Şedevr və ya özgələşmə tarixindən nümunələr

 

" Atana nəhlət, Xudayar bəy!

Anana nəhlət, Xudayar bəy!

Dədən tünbətün düşsün, Xudayar bəy! Babanın həşri Ömərin həşrilə qopsun, Xudayar bəy!

İzzət uzaqlaşdı və səsi gəlmədi."

 

"Eşşəyin itməkliyi" fəslindən

 

Dördüncü bidət - "Danabaş kəndinin əhvalatları"

 

Ardı

 

Həcminə görə bir qayda olaraq "povest" adlandırılan bu əsər 1894-cü ildə Cəlil Məmmədquluzadə tərəfindən yazılıb. İlk dəfə yazıçının ölümündən sonra - 1936-cı ildə nəşr olunub. Yazıçı ömrünün axırlarında qələmə aldığı  yarımçıq tərcümeyi-halında əsərlə bağlı belə bir qeyd yazır:  "Miladi tarixi ilə min səkkiz yüz doxsanıncı illərdə Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş kəndinin əhvalatı" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım."  Amma daha maraqlı bunun ardınca gələn və hekayənin nədən bəhs etdiyi haqqında olan qeyddir: "Burada rəvayət olunur ki, nə tövr Danabaş kəndinin yüzbaşısı Xudayar koxa Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb şəhərdə satır və o pula orada bir övrət siğə eləyir. Və halonki, Məhəmmədhəsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə."

Burada gözə dəyən birinci fərq əsərin adındakı "əhvalat" sözünün hamımıza məlum olduğu kimi, cəm halda deyil, tək halda yazılmasıdır. 1936-cı ildən bu yana  dəfələrlə nəşr olunan "Danabaş kəndinin əhvalatları" əsərinin "Bir yüngülvari müqəddimə" adlanan giriş fəslindən müəyyən etmək olar ki, bu, yarımçıq qalmış layihədir və bu silsiləyə tək bircə "Eşşəyin itməkliyi" deyil, digər hekayələr də daxil olmalıydı. Amma tərcümeyi-halda dərhal gözə çarpan ikinci və üçüncü fərqlərə diqqət yetirəndə, yarımçıq layihə ehtimalında da tərəddüd etməli oluruq. Müəllif qeyd edir ki,  Məhəmmədhəsən əminin eşşəyinin itməkliyini birinici dəfə hekayə surətində yazıb. Birinci dəfə o deməkdir ki, sonralar da bu əsər artıq hekayə surətində deyil, başqa janrlarda da işlənilib.

Əslində, bu əsər həm naşirlər, həm də tədqiqatçılar tərəfindən, yuxarıda qeyd etdiyim kimi, bütün nəşrlərdə və bütün ədəbiyyatlarda bir qayda olaraq "povest" adıyla bizə təqdim olunub. Xatırladım ki, "povest" yalnız rus ədəbiyyatına aid olan termindir və bədii mətnin yalnız həcmini, yəni romandan kiçik, hekayədən böyük olmağını bildirir. O da bəllidir ki, Məmmədquluzadə özündən sonrakı ədib xələflərindən fərqli  olaraq rus və digər Qərb mədəniyyətlərindən alınma terminləri geniş və sərbəst şəkildə işlətməyə meyilli yazıçı deyildi.

 

Sözünün canı nədir, ay Mirzə?

 

"Birinci dəfə"   "hekayə surətində" yazılan bu əsərin müxtəsər məzmunu yazıçının təqdimatına əsasən ondan ibarətdir ki, yüzbaşı koxa fəqir bir kişinin Kərbəlaya getmək üçün var-yoxunu satıb aldığı və bir aya qədər bəslədiyi eşşəyini aparıb şəhərdə satıb və bu pula orada özünə bir arvad siğə elətdirib.

Amma bizim oxuduğumuz, yəni müəllifin ölümündən sonra nəşr olunmuş əsərin rəvayətini başqa şəkildə də ifadə etmək mümkündür. Məsələn, bu əsərdə kəndin kattası təzəcə rəhmətə gedən və vaxtilə qızını oğluna göbəkkəsmə eləmiş ən yaxın dostunun arvadını hiylə və zorla özünə siğə elətdirib var-dövlətini öz adına keçirdib, sonra da onu boşayıb. Qızını isə mərhum dostunun oğluna yox, tamam başqa adama ərə verib. Yaxud Naxçıvanda Heydərxan körpüsü salınan ili yaxın kəndlərdən birində iki gün ərzində baş verən qəribə bir hadisələrdən bəhs olunur. Məzmununa görə çoxşaxəli, quruluşuna görə yığcam və bütöv olan bu əsərin fabulasını başqa, özü də bir-birindən tamam fərqli şəkillərdə də ifadə etmək olar.

Sözsüz ki, "Danabaş kəndinin əhvalatları" əsərinin ən məşhur və artıq hamı tərəfindən qəbul olunmuş qısa rəvayəti odur ki, bir kəndxuda sadə, fəqir kənd sakinlərinə zülm verir və bu sadə, fəqir adamların əli heç hara çatmır ki, öz haqlarını tələb edə bilsinlər. Yəni bu əsər bizi klassik bir zalım surəti və onun qurbanları ilə tanış edir. Azərbaycan Sovet ədəbiyyatşünaslığı ekspozisiyasında isə bu, hələ ictimai şüuru formalaşmayan və hələ də dini-əfsanəvi təfəkkürlə yaşayan məzlumlar sinfinin faciəsi kimi təqdim olunur. Açığını deyim ki, belə təqdimat o qədər geniş yayılıb ki, Azərbaycan nəsrinin bəlkə də zirvəsində duran bu əsərlə bir dəfə məktəb səviyyəsində tanış olandan sonra əlavə olaraq yenidən onu əlinə götürüb oxumağa adamda həvəs qalmır. İllah da bu hekayənin ekranlaşdırılmasını və ya hansısa səhnələşdirilməsini görəndən sonra sənin üçün aktuallığı itir, onu arxivləşdirməkdən, qaldırıb kitab rəfinin ən yuxarı, əlçatmaz, daha çox toz tutan yerinə qoymaqdan savayı yolun qalmır. Əvvəldə qeyd etdiyim kimi, kitab ədəbi əsərin tabutudur, onu bu rəfdən götürüb yanlış oxucu mövqeyindən azad etmək, Şeyx Nəsrullah kimi diriltmək lazımdır.

Düzünə qalsa, Şeyx Nəsrullaha bir elə də ehtiyac yoxdur, çünki Azərbaycan bədii nəsrində heç bir əsərin nəbzi "Danabaş kəndinin əhvalatları" kimi diri vurmur. Kifayətdir onu götürüb məzmunundan büsbütün xəbərsiz kimi yenidən oxuyasan.                              

Bəs bizim misalda necə, bu əsəri bidət və özgələşmə tarixindən bir nümunə hesab etmək olarmı? Bu sualı cavablandırmaq üçün əvvəldən başlamalıyıq, yəni epiqrafdan.

 

Əvvəlcə ayamalar haqqında bir neçə söz

 

Cəlil Məmmədquluzadənin əsərlərinin 1966-cı il üçcildlik nəşrinin birinci cildində epiqrafdan əvvəl eyni sətirdə, amma bir-birindən aralı iki cümlə gəlir: "Nağıl edibdi Lağlağı Sadıq" və "Yazıya götürübdü Qəzetçi Xəlil". "Bir yüngülvari müqəddimə"- də qeyd olunur ki, bu əhvalatı oxuyan rəfiqlər, yəni müəllifin dostları təəccüblənəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq?

Əhvalat yazıya götürüləndə müəllif özü Danabaş kəndində, gerçəkdə Nehrəm kəndində  yaşayıb müəllim işləyir, perspektivdə isə bildiyimiz kimi qəzetçi olacaq. Bundan savayı, əsər nəşr olunandan sonra hamıya, xüsusilə də müəlliflə yaxın adamlara gün kimi aydın olacaq ki, müəllif Cəlil Məmmədquluzadənin özüdür. Bunu müəllif özü də bilir və  müqəddimədə bunu qeydə alır. "Belə olan surətdə, bu nə tapmacadır, qarşımıza qoyur?"- düşünəcək ziyalı dostlar. Amma müəllif onları intizardan çıxarmaqdan ötrü bir xeyli yer tutan "ayama-ləqəb" haqqında söhbətə başlayır və atüstü onu da bildirir ki, Qafqaziyyə vilayətində ən məzəli olan Danabaş kəndindən bir qədər incik düşüb, amma dili çönməz ki, buna pis kənd desin.

Deməli, müəllif qismən məcburiyyət qarşısında, qismən də bədii fəndgirlik naminə özünə ayama-ləqəb, bir az da dəqiqləşdirsək, ədəbi təxəllüs götürüb. Bəs niyə bir yox, iki ayama? İki ayamadan bir təxəllüs düzəltmək qeyri-mümkündür.  Xəlil yazıçının öz adına həmqafiyə olmaqla bərabər, həm də bioqrafiyasından məlum olduğu kimi müəllifə çox doğma addır və bu adı əsərlərində o, tez-tez işlədir. Sadıq adına da yazıçının bir çox əsərlərində rast gəlmək olar və hətta sonradan, Mirzə Cəlil  "Molla Nəsrəddin" jurnalında "Lağlağı" imzasından da istifadə  edəcək. İlk dəfə olaraq 1894-cü ildə qələmə aldığı hekayəsində iki ayamadan istifadə etməklə müəllif özünün də müəyyən mənada ikiləşdiyini bildirir. Məsələ ondadır ki, əhvalatı nağıl edən Lağlağı Sadığın öz məqsədi var, nağılı qələmə alan Qəzetçi Xəlilin öz məqsədi. Biricisi, yəni Lağlağı Sadıq söhbəti daha da qızışdırmaq, marağı artırmaq üçün şişirtmələrə yol vermək, hadisəni məlum olan hekayə modelinə salmaqla, daha dürüst desəm, əhvalatı Kərbəla vaqiəsinə uyğunlaşdırmaqla məşğuldur, ikincisi, yəni Qəzetçi Xəlil bunun əksinə gedərək hər şeyi real, publisist-jurnalist dəqiqliyi ilə göstərməyə çalışır və imkan daxilində tənqidi münasibətini bildirməkdən çəkinmir. Sözsüz ki, müəllif üstünlüyü Qəzetçiyə verir. Amma burada, Mirzə Cəlilin məhz bu əsərində sonda üstünlüyü, müəllifin iradəsindən asılı olmayaraq Lağlağı Sadıq qazanır. Bəlkə də müəllifin sağlığında bu əsərin çap olunmamasının əsas səbəblərindən biri də elə budur.

 

İki Qoqol, bir Məmmədquluzadə

 

Cəlil Məmmədquluzadənin yəqin ki, ən çox sevdiyi yazıçı Nikolay Qoqol da ikiləşirdi, lakin bir əsər daxilində yox, bütün yaradıcılığı boyu. Onun yaradıcılığını əsasən iki qismə bölmək olar - Ukraynadan bəhs edən əsərlər və Rusiyadan bəhs edən əsərlər. Oturaq həyat tərzi yaşayan, bir əraziyə, bir təfəkkürə, bir folklora bağlı olan adamlardan yazan Ukrayna Qoqolunda, yəni onun "Dikanka yaxınlığında xutor axşamları", "Mirqorod" silsilələrinə daxil olan əsərlərində məhrəmlik, can rahatlığı, ev istiliyi hiss olunur. Ən ağlasığmaz, fantastik vəziyyətlərdə belə  o öz qəhrəmanlarından arxayındır, əmindir ki, onlar şərə qalib gələcək, hətta bu adamlar cinin-şeytanın özünü belə minib-yəhərləyib istədikləri yerə çapır, lazım gələndə bir yerdən başqa yerə uçurlar. Onlar üçün harasa səfərə getmək, evdən ayrılıb yola çıxmaq axırda yenə öz doğma ocağına qayıtmaq deməkdir. Ukrayna Qoqolu nə yazır sonda möcüzəli, əsasən XX Latın Amerikası ədəbiyyatı ilə  bağlı olaraq deyildiyi kimi, sehrli (magik) realizm nümunəsi alınır. Bundan fərqli olaraq rus Qoqolu daim əsəbilik, mənəvi sarsıntılar, ittiham, istehza, bitib-qurtarmayan yol,  ünvansızlıq, "Peterburq povestləri", "Müfəttiş", "Ölü canlar",  "Biz Avropayıq, yoxsa Asiya" sualıyla özünü girinc eləmək, Avropadan geriyə qalmaq nigarançılığı, keçmişi inkar, qəhrəmanların həyat tərzini, əxlaqi görüşləri məsxərəyəqoyma və bütün bunların sonunda Sovet ədəbiyyatşünaslığında deyildiyi kimi, tənqidi realizm nümunələri deməkdir.

Cəlil Məmmədquluzadəyə ikinci, rus Qoqolu yaxın idi.  Amma sağlığında çap olunmayan "Danabaş kəndinin əhvalatları" hekayəsi onun yaradıcılığında istisna təşkil edir. Yenə də, əlbəttə ki, nağıldanışan Lağlağı Sadığın, yəni əsrlərlə yaşı olan ənənəvi  təhkiyənin hesabına.

 

Sokratın iblisi

 

"Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz vicdanımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər. Sokrat".

Bu, "Danabaş kəndinin əhvalatları"na yazılan epiqrafdır və burada ifadə olunan fikir qədim yunan filosofları Platon və Ksenofontun əsərlərinə əsasən Sokrata aid edilir. Yunan dilində Sokratın daxili səsi "daymonion", sonradan xristianlıqda deyildiyi kimi "demon" adlanır ki, bu da müsəlman xalqlarının dillərinə tərcümə edildikdə "iblis" mənasını verir. Bəs iblisin "vicdanın səsi", "insaf" anlayışları ilə nə əlaqəsi ola bilər? Ksenofonta görə iblis, yaxud daymonion öncəgörmə mahiyyəti daşıyır və ziyanlı əməllərdən qoruyub saxladığı kimi, həm də xeyirli işlərə sövq etdirir. Platon isə Sokratın daymonionunun yalnız ziyanlı olandan qoruyan bir qüvvə olduğunu, əlavə heç nəyə sövq etdirmədiyini bildirir. Hər iki halda daxildən gələn səs sağlam düşüncənin təminatçısına çevrilir. Burada artıq əxlaq məsələsi ortalığa çıxır: əgər sağlam düşüncə sərfəli, xeyirli olana xidmət edirsə və yaxud yalnız bunlarla müəyyənləşirsə, onda əsl yaxşı adam, əsl əxlaqi sima da elə öz işini, xeyrini bilən praqmatik şəxs, uğur qazanmağı bacaran eqoist adamdır. Amma Sokrata görə sağlam şüur o halda bir adama yox, bütün insanların xeyrinə işləyəcək ki, hər bir fərd xüsusi həssaslıq tələb edən daxili səsinə qulaq asıb, onu eşidə bilsin.

Monoteist dinlərdə insan daxili səsinin yox, dinin, şəriət qanunlarına dediklərinə  qulaq asıb, onlara riayət etməli, etiqadlı xristian, mömin müsəlman olmalıdır. Bu dinlər Demonun, İblisin var olduğunu inkar etmir, əksinə, onu şər qüvvə elan edib lənətləyir.

"Danabaş kəndinin əhvalatları" əsərinin yozumunda ən çətin məqam Sokratın sözlərindən ibarət epiqrafın hekayədəki hadisələr və personajlarla əlaqələndirilməsidir. Bu sözlər, yəni daxili səsə qulaq asıb, ona uyğun hərəkət etmək təlimi əsərin qəhrəmanlarından ilk baxışda yalnız birinə aid ola bilər - Xudayar bəyə. Lakin Xudayar bəyin əməlləri heç cür epiqrafda yer alan "vicdanın səsi" və "insaf" sözləri ilə uyğun gəlmir. Amma yuxarıda göstərdiyimiz kimi, Sokrat da bu sözləri bizim qəbul etdiyimiz anlamda işlətmir. Digər tərəfdən daymonion, iblis məsələsi daha çox Platonun "Sokratın müdafiəsi" əsərində xüsusi olaraq qabardılır.

Əsərin beşinci fəslində, artıq bütün qəhrəmanların mövqeyi tam məlum olub, hərə öz yerini tutan məqamında müəllif özü irəli çıxıb baş verənlər haqqında fikirlərini bizə çatdırır: "İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burda əsla və qəti məzəmmət yeri yoxdur. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq." Bunun ardınca kasıb, demək olar ki, bütün varidatı qəpik-quruşla ölçülən Xudayar bəyin heç kimlə düşmənçiliyi, heç kimə pislik eləmək niyyəti  olmadığı sübut edilir. Onun yalnız bir qəsdi var, Zeynəbi almaq.

Müəllifin belə açıq şəkildə qəhrəmanı müdafiəyə qalxmasında oxucu heç bir ironiya axtarmamalı və bunu ciddi, səmimi müəllif sözü kimi qəbul etməlidir. Bu epizod birbaş epiqrafdakı fikirlə səsləşir və bununla da  bütün əsəri az qala "Xudayar bəyin müdafiəsi" ideyasına tabe etdirir. Lakin burada elə bir oyun qurulub ki, bu oyunda hərənin öz rolu var və Xudayar bəy də bu oyunda yalnız Zalım rolunu oynaya bilər.

 

Gizli müəllif

 

Bu oyunu Lağlağı Sadıq görüb və eşitdikdən sonra bizə danışır, Qəzetçi Xəlil isə onun danışdıqlarını yazıya götürür. Bəs oyunu quran kimdir? Sualı başqa cür də vermək olar: əsərin kökündə duran təməl hadisənin baiskarı kimdir? Əvvəlcədən deyək ki, bu Xudayar bəy deyil, çünki deyildiyi kimi, Xudayar özü oyunun içindədir. Əslində, bununla biz gizli müəllif axtarışına çıxırıq. Özünə iki təxəllüs götürən aşkar müəllifi olduğu kimi, əsərin gizli müəllifi də var. Gizli müəllif ilk baxışda hadisələrdə  o qədər də böyük yükü olmayan Qasıməli adlı personajdır. Bəzi epizodlarda onun xüsusi canfəşanlıq göstərməyi bizdə şübhə doğurur. Finalda o, bacısını Xudayara ərə verir, özü onun qızı ilə evlənir və bununla da şübhələrimiz təsdiqlə əvəz olunur, hər şey yerinə düşür. Məlum olur ki, bütün bu mərəkənin bir baiskarı var, o da Qasıməlidir.

Belə olanda, əsərin fabulası dəyişir. Belə ki, Qasıməli Xudayar bəyin qızı Gülsümü istəyir. Amma onu almağa iki səbəb mane olur. Birincisi, Gülsümün halalca göbəkkəsdi nişanlısı olan Vəliqulu da qızı istəyir və həyatda Gülsümdən başqa heç nə, hətta anası da onun gözünə görünmür. Qasıməlinin Gülsümlə evlənməsinə mane olan ikinci səbəb Xudayar bəyin çox kasıb olmasıdır. Xudayar bəyin katda qoyulması ilə, ən yaxın dostu və ondan çox-çox varlı olan Kərbəlayi Heydərin vəfat etməsi az qala eyni vaxta düşür. Qasıməli onun sözünü eşidən Xudayar bəyi Zeynəbə, Vəliqulunun anasına yönəldir. Bu iş tez bir zamanda baş verməlidir, uzağı iki günün içində və belə də olur. İki günün ərzində Xudayar bəy Zeynəbi siğə elətdirib evinə gətizdirir. Amma iş bununla bitə bilməz. Çünki Qasıməli Zenəbin xasiyyətindən də xəbərdardır, bilir ki, Zeynəb Xudayar bəylə yaşamayacaq. O yenə də zənnində yanılmır və bütün bu işlərin nəticəsində Vəliqulu ilə Gülsümün də nişanı pozulur. Xudayar bəy mərhum dostunun var-dövlətinə sahib çıxır. Daxili səsin, yəni Sokrat iblisinin ən həssas dinləyicisi olan Qasıməli öz məqsədinə çatır. "Danabaş kəndinin əhvalatları" əsərinin əvvəlindəki epiqraf heç kimə deyil, birbaş  Xudayar bəyin də, Zeynəbin də varidatını əlinə keçirəcək, sabahın adamı olan Qasıməliyə aiddir.

Beləliklə, gizli müəllif üç nəfəri - Lağlağı Sadığı, Qəzetçi Xəlili və aşkar müəllifin gözünü elə bağlayır ki, onlar əsas məsələni bir kənara qoyub, eşşəyin itməkliyini ön plana çəkirlər. Nəticədə oxucu yanlış mövqedə qalır.

 

Menippeya

 

Mixail Baxtin "Dostoyevski poetikasının problemləri" kitabında yunan ədəbiyyatında Menipp satirası janrının xüsusiyyətlərini ümumiləşdirib menippeya adlı janr barədə yazır. Avropa romanında epik, lirik və dramatik janrlara daxil olmayan bütün əsərlər menippeya janrına aid edilir. Burada mən Baxtinin yazdığı menippeyanın on dörd əlamətlərindən bir neçəsini ən qısa və ümumi şəkildə xatırlayıb onu "Danabaş kəndinin əhvalatları" ilə müqayisə etmək istəyirəm. Bu əsər satiradır və Avropa romanı janrında yazılıb. Bununla belə onu nə epik, nə dramatik, nə də lirik janrlara aid etmək olmaz. Odur ki, gəlin menippeyanı da "Danabaş kəndinin...." əyninə ölçməyə çalışaq.

1. Menippeyada gülüş elementinin əhəmiyyəti artırılır.

"Danabaş kəndinin əhvalatları"nda gülüş aparıcı rol oynayır, hətta üç ailəyə bədbəxtlik üz verən zaman, əsərdə deyildiyi kimi, üç evdə matəm tutulduğu bir vaxtda oxucu baş verən hadisələrə, dialoqlara qeyri-etik olduğunu unudaraq  gülməkdən özünü saxlaya bilmir.

2. Menippeya tarixi və real şərtiliklərdən tam azad janrdır.

Əsərin girişində Qəzetçi Xəlil bütün bu əhvalatları 1894-cü ildə qələmə aldığını qeyd edir. "Eşşəyin itməkliyi"nin  başlanğıcında da hadisənin 1894-cü ildə baş verdiyi qeyd olunur. "Xitamə"də isə final hadisənin üç ildən sonra baş verdiyi göstərilir, halbuku Xəlilin qeydinə əsasən artıq qələmə alınmış bu əhvalatlar 1894-cü ildən kənara çıxmamalıydı. Real zaman burada şərti məna daşıdığından, onu rahatca pozmaq da olar. Amma əsərin fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, burada təsvir olunan hadisənin, Xudayar bəyin evdən çıxıb, eşşəyi götürüb şəhərə getməyi və oradan qayıtmağının xronoloji ardıcıllığı bütün dəqiqliyi ilə, az qala saatbasaat gözlənilir.   

3. Menippeyada fəlsəfi ideyanı üzə çıxarmaq və onu sınaqdan keçirmək üçün qeyri-adi, fantastik vəziyyətlərdən istifadə edilir.

"Danabaş kəndində" fəlsəfi ideya epiqrafda qeyd edilib, qəhrəmanlar daxili səsi eşitmək sınağından çıxmasa da, bu ideya gizli surətdə onlardan birinin ağlasığmaz  əməllərində öz təsdiqini tapır.

4. Dini-mistik və simvolik motivlər ən aşağı naturalizmlə əlaqələnir.

Baş tutmayan Kərbəla ziyarəti hətta bəzən artıq dərəcədə təfərrüatlarla verilir.  Xudayar bəyin şəhərdə siğə prosedurunu həyata keçirməyi eyni dərəcədə təfərrüatıyla   təsvir olunmuşdur.

5. Menippeyada hadisələr üç məkanda, Yer üzündə, Olimpdə və Cəhənnəmdə baş verməlidir.

Danabaş kəndi Yer üzüdür, Kərbəla Olimp və Xudayar bəyin, onun ardınca Əhməd, ardınca da Məhəmmədhəsən əminin yollandığı şəhər, oranın karvansarası, dəftərxanası və qazının evi Cəhənnəmdir.  

6. Menippeyada əsas süjetə çox zaman əlavə, müəyyən mənada qondarma novella daxil ola bilir.

Qasıməlinin qurduğu oyunda bütün qəhrəmanlar iştirak edir və bu, əsərin əsas süjet xəttidir. Əsas süjet xəttinə "Eşşəyin itməkliyi" adlı novella əlavə edilir və önə çəkilir.

7. Menippeyada publisistik-jurnalistik yanaşma müşahidə edilir.

Əvvəldə qeyd etdiyimiz kimi, Qəzetçi Xəlilin ciddi-cəhdinə minnətdar olaraq bir çox epizodlar az qala hadisə yerindən reportaj təsiri bağışlayır.

 

Təhkiyə

 

Bununla belə, menippeya janrı da, digər janrlar kimi "Danabaş kəndinin...." əyninə dar gəlir. Əsərdə adı çəkilən "Bəxtiyarnamə", "Tutinamə", "Min bir gecə" rəvayətləri kimi burada da ornamental Şərq nəsrinin əlamətlərini aydın görmək olar. Bir hadisədən başqa hadisə, başqa hadisədən də üçüncüsü, dördüncüsü və digərləri doğur. Amma bütün bunlar bir əsas hadisənin ətrafında fırlanıb dairə cızan köməkçi əhvalatlardır.

Əsərin təhkiyəsi Kərbəla vaqiəsinə köklənmiş xalq dilidir. Burada dil sözünün mənası köməkçi vasitə kimi yox, həm dünyagörüşü, həm həyat tərzi, həm də etiqad kimi götürülməlidir. Bu dil daxilində olan Kərbəla vaqiəsini, vaqiədə əsas iştirakçılardan biri olan Zeynəb surətini tam mənada VII əsrdə baş verən  tarixi faktla bağlamaq olmaz. Həm hadisə haqqında rəvayətlərə, həm də sevimli, xalq tərəfindən  əzizlənən məğrur qadın surətinə folklor faktı kimi baxmaq daha düzgün olar.                                                         

 

Tərcümə çətinliyi

 

Əsərin kulminasiya nöqtəsi Məhəmmədhəsən əminin dilmanc vasitəsi ilə başına gələn müsibəti nəçərnikə danışması və nəçərnikin onu anlamaması səhnəsidir. Məsələ ondadır ki, Danabaş kəndi adlı dünyada baş verən əhvalat sırf Azərbaycan nəsnəsidir və o, özgə planetdən gələnlərin dilinə tərcümə olunmur.

Məhəmmədhəsən əmi onu anlamayan nəçərnikə başına gələnləri danışan zaman, arxada Xudayar bəylə əshabələri dayanıb öz növbəsini gözləyir. Doğrudur, nəçərnik onların da xahişini təmin etməyib qazının üstünə göndərəcək. Bununla belə, məlum, anlaşılan dildə özgəyə müraciət olunmasını özgələşməyə doğru bir addım hesab etsək, yanılmarıq.

 

Nadir Bədəlov

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.26-27.