Ağac Ananın ədəbi "de-şifrəsi"

 

Esse

 

Günümüzün ədəbiyyatında ağlımıza gələn, hətta gəlməyən mövzularını tapmaq elə də çətin deyil. Yetər ki, axtarmaq həvəsi, görmək eşqi, anlamaq istəyi olsun... Bax, bu həvəs+eşq+istək; üçünün birləşib yaratdığı bir əhval var ki, məhz odur oxuculuq qabiliyyəti...

Bu dəfə də, nədənsə, mənim oxuculuq qabiliyyətim işə düşdü. Mən də ədəbiyyatımızda Ağac Ananın "de-şifrə" olduğunu gördüm. Özü də məhz analıq-qadınlıq hisslərində... Bəlkə də, bunu qadın təbiətinin daha duyğusallığına yozanlar da tapılar, amma mənimçün oxuduqlarım təbiətin qadınlıq halını bizə:erkəkli-dişili sancı çəkərək yaşatdığı insan övladına göstərmək cəhdi idi.

Türk mifologiyasının yerlə göyü bir-birinə bağlayan həyat ağacını qoruyan İlahəsi - Ağac Ana çağdaş dönəmin qadın ədəbiyyatında təsadüfən zühur edə bilməzdi! Əsla!

Yazıçı-şairə Hədiyyə Şəfaqət öz şeirlərində Ağac Ananı özününküləşdirməyə cəhd etsə də, sonucda yenə onun qarşısında itaətkarcasına duruşunu görürük:

Qurumağa başlayacaq ağaclar, Azza,

Qəlbimin dərinliklərindən bir səs deyir,

Deyir,

Deyir hey bunu

Quruyan ağacların dərdi məni yandıracaq,

Yandırılan ağacların dərdi Tanrını,

Neyləyəcəyəm mən ağaclarsız, Azza,

Neyləyəcəyəm?

Hədiyyə xanım bunun ardınca bir daha Ağac Ananın qoynundan doğulan insandan, onun səsiylə dünyanı, yaradılışı və Yaradanı anlatdığından danışır:

Mən o səsi quru ağacın nəfəsindən aldım…

Yam-yaşıldı o səs,

İçində ağappaq kəpənək vardı...

filmin sonuncu kadrı; ağaclar da Tanrıya doğru uzadır əllərini... Bəlkə də insan ilk  duanı da, dua anındakı duruş şəklini də ağaclardan öyrənib, kim bilir?!

-Salam...-

Pıçıldayıram

Hər axşam çağı...

Məzarlıq qapısındakı qurumuş ağacın iri budağı

Mənə səmanı göstərir

Paslanmış dəmir barmaqlıqların üstündən...

Xanım Aydın isə "Mən ağacam" adlı mənsur şeirində daha qəribə, qəribə olduğu kimi də hayqırırcasına Ağac Anadan danışır. Mən bu kiçik mənsur şeiri özlüyümdə Ağac Ananın bir şair-qadın kimi etirafı da sandım...

"Mən ağacam! Ümidə, sabaha, məhəbbətə - günəşə inanan ağac! Əcdadlarımın genetik kodunu özümdə daşıyan, nə qədər dəyişsəm də, yenə onlara bənzədiyim üçün özüm olan ağac."

bundan sonra başlayır bir ağacın ömrü... O ömür ki, ağrıları eşqinə yetməz, eşqiboyunu ötməz... Nəhayətində isə, Ağac Ana sonuncu ümidini qorumağa cəsarətlənir. Müharibələrin göz yaşını ucuzlaşdırdığı dünyadan, dünyanı bu hala gətirən insandan mədəd umur... Bir gəlin həyası ilə  rica edir:

"Qırmayın ümidimi, sındırmayın məni... Kövrəyəm, vallah kövrəyəm..."

Sözünə məhəl qoymayıb ehtirasını müharibələrdə söndürən insana sonuncu xəbərdarlığını etməyə də Ağac Ananı cəsarəti sövq edir:

"Mən ağacam, yaşadıram hava kimi... Mən ağacam yazdırıram qələm kimi... Mən ağacam yatırıram beşik kimi... unutma! Mən ağacam, aparıram tabut kimi... "

Xəyalə Sevilin "Ağac" şeirində təbiətin qadınlığının öz içində çəkdiyi ağrısının qabarmasını, artıq sinəsinə sığmamasını görə bilirik. Şair-qadın payızın özüylə gətirdiyi bozluğu həyatın, ümidlərin öləziməyini bir ağaca baxaraq idrakından süzdürür.

 

Bu ağacın payız dərdi başlayıb,

Əlləri qoynunda fikrə gedir.

Yarpaqlar ozünü atır budaqdan,

Yarpaqlar, elə bil, intihar edir.

 

Bu şeirdə , həmçinin, qadının dərd çəkməsi kimi incə dünyanı yeniləyə biləcək bir məqam da yer alıb.

 

Bu ağac ki yazda belə deyildi,

Dərd çəkməkdən sınıxıbdı bu ağac.

 

Şeirin sonunda Ağac Anadan uzaqlaşan, öz nəfsindən qorxan, özünə dönmək əvəzinə özünə yenilən insanı daha aydın görə bilirik:

 

Bu ağacın dərdi necə böyükmüş,

Mən deyirdim ki, ağac olaydım...

 

Mən isə...

Mən bir qadın olaraq vaxtsa  ağac olmağı arzulamışdım. İyirmi iki yaşında "Ağac olmaq"  adlı hekayəni yazıb qürurlanmışdım. Lakin Tanrıdan uzanan bu hikməti-məni "ağaca döndərən"i  anlamaqda aciz idim. Bu gün anlasam da, artıq gec olduğunu, özümün insan xisləti ilə özümə yenildiyimi dərk edirəm... Çünki hekayəmin son cümlələri məhz bunlardır:

"Yox, daha istəmirəm ağac olmaq. Arzulamıram daha bu arzunu. Heç kəsə arzulamıram daha. İnsan kimi yaşadım ki? Yaxud da indi yaşayıram ki? Yaxud da bundan sonra yaşayacağam ki? Yox... Ağac olmaq istəmirəm daha. Bir quş yuvasını, bir balaca tingi qoruya bilmədim. Ağac olmaq istəmirəm."

Təsəllim ola biləcək isə, sonuncu nöqtəni qoymazdan öncə yazdığım iki cümlədir:

" Amma insan kimi bir ağacı necə, qoruya bilirəm? Bu haqda düşünməyə dəyər..."

 

Şəfa Vəli

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.9.