"Öz əsərini danışdır"

 

"Sağ qalan varmı?"

 

- Emin bəy, niyə "Sağ qalan varmı"?

- İnsan duyğularıyla sağdı. Duyğun varsa, sağsan, insansan. Yəni bu baxımdan sual etdim hər kəsə.

- Bu neçənci kitabınızdır?

 

- "Sağ qalan varmı?!" sayca ikinci kitabımdır. Birinci kitab, "Tanrının kölgəsi" iki il öncə "aybkitab" layihəsi ilə dərc olunmuşdu. Sonradan sanki tələsdiyimi düşündüm. Deyəsən ən yaxşı şeirlərimi o kitabdan sonra yazdım. İndi həmin səbəbdən bu kitabı özümün ilk kitabım adlandırmaq istərdim.

- Nə zaman çıxdı, ümumiyyətlə, necə oldu ərsəyə gəldi, içindəki şeirlər hansı zaman kəsiyində yaranan şeirlərdir?

- Kitab may ayında dərc olunub. İlk kitabdan daxil edilənləri çıxmaqla son iki ildə yazılanlardır. Bu il ərzində dərc etdirmək planımda idi. Amma belə tez gözləmirdim. Xaricdə yaşayan bir iş adamı şeirlərimi oxudu. Məni dəvət etdi , görüşdük. Niyə də indi kitabın çıxmasın deyə israr etdi. Və kitab onun vəsaitiylə çap edildi.

- İlk kitabdan buraya şeirlər daxil etmisinizmi?

- Bəli. Altmış dörd şeirin hardasa otuzu ilk kitabdandır. Bu kitabla tanınmaq və imzamı məhz bu kitabla təsdiqləmək istədim. Ona görə də ilk kitabdan imtina etdiyim şeirləri çıxmaqla seçdiyim şeirləri bura da saldım.

- Bu hansıdır-oxucu baxışı, ya peşəkar yanaşma?

- Nə qədər təvazökarlıqdan uzaq olsa da, deyərdim öz baxışımdır. Əvvələ nisbətən dəyişmişəm, bəzi düşüncələr, yanaşmalar dəyişib. İlk  kitab da çox uğurlu olmuşdu. Amma mən onunla kifayətlənmək istəmədim. Bir yerdə ilişib qalmaq, ətalət qorxuludur mənim düşüncəmdə. Özünü daim inkişaf etdirmək lazımdır. Həmçinin briinci kitabda sevgi şeirlərim demək olar yox idi. Bu məni narahat edirdi.

- Niyə?

- Bizim cəmiyyətdə bir qədər sevgi aclığı var. Ən güclü müharibə, təbiət şeirləri yaz, o qədər diqqət çəkməyəcək. Amma ortabab sevgi şeirlərini cəmiyyətə böyük bir əsərmiş kimi sırımaq daha rahatdır.

- Sizin buna ehtiyacınız vardımı?

- Əlbəttə, yoxdu, mən o mənada demirəm. Dediyim o ki, bu bumun içində ən  azından sevgidən yazmağa bir məhkumluq da hiss edirsən özündə.

- Sizin sevgi şeirləriniz hansı məhkumluqdan doğub?

- Əvvəllər də istəyirdim sevgi şeirləri yazım. Amma planlı olduğundan, dərc etməyə qorxurdum. Qorxurdum ki, süni alına. Sonradan necə oldusa özüm onda ayıldım ki, müharibə şeirlərini kənara qoyub sevgi şeirləri yazıram. Ola bilsin mən indi sevginin nə olduğunu duymağa başlamışam, ona görədir.

- Yəni indi razılaşırsınız ki, ən gözəl şeirlər duyularaq yazılan şeirlərdir. Ya necə?

- Duyğu mütləqdir, lakin mütaliəsiz, savadsız şeirlər anlıq olur. Eləcə də sırf duyğuyla yazılmış. Mütləq ikisi də lazımdır. Amma həyatilik olmayan heç bir bədii əsərin mənim nəzərimdə dəyəri yoxdu. Həyatı duymursansa başqa işlə məşğul olmaq lazımdır. Şair, yazıçı bir növ həm də alın yazısı yazır. Həyat verir. Sonra onun ömrünü alın yazısı kimi cızır.

- Xeyli müharibə şeirləriniz var, xüsusi bir yeri var sanki sizin üçün müharibənin.

-Bəli, şeirlərimin üçdə birini müharibə şeirləri təşkil edir.  Amma bunu sırf Qarabağla da götürmək olmaz. Bir qədər peşəkar davranaraq elə etmişəm ki, o şeirlər bütün müharibələrə aiddir. Bütün yerlərdə acılar, anaların göz yaşı, övlad itkisi, sevgilini itirmək eynidir. Bəlkə də bu səngər həyatımla bağlıdır. Dostumu gözümün qabağında itirmişəm. Televiziyada görülən reallıqlardan, pafoslardan daha uzaq bir gerçəkçi həyat yaşadım. Amma bu həyata minnətdaram. Mən, ümumiyyətlə, nə qədər qəribə olsa da, bir şair kimi müharibələrə minnətdaram. Faciələr mənim mənəvi qidamdır. Bu, bəlkə də şeytanilikdir. İncəsənət həm də şeytan əməllərindən doğur və deyərdim daha çox.

- Maraqlıdır, "şeytanilik"... Bəs  bu şeytaniliyin içində şair savaşda kim olur? Savaşçı, qoruyucu, hücumçu, ya barışdırıcı? Ya sadəcə müşahidəçi?

- Hər birinin  öz yeri var. Mənə silah çəkən adama sözlə qalib gələ bilmirəmsə, onun mənə çəkdiyi silahdan daha təhlükəli silahla silahlanmalıyam. Və söhbət vətəndən, dövlətdən gedirsə, vicdan hissimi kənara qoya bilərəm. Şeirdə,  bədii əsərdə nə qədər istəyirsən bəşərilikdən danışmaq olar. Səngərdəsə bəşərilik etmək vətənə xəyanətdir. Eyni zamanda ailənə, dostlarına, sevgilinə və başqalarına xəyanətdir. Açığını desəm, mən komandan olmağı daha üstün tutardım. Əmr verməyi daha çox xoşlayıram

- Qəribədir, şair-komandir,  əmr verməyi xoşlayır həm də...  Hansı  üçün-müdafiə, ya hücum?

- "Ən yaxşı müdafiə hücumdur"  taktikasını sevən adamam. Amma elə hücum etməlisən ki, hamıya hücumun qarşı tərəfdən edildiyinə inandıra biləsən.

- Bir şair niyə belə düşünsün ki?..

- Çünki sizinlə indi Azərbaycan səngərindən bəhs edirik. Burda isə şairliyi kənara atıb özümü bir zabit kimi hiss etdim. Başqa məsələlərə keçdikdə isə hərbiçi olduğumu unudacağam. Hamıyla hər yerdə eyni cür ola bilmərəm.

- Cəbhədən hansı yaralar qalıb ki, bu şeirlər yaranıb?

- Səngərdə çox qalmağıma görə sevgilim məndən ayrıldı. Eyni zamanda dostumu, əsgərimi itirmişəm. Əsl həyatın nə olduğunu orda öyrənmişəm.

- Emin bəy, deməli bir səbəb varmış ki, bəzən sevgi Yer kürəsini top kimi qaldırıb dünyanın ən dərin çökəkliyinə tullamağa istək yaradır, deyilmi? Həm də sizə elə gəlir ki,  Allah başınızı qadınla aldadıb yerinizi tutub?

- Bəli, "Oyun" şeirimdə belədir.Hərdən düşünürəm ki, qadın kişinin kamilləşib Tanrıya qovuşma yolunun qarşısındakı səddir. Və biz bu səddi dağıtmağı bacarmırıq. Daha doğrusu, içimizdən  gəlmir. Tanrıyla qadın arasında seçim qarşısında qalarkən biz qadını seçirik.

- Bəs qadınların yerini kim tutub?

- Qadınların yerini qabırğalarımız. Hər halda belə bir dini baxış var. Düzdür, mən əksini deyərdim. Kişi Tanrıdan, qadınsa kişidən törəmədir. Bizdəsə əksini deyirlər.

- Bir  qabırğanızın itkisini bizə bağışlamırsınız, biz sizə nələri bağışlayırıq...

- Belə də olmalıdır, çünki bəşərilik qadın işidir.

- Əvəzində özünüzü qurban verirsiniz?

- Əslində, uğur qazanmağın bir yolu həmişə nələrisə qurban verməkdir. Ya sevdiklərini, ya arzuladığın bir şeyi,  ya yaşamaq istədiyin həyatı ...  Qurbansız heç nəyə nail olmaq mümkün deyil.

- Dəyirmi?

- Baxır nə üçün qurban edirsən. Dəyərdimi, ya yox, bunu yalnız ölüm yatağında anlaya bilərsən.

- Emin bəy, nədir bu Allaha verib ala bilmədiyiniz?

- Düzü, özüm də tam bilmirəm. Bəlkə də mənim onunla yox, onun mənimlə işi var?! Amma həyatda ən çox sevdiyim Tanrımdır. O isə mənim vicdanımdır. Mən də daim vicdanımla müharibədəyəm. Bir növ özümün özümlə savaşı.

- "O"nun harda olduğunu düşünürsünüz?

- "O", hər yerdədir. Barmaqlarımda, ürəyimdə, bütün əzalarımda. Düşüncələrimdə, məndən uzaqda da, mənim özümdən yaxında da.

- Bəs necə soruşursunuz ki, niyə göydən Allah yağmır? Bir də demisiniz ki, buludlardan tutub Tanrıya çatmaq var...

- Bu, təbii ki, uşaq düşüncəsinə aiddir. Çünki bizə deyirdilər Allah göydədir. Mən də deyirdim ki, Allah uşaqları belə çox sevirsə, göydən qar-yağış yağırsa, niyə də bir uşaq arzusuna görə Allah yağmasın?!

- Sizmisiniz ordakı uşaq?

- Həmin  şeirimdə bəli,  özüməm,  öz uşaqlıqdakı düşüncələrimdir.

- Mən duyuram ki, o uşaq çətin illərin ağrı-acısını həmişə özündə daşıyır. Nağılları da acıdır, o uşaq unutmur ki, cırıq ayaqqabıyla dərsə gedib, o uşaq atasının gözünü dərinliyindəki əlcək ala bilməmək səbəbini unutmayıb...

- Sizinlə tamamilə razıyam. Burada siz mənim yerimə cavablamış oldunuz. Bir növ siz Emin Piriləşdiniz.

Doğru sözümdür, bu çox yaxşı hissdir,  istər-istəməz başa düşüldüyünü  biləndə zövq alırsan, qəribə rahatlaşma olur.

- Ən təmiz yalan nə ola bilər?

- Dünyanın ən təmiz yalanı sevgidir elə. Yalandır. Amma ən təmiz yalandır.

- Bəs həqiqət?

- Həqiqət elə vicdanımın söylədikləridir. Bəlkə də həqiqət deyilən bir şey yoxdur. Bəlkə də hər şey uydurulub.

- O hansı ehtiyacdır ki,  divin canı şüşədə olan kimi, canınızı sevdiyiniz qadında bilirsiniz? Ya da belə deyirsiniz. Bu yalandır, ya yalan olduğunu düşündüyünüz həqiqətdir?

- Bu hər hansı qadını sevmək yox, öz mənəvi canının, ruhunun, boşluğunu, özünü onda tapmaqdır. Bir növ o qadına yox, əslində özünə aşiqlikdir. Yəni bir qadında onu yox, əslində onda tapdığın özünü sevirsən.

- Eləsə,  bu inam  niyə səngərdə tərk edilən əsgərə təsəlli ola bilməyib? O, axı hələ də bunu unudammır?

-Unutmamaq ayrı, darıxmaq  ayrı. Mən məhz buna görə minnətdaram. Ayrılıqlara üzülmürəm. Ayrılıramsa deməli varam. Deməli, bir sevgi yaşamışam. Üzülmürəm, əksinə sevinirəm.

- Bu düşünməkdir ki, başqası ola bilməz, axı  hər ikisini siz deyirsiniz? Özünü aldatmalardan hansını seçək?

- Onsuz da bir ömür özümüzü aldadırıq. Eləsə bizi xoşbəxt edəcək, başqalarını xoşbəxt edəcək uydurmanı seçməliyik. Bəlkə də uydurulmuş həmin şey müəyyən müddətdən sonra həqiqətə çevriləcək.

- Niyə insan olaraq özümüzü başqasında axtarırıq, niyə bu qədər gücsüzük?..

- Bu gücsüzlük yox, Tanrı kimi hər yerdə özünü düşünmək və hər yerdə özünü aramaqdır. Əksinə, gücdür sevmək. Əgər bu baxımdan arayıb sevirsənsə, deməli çox güclüsən. Adına "sevgi" deyilən hər şeyi buraya qatmadan. Bunlar zəiflikdir. Əsl sevgi özünü - Tanrını hər yerdə aramaqdır.

- Allaha o adamlar daha çox üz tuturlar ki, ondan əvvəl bir insanı tanıyıblar, ondan qırılıblar, inciklik var, qaçış var... Əsl sevgi o zaman aşiqlikdir ki, insan ona əksinə, Tanrını duyub gəlir...

- Bəli. Tam razıyam. Məhz bunu deyirdim.Qadının kişini, kişinin qadını sevməsi kimi deyil, sizin dediyiniz kimi.

- Yəni adamdan üzülüb, qaçıb  Tanrıya üz tutanlar əslində səmimi deyillər. Lakin əksinə, ancaq Tanrını duyduqdan, özünü Tanrıda, Tanrını özündə duyandan sonra üz tutduğumuz adam-budur əsl aşiq olduğumuz adam. Əslindəsə "o", " o" deyil- özümüzük.

- Əlbəttə. Tamamilə doğrudur. Elə yaza bilsəm,  sırf bunu yazardım. Tanrını tanımaq özümüzü görüb qarşılaşmaqda ilk addımdır. O zaman hər ikisi bir sevgidə birləşir. Cavab kimi. Və bütövləşir. Kamillik yolunda əsas addımlardan biri.

- Kamillik şərtdirmi? Məqsədlərdən xoşum gəlmir...  Məqsədi olan adam ömrünü heyif edir, can atır, can atır, can atır...  O məqsədddən kənarda heç nəyi görmədən çıxıb gedir...

- Deyil. Bir söz var, əgər dahi olmadığınızı görürsünüzsə, bununla məşğul olmayın. Arzulardan imtina etməliyik kamilləşmək istəyiriksə.  Məqsəd də arzudur...  Arzular ümid doğurur, ən qorxulu şeysə ümiddir. Mən ümidə nifrət edirəm, ümid əzabdır, ümid yaşatmır, öldürür. Birinə verilə biləcək ən böyük işgəncə ona yalan ümid verməkdir. Şeytanilik deyirdik ha, ümid elə şeytanın özüdür

- Maraqlıdır, şeirlərinizdə də heç ümid yoxdur.

- Düzü, diqqət etməmişdim buna, deməli hisslərim, düşüncəm onlara da hopub.

- Ümumiyyətlə, rahat şeirlərdir, nə mənada rahat, yəni "çalışıb bunu deyəcəyəm" deyə bir şey yoxdur, ya da mənə elə gəldi.

- Elədir, çünki mütləq deyilən bir şey yoxdur

- Hə, gözəl, dediyimiz kimi - "özlüyündən" yaranan şeirlər.. Heç yazmadığınız şeirləriniz oldumu?

- Xeyr. Ya yazıram, ya üzərində qalmıram. Hafizəmdən silirəm. Yəni yaddaşımı edə bilməyəcəklərim, yaza bilməyəcəklərimlə doldurmuram.

- Bəli, boşluq elə azadlıqdır. Razıyam sizinlə. Qadın-əbədi mövzudur, eləmi? Təkrar-təkrar qayıtmalı oluruq. Məsələn, soruşmaq istəyirəm, nə fərqi var qadının başını hansı bıçaqla kəsirlər? Bir halda ki,  "Yer kürəsi əlində qanlı duayla uçur"?

- Gözəl qadının başını kəsəndə belə heç olmasa saçını sığallayasan, teli kəsilməsin deyə kənara darayasan. Əlbəttə, bunu gözəlliyə, estetikaya sayğı naminə deyirəm. Amma istənilən halda bu cür vəhşiliklərin əleyhinəyəm. İndi gördünüzmü , barış deyirdiniz. Belə vəhşiliklərə qarşı savaşmayaqmı?

- Teli düşünən başı kəsərmi, Allah eşqinə?

- Gözəllik aşiqləri belə bəzən gözəllik üçün can ala bilir. Gözəllik dünyanı xilas etmir. Bütün müharibələr gözəlliyə, gözəl həyata nail olmaq uğrundadır. Yəni tam əksini düşünürəm, gözəllik dünyanı xilas etməyəcək, məhv edəcək.

- Mən isə düşünürdüm, təəəsüf ki, dünyanın taleyini şairlərə tapşırmırlar... Sizcə belə olsaydı necə olardı?

- Anarxiya. Mən də istərdim. Amma bacarmarıq. Ürəyi yumşaqlıq dünyanı dağıdar, mərhəmətinsə son həddi anarxiyadı.

- Bacarmarıq, eləmi? Doğrudur... Bəs "Günahkar"?

- Bu sosial və bu gün doğulmağa məhkum və bu dünyada yaşamağa məcbur edilmiş bir insanın etirazıdır. Hamıya etiraz. Anaya da, ataya da, ölkəyə də, dünyaya da...

- İnsanları danışdırmağı sevirsinizmi? Tanımadığınız adamları?

- Ünsiyyətciləm. Qaraqabaq insanları xoşlamıram. O tip insanlarla münasibət qura bilmirəm. Narahat oluram. Çox susan adamlardan qorxuram.

- Yəni şeirlərinizdəki siz olmayan insanların hekayələri hardan gəlir, müşahidələrdənmi, dinləmələrdənmi?

- Daha çox öz yaşantılarımdan. Sonra müşahidə, sonra uydurduğum talelər, sonrasa dinlədiklərimdən.

- Bəs susan adamın hekayəti sizi maraqlandırmırmı?

- Əlbəttə, maraqlandırır. Amma ünsiyyət kimi, dost kimi, sevgili kimi olmaqdan qaçıram.

- Maraqlıdır, susan adam kişi də ola bilər, qoca da, qarı da, uşaq da, niyə susan adamı məhz qadın kimi, üstəlik sevgili olmaq istəyən qadın kimi dəyərləndirdiniz?

- Əsla! Ümumiyyətlə deyirəm,  bu qarşılıqlı münasibətlərə aiddir. Əlbəttə, kişi də ola bilər, başqaları da. Lakin  təhlükəli susan qadındır.

- Maraqlı cavabdır, niyə təhlükəli? Bilirsiniz, təhlükə təcrübə deməkdir.

- Bilmirəm, ümumiyyətlə, çox susan adamlardan ehtiyat edirəm. Bu, həmişə mənə tufan qabağı sakitliyi xatırladır.

- Sizin üçün "dəbdə olan mövzu" anlayışı nədir? Yanaşmanız necədir bu tip şeylərə? Sanki sizdə də duyulur?

- Günümüzün dəbdə olan mövzuları:qadınlar, dindar-ateizm, müxalifət-iqtidar. Əksəriyyət gündəm olmaqçün bunu seçir. Mənimsə öz yolum var, tam ayrı. Öz dünyamla,  yaşantımla.

- Müharibə və sevgi mövzusundan sonra üzünüzü ardıcıl çevirdiyiniz bəlli  ünvanlar var. Məsələn, "küçəni düzgün keçə bilməyən külək"... Balıqçılar... Dəniz... Arabir hansısa kənd də görünüb itir... Əllər...

- Mənim düşüncəmcə bütöv şairin  bir neçə sahədə gözəl şeiri olmalıdır. Təkrar-təkrar qayıtmaq da ola bilər.

- Yəni siz bunları qəsdən edirsiniz, heç bir xatirəsi, təsirlənməsi, bağlılığı yoxdur?

- Həm qəsdən, həm ruhumun duyduğu budur. Və bunları sizə dedim. Mən bu düşüncələrlə mənəm. Emin Piri obrazı varsa, o da bu düşüncələrdir.

- Bəs sizcə, mətn yaradan adam dövrünün ictimai mənzərəsini  gələcəyə ötürməlidirmi?

- Nədən yazmağından aslı olmayaraq, istedadlı yazmaq lazımdır. Bugünkü mənzərəni hamıdan cəsarətli yaza bilərsən. Amma tarixdə istedadla yazılmışlar qalır. Hətta istedadlı yaltağa daha çox önəm verərəm, nəinki istedadsız cəsarətli mətnə. İstedad Tanrının bir adıdır və həmişə yaşayacaq.

- Mübahisəli yanaşmadır, icazə verin, razılaşmayım.

- Əlbəttə, bu fikirlə əksəriyyət razılaşmayacaq. Əksəriyyətin razılaşacağı bir cavab versəydim, bu müsahibənin də anlamı qalmazdı

- Bəs siz kimsiniz, şeirlərdəki adam, ya onları sadəcə yazan, sonra da çəkilib Emin kimi yaşamına davam edən  adi adam?

- Mən  kiməm?! Nə istədiyimi tam bilirəm, amma kim olduğumu tam bilmirəm. Məncə, ölənə kimi də bilməyəcəm. Bilsəydim, Tanrı olardım. Daha çox şeirlərimdəki adamam, nəinki cəmiyyət içindəki Emin Piri. Amma bir şeyi bilirəm. Mənim ən böyük gücüm səmimiyyətimdir.

- Belə bir yanaşma var- qadın və ya kişi müəllifin mətnindən yad nəfəs duyulmamalıdır. Məsələn, mən həmişə düşünürəm ki, qadının şeirindən qadın duyulmalıdır, kişinin mətnindən kişi səsi gəlməlidir. "Gül kimi soldum" deyən kişi, nə yazır-yazsın, mənim müəllifim deyil.

- Tam razıyam. Kişi qadının, ya da əksinə, dilindən nəsə yazmağa cəhd edirsə, məncə bu olar. Amma özü  başqasıymış kimi yazırsa, çimkinirəm.

- Şeir, sadəcə tərcüməçidir, çöl aləmlə yeganə əlaqədir. İnanmıram ki,başqasının dilindən başqasının yerinə bunu etmək olar. Bəzən siz də edirsiniz. Bunları niyə dedim, həmin bəzilərini  çıxmaq şərtilə, sizin şeirlər əsl kişi şeirləridir. Yəni inanmağa yaxınam  ki, siz daha çox şeirinizdəki adamsınız.

- Çox sağ olun Hədiyyə, siz məni şeirlərimdən  anlaya bilirsiniz. Bir dəfə "AYB"-də nəsə görüş idi. Dedilər ki, gənclər arasında ən çox Emin Pirinin şeirləri kişi şeirləridi.

- Emin bəy, kitab təzəliklə  təqdim edilib.  Necə qarşılandı?

- Təqdimat elə vaxta düşdü ki, dostlar da ard-arda öz kitablarını təqdim edirdilər. Onlar iş günü olmasın deyə şənbə-bazara saldılar, mən həftə içinə. Təsəvvür edin ki, iş günü, hamı işdədir. Amma az qala rekord vurdum. Bir gündə yüz yetmişdən  çox kitab satıldı. Digər günlərdəsə iki yüzü keçdi. Bəzi dəvətlər nəzərə alınaraq bir neçə yerdə əlavə imza günlərim olacaq. Sumqayıt, Şamaxı, Naxçıvan, Qazax, Cəlilabadda.  Belə görürəm ki, yaxın  aylarda mindən çox kitabım satılacaq. Dünyada və Azərbaycanda şeir kitabına olan münasibəti nəzərə alsaq bu gözəl rəqəmdir. Amma bu mənim yox, sözün, dostların, oxucuların uğurudu. Mən sadəcə vəsiləyəm.

- Bəs ilkin fikirlər gəlirmi?

- Bəli. Məktub yazırlar, zənglər gəlir...

- Bəs tənqidin münasibəti?

- Səs-səmir yoxdur hələlik, düşünürəm ki, tezdir. Amma oxucularım, dostlarım ciddi tənqid səsləndirməyiblər. Yaxın aylarda tam olaraq görəcəyik.

- Ümumiyyətlə, tənqidlə aranız necədir?

- Tənqidə qarşı pis münasibətim yoxdu.  Bu tənqidçilərin haqqıdır. Amma nə gizlədim,  istəməzdim. Ümid edirəm tənqid etməzlər. Tərifi sevirəm. Özümə söyləmək olar, amma mətbuatda  tənqid olmasın. Məni mətbuatda  tənqid etməyin.

- Qəribə etirafdır.

- Bəli, amma səmimi olaraq etiraf edirəm.

- Siz ki, belə səmimisiniz, bunu da etiraf edin, kitabınızdan tam razısınızmı? Hardan bilirsiniz ki, üstündən bir il keçməmiş bu kitabdakı  şeirlərin də yarısından imtina etməyəcəksiniz?

- Ola bilər. O zaman ki, indikilərdən daha yaxşısını yaza biləcəyəm. Amma indini  götürsəniz içimdə qəribə hüzur var. "Mən bacardım" - deyə bir əminlik. Heç zaman olmadığı qədər.

- Sizi kədərləndirmək istəməzdim, amma məncə bir müddət sonra bu ola bilər.

- Buna da əminəm. Çünki daha da inkişaf edəcəm. Bu dəfə uzağı on-on beş şeirimdən imtina edəcəyəm. Bəzən içimdəki uşaq harasa gedir, yerini eqolu Emin tutur...

- Bəs redaktorunuz kim olub?

- Əsəd Cahangir olsun istədim. Amma tanıyanlar bilir ki, məsləhətlə  nəinki bir misranın,  heç bir nöqtənin  də yerin dəyişmirəm. Əsəd müəllimə şeirlərimi verdim, dedim ki, bu şeirlər olarmı? O da baxdı, imzasını qoydu.

- Niyə belə etdiniz?  Onun təcrübəsi sizə faydalı olmazdımı? Məsələn deyərdi ki, ünvanlı şeirlər bir anlıq  hisslərlə yazılır,onları kitaba daxil etməyək,  sonra peşman olacaqsan...

- Razıyam. Əsəd Cahangir həm mənə həm digər gənclərə həmişə yol göstərib. Arada görüşüb ədəbiyyat haqqında fikirlərini öyrənirəm. Lakin bu da mənim tərzimdir.

- İndi kitabda "gərək olmayaydı" dediyiniz heç bir şeirin  olmadığını düşünürsünüz, eləmi?

- Hələ ki, belə deyəcəyim şeir yoxdur.

- Bəs kitabdakı hansı şeirinizi daha çox sevirsiniz?

- Bir deyil, bir neçə şeir - "Çətin keçib uşaqlığım", "Qar uşaq" və "Eşq ayələri". Bu şeirlərin  nəsə qəribə doğmalığı var.

- Kitabı elə "Eşq ayələri" ilə başlayıb, "Qar uşaq" ilə bitirmisiniz...Hardan gəlir bu doğmalıq?

- Sevgiylə başlayıb, qar təmizliyi ilə bitirmək istəmişəm. Məhz bundan.

- Mən  təkrar-təkrar "Qar uşağ"ın son bəndini oxudum:

 

...Tanıyırsan o uşağı,

Baxarkən güzgüyə

Özündən qoca əlləri

hayqırıb sənin gözlərinə:

əllər əlcəksizlik və çörəksizlikdən yox,

sevgisizlikdən üşüyər....

qaytar uşaqlığımı!

- Anlayıram...

- Hamıya ünvanlanan sualı bir az dəyişərək özünüzə  yönəldirəm. Sağ qalan olacaqmı?

- Məncə, sübut etdilər ki, sağlar var...

- Bəs onların itirilmiş uşaqlığını geri vermək olacaqmı?

- Məncə, heç vaxt. Gedən heç vaxt geri dönməyəcək. Təəəsüf ki, bu belədir

- Təəssüf...

 

Söhbətləşdi:

 

Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.28-29.