Dağların xiffəti ilə...
Geniş yaradıcılıq diapazonuna
(bədii, publisistik, elmi; şeir, nəsr, ssenari) malik və hər
sahədə ciddi söz sahibi olan Sabir Rüstəmxanlının
Məmməd Aslana həsr etdiyi şeir ömrü boyu təbiətin ilkinliyini - xüsusən də Kəlbəcəri özündə və sözündə gəzdirən
bir insanla dialoqdur. Dağlardan ayrı
düşüb rast gəldiyi hər gülün önündə
diz çökən
o insanın səcdə
etdiyi güllər də dağların xiffəti ilə yaşayır...
1960-cı illərdən başlayaraq ədəbiyyatımızda
insan-təbiət bütövlüyünün
axtarışı zamanla
bağlı qlobal hadisə kimi özünü göstərir. Sürətli
urbanizasiya və təbiətin ilkin nizamının pozulması,
həmin təbiətin
içindən gələn
insanların özlərini
sənayeləşən və
köhnə həyat tərzini, yaşayış
ahəngini itirən, özü-özünə yabançı
gələn şəhərin
içində görə,
mənəvi cəhətdən
burada yerləşə
bilməyib daim təbiətə, ilkinliyə
qayıdış əhval-ruhiyyəsi
ilə vurnuxmaları ədəbiyyata da dərin izlər salır. Bunu, sadəcə, xiffət
hissi - nostalgiya ilə bağlamaq düzgün deyil. O illərin şeirlərində
nə qədər müxtəliflik və fərdilik, landşaft, mənzərə rəngarəngliyi
olsa da, pozulmaqda olan təbiət-insan münasibətlərinə
yanaşmada bütövlük,
həmrəylik olduğunu
görürük.
S.Rüstəmxanlının Məmməd Aslana müraciətlə yazdığı
şeirdə söz bir neçə qatda gəzişir, fikir bir neçə
layda cərəyan edir. Toxunulmamış təbiətin təsviri
yalnız dağın-daşın,
çənin-dumanın, gülün-çiçəyin
idilliyasını yaratmır,
həm də keçmişi bu günə daşıyan yaddaşın ata ocağını, ana vətənini, yurd yerini canlandırıraq hərəkətə gətirir.
Gülün xiffət
çəkdiyi yerdə
Kərəmi soraqlayan
Lələnin ruhu gərdiş edir, sirri açılmamış
qalanın bağlı
ürəyi döyünür,
mövla səsi, dərviş nəfəsi
dolaşır. Çay kimi
axan insan ömrü əsən küləyin qanadları üstündə yol gedir. Onun səfəri əbədi
dəyərlərlə müqayisədə
çox qısadır.
Yaddaşın alt qatında dörd
yanı daşlara tay olan
insanlığın haqqa,
ədalətə etiqadı
dayanır. İlkinliyi pozulmamış, çiçəklərin həsrət
çəkdiyi dağlar
əyri ilə düzü çəkən
haqqın, ədalətin
tərəzisidir. Təbiətdən,
ilkinlikdən, kökdən
gələn sözün
yeri isə varlığın huridən,
mələkdən yüksəkdə
olan ən ali məqamındadır.
Çəkdin tərəziyə əyriynən
düzü,
Mövla
da özünsən, dərviş də özün,
Cənnət qapısını döyürsə
sözün,
Huridən, mələkdən nə istəyirsən?
Ənənəyə görə, qoşma tapşırma ilə bitir: şair son bənddə öz adını göstərir. Sabir Rüstəmxanlının qoşması
Məmmədin - Məmməd
Aslanın adına
tapşırılıb. Burada sözün
oyatdığı fikir
başqa fəzada cərəyan edir - həm şeir, həm də pəmbə dərdli şair ürəyi dünyanın taleyindən
narahatdır.
Ay qoca dünyanın Dədə Məmmədi,
Dərdlər ürəyimdə pəmbə-pəmbədi.
Fatehlər dünyanı düzəldəmmədi,
O yazıq fələkdən
nə istəyirsən?
Mətnin
məntiqinə görə
fatehlərin düzəldə
bilmədiyi dünyanı
xilas etməyin ən düzgün yolu bir çiçək
önündə diz çökmək, dağın
xiffətini çəkən
gülə səcdə
etməkdir!
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.4.