. Məsələ çox ciddidir.
İndi də deyir ki, əgər mənə velosiped
almasanız özümü damdan atacağam... Gedib
mağazaya, verməyiblər, deyiblər ki, get, qoy atan gəlsin.
Bircə,
elə bu qalmışdı. – Yaqub bəy bərk əsəbləşdi.
– Qələt eləyir. Belə çıxır ki, hər
dama çıxanda ona bir şey almalıyıq?! – Sonra əlavə
etdi – Sən mənə heç nə deməmisən, narahat
olma.
Bu,
velosiped məsələsi Yaqub bəy üçün
göydəndüşmə oldu. Əvvəlcə
çayını içib sonra küçəyə
çıxdı. Gövdəsindən sınaraq yerə
yıxılmış yaşlı söyüd
ağacının üstündə sıra ilə oturan
uşaqlara tərəf səsləndi:
Dədə,
gecdir, gəl evə. (O, atasına hörmət əlaməti
olaraq oğlunu belə çağırırdı).
Allahverdi
uşaqlardan ayrılıb evə gəldi. Ailə aynabənddəki
stolun arxasına yığışıb axşam yeməyinə
hazırlaşırdı. Yaqub bəy özünü saxlaya
bilməyib dərhal söhbətə başladı:
Dükançı
İsmayıl dedi ki, oğlun gəlib velosiped almaq istəyir.
Bu düzdür?
Hə,
istəyir, bala, istəyir. Deyir ki, hamının var, mənim
niyə olmasın? – Gülsüm arvad qabağa
düşüb hamıdan tez cavab verdi.
Ana,
birincisi, hamının velosipedi yoxdur, varsa da bizə nə dəxli?
İkincisi, Dədə gündəliyini gətirsin görək
vəziyyət necədir? Əgər velosiped alsaq, dərslərindən
geri qalmaz ki? Üçüncüsü, deyin görüm, mənim
xəbərim olmadan niyə
uşağa pul verirsiniz ki, gedib
velosiped alınsın?!
Boy, o nə
sözdü dedin, ay oğul? Məgər bu evdə mən
boyda ağbirçəyin sözü keçmir ki? Bir
veliskeddən yana uşağın qəlbinə dəyəcəksən?
Camaat uşağına cüt-cüt alır. Niyə
acından ölmürük ki? Başqaları bir sürü
uşaq saxlayır, sözü çıxmır, sən bir dənə
nubarının könlünü almaq istəmirsən! Yaqub bəy
hiss etdi ki, anası ilə danışmaq onun üçün
çətin olacaq. Odur ki, oğluna tərəf çevrilib
dedi:
Dədə,
bax, mənə diqqətlə qulaq as. Velosiped sənin
üçün elə bir əhəmiyyət kəsb eləmir.
Əgər istəyirsənsə mənim kimi sənin də
çörəyin daşdan çıxmasın,
çalış, dərslərinə fikir ver. Universitetə
girib yaxşı bir ixtisas sahibi ol. Önəmli olan budur,
velosiped sənin nəyinə lazımdır?
İstəyirəm,
– oğlu astadan dilləndi.
Məndə
pul var. – Gülsüm arvad yenə özünü saxlaya bilmədi.
Yaqub bəy üzünü bayaqdan
sakitcə oturub qulaq asan atasına tutub dedi:
Ata, sən
bu işə nə deyirsən? Anam bu uşağı hara
aparır?
Bala, anan
bu evdə indiyə kimi mənə ağız açıb
söz danışmağa imkan verməyib. Sevinirəm ki,
heç olmasa, əvəzində Allah mənə yaxşı
bir gəlin qismət eləyib. İndi də bu uşaq məsələsi.
Əgər bilmək istəyirsənsə, anan o
uşağın evini çoxdan yıxıb. Gücün
çatsa, velsabed almaya bilərsən.
Gülsüm
arvad kişinin sancmasına cavab qaytarmaqdan özünü
zorla saxladı. Yaqub bəy şər vaxtı, şam yeməyi
ərəfəsində evə qanqaralığı salmaq istəmədi.
Üzünü oğluna tutub dedi:
Dədə,
nə vaxt ki bütün dərslərindən əla qiymətlər
gətirdin sənə velosiped alacağam.
Allahverdi
küsərək stolun arxasından durub yemək yemədən
içəri otağa keçdi. Nənəsi həmən
dalınca yüyürdü. Nəvəsinə dediyi təsəlliverici
sözlər aynabənddə aydınca eşidilirdi:
“Ağlama, mənim noğul balam. Nənən
gözünün yaşına qurban olar...”
Səhər
Yaqub bəy işə getsə də Allahverdi dərsə getmədi.
Anası nə qədər çalışsa da onu yola gətirə
bilmədi. Uşaq “velosiped” deyib durdu. Sonra isə məqsədinə
nail olmaq üçün tövlənin damına
çıxdı. “Özümü atacağam!” deyə baba və
nənəsini hədələdi. Yubanmadan anası Şölə
xanımı iş yerindən çağırdılar.
Tamaşaya qonşular da yığışdı. Nənəsi
nə qədər yalvarsa da, özünə əl atsa da,
camaat nə qədər dil töksə də xeyri olmadı.
Allahverdi dedi ki, anam getsə velosipedi verərlər.
Şölə xanım isə oğlunu başa saldı ki, əgər
icazəsiz bir iş tutsa Yaqub işdən gələn kimi onu
tikə-tikə doğrayar. Bu söhbətlərin faydasız
olduğunu görən Allahverdi nənəsinin
yalvarışlarına məhəl qoymadan damın lap
qırağına gəldi. Sonra isə
“İnanmırsınız mənə? Onda, əlvida!” deyib
özünü aşağı atdı. Düşməyi ilə
bağırmağı bir oldu:
Vay, nənə,
öldüm!
Ətraf
bir-birinə qarışdı. Su gətirən kim, həkim
dalınca qaçan kim... Nənəsi havar çəkib elə
şivən qopardı ki, gəl görəsən:
Balamı
bədbəxt elədilər! Bir veliskedi ona qıymadılar...
Şölə
xanımın səsi çıxmasa da gözlərindən
yaş sel kimi axırdı. Oğlunun başını dizi
üstünə qoyub camaatdan ona toxunmamağı xahiş
edirdi. Uşağın rəngi qaçdığından bərk
narahat idi.
Həkim
gəlib çıxdı. Şölənin iş
yoldaşı idi. Uşağa bir ağrıkəsici iynə
vurub şəhərə rentgen aparatına aparmağı məsləhət
bildi. “Ancaq maşına mindirəndə ehtiyatlı olun,
ayağını tərpətməyin”
deyib getdi. Allahverdi isə hey
qışqırıb-bağırır, səsini kəsmirdi.
Bilmək omurdu ki, o bunu ağrıdan eləyir, yoxsa ərköyünlüyündən.
Nəhayət, səbirsizliklə gözlədikləri
sınıqçı Süsən arvad da gəlib
çıxdı. Camaat çəkilib tez ona yol verdi. Arvad
çöməlib yerini rahatladı. Allahverdinin
çığırtısına məhəl qoymadan əvvəlcə
ehtiyatla onun sağ ayağını
nəzərdən keçirdi. Sonra onu yavaşca yerə
qoyub, diqqətlə sol ayağına əl gəzdirdi.
Hamı nəticəni gözləyirdi. Süsən arvad
başını qaldırıb səbirsizliklə gözləyən
Şölə xanıma dedi:
Narahat
olma, qızım, sınığı yoxdu. Anan namaz üstə
imiş. Sol ayağı topuqdan çıxıb, onu salmaq
lazımdır.
Süsən
arvad da Süsən arvad idi ha. Kənddə heç bir
sınıqçı onunla bəhsləşə bilməzdi.
Əlli illik iş təcrübəsində bir dəfə də
olsun diaqnozu səhv çıxmamışdı.
İsti-isti
salmasaq yerinə qan dolar, sonra uşaq əziyyət çəkər,
– deyə fikrini bildirdi.
Şölə
xanım etiraz etmədi. Yara təzə olduğu
üçün topuq çox şişməmişdi. Süsən
arvad ayağı ovuşdurmaq üçün nə keçi
piyi istədi, nə də ki kərə yağı.
Yaxınlıqdakı cavanlar Allahverdini tutub tərpənməyə
qoymadı. Süsən arvad elə birinci həmlədə
topuqdan çıxan ayağı yerinə saldı. Hamı
sevindi. Allahverdini evə gətirib yatağa uzatdılar.
Süsən arvad çıxan ayağı yun yaylıqla
bağladı. Və tapşırdı ki, iki-üç
gün onu yerə toxundurub, zora salmasınlar.
Qonşular
dağılışdılar. Nənəsi Allahverdinin
yanından kənara çəkilmir, anası isə ev işlərini
görürdü. Çox çəkmədi ki, Yaqub bəy
də gəlib çıxdı. Maşını birbaşa həyətə
sürdüyündən heç nədən xəbəri yox
idi. Hadisəni yoldaşı Şölə xanım qapıda
qısa şəkildə ona danışdı. Yaqub bəy
hirsindən içəri keçib, hətta, uşağa belə
baş çəkmədi. Aynabənddə xörəyini
yeyib çayını içdi. Aynabənddə yatıb, səhər
ordan da işə getdi. Nənəsi Allahverdinin
zırıltısını kəsə bildi. Səhər
açılanda qonşuları Qəzənfəri
çağırıb dəsmala düyünlədiyi pulu ona
verib dedi ki, mənim adım olmasın, buna İsmayıldan bir
velosiped al gətir. O da alıb gətirdi.
Allahverdi
yataqdan qalxa bilməsə də kefi kök idi. Velosiped
otağın küncündə, gözünün qabağında
par-par yanırdı.
Yaqubun,
anasına bir söz deməyə üzü gəlmədi.
Allahverdinin tərbiyəsi düzəlmək əvəzinə
getdikcə daha da korlanırdı. Bu hadisədən xeyli vaxt
keçmişdi. Bir gün Yaqub bəy işdən evə gələndə
gördü ki, həyətləri adamla doludu. Ağlaşma səsi
gəlmirdi. Fikirləşdi ki, yəqin atasının vəziyyəti
yenə də ağırlaşıb. Lakin yaxınlaşanda
başqa bir mənzərənin şahidi oldu. Allahverdi
yaşadıqları hündür binanın damına
çıxıb “özümü atacağam!” deyə
bağırırdı. Bu vəziyyəti görüb
başını bulayan kim, uşağa dil tökən kim,
Şölə xanıma ürək-dirək verən kim – aləm
qarışmışdı bir-birinə. Yaqub bəy binaya
yaxınlaşıb aşağıdan oğluna səsləndi:
Dədə,
düş aşağı, konsert vermə! Elə etmə ki,
özüm ora qalxım!
Gəlsən,
nənəm canı, özümü atacağam. Əgər
istəyirsiniz ki, atmayım, mənə vertolyot alın...
Yaqub bəy
camaatın əhatəsində halsız vəziyyətdə
uzanıb ürəyini tutan anasına yaxınlaşdı:
Ana, mən
getdim, işlərim çoxdur. Gör, noğul balan nə istəyir?!
Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.20-21.