Məmməd Aslana
Hər gülün önündə ay diz çökənim,
O güldən, çiçəkdən nə istəyirsən?
Onlar da dağların xiffət çəkəni,
O qəlbi kövrəkdən nə istəyirsən?
O duman - zirvəyə yüklənən şələ
O atlı - Kərəmi arayan Lələ,
O qala - sirrini açmayıb hələ,
O bağlı ürəkdən
nə istəyirsən?
Daş çəkdin, dörd yanım daşlara taykən,
Çay
çəkdin, ömrümüz
axarı çaykən,
Ömrümüz bir rüzgar qanadındaykən
O ötən küləkdən
nə istəyirsən?
Çəkdin tərəziyə əyriynən
düzü,
Mövla da özünsən, dərviş də özün.
Cənnət qapısını döyürsə
sözün,
Huridən, mələkdən nə istəyirsən?
Köçdümü saçına dağımdakı qar,
O qarda ömrünün hesabın apar.
Susur sualına canlı adamlar,
O cansız kəsəkdən
nə istəyirsən?
Ay qoca dünyanın Dədə Məmmədi,
Dərdlər ürəyimdə pəmbə-pəmbədi.
Fatehlər dünyanı düzəldəmmədi,
O yazıq fələkdən
nə istəyirsən?
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.4.