Mən indilərimin
qapısından qovulmuş qadın idim artıq
Mənim
bomboz yalnızlığımla
tanış ol.
Əslində bu yazıda yer alacaq hadisələrin gerçəklik payı çox böyükdür. Heç doğruları dediyiniz halda əbədi bir iztiraba düçarmış kimi hiss edibsinizmi? Məsələn, gecə yatdığınızda həyatınız güllük gülüstanlıqkən həmin gülüstanlığın səhərində havada uçuşan bomboz külləriniz olubmu? Heç düşüncələrinizdən qorxub qaçmısınızmı? Anidən dodaqlarınızdan öpüb, qulaqlarınızda cingildəyən bir musiqinin sədaları altında təkliyinizlə “Tanqo” oynamısınızmı? Ya da özünüzü çıxılmaz bir eşq oynunun tam ortasına tullanılmış kimi hiss edibsinizmi? Eh, necə şərh edim mənim olmayan bu qarışıq hisslərimi. Necə izah edim layiq olmadığım iztirabımı?!.. Qadınlar onsuz da çətin məxluqdular.Hələ bir az da işlərimizi çətinləşdirir bu eşq yaxud sevgi hekayələri. Qadın daha çox aşiq olur, ya da kişimi kimi sualları cavablandırmayacağam.
Çünkü bu barədə aparılan tədqiqatlar öz uğursuzluğu ilə Nobelə layiq görülə bilər? Sizə öncə yaşadığım məkan haqda danışmaq istəyirəm. Bura mənim huzur tapdığım tək-tük yerlərdəndir. Onu da qeyd edim ki, bu gün işə getməmişəm. Oturub evin balkonundan buludların arasından mənə gülümsəyən ulduzu seyr edirəm.
Küskün maviyə boyanmış buludlara tərəf uzadıram qollarımı. Əllərimdən tutsun istəyirəm buludlar mənim. İstəyirəm ki, azadlığımı yüksəkliklərin ən əngin hədlərində elan edim. Elani-azadlıq edim. Ruhumun ənginliklərinə qərq olmaq keçir könlümdən, fiziki dünyanın zədələdiyi məntiqimdən qaçdığım zamanlarda sığınıram tünd qırmızı rəngli yorğanımın altına. Gizlənirəm bütün kainatın məntiqsizliklərindən. Səndən gizlənirəm, əzizim. İllərin didib-parçaladığı sevgimizin zərrələrini mühafizə edə bilmir ovuclarım. Mən sən-sən yaralanıram hər gün.
Mən mən yox oluram. Mən-mən gedirəm, əzizim. Səndən xəbərsiz gedirəm. İcazə almıram artıq səndən. Gedəcəyim saatı, anı, salisəni səndən gizlədərək həm də. Mən bu dəfə sənin fikirlərinlə fikirlərimi qandallamıram. Vaxtdır, əzizim. Getməyin, qanadlanmağın zamanı çatıb deyəsən. İllərdir arzuladığın azadlığının qandalı kimi gördüyün sevgimi də götürüb getməyin vədəsi yetişib artıq.
Səni sevirəmlə başladı bu hekayə. Bir çox hekayə kimi, elədir. Hər şey fərqli olacaqdı. Mən səninlə çəhrayıya boyamaq istədim gələcəyimi, nimdaş pencəyinin cibində siyah mürəkkəb dolu qələm daşıyırmışsan, bilmədim. Mən ümid etdim. Ümid etməkdən daha da çox şey etdim. Bəlkə də səhv etdim. Mən əslində inandım.
Xəyallarla gerçəklikliyin ziddiyyətlərində boğuldu məsumiyyət. Mən bəlkə də gecikdim. Yaşanmışlıqlara inad gələcəyimi gələcəyinlə birləşdirdim. Gələcəyimizi çəhrayıya boyamaq istədim. Görünüşə baxıb sevməzlər deyiminə inandım. Sənə özünü tanıtmaq şansı verdim. Hər şey yaxşı idi. Biz xoşbəxt idik deyəsən. Sonrası da bildiyin kimi...
Hər qadın anasının taleyini yaşamaq istəməz əmin ol. Mən də belələrindən idim. Sənə limanım kimi həsrətlə addımladım. Huzurum kimi. Sən mənim sığınacağım idin. Doğrum, inamım, şəffaf rəngə boyadım bütün divarlarımı. Sənə doğru təmizliyimə təmizliklər qataraq irəlilədim. Sadəcə, sən idin qibləgahım.
Gözlərimi tutmuşdu anamı görməyim deyə atamın səhvlərini. Anam güclü qadın imiş. Mən bunu da bacara bilmədim deyəsən. Gözlərini tuta bilmirəm mən onun. Travmalarla dolu keçmişlərdən gəlmişdim sənə. Əllərim gilənar rəngində, gözlərimdə işığını itirmiş ulduz yağmuru. Ürəyimi açıb sənin önünə sərdim.
Lütfən çıxar kədər qəlpələrini dedim. Sən qəlpələrin üzərində ayaqyalın rəqs edərkən dərinləşdikcə dərinləşdi kədərlərim. Üst-üstə qalandı ümidsizliklər. Mən bütün sonluqlarda səni ayaqüstdə alqışladım əzizim. Köhnəlirdi ümidlərim. Artıq gələcəyin rənginin boz olduğuna inandırmışdın məni.
Bozumtul aqressiyalarla
bəzədim mən də simamı. Gözlərimə gecə
rəngində laqeydliklər çəkdim. Mən güvənsizliklərlə
hördüm səngərlərimi. Labirintvari bir sevgi hekayəsi uydurdum xəyalımda.
Mən reallıqlarımı unutdum əski
bir kitab rəfində.
Toz basdıqca xoşbəxtliyin üzərini,
kədərlər boylandı pəncərəmdən içəri.
Bir qadın vardı cümlələri səsləndi
beynimdə. İsrafilin surunu
gözləmədi çiynimdəki mələklər.
Günahlandırdılar məni onlar da sənin kimi. Mən
keçmişlərimdə axtarmağa
başladım xoşbəxtliyimi. Keçmiş
çoxdan keçmişdi.
Gələcək isə naməlum. Mən indilərimin
qapısından qovulmuş qadın idim artıq.
NARGİS
Ədəbiyyat qəzeti.- 2017.-3 iyun.-
S.13.