Cənnət qapısını döyən söz

 

Sabir Rüstəmxanlı imzası məni həmişə illərin üstünə toz qondura bilmədiyi  "Ömür kitabı"nın amal, məfkurə dalğasına aparır. Daha sonra tənqidçi Cavanşir Yusiflinin onun haqqında yazdığı "Sabir Rüstəmxanlı: yaddaşın poetikası" kitabındakı bu fikri xatırlayıram: "Mən Sabir Rüstəmxanlının ədəbi prosesdəki yerini belə görürəm - Nüşabə qalasının uçuq bürcü".  Məsələ bu ki, həmin uğurlu təyin S.Rüstəmxanlının ədəbiyyatdakı yerini dəqiq təyin edir, obrazını, kimliyini bilindirməyə açar söz səciyyəsi daşıyır. Bu söz həm də "Ömür kitabı" kimi səlnamənin diri qalmasına, onun daim bədii-estetik yaddaşın dövriyyəsinə gətirilməsinə araçılıq edir. 80-ci illərin sonlarında xalqımızın milli azadlıq duyğularının oyanışında həmin kitabın rolu danılmazdır. O günlərdə S.Rüstəmxanlının özü də meydan hərəkatına "Ömür kitabı"nın səhifələrindən adlayaraq daxil olurdu, kitab azad fikirlərin ardınca gələn azad əməllərin göstəricisi olaraq bütövlük qazanırdı. Bu mənada, 90-cı illərdə qazandığımız milli müstəqillik mənim üçün ədəbiyyatda yalnız mətn, əsər anlayışı ilə məhdudlaşmır. Bu azadlıq həm də Sabir Rüstəmxanlının meydanlarda kükrəyən odlu nəfəsindədi, oğlu Təbrizin dəfnində vətən boyda qüruru ilə dünya boyda kədərinə qol-boyun olan Xəlil Rza Ulutürkün məhzun bir görkəmdə uzaqlara zillənən baxışındadı, Sabir Əhmədlinin göz yaşlarındadı.

Sabir Rüstəmxanlı yaradıcılığının milli dəyər anlayışı və əxlaqi yaddaş rolu bütün qatlarda əyaniləşib fərdə, cəmiyyət və xalqa xidmətin real göstəricisinə çevrilə bilir. Yalnız əsərlərində deyil, çıxışlarını dinləyəndə də şahid olmuşam, S.Rüstəmxanlı hansısa qlobal sosial-tarixi məsələlərə belə milli-mənəvi hüdudların çevrəsindən nəzər yetirir, "mən"lə tarix və yaddaş arasında olan bağların, vəhdətin prizmasından çıxış edir. Onun poeziyasının fərdiliyi də ona görə müstəsnalıq qazanır ki, poeziyanın ağrı yaddaşına öz xalqının yaddaşını əlavə etməyi bacarır və bu yaddaşda S.Rüstəmxanlıya məxsus yeni dünyagörüşün, yeni poetik üslubun öz fərdiliyi görünür.

Sabir Rüstəmxanlı içindəki vətən aşinalı, yurd sevdalı bu obrazı -söz-söz, misra-misra daşıyır. Publisistikasından nəsrinə, nəsrindən poeziyaya adlayır bu obraz. Seçilən şeirdə şairin Məmməd Aslanla dərdləşməsi də onun elə özü ilə söhbəti kimi simvolik çalar kəsb edir. Sabir Rüstəmxanlı öz mövqeyini tərənnüm etmək üçün bədii vasitə kimi Məmməd Aslana xitab üsulunu nahaq seçmir. Şairin obrazı Sabir Rüstəmxanlının misralarında yeni və koloritli bədii portretə çevrilir. Bu iki şairin bütün əsərlərində hakim olan əbədilik və bütövlük axtarışı onları tarixin və təbiətin də bir parçasına çevrilməsinə imkan verir. Ömür və tarix, dünən və gələcək, köklə zirvə anlayışı Sabir Rüstəmxanlı və Məmməd Aslan poeziyasında milli şeirin min il yol gələn bədii təcrübəsini yaşatmaq, onu qorumaq əzmində gerçəkləşir. Poeziyada M.Aslanın şeirlərinin bütün qatlarına çökən milli kolorit S.Rüstəmxanlının şeirlərinin bütün qatlarına çökən milli duyğularla qoşalaşıb ruhsal bir harmoniya yaratmaqla bərabər, həm də vahid estetik düzən əmələ gətirirlər və bu estetik ərazidə dünya, təbiət və saf hisslərlə təmasın həzin oyanışı, özünəqayıdış çaları var.

 

Daş çəkdin, dörd yanım daşlara taykən,

Çay çəkdin, ömrümüz axarı çaykən,

Ömrümüz bir rüzgar qanadındaykən

O ötən küləkdən nə istəyirsən?

 

Şeirin tutumu həm də ondadır ki, burada əsas motiv - üz-üzə gələn dost qınağı və məzəmməti məhz Vətənə sevgi və can yanğısının ahəngi şəklində ümumiləşir. Bir az da  V.B.Odərin misralarını xatırladır mənə: "Qəribik, şairim, qəribik, sözüm / qəribik, gözəlim bu yer üzündə", - deyərək səssiz haray, həzin pıçıltı içrə qəriblik, tərki-dünya duyğulara sığınıb bütün şairlərin keçdiyi yola qədəm qoyulur.

S.Rüstəmxanlı ömür yükünün ağırlığından usanıb dərvişsayağı bir ah çəkərək insana bu reallığın çevrəsindən baxır. Fatehlərin düzəldəmmədiyi dünya ilə savaşmağın mənasızlığını anladır.  M.Aslan hələ də təbiətin, yaradılışın sirrinə vaqif olmaq üçün təşnədir, axtarışdadır. S.Rüstəmxanlı üçün sirr deyilən nəsnə qalmayıb artıq. Bütün yollardan ötülüb, ömür "bir rüzgar qanadında" süzüb keçmədədir. Amma hər iki şairin vicdan və məhək rolunu eyni amal və niyyət birləşdirir: bu yurdun yaddaş işığı həm də elə bu ünvanlardadır. Hər qədim daş parçası, hər gül ləçəyi vətənin ömür kitabından yeni səhifədir və hər biri tarixin bir əzəmətini daşıyır özündə. Ona görə də daşlaşmış linqvo-poetik sintaksisin, həqiqi daxili narahatlıq və gərgin intonasiyanın hakim olduğu bu misralara kədər ovqatının ifadəsi kimi baxa bilmirik. Bu, sadəcə, milli-ictimai idealın fərdi çərçivədən ucalığı ideyasının bədii əksidir. Həsrət və hüzn notlarının oluşuna rəğmən ümid işığının duyulduğu mehrabdır. O mehrab ki, təsəllisiz yaşamağı deyil, təsəllisiz ölməyi belə öyrədir insana: "Cənnət qapısını döyürsə sözün/ Mövla da özünsən, dərviş də özün"...

 

Elnarə Akimova

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.4.