Osman Hamdi Beyin "İstanbul hanımefendisi"
Şairlər və rəssamlar Tanrının lütfü
ilə yaradıcılıq
istedadı bəxş
olunmuş "seçilmişlər"
içərisində bəlkə
də ən şanslılarıdır. Şairlər dünyaya, insana münasibətini sözlərlə
ifadə etdiyi kimi, rəssamlar da hisslərini rənglər vasitəsilə
kağıza köçürərək
həyatı adilikdən,
bozluqdan xilas etməyə çalışır.
Təbii
ki, bütün bunların arxasında ən ülvi hiss - sevgi gizlənir. Çünki sevgi hissi olmadan nəinki yaradıcılıqla məşğul
olmaq, hətta yaradılışın, bəşəriyyətin
gözəlliklərindən zövq almaq da mümkün deyildir.
Tarix boyu yaşamış saysız-hesabsız
yaradıcı şəxslər
özünəməxsus ideyalarından,
təsəvvür və
tərənnüm vasitələrindən
yararlanaraq hisslərini
(hətta ən mübhəmlərini) bəzən
birbaşa, bəzən
də sətiraltı
yolla ətrafa ötürməyə çalışmışlar. Bu səbəbdəndir
ki, bir çox
hallarda əsər müəllifin iç dünyası ilə yaşadığı mühit
arasında körpü
rolunu oynayaraq oxucularının (həm də seyrçilərinin)
da öz daxili dünyalarına boylanmasına vasitəçilik
edir.
Hələ çox kiçik yaşlarımdan şeir, ədəbiyyat aşiqi olsam da, eyni
zamanda rəssamlığa,
rəsm əsərlərinə
qarşı da xüsusi rəğbət
bəsləmişəm. İstər
yerli, istərsə də xarici rəssamların əsərlərini
seyr edərkən təkcə bir-birindən
gözəl rənglər
dünyasına tamaşa
etməklə kifayətlənmir,
eyni zamanda həm də önümdəki tabloda poetik cizgilər axtarır, hətta əsərə daha fərqli yanaşaraq onu az qala şeir kimi "oxuyurdum". Lakin təəssüf ki, barmaqlarım rəsm çəkmək
istedadından kənar
qalmışdır, əks
halda şeirlə, sözlə ifadə edə bilmədiyim saysız-hesabsız duyğunu
rəsmə köçürər,
daxilimdəki yaradıcı
enerjini paylaşmaq üçün fırçanın
da yardımından faydalanardım...
"Dünya rəssamları"
deyərkən ağlımıza
gələn ilk adlar təbii ki, Pablo Pikasso, Klod Mone,
Pol Qogen, Van Qoq, Pol Sezan,
Salvador Dali və başqalarıdır.
Və təəssüf
ki, bütün bu impressionist, futurist, sürrealist
və s. cərəyanların
baniləri və yaradıcılıqlarını bu üslublar üzərində quran rəssamlar arasında Şərq sənətkarlarının
adlarına demək olar ki, nadir hallarda rast gəlinir.
Fəqət etiraf etmək
lazımdır ki, Şərq mədəniyyəti,
incəsənəti heç
də Qərbdən geri qalmır, əksinə, Şərq dünyası bəzi hallarda hətta mədəniyyətin beşiyi
də adlandırılmağa
layiqdir. Şərqin
şeirlə, sənətlə
zəngin olduğunu etiraf etmək üçün burada yaranan sənət əsərlərinin dərindən
öyrənilməsi və
dünyaya çatdırılması
əsas şərtdir . Bu səbəbdən
yazıçı-araşdırmaçıların
da qarşısında
daha maarifləndirici yollara baş vurmaq, tədqiqatlar apararaq öyrənib bildiklərini oxucu auditoriyası qarşısında
sərgiləmək kimi
vəzifə durur.
Bu kiçik yazıda əsərlərini çox
sevdiyim türk rəssamı, ilk Osmanlı
arxeoloqu Osman Hamdi bəyin "İstanbul hanımefendisi"
rəsmindən əldə
etdiyim təəssüratları
bölüşmək istədim.
1842-1910-cu illər aralığında ömür
sürmüş Osman
Hamdi bəy dövrünün mütərəqqi
ideyalarla zəngin, ölkəsinin yüksək
təhsil almış,
sayılıb-seçilən şəxslərindən biri
olmuşdur. O, ilk türk
muzeyi olan "İstanbul arxeoloji muzeyi"nin qurucusudur. Bu muzeyə 29 il ərzində
rəhbərlik edən
Osman Hamdi onu dünyanın sayılıb-seçilən muzeyləri
sırasına qatmağa
müvəffəq olmuşdur.
Bu gün Memar
Sinan Universitesinin dünyaca məşhur
"Güzel sanatlar fakültəsi" də
onun adıyla bağlıdır - bu fakültə 1882-ci ildə
Osman Hamdi bəyin o zamankı “Sanayi-i Nefise Mektebi” müdirliyinə təyin ediməsinin ardınca yaranmışdır.
Kadıköyün ilk bələdiyyə başqanı
olan Osman Hamdi rəsm əsərlərinə görə
də şöhrət
qazanmışdır. Onun ən məşhur əsərləri "Tısbağa
təlimçisi", "Silah taciri" və "İstanbul hanımefendisi"dir. Əsərlərində
əsasən ziyalılığı,
qadın təhsilini ön plana çəkən
rəssamın rəsmləri
hazırda Parisdə, Vyanada, Londonda, Bostondakı salonlarda sərgilənir. Bu rəsmlərdə türk
insanının həyatı,
dünyagörüşləri əks olunur.
"İstanbul hanımefendisi"
Osman Hamdinin 1881-ci ildə ərsəyə gətirdiyi tablodur. Kətan üzərində
yağlı boya ilə çəkilən
bu əsər rəssamın qadınlara
verdiyi yüksək dəyəri diqqətə
çatdırır. Əsərin
sol hissəsində yuxarı
küncdə rəssamın
imzası qeyd olunmuş və tarix olaraq "1881" yazılmışdır. Tabloda
qızılı-sarı rəngli
parçadan ibarət
fonda dayanan
xurmayı saçlı
gənc qadın təsvir olunmuşdur. Qadının əynində həmin
dövrdə Paris dəbinə
uyğun olan libas vardır. Lakin görünüşündə ilk baxışdan nəzərə
çarpan üzündəki
örpək vasitəsi
ilə rəsmin Osmanlı türk qadınının geyim tərzi ilə də uyğunluğu nümayiş etdirilir.
Bu nüans əsərdə
şərqliliyə işarə
rolu oynayır. Tabloda diqqətdən qaçmayan
daha bir motiv yerdəki Osmanlı-şərq xalılarının
təsviridir. Rəsmdə rənglərin bir-biri ilə uyuşması isə seyrçinin baxışlarına sanki dinclik gətirir.
"İstanbul hanımefendisi"
Şərq, müsəlman
və ən başlıcası türk
qadınının güzgüsüdür. Özünəməxsus ağayanə duruşu, xanım-xatınlığı ilə bərabər eyni zamanda həyalı
obrazı ilə göz oxşayan "hanımefendi" həm də saflıq, bakirəlik mücəssəməsidir.
Əsərə tamaşa edərkən
ilk ağlıma gələn
daha bir maraqlı məqam bu xanımın estetik gözəlliyi ilə geyim tərzi arasındakı bağlılıqdır. Bu
bağlılıq sayəsində
rəsm seyrçinin gözlərini yormadan ona dəqiqələrlə
tamaşa etmək şansı verir. Rəssamın istedadı ilə
bərabər yüksək
zövqündən xəbər
verən tablo müsəlman Şərq
dünyasının həm
vizual, həm də mənəvi zənginliyini aydın şəkildə nəzərə
çatdırır.
"İstanbul hanımefendisi"
həmin dövr - XIX əsr türk-osmanlı xanımının yüksək
zövqü ilə bərabər, həm də əxlaqi dəyərlərə sadiq
qaldığını xəbər
verir. Bunun sübutu da elə xanımın öz baxışlarını
seyrçidən "qaçırmasıdır". O ki, qaldı rəsmdəki qadının kimliyinə
- yəni rəssamın
naturadan və ya təxəyyüllə
işlədiyini araşdırmağa
çalışsam da,
təəssüf ki, bu haqda yetkin
məlumata əldə
edə bilmədim.
"İstanbul hanımefendisi"
əsərinin adı
da özünəməxsusluğu
ilə seçilir. "Hanımefendi" müraciəti
qadına, ilk növbədə
isə bir türk qadınına qarşı olduqca qürurverici bir münasibətdir. Fikrimcə, rəsmin
qayəsi də qadınların nə qədər ucada, zirvədə dayandığını
dünyaya bəyan etməkdir və Osman Hamdi bəy
öz zəngin dünyagörüşü və
bənzərsiz istedadı
ilə bu məqsədə nail olmuşdur.
Xatirə Nurgül
Ədəbiyyat qəzeti.- 2017.-
3 iyun.- S.31.