Gülümsəyir, tüpürür
HEKAYƏ
...Bircə Kübra xalagilin qapısı açıqdır, içəridən eşidilən uşaq çığırtısı ördək vaqqıltısına qarışıb. O sağdakı Nağı əminin evidir, onun yanındakı doxtur Nəcəfin. Sonra Mirqasımın evi gəlir, sonra Nübar xalagillə Zeynal müəllimin.
O görünən də bizim evimizdir. Ürəyim yerinnən atılır. Ohoo, qapımızın rəngini dəyişiblər. Anamın işidir. Bekar dura bilmir arvad. Nə var, nə var, oğlum gələcək, gözü dəyişiklik görsün. Aləmdir mənim anam. İntəhası, sarı darvaza yamyaşıl söyüdlərə uyuşmur, anam olanda nolar, zövq sarıdan o söz. Zövqü olsaydı, uzundraz dədəmi bəyənib Bakının göbəyindən bu mənasız rayona qaçmazdı ki. Məni yandıran budur.
***
Əsgərlikdən qayıtmağımdan beşcə gün keçib. Gəlib-gedənlər seyrəlib, anam indi-indi dincliyə çıxıb. Bircə Nübar xaladır, gündə iki dəfə özünü verir bizə, gedəndə də deyir, balam erməniləri öldürüb, evə qayıdıb. Neçə dəfə demişəm, ay arvad, mən erməni üzü görməmişəm. Görməmişəm e, Quran haqqı, peyğəmbər haqqı, görməmişəm, Beyləqanda veyillənib, rədd olub gəlmişəm. Kimə deyirsən, hara çatdı, Mirqasımın cəddinə and içib, məni biabır eləyir. Hamısı doxtur Nəcəfin dərmanlarının işidir, Nübar xalaya nə yazırsa, arvad get-gedə ağlını itirir.
Kəsə deyirəm: evdə vəziyyət pisdir. Dədəmin qazancı day əvvəlki deyil. Bir tərəfdən də bacımın uşaqları düşüb üstünə. Yeznə ev-eşiyi atıb, indi Bakıdadır. Bir imkanlı arvadla kefini çəkir. Əcəb eləyir. Anam kimi fağır adamın qarnından belə şüvən uşaq necə çıxıb, bilmirəm. Bacımı deyirəm.
Anam böyrümdə bitir. Ki, get şəhərə, baban səni görmək istəyir. Açığı, babamdan zəndeyi-zəhləm gedir. Ta uşaqlığımdan. Əlinə kim keçdi, tutub danlayır, itin sözünü deyib adamı gün vurmuş xiyardan betər edir. Hələ lap uşaqlığımdan vərdiş etmişəm ki, bu Yezid törəməsinə ərköyünlük eləmək olmaz. Tutalım: baba, o maşını mənə al, baba, su istəyirəm, baba, acmışam e, kökə alarsan? İndi yadıma düşəndə təpəm tüstülənir. Kişi "yox" dedisə, Həzrəti İsa minnətə gələ, xeyri yoxdur.
Bəşər tarixində nadir rast gəlinən düşük sevgi şeirləri yazdığını nəzərə almasaq, babamı ağıllı adam saymaq olar. Vaxtilə SSRİ-nin ən məşhur istirahət mərkəzlərindəki mehmanxanaların tikilməsində onun məsləhətlərindən istifadə olunub. İmkanı fısqırıq. Şəhərin neçə yerində ev, İmişlidə ferma, Ağcabədi tərəflərdə əkin-əkinəcək yerləri...
Allah tərəfi, üzümə itin sözünü desə də, mənim adam olub ortalığa çıxmağımdan ötrü yaman narahatdır. Tələbə vaxtı nadincliyimi görəndə söyüb-söyüb lap axırda deyərdi ki, sənin başın yaxşı işləyir, ay it oğlu, get ağıllı-başlı bir işin qulpundan yapış.
Adım kimi əmin idim: yenə söyüb-söyüb lap axırda deyəcəkdi, get, filankəsin yanına, səni işə götürəcək, adam oğlu adamsan, başını sal aşağı, işlə!
Yığışıb getdim babamın Mərdəkandakı bağ evinə. İçəri girəndə kişi telefonda mənim haqqımda kiməsə danışırdı. Danışırdı ki, bizim gədənin dədəsi də xuliqandır, özü də, onu əhliləşdirib adam eləmək lazımdır. Babam atama xuliqan ona görə deyir, düz 25 il əvvəl bizim kişi onun qızını vurub qoltuğuna, fitilləyib rayona. Kişinin vaxtilə özünə kürəkən eləmək istədiyi adam indi "Bentley"də gəzir, atamın köhnə "Mercedes"nin benzin çəni isə heç vaxt ağız-buğuz dolmayıb. Babama ən çox təsir eləyən başqa şeydir: atam hələ də kreditə kontur götürür, amma dindir, danışanda Bağdadda xurma biznesindən goplasın. Ən pisi də odur, başqa qohumlarımız kimi babama yaltaqlanmır, nəyi də olmasa, Allah bu dünyaya göndərəndə quru bəyliyin lap yağlı yerini ona çəkib. Atamın dikbaşlığından mənə də pay düşüb, intəhası, mən ağıllı axmağam. Allah onda üzümə baxıb ki, anamın səbrindən bir çimdik qədəri payıma düşüb.
Gözümə inanmıram. Babam qollarını geniş açıb məni bərk-bərk qucaqlayır. Soruşur: əsgərlikdə nə öyrənmişəm, nə iş bacarıram?
- Pinəçiliyi öyrənmişəm, yaxşı ayaqqabı yamaya bilirəm.
- Həə, bax, xoşuma gəlirsən. Adam gərək zəhmət çəkməyi öyrənsin.
- Yaxşı suvaq vururam, divar rəngləyirəm, dülgərliyi, elektrikliyi öyrənmişəm, maşınqayırma və kimya sənayesi üzrə ixtisaslaşmışam.
Divar rəngləməyi çıxsaq, yerdə qalanını gop edirəm. Mən danışdıqca, babamın eyni açılır, seyrək bığlarının altında bic-bic gülümsəyir. (Kişi qazdan ayıq adamdır, nə sirdirsə, başa düşmür ki, maşınqayırma və kimya sənayesi məsələsində məzələnirəm. Lap yaxşı, get-gedə xəlifləyir)
Sözüm ağzımda qalır, qulluqçunu əldamına göndərib cındırı çıxan bir ayaqqabı gətizdirir ki, yama, görüm, heyifdir, zibilliyə atmayaq, həyət-bacada geyinərəm.
Sonra soruşur, hansı işin qulpundan yapışmaq istəyirəm? Düzünü desəm, nə iş olsa, başımı girriyərəm. Təki pul çıxsın, utana-utana evdən, babamdan xərclik istəməyim.
- Deməli, belə, avaragor, - babam deyir, - danışmışam, səni göndərirəm "Günəşli" otelinə. Ay sağ ol, tanıyırsan. Orda Əzrayıl adında bir adam var.
- Əzrayıl?
- Hə. Adı Cəbrayıldır, Əzrayıl müəllim çağırırlar. Özünün xoşuna gəlir. Sən Əzrayıl əmi de, müəllim lazım deyil. O da əvvəl sənin kimi axmağın biri idi, sonra əhliləşdirdik, oldu adam. Get onun yanına, yerdə qalanını özü başa salacaq. Əsgərlikdə səni yontalayıblar, yəqin, dözə bilərsən. Evə də özüm xəbər verərəm. Dur, tərpən.
Babamın danışığından heç nə başa düşmədim. Necə yəni "evə özüm xəbər verərəm?".
- Məni sürgünə göndərirsiniz?
- Yox, sürgün demək olmaz, - babam üz-gözünü turşudur, - sadəcə, bir az dözümlü olmaq lazımdır. Dözə bilsən, ömrünün axırına qədər çörəyin olacaq. Sənin adını ora xahiş-minnətlə yazdırmışam. Məncə, bacararsan. Hərdən dədən kimi yekəbaşlıq eləsən də, istəyəndə qılığa girə bilirsən. Beş-altı kitab oxumağın da lap yerinə düşəcək.
Növbəti sualımı vermək istəyəndə ağsaqqal gözünü yumub ağzını açır. Peşəkarcasına mumlayıb dilimi qarnıma soxuram.
Qapıdan çıxanda qulluqçuya yavaşdan deyirəm:
- Kişi sənə girişməyib?
Qadın mənim bu misilsiz həyasızlığımdan əvvəl ilan görmüş kimi diksinir, sonra qaşqabağını töküb üzünü turşudanda başa düşürəm: ağsaqqal bu çöl çəyirtkəsinə oxşayan qadının halalca cəhənnəmini bu dünyada çəkdirir.
İstəyirəm qadına nənəmdən danışam, amma yeri deyil. Babamdan həm də ona görə zəhləm gedir ki, gül kimi arvadı çərlədib öldürüb. Yadıma salın, bir azdan nənəm haqqında danışaram.
***
"Günəşli" otelinin əzəmətli binası. Simasında ağırtaxtalı kişi zəhmi var. Adətən qadınlar belə kişilərə dəyib çilik-çilik olurlar. Arzuladım, möhkəm arzuladım ki, adamın yaxşı pulu ola, bir həlim qız götürüb lap axırıncı otel odasında əsgərlik xatirələrini danışasan. Əldən düşəndən sonra qalxasan axırıncı mərtəbədə çay içib dənizə baxasan, Nargin adası adama qüssə gətirə, bu dünyada olan tükənməz sevgilərdən, qadınlardan, kişilərdən danışıb lap axırda qıza bizim ağsaqqalın hüdudsuz biabırçı şeirlərindən oxuyasan, kefi açıla. Mən babamın şeirlərini bura yazıb onu axıra qədər biabır eləmək istəmirəm. Tərbiyəsizlik eləyib bu müşkül məxluq haqqında ağzıma gələni yazsam da, hər halda, təəssübünü çəkmək borcumdur. Pislik etməyib ki, minnət-sünnətlə adımı siyahıya saldırıb, mənim gələcəyim üçün əziyyət çəkib.
Otelin girişində dayanan həlim görünüşlü pəzəvəng adamdan Əzrayıl müəllimi soruşdum. Pəzəvəng cavab verməyə macal tapmamış, içəridən bala hinduşkaya oxşar bir oğlan çıxıb gülümsər əda ilə üstümə şığıdı. Aramızda iki addım məsafə qalanda oğlan əllərini cütləyib ehtiramla baş əydi:
- Xoş gəlmisiniz, cənab.
- Salam.
- Buyurun, Əzrayıl müəllim sizi gözləyir.
Bala hinduşka qabağa düşüb məni liftin qarşısına gətirdi. Pilləkənin yanından iki ofisiant çıxıb əlləri sinədə, baş əyib xorla dedilər:
- Xoş gəlmisiniz, cənab.
- Salam.
Ofisiantlar eyni boyda, sarışın, ağbəniz idilər. Şax görkəmləri ilə yanaqlarında oynaşan taxma təbəssüm bir-birinə qəti uyuşmurdu. Onlar təkrar baş əyib irişə-irişə keçib getdilər.
Beş-altı addım uzaqlaşmışdılar ki, biri lap yavaşdan məni yağladı:
- Oğraş...
Bu vaxt liftin qapısı açıldı və fikirləşdim ki, geri qayıdıb onun çənəsini çıxarmasam da olar. Əsgərlikdə var-yoxumu o qədər söydürmüşəm, indi bircə yüngülvarı "oğraşlıq"dan dünya dağılmaz.
Liftdə hiss elədim, bala hinduşka məni diqqətlə süzür, hərdən yanaqları dartılır, dişlərini ağardıb nəsə demək istəyir. Axır dilləndi:
- Cənab,
olar sizə bir söz deyim?
- Olar...
- Bizim
nümunəvi işçilərimizə qarşı kobud
davrandınız.
- Nə kobudluq etdim?
- Onlar sizə gülümsəyəndə
vecinizə almadınız. Bu, bizim otelin qaydalarına ziddir. Siz belə
şeyləri indidən öyrənməlisiniz.
Hinduşkaya dişimin
dibindən çıxanı demək istədim. Sonra yadıma düşdü ki, anamın səbrindən
bir çimdik qədəri də olsa, mənim qismətimə
düşüb. Və beləcə,
gülümsədim.
***
Əzrayıl
müəllim... İt oğlunun zəhmi yaman
ağırdır. Tüklü, uzun
qolları ocaqda yanmayıb qaralan meşə odununa
oxşayır. Səsi ördək
qaqqıltısı kimi adamın əsəblərini
korlayır. Bilmirəm belə vücudla
onu hansı ağıllı işə götürüb.
Hikkəylə nə isə danışır, izah edir, iş
nizam-intizamı haqqında çərənləyib qurtaranda
soruşur: qaranlıq qalan nə isə var?
- Xeyr, hər
şey aydındır...
(Yalançının
atasına lənət)
- Yerdə
qalanını uşaqlar izah edəcək.
Mən qapıdan çıxmaq istəyəndə
Əzrayıl müəllim soruşur ki, baban necədir?
-
Yaxşıdır, çox sağ olun, bağda dincəlir.
- Qoca
oğraş... Yenə şeir yazır?
- Bə-əl-ii,
yazır...
Əzrayıl gülümsəyib siqaret yandırdı.
- Səni
bura göndərəndə mənim haqqımda nə dedi?
- Dedi,
orda bir adam var, Cəbrayıl. Əzrayıl müəllim
çağırırlar. Sən
Əzrayıl əmi de, müəllim lazım deyil.
Meşə odunu ləzzətlə güldü. Qarnı elə
iyrənc atılıb düşürdü ki. Siqareti
külqabıya basıb soruşdu:
- Başqa
nə dedi?
-
Başqa...
- De,
qorxma.
- Dedi ki,
o da əvvəl sənin kimi ... ax-mağın biri idi, sonra ...
sonra əhliləşdirdik, oldu a-dam.
Bunu deyənə qədər
o dünyanı görüb gəldim. Təzədən
qarnı atıla-atıla güldü.
- Sən
axmaqsan?
- Nə
bilim, vallah... elə deyir.
- Deməli,
bizimlə işləmək istəyirsən...
- Babam belə
məsləhət gördü.
- Məsləhət
görübsə, çətinliyə dözəcəksən.
- Çətinlik
deyəndə ki... Mən yavaş-yavaş qorxuram e...
- Kişi
ol, əə... O nədi, şalvarının qabağı niyə
islanıb?
- Nə?
- Deyirəm,
şalvarının qabağı niyə islanıb?
Odun bağırıb
külqabını üstümə tolazladı. Ayağımın altına tökülən
şüşə qırıqları kimi mən də elə
ilk görüşdəcə Əzrayıl müəllimin
ayaqlarının altına qırılıb
tökülmüşdüm. Dilim tərpənmirdi
nə isə deyim, əlim-ayağım qıc olmuşdu.
- Bu nə
iydir, əə, səndən gəlir? Şalvarı
da batırdın?
Axırıncı dəfə
əsgərlikdə belə ağlamışdım. Özümü Əzrayılın otağından
bayıra atıb qaçmaq istəyəndə iki pəzəvəng
qoluma girib tualetə gətirmişdi ki, camaatı narahat eləmə,
unitazı qucaqlayıb ağla, ürəyin boşalsın.
Və hər şey o
gündən sonra başladı. Bizi gecənin
bir aləmi yuxudan qaldırıb, xüsusi təyinatlı
ofisiant yetişdirən düşərgəyə
apardılar.
* * *
- İndi özünüzü necə hiss edirsiniz?
-
Yaxşıyam, doktor.
- Bilirəm,
burda darıxırsınız, amma bir-iki gün də səbr
edin, sizi tam sağlam vəziyyətdə evə buraxacam.
Pəncərədən görünən qovaq
ağacının yarpaqlarını meh vurduqca tərpəşir. Yox, onlar tərpəşmir,
onlar mənim yerimə sevinirlər.
***
Bir şeyi
danışmağı unutdum. Hələ
yola düşməmiş qapı açıldı, otelə
girəndə məni söyən ofisiant iməkləyə-iməkləyə
içəri girdi. Ayağıma sarılıb
ağladı:
-
Bağışlayın, cənab, məni
bağışlayın...
Ayağımı geri
çəkəndə bu dəfə daha bərkdən
ağladı, bu dəfə hər iki ayağımı
qucaqladı.
- Qalx
ayağa, qalx...
O, əllərimi
öpüb it kimi zingildədi, sonra bir də ayağıma
düşdü:
- Mən
kameraya düşmüşəm, sizi söyəndə məni
çəkiblər. Siz... siz
bağışlamasanız, məni təzədən təlim
üçün düşərgəyə göndərəcəklər.
- Mən
bağışlayıram...
-
Çoo...çox sağ olun, cənab.
Ofisiant titrəyə-titrəyə
ayağa qalxıb əvvəl üst-başını səliqəyə
saldı, sonra tualetə girib əl-üzünə su vurdu.
Yenidən gülümsədi, üzündə
peyda olan təbəssümdən ətim ürpəşdi.
- Cənab,
lütf edin, buyurun, gəlin, məni bağışlamağınızı
təntənəli elan edin. Bu sizin tərəfinizdən
çox böyük mərhəmətdir.
Mən key-key onun
üzünə baxırdım, hələ də anlaya
bilmirdim ki, haradayam, bura necə yerdir, bunlar necə insandır.
Amma ofisiant məni ovsunlamışdı, nə
dedisə, lal-dinməz yerinə yetirdim.
Biz böyük zala
keçdik. Divardan sıra ilə şəkillər
asılmışdı. Kim idi bunlar? Biri gülümsəyirdi, o biri ciddi görkəm
almışdı, başqa birisi əlini çənəsinə
söykəyib müdriklik edirdi. İlahi... Babamın da şəkli burda idi.
Ofisiant mənə
kağız verdi ki, bunu oxuya-oxuya əvvəl
başıma sığal çəkirsən, sonra
qulağımı dartıb burursan. Və uzun bir mətndən
yadımda qalan bu cümlələri təntənəli şəkildə
oxumalı idim: "Humanizm insan mənəviyyatının, əxlaq
və etik davranışlar sisteminin ən vacib
anlayışlarından biridir. Bütün dinlər,
fəlsəfə və əxlaq qanunları
bağışlamağı ən böyük insani keyfiyyətlərdən
biri hesab edir".
(Bu yerdə mən ofisiantın qulağını
dartıb burmalı idim).
"Biz səhv edib bundan səmimi
peşmançılıq keçirən insanları
bağışlamağı öz həyat amalımıza
çevirməli, bu gözəl xüsusiyyəti gələcək
nəsillərə də miras qoymalıyıq. Bağışlamaq
bəşər övladının yüksək mənəviyyatının
və əxlaqının göstəricisidir".
Çıxış bitər-bitməz ofisiant qoluma girib
məni liftin yanına gətirdi. O, məni burda
söymüşdü.
- Cənab,
biz burda, bax, o kameranın qarşısında bir-birimizin əlini
sıxmalı, sonra qucaqlaşmalıyıq.
Ofisiant
qollarını geniş açıb məni bərk-bərk
qucaqladı, dedi, onu ürəklə özümə
sıxmalıyam. Biz kameraya baş əyib
gülümsəyə-gülümsəyə oradan
uzaqlaşdıq.
***
Düşərgə. İkimərtəbəli, yasəmən
rəngli binanın üstünə böyük hərflərlə
yazılıb: "Təbəssüm və tərif insanı
xilas edir". Həyətin yuxarı
başında böyük bir lövhə gətirin
gözünüzün qabağına. Gətirdinizmi?
Aha, indi üstündəki bu sözləri oxuyun: "Tənqid
etmək ləyaqətsizlikdir". Təlim otaqlarının,
seminar mərkəzlərinin divarlarında isə bu sözlərə
hər addımda rast gələrsən: "Xidmət et, mövqe qazan", "Ofisiant... şəxsi
ləyaqəti olmayan adam", "Ən yaxşı ofisiant
baş əyib gülümsəyəndir"...
Düşərgənin
hündür hasarları güllü-gülüstandır.
Təkcə güllər yox, sarmaşıq
kolları, həmişəyaşıl ağaclar, dekorativ
çiçəklər adamın ürəyini
açır. Lap sonradan biləcəkdim
ki, çiçəklərin altından tikanlı məftillər
çəkilib. Və qaçmaq istəyən
adamlar tikanlı məftillərlə gül-çiçək
arasında qalıb çapalayanda bütün düşərgəni
tamaşaya yığırdılar.
- İnanıram, möhkəm inanıram ki, bu müqəddəs
peşəni seçməyinizə görə peşman
olmayacaq, keçirilən təlim və tərbiyəyə
ömrünüzün axırına qədər ləyaqətlə
sadiq qalacaqsınız. - Düşərgə rəisi - hündürboy, zəhmli
kişi soyuq baxışlarını
üzümə zilləyəndə bədənimdən
üşütmə keçdi. Deyəsən, bu son cümləni
ona görə mənə baxıb dedi ki, bura öz arzumla gəlmədiyimi
yaxşı bilir.
- Məsələn,
siz, cənab Hüseynov, sizinləyəm, bəli-bəli,
sizinlə, niyə gülümsəmirsiniz? - O, məndən
soruşurdu, - İstəyirsinizsə, biz sizə gülümsəməyi
zorla öyrədərik.
Dizlərimin taqəti
çəkildi, içimə dolan qorxu o qədər şiddətli
idi, qorxurdum mədəm qopub yerə düşsün.
- Siz məni
eşidirsiniz?
- Bə-li...
- Bu
peşəni seçən insan hətta səbəbsiz yerə
gülümsəməyi bacarmalıdır. Məsələn,
təsəvvür edin, müştərilərdən biri sənin
üzünə tüpürdü, ya da dedi, mənim ərköyün
oğlum səni eşşək kimi minmək istəyir. Onda nə edəcəksən?
- Etiraz edərəm,
cənab rəis, işdən gedərəm, - Mən zorla da
olsa gülümsədim.
Düşərgə
rəisi yaxın gəlib əlini sinəsinə qoydu,
qarşımda ehtiramla baş əydi. Sonra
uzun-uzun üzümə zilləndi. Onun
yaşıl-sarımtıl gözləri iblisanə
işıltı ilə parıldayırdı.
- Aha...
bax, gülümsəməyin xoşuma gəldi. Düzdür, hələ çox naşısan.
Yaxşı irişə bilmirsən,
dodaqların tam açılmır, dişlərini gizlədirsən.
Bunu öyrənmək o qədər də
çətin deyil. O ki qaldı etiraz etməyə, yaxud
işdən getməyə... Hələ təzəsən,
ona görə etiraz hissin oyaqdır. Sizə
təlim keçməkdə məqsədimiz həm də
etiraz hissini sıfra endirməkdir. Yəni
ofisiant müştəridən asılıdır, onun xidmətçisidir
və turizm elminin ümumi qaydalarına görə etiraz edə
bilməz. Nə isə, mən sizə
yalnız uğurlar arzu edirəm. İnanıram
ki, siz bu çörəkli və şərəfli peşəni
dərindən mənimsəyib insanlara vicdanla xidmət edəcəksiniz.
Düşərgə
rəisi sağollaşıb gedəndən sonra bizi günorta
yeməyinə apardılar. Yeməkxanada məni dəhşətə
gətirən hadisə oldu: nəzarətçilərdən
biri üzbəüzümdə olan oğlanın qabına
tüpürdü. Yox, buna tüpürmək demək
olmazdı, at kimi fınxıran o heyvərənin bir lomba bəlğəmi
toyuq supunun içində üzürdü. Oğlan
gülümsəyib ayağa qalxdı, əlini sinəsində
çarpazlaşdırıb baş əydi:
- Hirslənmək
sizə yaraşmır, cənab. Nə
qulluğunuz var?
Nəzarətçi
razı qalıb əlini oğlanın kürəyində
şappıldatdı.
***
Tibb bacısının
gülümsər siması qapıda görünür.
- Baban gəlib,
səni görmək istəyir.
- Babam?
- Hə...
Yuxudan durmağını gözləyirdi.
***
Düz on beş
gün idi bu lənətə gəlmiş yerə
sürgün olunmuşdum. İlahi, mənim
günahım nədir, nəyə görə bura
düşmüşəm? Bax, indi günorta
təlimidir, məni yaramazın biri kimi təlimdən kənarlaşdırıblar.
Ki, sənə babana görə
dözürük, papağını qoy qabağına, fikirləş.
Hamı kimi olmasam, dikbaşlığı tərgitməsəm,
işim çətin olacaq.
Burdakı uşaqlar hər
şeyi o qədər tez öyrənirlər ki. Tutalım, nimçənin başına min oyun
açırlar yerə düşmür, stəkanları,
bardaqları, qab-qaşığı sehrbaz cəldliyi ilə əllərinin
içində, çölündə fırladırlar.
Sürüdən geri qalan axsaq yabı kimi
heç kəs məni vecinə almır. Daha
doğrusu, əvvəl almırdı, elə ki "Hamı
bir nəfər üçün, bir nəfər hamı
üçün" prinsipi işə düşdü, qara
günlərim başladı. Gecənin bir aləmi
çarpayımı çevirib boğazıma
çökürlər: oğraşın belindən gələn
(yazıq dədəm), sənə nə vaxta qədər
dözəcəyik? Mən onlara gülümsəyirdim
və deyəndə ki, "cənablar, sizə hirslənmək
yaraşmır, nə qulluğunuz var", birinci şapalaq sol
qulağımın dibində açılırdı. Mən gülümsədikcə, onlar üzümə
tüpürürdülər.
Babamın yazdığı şeirlərin qafiyəsinə
tüpürüm. Tüpürüm onun ilham pərisinin lələklərinə.
Keçən həftə məktub göndərib.
Yazır: "Əziz nəvəm, sənin gələcəyinlə
bağlı sinə gərdiyin bu əziyyətli və şərəfli
işi alqışlayıram. Lap
uşaqlıqdan möhkəm olduğunu bilirdim. Səbirli olmağın məni bir daha sevindirdi.
Döz və öyrən. Dedilər,
Əzrayıl mənə qoca oğraş deyib, sən cavab
qaytarmayıbsan. Əhsən sənə, min əhsən!
Mən bunu da gözləyirdim. Deməli, söz götürməyi elə ilk
addımdan öyrənibsən. Həyat
belə adamları sevir, əziz balam. Bir
sevindirici xəbəri sənə yazmaq istəyirəm. Şeirlər kitabımı çapa verdim. Artıq haqqında bir neçə məqalə
yazılıb, gələn həftə qəzetlərə verəcəm.
Kitab çıxsın, birini mütləq sənə
göndərəcəyəm. Özündən
muğayat ol".
Qəribədir, belə
dözülməz vaxtlarda hamıdan çox nənəmi
fikirləşirdim. İndi torpaq altında
dərin yuxuya gedən o müqəddəs qadının nəvazişinə
heç vaxt olmayan qədər ehtiyacım vardı.
Sağ olsaydı, mənim bura düşməyimə
dünyasında razı olmazdı. Nənəm
ürəyində günəşi dipdiri gəzdirən
qadın idi. Əslində babamın içindəki
qaranlıqla nənəmin ürəyindəki işıq gecə-gündüz
kimi bir-birini tamamlayırdı: kişi
özü də nənəmi çox istəyirdi. Arvad ölən
gün görərdiniz qoca begamot necə səssiz, sakit
ağlayırdı...
Nənəmin
yeddisi çıxandan sonra babam zəng vurmuşdu:
- Bir
konyak al, gəl bağa.
Gözlərimə
inanmırdım, kişi qədəhin
birini mənim qabağıma qoydu.
-
Yoldaşlıq elə, bu gün içib yüngülləşmək
istəyirəm.
Həmin gün babama yazığım gəlmişdi. Bu adam
işığını, gündüzünü, sevgisini
itirmişdi. İndi içindəki
qaranlıqda tək-təkcənə çapalayıb uşaq
sayaq qorxurdu babam. Siqaret yandırıb nənəmlə
tanışlığından danışmışdı.
Danışmışdı ki, Bakının lal
kimi səssiz küçələrində gəzib
hündür-hündür ağaclardakı yuvalardan istilik, dərin-dərin
göylərdəki ulduzlardan aydınlıq istəyirdik.
- Bir dəfə
bilirsən noldu?
- Noldu? -
Mən soruşuram.
- Nənən
mənə sığınıb dedi, xoş söz de. Elə söz ki, heç vaxt eşitməyim.
- ...
- Mən
də nə desəm yaxşıdır?
- Nə?
- Sevgilim,
ağızın o qədər balacadır, bildirçin dəməyinə
oxşayır.
Haa-ha-ha-hoo-ho-heee-hiiii-hi-hi-hiiiiiii... Mən qarnımı tutub divana çökdüm.
Dilimi-dişimi keçib divarları titrədən
heyvani səsimin lap şirin yerində babam hönkürüb
ağladı. Babam təkcə
ağlamırdı, babam həm də zarıyırdı,
inildəyirdi. Məni qucaqlayıb sinəsinə
sıxanda o iniltini, əlacsızlığın o
dözülməz hayqırtısını
boyun-boğazımda, kürəyimdə hiss edirdim və
babamın dizlərindən başlayan taqətsizlik mənim də
canıma keçmişdi. O gecə başa
düşmüşdüm ki, babam nə qədər əzazil
olsa da, ürəyinin lap dərinliyində ovuc içi boyda təmiz
yer saxlamışdı. Babama şeir yazdıran da həmin o
ovuc içi boyda təmizlik idi...
***
Növbəti təlim günüdür. Bir ağızdan, ucadan, həvəslə
deyirik: "Ofisiant... şəxsi ləyaqəti olmayan adam". Hər şey o qədər
gözəldir. Öyrəşmişəm, elə
öyrəşmişəm, lap əlasından. İndi bir-birimizin üzünə tüpürməyi
lap rahatca edirik. Üzə tüpürməkdə,
üzümə tüpüzdürməkdə heç kimdən
geri qalmıram. Düşərgədə
keçirdiyim aylar, çəkdiyim əzablar mənə
çox şeyi öyrədib. Bir dəfə düşərgədən
qaçıb kənarda, heç kim olmayan
yerdə doyunca söyüş söymək istəyirdim. Mədəniyyətli olmaq məni bezdirmişdi.
Bezdirmək nədir, intihar həddinə
çatmışdım. Amma burda intihar
etmək dözməkdən daha çətindir. Kimdir səni canına rahatca qıymağa qoyan?
Cəzaçəkmə otağında günlərlə
eyni musiqini dinləyib divara dırmaşsanız, siz də quzu
balasına dönərdiniz. Yaxşı
gülümsəmədiyinizə görə
ağzınıza dəmir salıb yanaqlarınızı
günlərlə dartılı saxlasalar, siz də mənim
kimi edərdiniz. Hər gün eyni yemək yeyirdim, soyuq
yatağım yuxumu ərşə çəkmişdi, bir az mürgüləyən kimi yuxuma min cür əcinnələr
gəlirdi.
Təlim başa çatandan sonra şəhərdən
imtahan komissiyası gəldi. Yaxşı qiymət
alanlardan biri də mən idim. Düşərgənin
bütün qanunlarına istedadla yiyələnmişdim.
Yerişim də dəyişmişdi,
danışığım da, ədalarım da. Xidmət bölgüsündə məni şəhərin
mərkəzinə yox, kənara - xüsusi qonaqlar
üçün dəniz kənarında tikilən otelə
göndərdilər. Bura oteldən daha
çox muzeyə oxşayır. Əzəmətli
binanın qarşısında şəlalə yaradıblar,
suyu göz yaşı kimi təmiz hovuzlar yan-yana
düzülüb, köklü-köməcli hündür
ağaclar sıralanıb uzanır. Sağ və sol
girişdə iki ofisiant heykəli: üzündə təbəssüm,
bir əli sinəsində, o biri qabağa uzanıb. Heykəlin yanında növbətçi ofisiant
dayanıb. O da eynən heykəl təki quruyub. Gün ərzində
bu sözləri təkrarlamalıdır: xoş gəlmisiniz,
cənab, mən sizə xidmət edirəm.
Ev üçün darıxıram. Anam tez-tez
yuxuma gəlir. Hələ icazə vermirlər,
deyilənə görə bir müddət sonra növbə ilə,
iki günlük atamıza-anamıza baş çəkə
biləcəyik. Düşərgə
qaydalarını nə qədər diqqətlə öyrənsəm
də, bura uyğunlaşmağım çətin olur. Uşaqlara isinişə bilmirəm. Hamı yalandan üzümə gülümsəsə
də, hiss edirəm, məndən ehtiyat edirlər, uzaq gəzməyə
çalışırlar. Divarlara bərkidilən
kameralar yalnız üzdə təbəssümə, dildə
xoş sözə nəzarət edə bilir, uşaqların
ürəyindəkiləri isə kim oxuya
bilər? Məsələn, onlar məndən nəyə
görə çəkinirlər, niyə uzaq gəzməyə
çalışırlar? Bir dəfə məni
ikinci mərtəbədəki qarderoba çağırıb
sorğu-suala tutdular. Hər ikisi oteldə
illərdir xidmət edən ofisiantlar idi. Sonra
məni divara dirəyib boğmağa başladılar. Ölümlə göz-gözə gəldim. Niyə? Nə üçün?
Heç kim heç nə demirdi. Boğazımdakı əl boşalanda gözüm
qeyri-ixtiyarı divarlarda dolaşdı. Kamera... Axşam düşsün, onlar cavablarını
mütləq alacaqdılar. Axşam da oldu,
səhər də açıldı, mən heç kimin
yadına düşmədim. Sonradan öyrəndim
ki, asılqanın kamerası sıradan
çıxarılıb. Oteldə nə
isə gözlənilirdi, nə isə mənim bilmədiyim,
öyrənməkdə çətinlik çəkdiyim hadisə
olacaqdı. Amma nə?
***
-
Özünü qoru, hər şey yaxşı olacaq.
-
Çox sağ olun, doktor.
Pəncərədən görünən qovaq
yarpaqları yenə yüngül-yüngül tərpəşir. Ağac bu dəfə həm
sevinir, həm də sağollaşırdı...
***
İki gün sonra xəbər
gəldi ki, şənbə günü 12-ci mərtəbədəki
restoranda otel rəhbərliyinin qonaqlığı olacaq.
Daha doğrusu, otel rəhbərliyi yox, otel rəhbərinin.
Düşərgə ideyasının müəllifi.
Hamı əl-ayağa düşüb, hamı
gərgin, narahat görünür.
Bizi yığıb uzun-uzadı təlimat keçdilər,
nizam-intizam qaydalarını bir də xatırlatdılar.
...Maşının
qapısı çırpılan kimi ciy-ciy uşaq səsi yerə
endirilən başlara sarı axıb-axışdı. O səs
bizə çatanda zəif uğultu qopdu. Yox, bu
uğultu deyildi, sağımda-solumda dayanan ofisiantlar it kimi
mırıldayırdılar. Axı təlimat
mırıldamaq yox, miyoldamaq idi... Bu nə
özbaşınalıq idi? Bu axmaqlar nə
etmək istəyirdilər? Uşağın
addım səsləri yaxınlaşanda "Qalx" əmri
verildi. Gözümə çökən
qaranlıq aydınlaşan kimi baxışlarım onu
axtardı. İlahi... O,
şikəst idi.
Sağ
çiyninə sarı əyilən başı bir yerdə
dayanmır, titrəyir, titrəyir, titrəyirdi... Və baş titrədikcə ağız əyilir,
alt dodağı sallanırdı. Onun ağzının suyunu
tez-tez silmək üçün bir adam əlində
yaylıq dayanmışdı. Otel rəhbəri
hərdən özünü toparlayıb başının
titrəməsini birtəhər saxlayır, sallaq
dodağını yerinə qaytarıb bizə sarı
gülümsəyirdi. Onun yanaqları
dartılanda təbəssümü üzündə çox
qala bilmir, alt dodağı əyilən kimi ağzının
suyu axırdı.
Hər şey birdən oldu. Ofisiantlar əllərini
yerə qoyub it kimi, hə, it kimi uşağın üstünə
mırıldamağa başladılar. Hamının
üzündə qəzəb, nifrət, vəhşi ehtiras var
idi. Mən özümü itirmişdim,
bilmirdim dörd tərəfimdə qəzəblə
mırıldayan adamlara qoşulum, yoxsa hücuma
hazırlaşan mühafizəçilərə kömək
edim. Mırıldamaq, ulamaq, hürmək kəsildi,
bu dəfə hamı yerbəyerdən bağırıb otel
sahibini söyməyə başladı. Mühafizəçilər
irəli cummaq istəyəndə otel sahibi əlini
qaldırdı, şikəst səslə
çığırdı.
-
İşiniz yoxdu...
Get-gedə
yaddaşım oyanırdı. Mən
düşərgədən əvvəlki günlərimi
xatırlayırdım. Özüm də
bilmədim bu bağıran, söyüş söyən qəzəbli
adamlara nə vaxt qoşuldum. Deyəsən,
ən pis söyüşləri elə mən
söyürdüm. Sonra gördüm ətrafımda
olan qəzəbli adamlar başladılar gülümsəməyə.
Onlar gülümsəyir, tüpürür, gülümsəyir,
tüpürür, sonra yenə gülümsəyir,
tüpürürdülər...
Yenə qulağım
o şikəst səsi aldı.
- Necə
gözəl söyürsünüz. Mən
ömrüm boyu... həə, ömrüm boyu bu cür
söyüşlər eşitməyi arzu etmişəm. Söyün, söyün, bərkdən
söyün. Bərkdən tüpürün, bərkdəəən,
bərkdən tüpürüüünn...
***
İndi küçəmizdəyəm.
Götürülürəm lap uzaqdan görünən evimizə
sarı. Bu yamyaşıl, bu rəngbərəng
qapıların bəzədiyi küçədə heç kim yoxdur. Bircə Kübra
xalagilin qapısı açıqdır, içəridən
eşidilən uşaq çığırtısı yenə
ördək vaqqıltısına qarışıb. Mən hər şeyi yaxşı xatırlayıram.
O sağdakı Nağı əminin evidir, onun yanındakı
doxtur Nəcəfin. Sonra Mirqasımın evi gəlir,
sonra Nübar xalagillə Zeynal müəllimin.
Qapını
açıb özümü atıram içəri. Nübar xala yenə anamı salıb çənəsinin
altına. Bilmirəm bu sevinc idi, yoxsa mən
ağlımı itirmişdim: onları görən kimi armud
ağacının altına üzüqoylu döşənib
gücüm çatan qədər bağırıram. Sonra
başımın üstündə kişi
səsi eşidilir. Dəlilik mənə atamın titrəyən
əllərində toxunurdu...
Cavid Zeynallı
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.26-27.