Qumru quşunun
tənhalığı
hekayə
Suçu
Ağarza daxmasını daxmalardan uzaqda qaraltdı. Damını
yamyaşıl otla damladı. Divarını palçıqla
suvayıb qurutdu. Qapısını bağlayıb
açarını quyuya atdı. Uzaqdan baxanda daxma
yamyaşıl çəmənlik içində qaralan
gözə oxşadı. Dedilər, "Qartal
gözüdü, göydən düşüb. At
gözüdü çaparaq at salıb!".
Sonra
daxmanın rəngini illər qaraltdı. Kənd içində
hələ belə qara daxma tikilməmişdi.
Fəsillər bir-bir ötəndən sonra
Ağarza kişi ayağa qalxıb daxmasını belinə
şələlədi. Əlini göyə qaldırıb:
-Dam-daşımı özüm tikdim.
Rəngini
sən belə verdin! Heç kəsi sevə bilmədim. Geri
qayıdıram, qapını aç! - dedi.
Kəndlilər
suçu Ağarzanın ruhuna bir quyu qazdılar. Dolama
çarxın üstünə böyük hərflərlə
"Darıxma ha!" yazdılar. Dolama çarx
fırlandıqca vaxt da fırlanıb keçdi. Bir gün Sənəm
arvad quyuya salladığı badyasının içindən
qara daxmanın açarını tapdı. Arvad açarı
suyu süzülə-süzülə badyadan
çıxarıb döşlərinin arasına soxdu.
Açarın istisindən bədəni cavanlaşdı.
Vaxt
dolama çarxdan tez fırlanır axı. "Darıxma"
sözünün üstünü gör neçə ildi ot
basıb. Quyunun gözü də tutulub.
Qumru
quşları tək-tək uçarlar.
Həmin
yay mənə nəsə olmuşdu. Key kimi idim. Heç nə fikirləşə
bilmirdim.
Dünya gözümdən düşmüşdü,
nədi. Hərəkətsiz uzanıb saatlarla
bir nöqtəyə baxırdım. İçim boşalmışdı. Gözümdə bütün rənglər
solmuşdu, səslər
itmişdi. Bədənim ağır daşa dönüb çiynimdən
sallanırdı. Fikirlərim
qırıq saplara bənzəyirdi. Köhnə
paltar kimi bükülmüş canımı
hardansa asmağa yer axtarırdım. Bizi tələbə yoldaşım tanış
etdi. Sən saçı kəsik, arıq qız idin. Güləndə yanaqların
batırdı. Mənə sənin
döyülmüşlüyün, yorğunluğun xoş gəldi.
Sən mənim kimi idin. Mənə oxşayırdın.
Tanış olduğumuz ilk gecə dəli kimi bir-birimizə
sarıldıq.
Eviniz albalı
bağlarının arxasında
idi. Biz hər səhər həmin o
albalı ağaclarının sıxlığında
görüşürdük. Sən atandan qorxurdun, mən
özümdən.
Albalı ağacları bizi özümüzdən gizlədirdi. Sənə qədər qadın görsəm də, sevgi nədi
bilmirdim. Sevmək
üçün ürəyimin odu az idi. O zaman səni anlamaq
üçün ağlım da çox deyildi. Və
yavaş-yavaş o albalıqda səndən çox səndə uydurduğum bir xəyal qızı sevdim. Sən illərlə uydurduğum o
xəyal qız kimi gözümə göründün. Pillə
pillə içimdə yaşayan o xəyal qıza
çevrildin. Qadın ağlınla sən məni
özümdən daha yaxşı hiss edirdin. Məni sevginlə
sağaldırdın. Özümə qaytarırdın. Səni
mənə göydən göndərmişdilər.
Biz o yayı beləcə
başa vurduq.
Səni sevə-sevə özümü də tanıdım.
Ayıldım. Gözüm olanı
gördü. Yaxşını-pisi anladım. Dünyanın
axarına düşdüm. Hərdən sən uydurduğum o
qız şəklindən çıxanda özümü
görməməzliyə vururdum. Kəsişən
yollarımız qaranlıqlardan keçib gəlmişdi. Sənin
öz ağrıların mənim öz itkilərim vardı.
Bir yerdə olanda bu ağrıları unudurduq. Bir-birinin
qolundan tutub ayağa qaldırırdıq. Yenidən
doğulurduq. Ürəyimin altı sevgiylə dolmuşdu.
Sevgim şərab
kimi aşıb-daşıb
burnumdan, qulağımdan çölə
tökülürdü.
Bir gün yenə albalı
ağaclarının sıxlığında
öpüşürdük. Birdən kim isə
pıçıltıyla səni hayladı. Səsə tərəf
boylanıb bic-bic gülümsündün.
Gözlərində qəribə bir işartı əmələ gəldi. Məni
geri itələyib səsə doğru qaçdın.
Ağacların budaqlarını əyə-əyə arxanca gəldim.
İri küknar ağacının altında özündən
çox böyük olan bir kişi ilə
öpüşürdün.
İçimdə nəsə qırıldı. Birdən-birə
gözümdə adiləşdin. Həmin gün sənə
heç nə demədim. Telefonumu da söndürdüm. Gecəni
köhnə qadın tanışlarımdan birinin evində keçirdim. Səhər ayılıb içimi
ələk-vələk elədim. Sən orda yox idin. Səni
ürəyimdə tapa bilmədim. Dünən orda idin axı!
Bəs necə oldun? Yenə tənha qaldım. Ürəyim
deşilmiş hava şarı kimi boşaldı. Heç nə
fikirləşə bilmədim. Dünya gözümdə daraldı.
O hadisədən sonra
səni evə gətirib zorla
çarpayıma saldım. Sən buna hazır idin. Məndən bunu gözləyirdin. Biz səhərə
qədər sevişdik. Sən bakirə deyildin. Məni də
sevmirdin. Mən sənin üçün
görüşdüyün kişilərdən biriydim. Səhər
çarpayıda oturub siqaret
çəkirdik.
İtirdiyim sevginin ağrısını
isti-isti dərk etmirdim. Sən bic-bic
gülürdün. Aylardı səni təmiz qız
uşağı kimi tanıdığıma görə məni
lağa qoyurdun. Mən isə uydurduğum o qız ilə bir
çarpayıda yatdığıma
görə səndən utanırdım. Keçirdiyimiz
gecəyə görə məni daha
çox sevirdin.
Bəlkə sənin öz
xəyalların vardı. Bəlkə mən
sənin sevdiyin kişilərə indi daha çox
oxşayırdım. Biz böyük sevgini və onun
ağrılı yalanlarını unudub çarpayıda
çılpaq uzanmışdıq. Belə yaşamaq daha asan
idi. Sən yalanını, mən xəyalımı
soyunmuşdum. Bir-birimizi deyil, bir-birimizdən istədiyimzi istəyirdik.
Dərin qəşəng idi. Tumarladıqca gül kimi
açırdı. Mən sənə
nifrət etmək istəsəm də, edə bilmirdim.
Ovsunlanmışdım. Gülə-gülə üstümə
atılıb məni arxası üstə çarpayıya
sıxdın. Xırdaca ayaqlarınla sinəmin üstünə
çıxıb : - Məni sevməsən səni
öldürərəm! - qışqırdın. Sonra da
ağladın.
Biz yenə görüşürdük. O, gecədən sonra səni
bir də öpmədim. Sən ərə
gedən il isə araq içməyə başladım.
Qumru quşları
tənha uçurlar
axı.
Ciblərimi eşələyirdim. Elə bil nəsə itirmişdim.
Görəsən nə itirmişdim?
Nə axtarırdım? Dünyanı əldən
salmışdım. İtiyimi hər yerdə
axtarırdım. Axı mən nə itirmişdim? Nəyi axtarırdım?
Qumru quşlarından
biri dolama
çarxı üstünə qonmuşdu. "Darıxma"
sözünün axırıncı hərfini dimdikləyirdi.
Mən o quşu görən kimi nədənsə səni xatırladım. Və birdən-birə
dərk etdim ki dünyada ancaq səni sevdiyim o
üç-dörd ayı yaşamışam.
Bir də yadıma düşdü
ki, adım suçu Ağarzadır. Özü də çoxdandı ki,
ölmüşəm.
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.- 2017.-
10 iyun.- S.12.