Londonda Nizami miqyası və ya
akademik Nərgiz
Paşayevanın yeni uğuru
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə idi,
akademik- katib Rasim Əliquliyev idi, bir də mən… VİP- də
əyləşib Bakı- London
reysilə uçacaq təyyarəmizə nə vaxt minik
başlayacağını
gözləyə- gözləyə ordan- burdan söhbət
edirdik. Və hər dəfə söhbət gəlib
çıxırdı Azərbaycan elminin, mədəniyyətinin
dünyada layiq olduğu miqyasda təbliğ olunub
tanıdılmasına… Böyük alim, böyük vətənpərvər
olduğu qədər də
böyük natiq olan Akif müəllim bu yaxınlarda
Akademiyanın həqiqi üzvü seçilmiş Nərgiz
Paşayevanın Azərbaycan dilinin, ədəbiyyatının
və mədəniyyətinin
beynəlxalq aləmdə tanıdılmasında
gördüyü əvəzsiz xidmətlərdən
danışdıqca Rasim
Əliquliyevlə mən düşünürdük ki, yəqin yalnız ata övladı
ilə bu cür fəxr edə bilər… Və o
da vardı ki, gündən-günə yüksələn Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti üçün, həqiqətən,
fəxr ediləcək bir hadisə idi ki, dünyanın ən böyük
elm mərkəzlərindən biri olan Oksford
Universitetində məhz akademik
Nərgiz Paşayevanın
intellekti, iradəsi, zəhməti sayəsində Nizami Gəncəvi adına Azərbaycanşünalıq
və Qafqazşünaslıq Elmi Mərkəzi
açılıb bir neçə il ərzində həmin
Universitetin üzvü tərkib hissəsinə
çevrilmişdi…
Səfərimizin məqsədi Londonda çox möhtəşəm (və tarixi) bir muzeydə Oksford Universiteti Nizami Mərkəzinin nəşr etdiyi kitabın - görkəmli şərqşünas, professor Y.E.Bertelsin ingilis dilinə çevrilmiş "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasının təqdimatında iştirak etmək idi. Və bəri başdan deyim ki, təqdimatın elə əvvəlcədən yüksək səviyyədə hazırlandığına görə böyük uğurla keçəcəyinə də heç bir şübhə yox idi… Əsas odur ki, bir işə can yandırasan, onu ürəkdən, məsuliyyətlə və peşəkarlıqla edəsən…
Bir daha gördük ki, dünyada müstəqillikdən, xüsusilə qədim tarixə, zəngin mədəniyyətə və tolerantlıq ənənələrinə malik bir xalq üçün dövlət müstəqilliyindən şərəfli heç nə yox imiş… Bakı-London reysi ilə uçan Azərbaycan təyyarəsində səslənən Azərbaycan dili, azərbaycanlı təyyarə xidmətçilərinin peşəkarlığı, London hava limanına enən kimi Azərbaycan səfirliyi əməkdaşlarının vəzifə borclarını üstələyən qayğıkeş təbəssümləri ürək açır, qürur doğurur…
Və bu qüruru, müstəqil dövlətimizin pasportlarını təqdim edərkən, bütün miqyası (və dərinliyi!) ilə duyan akademik Akif Əlizadə özünəməxsus ruh yüksəkliyi (və şairanəliklə!) böyük rus şairi Vladimir Mayakovskinin məşhur misralarını yada salır… Mən isə həmin misraların Rəsul Rzaya məxsus tərcüməsini deyirəm…
Nərgiz xanım təqdimat mərasiminə gəlmiş qonaqları, demək olar ki, ev sahibi kimi qarşılayır… Çöhrəsində bir az yorğunluq, bir az da qayğı hiss olunur: əlbəttə, dəyərli bir ideya irəli sürmək, layihələndirmək nə qədər çətindirsə, həyata keçirmək ondan qat-qat çətindir… Ancaq danışığında, hərəkətlərində sonsuz məmnunluq var, heç şübhəsiz, ona görə ki, gördüyü işin tarixi əhəmiyyətinə hamıdan çox özü inanır. Əmindir ki, bu illərdə Oksford Universiteti ilə yaradılmış sıx, davamlı əməkdaşlıq sabah daha da inkişaf edəcək, Azərbaycan elminə, mədəniyyətinə, təhsilinə böyük dividentlər gətirəcəkdir.
Leyton Haus Muzeyinin toplantı salonunda keçiriləcək təqdimat mərasiminə az adam gəlməmişdi və əsas da o idi ki, gələnlərin heç biri təsadüfi deyildi. Və bu, məclisə bir intellektual səviyyə, qarşılıqlı anlaşma, etimad, səmimiyyət verirdi.
Aparıcı - publisist Fuad Axundov öz gözəl azərbaycancası, ingiliscəsi və mükəmməl plastikası, artistizmi ilə tədbirin məqsəd-məramını bildirdikdən sonra ilk sözü kitabın tərcüməçisi, Oksford Universitetinin iranşünaslıq professoru, eləcə də Nizami Gəncəvi Proqramının direktoru Edmund Hersiqə təqdim etdi.
Edmund
Hersiq "Böyük Azərbaycan şairi Nizami. Həyatı,
yaradıcılığı və dövrü"
kitabının Yevgeni Bertels tərəfindən hansı
mürəkkəb ictimai-siyasi və ideoloji şəraitdə
yazıldığı, lakin buna baxmayaraq, müəllifin
öz elmi vicdanına sadiq qaldığı, dahi
şair-mütəfəkkirin dövrünü, həyatını,
dünyagörüşünü onun bilavasitə
yaradıcılığı əsasında araşdırdığı
barədə danışdı. Qeyd etdi ki, Nizaminin məhz Azərbaycan
şairi olduğunu
bir daha təsdiq edən bu əsər nə qədər
akademik məzmun daşısa
da, eyni zamanda hər kəs üçün
anlaşıqlı olacaq sadə bir dildə qələmə
alınmışdır. Doğrudur, Nizami dahi şairdir, ancaq
demək olmaz ki, onu Qərbi Avropada yaxşı
tanıyırlar… Odur ki, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə
həyata keçirilmiş bu tərcümə-nəşr
öz xeyirxah intellektual-mədəni missiyasını layiqincə
yerinə yetirəcəkdir.
Professor
Edmund Hersiq çıxışının sonunda professor Nərgiz
Paşayevanın Oksford Universitetində təhsil alan tələbə
və magistrlərə böyük qayğısından
söhbət açıb bunun
Azərbaycan elmi üçün gətirəcəyi
faydaları da qeyd etdi.
Professor Nərgiz
Paşayevanın çıxışı (əslində, bu,
nizamişünaslığın müasir problemlərinə həsr
olunmuş mükəmməl bir proqram-məruzə idi)
böyük hərarətlə qarşılandı. Əvvəla
ona görə ki,
neçə illər həmin sahədə əzmkarlıqla
çalışmış, məsələnin həm
tarixini, həm də
bugünkü vəziyyətini dərindən (və bütün təfsilatı
ilə) bilən bir mütəxəssis
danışırdı… İkincisi, hamı görür və
duyurdu ki, Nərgiz xanımın hər cür populizmdən
uzaq çıxış- məruzəsində səmimi, əsaslı
və intellektual bir vətənpərvərlik var - o
çalışır ki, dünya Azərbaycanın hansı
mənəvi- mədəni dəyərlər üzərində yüksəldiyini, Azərbaycan
xalqının nə qədər zəngin bir tarixin varisi
olduğunu yaxşı bilsin…
Nərgiz
xanım nizamişünaslığın aktual problemlərindən
birinə aydınlıq gətirdi… Məlum olduğu kimi, belə
bir yanlış təsəvvür mövcuddur ki, Nizami Gəncəvinin
Azərbaycan şairi olaraq tanınması guya İosif Stalinin
məşhur "böyük Azərbaycan şairi Nizami"
ifadəsindən sonra baş vermişdir. Əlbəttə, nə
qədər diktator olsa da, Stalin heç bir elmi mənbəyə istinad etmədən bu fikri
söyləyə bilməzdi… Və professor Nərgiz Paşayeva
Nizami Gəncəvinin məhz Azərbaycan şairi, Azərbaycan
xalqının övladı olması həqiqətinin Stalinin
həmin məşhur sözlərindən gəlmədiyini sübut edən
üç ciddi arqument göstərdi:
- birincisi odur ki, nizamişünaslığın
hələ Orta əsrlərdən başlayan zəngin tarixi
var və bu tarix dahi şairin azərbaycanlı
olduğuna heç bir şübhə yeri qoymur;
- ikincisi,
dünya şöhrətli
şərqşünaslar Vasili Bartold, Aqafangel Krımski,
Nikolay Marr kimi Yevgeni Bertels də
Nizaminin Azərbaycan şairi olduğu qənaətinə Stalinin hökmü ilə deyil,
öz elmi araşdırmalarının nəticəsi olaraq gəlmişlər;
-
üçüncüsü isə, Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıcılarından olan görkəmli
ictimai-siyasi xadim, tədqiqatçı alim-mütəfəkkir,
bütün ömrü boyu sovet kommunist ideologiyasına (və
Stalinə!) qarşı mübarizə aparmış Məhəmməd
Əmin Rəsulzadənin daha əvvəllər yazıb
1951-ci ildə Ankarada nəşr etdirdiyi olduqca mükəmməl
"Azərbaycan şairi Nizami" monoqrafiyasının
hansı yad məfkurənin və ya metodologiyanın təsiri
altında
yarandığını demək olar?..
Nərgiz
xanım XX əsrin ortalarından sonra Nizami
yaradıcılığının əsasən Azərbaycan
alimləri tərəfindən öyrənildiyinin, daha
doğrusu, yeni (və olduqca
peşəkar) azərbaycanlı nizamişünaslar nəslinin
ortaya çıxmasının təsadüfi olmadığını söylədi…
Rüstəm Əliyev, Azadə
Rüstəmova, Nüşabə Araslı, Əlyar Səfərli,
Xəlil Yusifov, Teymur Kərimli…
Əlbəttə,
nizamişünaslıq araşdırmalarında
"ağırlıq mərkəzi"nin
Azərbaycana keçməsi tamamilə təbii idi. Və bu təbiiliyin
ən parlaq təzahürü isə, heç şübhəsiz,
Oksford Universitetində yaradılmış
Mərkəzin dahi Azərbaycan
şair-mütəfəkkirinin adını
daşıması, xüsusilə
nizamişünaslığı layiq olduğu səviyyəyə
yüksəltmək üçün qurulmuş beynəlxalq
elmi əməkdaşlıqdır…
Bu yeni
miqyas, yeni keyfiyyət və yeni ruh (sinerji!) deməkdir…
Professor Nərgiz
Paşayeva Yevgeni Bertelsin "Böyük Azərbaycan
şairi Nizami" monoqrafiyasının ingiliscə nəşrində
zəhməti olmuş hər kəsə minnətdarlıq edəndən
sonra maraqlı bir məlumat verdi. Dedi ki, neçə
gündü Londondayam, bu günlərin birində atam
Bakıdan zəng eləyib soruşdu ki, nə çox
qaldın, nə vaxt gələcəksən?..
Mən
cavabında "Yevgeni Bertelsin Nizami
haqqındakı kitabının təqdimatını təşkil
eləməklə məşğulam" söylədim. O isə
heç gözləmədiyim halda dedi ki, mən Bertelslə
görüşmüşdüm, bir vaxtlar Bakıda olanda bizə
qonaq gəlmişdi… Bəli, Yevgeni Bertels mənim babamın -
professor Mir Cəlal
Paşayevin evində qonaq olubmuş….
Azərbaycan
Respublikası Baş nazirinin müavini, xalq
yazıçısı, professor, təqdim olunan kitabın
ön sözünün müəllifi Elçin Əfəndiyev
belə bir dəyərli əsərin Oksford Universiteti tərəfindən
nəşrini yüksək qiymətləndirib dedi ki, təxminən
Nizami ilə yaşıd olan dünya şöhrətli
Universitetin dahi şairə göstərdiyi bu ehtiram tamamilə təbiidir. Nizami
Azərbaycanda, qədim
Gəncə şəhərində doğulsa da, o,
yaradıcılığının,
dünyagörüşünün, şəxsiyyətinin
miqyası etibarilə
bütün dünyaya məxsusdur.
Bəzən,
tamamilə haqsız olaraq, İslamı terrorçuluqla əlaqələndirməyə
cəhd edirlər, halbuki, müsəlman intibahının yetişdirməsi
olan Nizami yer üzündə
sülhün, humanizmin alovlu təbliğatçısıdır.
Dahi
şair-mütəfəkkirin
yaradıcılığının Oksford Universitetində mötəbər
mənbələr əsasında öyrənilməsinin
böyük əhəmiyyətini vurğulayan Elçin
Əfəndiyev professor Nərgiz Paşayevanın xidmətlərini
yüksək qiymətləndirdi. Və onu da dedi ki, Nizami Gəncəvinin
vətənində Nizami adı çox məşhurdur ki, bu
da əsrlər keçdikcə Azərbaycan xalqının
öz dahi şəxsiyyətini
unutmadığını, əksinə, ona ümumxalq məhəbbətinin,
ehtiramının get-gedə daha geniş miqyas
aldığını göstərir.
Azərbaycan
MEA-nın prezidenti Akif Əlizadə öz
çıxışında xatırlatdı ki, təxminən
bir ay bundan əvvəl Nizami adına Azərbaycanşünaslıq
və Qafqazşünaslıq Mərkəzinin həmsədrləri
AMEA-nın Nizami qızıl medalları ilə təltif
olunmuşlar. Eyni
zamanda həmsədrlərdən biri - AMEA-nın müxbir
üzvü Nərgiz Paşayeva AMEA-nın həqiqi
üzvü seçilmişdir.
Nərgiz
xanımın Azərbaycan elminin, təhsilinin
inkişafındakı xidmətlərindən, xüsusilə
nizamişünaslıq elminə beynəlxalq nüfuz
qazandırmasından bəhs edən Akif müəllim
sonda toplantı
iştirakçılarının alqışları
altında Nərgiz Paşayevaya AMEA-nın həqiqi
üzvülüyü vəsiqəsini təqdim etdi.
Və
dünya şöhrətli xanəndəmiz Alim Qasımovun qızı Fərqanə
xanımın özünəməxsus ustalıqla ifa
etdiyi mahnılar təqdimat mərasiminə
xüsusi ahəng verdi…
Mərasimdən
sonra görüşlər, müzakirələr, söhbətlər
davam etdi… Yeni ideyalar, yeni fikirlər səsləndi…
Şeyx
Nizaminin müqəddəs ruhu Böyük Britaniyanın
göylərində dolaşırdı…
Və
akademik Nərgiz Paşayeva məmnun idi… Londonda yalnız məşhur
London yağışları yağmırdı, həm də
ondan az məşhur olmayan Bakı küləkləri
əsirdi…
…Bu da
Bakı!.. Heç Londondan geri
qalmırmış!..
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.2-3.