Fazla şiirden öldü Edip Cansever
Bir elma tadı
gezdiriyorum kafamda
Anlaşılması güç bir elma
tadı
Ya sayılarla çiftleşiyor
ya notalarla
Hiçbir zaman gebe olmadı.
Bence bu asılmak saati kadınsızlıkla
İğneyle, saatle,
bir
kadın çorabıyla
asılmak saati
Bir müziktir ayrıca iki tek kadın
çalışır
Bir yatakla bir müzik
iki tek kadın
İki tek kadın çalışır
aynı yatakta.
Sonra kadınlar iyi kemanlar kolay
Kemanlar uzun kadınlar kısa.
Bir elma tadı
gezdiriyorum kafamda... Anlaşılması güç
bir elma
tadı... Təbii ki, ya saylarla,
ya da notlarla
ciftləşən və
heç zaman da kama yetməyən və anlaşılması çətin
olan alma dadlı bu şeirin içərisində sıxılıb
qalmış enerjinın
partlayışı Yunan
mifolojisindən - Parisdən
Afroditaya, Qogenin "Hardan gəlirik? Nəyik?
Hara gedirik?" tablosundakı
Həyat ağacına,
bu ağacdan alma dərən Adəmdən alma yeyən
gənc Həvvaya qədər mifolojinin, ədəbiyyatın, rəssamlığın
varolduğu neçə
minillik zamanda əks-səda verir. Təkanlarını "Tövrat"dan,
"İncil"dən, Olimpdən,
Troyadan, "kölgəsində
övliyalar yatan alma ağaclarının altında yuvarlanan" qısır qadınlara, Taitiyə qədər bütün estetik məhvərdə hiss etdirir.
Edip Cansevərin bu şeirindən yola çıxaraq "Tövrat"ın ilk səhifələrindən - Yaradılış
kitabındakı Aden bağçasındakı
ilk günahdan "İncil"dəki
son səhifələrə - Apokalipsisə qədər
gəlmək olur. Amma hər kəs də razılaşar ki, bu şeir
izaholunmazdır. Bəlkə də
bir metamarfoz oyundur. Özü demişkən, "akılla
oynamak yani". Qadınsızlıqla asılmış
zamanın alma dadı. Hələ üstəlik alma dadının musiqi ilə ciftləşməsi
və "gəbə"
qalmaması... Amma həm də: Bir müziktir ayrıca iki tek kadın çalışır Bir
yatakla bir müzik iki tek kadın İki tek kadın
çalışır aynı
yatakta... Sonra kadınlar iyi,
kemanlar kolay, Kemanlar uzun kadınlar
kısa. Təbii ki,
Edip Cansevərin bu şeiri onun
poetik bünyəsini bütövlükdə əks
etdirmir. Bu, Cansevər poetikasının
bir epizodudur.
"Ne kadar konuşursak
o kadar bir sessizlik olur Adımızı sorarız
birine, o bize adını söyler"
- deyə absurdun kandarında dayanan Cansevərin poetik ruhu ekzistensialist ruhdur. Bədbindir. Pessimistdir. "İnsanın insana verə biləcəyi ən dəyərli şey yalnızlıqdır!".
"Balıqla dəniz
tutan" ümidsizlərin,
həyatdan bezginlərin
iztirablarını yazan
Edip Cansevər "Məndilimdə qan səsləri" şerində
hətta caz musiqisi kimi qısa
və sürətlə
gəlib keçən
hüzndən də imtina edir... Hər şeydən və sonunda hüzndən, kədərdən də imtina. Bu, ekzistensialist
baxışa görə
"hər şey olan bir heçin
qarşısında özünün
bir heç olduğunu kəşf edən bir varlığın böhranıdır".
Cansevərin "Masa da masaymış
ha" şeiri sürrealist
Prevertin estetikası ilə səsləşsə
də, sürreal deyil, hətta absurd da deyil, heç
abstrakt da sayılmaz və bütün bunlara rəğmən, şeirdə
modernist estetikanın bütün
üfüq xətləri
aydın görünür.
Yaşama sevinci içində olan adam masaya açarlarını,
mis cama çiçəkləri, südünü,
yumurtasını, pəncərədən
gələn işığı,
velisoped səsini, çörəyin, havanın
yumşaqlığını, ağlında olanları, həyatda etmək istədiklərini, sevdiyini,
sevmədiyini, pəncərədən
görünən göy
üzünün ənginliyini,
neçə gündür
içmək istədiyi
pivənin süzülüşünü,
yuxusunu, oyanıqlığını,
toxluğunu, aclığını
qoydu: Masa da masaymış... Bu qədər "yükün" ağırlığına
bir-iki dəfə yellənib, yırğalanıb
durdu... dözdü.
Şeir dilini şairanədən arındıran Birinci Yenidən (Qəribçilərdən)
sonra İkinci Yeni şairanəni nəinki gəllişdirdi,
Türk şerinə Əhməd Haşimdən
miras qalan mübhəmliyi, qapalılılığı
daha da dərinləşdirdi. Edip Cansevərin, Camal Sürəyanın bəzən
hətta erotik şeirlərinin dilindəki
mübhəmlik, zahiri
xaotiklik Sezai Qaraqoçun təsəvvüf
içərikli şerindəki
mübhəmliklə polifonya
təşkil etdi. Amma Cansevərin şeri daha çox mübhəm notlar üzərində quruldu.
Əks anlamlı sözləri (bəzən isə bir neçə anlamsız sözü) yanaşı gətirib, bütövləşdirib, şeirdə
türkcənin poetik yapısını dəyişdi.
"Sonra kadınlar
iyi, kemanlar kolay, Kemanlar uzun, kadınlar kısa". İkinci
Yeni şairləri barədə Asim Bezirçinin vurğuladığı
səciyyələr daha
çox Edip Cansevərin şeirlərində
göründü: ənənədən
qopdu, hiss və duyğularını bir poetik məhlulda qarışdırdı, bənzərsiz
bir xəyal gücü ilə duyğularını abstrakta,
mücərrədə yönəltdi,
şeirə anlamsızlıq
yükü gətirdi,
oxucudan uzaqlaşdı
(uzaqlaşsa da, ən çox oxunan şairlərdən oldu...)
Edip Cansevər əlli yeddi il
yaşayıb. Ölümünün
hər kəsə bəlli olan səbəbindən başqa
bir də Camal Sürəyyanın yazdığı ədəbi
epiqrizi var: "Her şeyin fazlası zararlıdır ya, Fazla şiirden öldü Edip Cansever".
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.11.