Tanrının ruhu

 

I yazı

 

Milyon illərdir ki, insan özünü dərk etməyə çalışır. Sokratın məşhur "Özünü dərk et" kəlamı Apollon məbədinin divarlarına həkk olunub. İnsan özünü yerdə axtarmaqdan yorulub göylərə üz tutdu, əvvəlcə xəyallarında (uçan xalçalarda), sonra isə raket vasitəsilə kosmosa yol açdı, səma cisimlərində bəşəriyyətin sirrini çözməyə çalışdı. Nə qədər yüksəklərə ucalsa da, Sveyqin təbirincə desək, "dəmir qanadlı qaranquşlar" icad edib göyə çıxsa da, "göylərin qapısı bağlı idi." (Səməd Vurğun). Bütün fəlsəfi doktrinalar insan oğlunun marağını artırmaqdan başqa bir işə yaramadı. Yaradılışın sirr qapıları bəşərin üzünə bağlı qaldı. Və qiyamət gününəcən bu sirr açılmayacaq. Kainatın və yaşamın sirr pərdəsi qalxanda isə insan Tanrının hüzurunda olacaq. Qafil insanın axtarışları hələ də davam edir...

Tanrı dünyanı "Ol" kəlməsindən yaratdı. Qurani-Kərimdə deyilir ki, O, insanı yaradarkən "ona öz ruhundan üfürdü." ("Səcdə" surəsi, 9). Demək dünyanın ruhu Tanrının ruhudur. Uzun əsrlər boyu alimlər, filosoflar ruhla bağlı tədqiqatlar aparıblar, insanın ruhi və əqli əlaqələrini araşdırıblar və sonda bu nəticəyə gəliblər ki, insanın düşünmək qabiliyyəti beyindəki neytronlarla, molekulatomlarla deyil, naməlum, anlaşılmaz bir substansiya ilə bağlıdır. Ağlı ancaq beyindəki funksiya kimi izah etmək mümkünsüzdür. İnsanın varlığı iki ünsürdən - maddə və ruhdan ibarətdir. Əl Qəzali "Səadət iksiri" əsərində "qəlb insanın ruhudur" - deyir. Ürək fəaliyyətini dayandırdıqda ruh bədəni tərk edir, deməli, ruhu bədəndə saxlayan ürəkdir.

Qərb filosofları zaman-zaman ruhun mənşəyi ilə bağlı müxtəlif araşdırmalar aparıb, fərqli qənaətlərə gəlib çıxıblar. Antik materialistlər ruhu idrakın məhsulu kimi təqdim edirdilər. İdealist dialektikanın yaradıcılarından olan Hegel "Ruhun fenomenologiyası" əsərində belə qənaətə gəlir ki, dünyanın əsasında "mütləq ruh" adlandırılan tam, bütöv bir ideya durur. "Din fəlsəfəsi" əsərində isə Şərq dünyagörüşü ilə bağlı ziddiyyətli fikirlər irəli sürür. Nəinki Hegel, bir çox Qərb filosofları fəlsəfənin Qərbdən başladığını vurğulayırlar. Belə bir tezisin yaranması Orta əsrlərdən sonrakı Şərqin zəifləməsi, Avropanın sürətli inkişafı ilə köklü surətdə bağlıdır. Sözsüz ki, Şərq fəlsəfəsinin tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfi məktəblər, cərəyanlar meydana gəlib formalaşmışdır. Bu dövrlərdə Şərqin dini-mifoloji dünyagörüşündən fəlsəfi dünyagörüşünə keçidi prosesi yaşanırdı. Hindistanda Budda, Çində Dao təlimi yarandı və bu da fəlsəfi fikrin formalaşmasına güclü təkan verdi. Qədim misirlilər insanı mifoloji düşüncəyə əsasən öyrənməyə başladılar, dünyaya miflərin prizmasından yanaşaraq çox maraqlı nəticələrə gəlib çıxdılar. Bu gün dünyada ən qədim mədəniyyətlərdən biriMisir mədəniyyətidir. Babilistdanda günümüzədək gəlib çıxmış gil lövhələr sübut edir ki, hələ o dövrdə burada təbabət, astronomiya inkişaf etməyə başlayıb. "Pifaqor teoremi" şumerlilərin yaratdığı cəbr və həndəsənin əsasında yaradılmışdır.

Bu mövzuya müraciət etməyim təsadüfi deyil. Xeyli müddətdir ki, Şərq fəlsəfəsi ilə bağlı kitablar oxuyuram və şübhəsiz, qərb filosoflarının nəzəriyyələriylə kifayət qədər tanış olan birisi kimi Şərq və Qərb fəlsəfəsi arasında paralel müqayisələr aparıram. Yuxarıda Hegelin adını çəkdik. Hegelin fəlsəfəsi sovet dövründə konyukturaya uyğunlaşdırılmışdı, bir çox qərb filosofları SSRİ məkanında qadağan olunsa da, materializmin banisi K.Marksın Hegelə rəğbəti ona qarşı loyal münasibətə səbəb olmuşdu. Marks Hegelin dialektik metodunu qəbul edirdi, amma onun ideyalarla bağlı tezisini maddiyyatla əvəz edirdi. Sosializm ideoloqları Hegeli redaktə etməklə kobud şəkildə təhrif edirdi. Hegel Tanrının varlığına şübhə ilə yanaşırdı və Şərq fəlsəfəsinin istinad nöqtəsi hesab olunan Tanrı ideyasını "mütləq ruh" ideyası ilə əvəz edirdi. Dövrümüzün yaşayan canlı klassiki Milan Kundera özünün "İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi" essesində yazır ki, xalqın və ya sivilizasiyanın özünüdərki və şüuru bizim "mədəniyyət" adlandırdığımız məfhumda cəmlənir. Hegelin "insan tərəfindən yaradılmış ikinci təbiət" adlandırdığı mədəniyyət sözünün ilkin mənası "əkib-becərmək" deməkdirsə, digər mənası da Mədinə sözündən yaranıb "şəhərsalma" anlamına gəlir. Bu sözün başqa bir mənası da təhsil, maarifçilikdir. Mədəniyyət təkamülün bəhrəsidir və ateistlərin Allahı inkar etmək üçün əllərində dəstavuz etdikləri təkamül məhz insan ruhunun təzahürüdür. Belə bir məntiqi sual ortaya çıxır: Allah insana düşünmək qüdrəti verməsəydi, təkamül necə baş verəcəkdi?! Şərq fəlsəfəsi bu suallara cavab verir. X-XI əsrlərin böyük Şərq filosofları Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, İbn Rüşd, İbn Miskəveyh, Əl Qəzali, sonrakı dövrlərdə İbn Xəldun, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri və bir çox başqaları yunan fəlsəfəsindən qaynaqlanaraq özlərinin fəlsəfi təlimlərini yaradıblar. Bu təlimlər onların teoloji risalələrində öz əksini tapıb. Pifaqorun, Aristotelin, Evklidin, Platonun əsərləri VII əsrin sonlarından başlayaraq ərəb dilinə tərcümə olunmağa başladı və sonralar Orta əsr Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərdi . Ərəb dilli filosoflar Aristoteli özlərinin birinci müəllimi hesab edirdilər. XI-XII əsrlərdə isə Şərqdə sufilik nəzəriyyəsi geniş yayılmışdı ki, bu nəzəriyyənin də ən görkəmli nümayəndəsi özünün sufi məktəbini yaratmış Azərbaycan filosofu Əbu Həfs Sührəvərdi olmuşdur ki, onun "Mərifətlərin töhfələri" əsəri sufizm dərsliyi kimi qəbul edilib. Qərb fəlsəfəsi bu günbu təlimdən bəhrələnməkdədir. Deməli, Şərq fəlsəfi fikri bəzilərinin düşündüyü kimi heçpritça, nağıl səviyyəsində olmayıb. Yuxarıda adlarını sadaladığım filosofların hər biri öz nəzəriyyəsini yaradıb. Əksər hallarda Şərq fəlsəfəsini dərindən bilməyən adamlar Qərb fəlsəfəsinin böyüklüyü haqqında danışırlar. Necə ki, İbn Sinanı, Farabini, Bəhmənyarı oxumayan, onların fəlsəfi təlimlərindən bixəbər adamlar Volteri, Nitsşeni oxuyub ateist olurlar. Rus ədəbiyyatının nəhəngi L.Tolstoy islam fəlsəfəsini öyrəndikdən sonra "Din nədir?" adlı kitab yazdı. Tolstoy ölümündən bir neçə il əvvəl Məhəmməd peyğəmbərin Qurana daxil olmayan kəlamlarını toplayıb nəşr etdirmişdi. Orda belə bir kəlam yer alır: "Allah insanın qəlbindədir". Qəzali nə deyirdi? "Qəlb insanın ruhudur". Tolstoyu bu kitabı yazmağa hansı səbəblər vadar etmişdi? Böyük yazıçı adı çəkilən əsərində dinin kilsə tərəfindən təhrif edildiyini, kilsənin Allahı insanlara kinliqorxunc varlıq kimi təqdim etdiyini dönə-dönə qeyd edir və yazır ki, kilsə insanları əzməkdən ötrü dindən istifadə edir, bunun qədər qeyri-əxlaqi bir şey ola bilməz. Voyniçin "Ovod" əsərini xatırlayın. Ata ilə oğul arasında dərin və keçilməz uçurum yaradan kilsə Montanellinin qəlbindəki mərhəmət hissini məhv edir. Vətənini işğalçılardan azad etmək üçün mübarizəyə atılan gənc Artur Berton kilsə ilə xalq arasında qalsa da sonda xalqı, azadlığı seçir. Dünya ədəbiyyatında belə nümunələr çoxdurbu əslində bəşəriyyətin kədərli tarixidir. Tolstoy bu mətləblərdən bəhs edir və yazır ki, xristianlığın təhrif edilmiş formasını təsdiq edən insanlar gerçəkdə ona inanmırlar. Əcaiblik də bundadır. Bu məqama niyə toxundum? Qərb fəlsəfəsi uzun müddət Şərq fəlsəfəsini öyrənib və ondan bəhrələnməklə həm də onu təhrif edib. XVIII yüzilliyin fransız maarifçi-filosofu Volter yazır ki, "ruh bizə özümüzü idarə edə bilmək üçün verilmiş bir saat mexanizmidir, ancaq onu düzəldib bizə verən usta (Tanrı - K.H.) bu mexanizmi işlədən yayların nədən düzəldildiyini bizə deməmişdir". Şərq fəlsəfəsi min il əvvəl bu fikri daha mükəmməl bir formada dilə gətirir. Bədən ruhun örtüyüdür, Nizami deyirdi ki, "biz sözük, bu bədənsə eyvanımızdır bizim". Ruh İlahi materialdır, İbn Sina ruh haqqında, ruhun bədənə, bədənin ruha təsiri haqqında özünün "İşarat və tənbihat" ("Əlamətlər və onların izahı") əsərində geniş və müfəssəl yozumlar verir. Onun fikrincə, ruhda yaranan halətlər bədəndə, bədəndə yaranan halətlər isə ruhda öz təsirini göstərir. Ruh və bədən mahiyyət etibarilə bir-birindən fərqlənsə də, onlar arasında möhkəm qarşılıqlı əlaqə mövcuddur. Ruh müstəqil və çox qüdrətli bir həqiqətə malikdiro bədəni istədiyi kimi idarə edə bilir.

Şərq fəlsəfəsi bəşərin Renessans dövründən sonrakı inkişafının bazasına çevrildi. Qərb fəlsəfəsinin önə çıxması isə Şərq mədəniyyətinin tənəzzülündən sonra baş verdi. Bu tənəzzülün müxtəlif köklü səbəbləri var ki, mühacirət ədəbiyyatımızın böyük simalarından olan Əhməd bəy Ağaoğlu özünün "Üç mədəniyyət" əsərində bu səbəblər haqda geniş bəhs edir.

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.22.