Anı kəşf etmək cəhdi

 

Afaq Məsudun yaradıcılığının tənqidi dərkində Nizami Cəfərovun monoqrafiyasının yeri

 

Tənqid hər zaman olmasa da, əksər hallarda yazıçı ilə oxucu arasında vasitəçi rolunu, ya da, ən azından, təqdimatçı rolunu oynaya bilir. Düzdür, bəzən tənqidin oxucunu yanıltdığını da müşahidə etmək mümkündür. Müasir ədəbiyyatımızda ətrafında boş yerə ajiotaj yaradılan bir çox əsərlərin varlığını, hətta əsərin özündən qat-qat güclü olan tənqidi məqalələrin, resenziyaların yaradıldığını xatırlasaq, bunun çox tez-tez baş verdiyini sübut etmək çətin deyil. Amma yenə də ədəbiyyatın təbliği və təqdimində tənqidin, təhlilin rolu danılmazdır.

Bununla belə, elə yazıçılar var ki, onların yaradıcılığının oxucu ilə təmas xəttində tənqid, demək olar ki, yoxdur və ya çox zəif şəkildə görünür. Hətta belə demək mümkündürsə, göründükdə belə, bu təmasın bütünlükdə və gərəkən dərinlikdə, keyfiyyətdə baş verməsini təmin etməyi bacarmır. Bəlkə də, bu fikir bir qədər subyektiv səslənəcəkdir, amma belə yazıçılar və belə yaradıcılıqlar mövcuddur və onlardan biri də Afaq Məsuddur.

Nizami Cəfərovun yazdığı bu monoqrafiya, ilk növbədə, bu faktın varlığını bizim diqqətimizə təqdim etdi. Monoqrafiya boyu yazıçının yaradıcılığı təhlil edilərkən tənqidin ona münasibəti, bu münasibətin hansı səviyyədə və hansı kəmiyyətdə olduğu gətirilən tezislər, fikirlər, müraciət edilən imzalar, onlarla bir çox məqamda edilən mübahisələrlə ortaya qoyuldu və bu, haqqında danışdığımız mənzərəni yetəri qədər açıq şəkildə meydana çıxardı. Bu yaradıcılığın dərki və təhlili istiqamətində müraciət edilən imzalara nəzər salaq. Böyük bir qürur hissi ilə Afaq Məsud yaradıcılığı əsasında Avropada elmi iş müdafiə edildiyi faktı qeyd edilsə də, bizim tənqid və ədəbiyyatşünaslar arasında Nizami Cəfərovun fikir mübadiləsinə girdiyi imzalar azdır: tənqidçi Vaqif Yusifli, Əsəd Cahangir, ədəbiyyatşünaslar Maral Yaqubova, Nəzmiyyə Axundova, yazıçı Anar, şairlər Ramiz Rövşən, Vaqif Bayatlı Odər, jurnalist qismində Nərgiz Cabbarlı... Bunun səbəbi monoqrafiya müəllifinin yalnız bu imzalarla məhdudlaşması deyil, ümumiyyətlə, tənqidin bu yazıçının yaradıcılığına bir qədər passiv münasibətidir. Sual meydana çıxr: Niyə? Səbəblər, həqiqətən də, maraqlıdır və biz, qismən də olsa, monoqrafiyada gəlinən nəticələr əsasında bu sualı da cavablandırmağa çalışacağıq.

Müasir Azərbaycan ədəbiyyatında psixoloji nəsrin əsas yaradıcılarından biri, eyni zamanda da qadın yaradıcılığı dedikdə, ilk ağıla gələn imza müəllifi Afaq Məsud 70-80-ci illər nəslinə aid edilsə də, onun yaradıcılığının böyük marağa səbəb olduğu, parladığı dövr 90-cı illər hesab edilə bilər. Mətbuatın, ictimaiyyətin bu əsərlərə diqqəti hər zaman olub, amma xüsusilə 90-cı illərdə bu maraq daha çox üzə çıxdı. Amma professional səviyyədə aparılan təhlillər şəklində deyil, daha çox jurnalist, araşdırmaçı, oxucu səviyyəsində. Və ya əks-reaksiya ilə. Halbuki bu yardıcılıq - elə monoqrafiyada gəlinən nəticələrdə də bu var - əsərlərin, xüsusilə də hekayələrin psixoloji dərinliyi, şüur axını metodundan yararlanılması, qəhrəmanlarının, xüsusilə də qadın qəhrəmanlarının etiraf və düşüncələrinin ifadəsindəki cəsarəti, yazdıqlarında avtobioqrafik xüsusiyyətlərin həddindən artıq üzdə olması və bundan müəllifin, göründüyü kimi, qətiyyən narahatlıq duymaması, kompleks keçirməməsi, eyni dərəcədə də qadın qəhrəmanlarının dünyagörüşləri, çıxılmazlıqları, məişət və yaşam baxımından düşdükləri qaranlıq labirintlərdə çırpınmaları və s. kimi xüsusiyyətlər o dövr nəsrimiz üçün yeni idi. Amma eyni zaman da gözlənilməz, xüsusilə də bir qadın tərəfindən yaradılmışdı deyə "inqilabi" təsir bağışlayır, maraq doğurur, bir o qədər də əks münasibətə səbəb olurdu. Nizami Cəfərov da monoqrafiyasında məhz bunu vurğulayır: "Afaq Məsuddan danışanlar həmişə söhbəti nəsillərarası münasibətlərdən, daha doğrusu, ziddiyyətlərdən başlayır, sonra isə yazıçının üslubunun, təhkiyə tərzinin, obrazlarının

tamamilə yeni olduğunu qeyd edirlər. Və hətta söhbət gəlib o yerə çatır ki, Afaq Məsud öz novatorluğu ilə mövcud kanonları dağıdır, ənənəvi çərçivələrdən kənara çıxır..."

Bu məqamda mən müəlliflə dialoqa girərək tənqidin kəskin münasibətinin əsas səbəblərindən biri kimi məhz bunu qeyd etmək istəyirəm. Yəni bu əsərlərdəki cəsarət, qadın personajların düşüncə, hiss və təfəkkür tərzindəki kompleksizlik, lakin xarakterlərindəki komplekslər maraqla bərabər, bir qədər də qorxu və qıcıq hissi doğurur. Xüsusilə də o bir qadın tərəfindən yazılıbdır deyə. Afaqa qədər ədəbiyyatımızın qadın yazarı da, qadın xarakteri də var idi, amma o, daha çox "milli mentalitet"ə uyğun, çərçivəli, sərhədli, öz mənəvi dünyasını və düşüncələrini açarkən müəyyən bir sərhəd xəttinə qədər gedən, lakin onu adlamayan, "nəyi demək, nəyi yazmaq olar, nəyi yox" sualı qarşısında dirənib qalan, öz daxilində belə bu cür sərhədləri aşmağa çətinlik çəkən və əksərən bacarmayan qadınlar idi. Onu da deyim ki, bu, təkcə qadın qəhrəmanlara deyil, qadın yazıçıların özlərinə belə asanlıqla aid edilə bilər. Onların daxili dünyası da, yaşamları da, düşüncələri də ictimai mühitlə münasibətdə və onun ayrılmaz bir parçası kimi açılır və təqdim edilirdi. Afaq Məsudda isə qadın o mühitdən ayrılır və öz "mühit"ində, öz "sərhədləri" daxilində və olduğu kimi yalın təqdim edilir. Necə varsa... Mükəmməllikdən, "ülvi" adlandırılan xəyali kamillikdən uzaq. Nə düşünürsə, necə düşünürsə, necə hiss edirsə, eləcə. "Kim nə deyər?" kompleksindən azad. Onun yaradıcılığında istər üslubi baxımından, istərsə də yaşantılar baxımından şüur axını ilə reallaşan təhkiyə insanın, xüsusilə də cəmiyyətə, insanlara və ən əsası isə özünə yad olan insanın daxili dünyasının dərinliklərinə enmə, bu dərinlikləri cəmiyyət arasına çıxarma xüsusiyyəti çox aktualdır.

Bax, bu da bu əsərlərin yarandığı ilk illərdə tənqidin yad və bir qədər də kəskin münasibətini doğuran amillər idi. Afaq Məsud "mən əslində qadından deyil, insandan yazıram" - desə də, mərkəzdə qadın dayanır. Və ənənəvi milli ədəbiyyatın və sənətin qəbul etdiyi şəkildə "qadın" kimi yox, bütün hüquqları, hətta hisslərini soyutmaq hüququ olan insan kimi. İnsan mərtəbəsində. Məsələn, Nizami müəllim də müəyyən məqamlarda bu məsəyə toxunmaq məqsədilə belə bir nümunə gətirir və ədəbiyyatşünas Nurlanə Əliyevanın "Qarğış" əsərini rəsmi ədəbi tənqidin yaxşı qarşılamaması, əvəzində İlyas Əfəndiyevin yazıçını müdafiə edən məqalə ilə çıxış etməsi faktını xatırladır: "...70-ci illərdə Afaqın ilk povesti "Qarğış" çapdan çıxanda tənqidçilərdən biri bu əsərdə Afaqın həyatı qavrayışının subyektiv psixoloji yönünü tənqid etmişdi. Halbuki, psixologizm Afaqın bir yazıçı kimi üstünlüyünə dəlalət edirdi. "Ədəbiyyat qəzeti"ndə çıxan bu yazıdan az sonra xalq yazıçısı İlyas Əfəndiyev həmin tənqidə birmənalı şəkildə öz münasibətini bildirən məqalə ilə çıxış etdi. Bu məqalədə Afaqın istedadı layiqincə qiymətləndirilir, onun hekayə və povestlərinin məziyyətləri haqqında söhbət açılırdı".

"Azərbaycan ədəbiyyatının ideya-estetik mənzərəsini onun əsərlərindən kənarda təsəvvür eləmək mümkün deyil" - yazan Nizami Cəfərovun bu monoqrafiyası Afaq Məsudun yaradıcılığının bir çox istiqamətdə tənqidi dərkinin istiqamətlərini cızır. Və bu, bir model kimi konkret ştrixlər və detallarla araşdırılan və ya araşdırılmalı olan istiqamətləri müəyyən edir. Eyni zamanda da tənqidi fikrə, belə demək mümkündürsə, istiqamət verir. Məsələn, "Etiraf etmək lazımdır ki, Afaq Məsudun əzabkeş qəhrəmanlarının ekvivalentləri onların yarandığı dövrün Azərbaycan ədəbiyyatında da müşahidə olunmur. Bu isə o deməkdir ki, yazıçının "axtarışlar"ını ümumi axın - ədəbi proses kontekstində tədqiq etmək həmin "axtarışlar"ın "anatomiya"sını aydınlaşdırmaq üçün o qədər də mötəbər metod ola bilməz". Bu, bizim də yuxarıda qeyd etdiyimiz mühitdən kənarda olan və öz mühitində olan qadın - insan psixologiyasıdır ki, Afaq Məsudun ilk illər yaradıcılığı, hekayələri məhz bu aspektdən araşdırla bilər. Çünki o ictimai-sosial mühit, cəmiyyət daha çox Afaq Məsudun 90-cı illərdə yazdığı əsərlərdə üzə çıxır. Yalnız bu illərdə və çox güman ki baş verən ictimai-siyasi proseslərin təsiri ilə bu "özəl mühit"lərə cəmiyyət müdaxilə edir, ona öz problemlərini gətirir, onun sərhədlərini pozur. Monoqrafiyada ədəbi tənqiddə buna əks olan tezislər də səslənir. Məsələn, Nəzmiyyə Axundovanın bu fikirləri bu problemə fərqli bir rakursdan yanaşmanı təqdim edir: "Onun ilk hekayə və povestlərində hadisələr dar bir məkanda - ailə və məişət sferasında cərəyan edirdi. Bunu müəllifə irad tutanlar da olurdu, amma unutmaq lazım deyildi ki, ailə də cəmiyyətin tərkib hissəsidir və burada baş verən olaylar cəmiyyətdəki hadisələrin, mənəvi-əxlaqi proseslərin əks-sədasıdır". Bundan başqa,

Nəzmiyyə Axundova "Afaq Məsud" məqaləsində onun daha irihəcmli əsərlərindən olan "Azadlıq" romanındakı cəmiyyət və sosial mühitlə bağlılıq məsələsinə toxunaraq "Romanda doxsanıncı illərin ictimai-siyasi hadisələrinin təsviri diqqəti cəlb edir, lakin bu təsvirdə müəllif sırf sənədliliyə enməmişdir, o, millət atasını da, ondan əvvəlki prezidenti də, bu iki şəxsin ətrafındakı məmurları da, geniş mənada xalqın özünü də bədii təxəyyül süzgəcindən keçirmişdir, yəni, arayıb-axtarsaq, A.Məsud tarixi şəxsiyyətlərin obrazlarını yaradarkən mümkün qədər məlum stereotiplərdən qaçmışdır", - yazırdı. Bununla belə, biz yenə də öz düşüncəmizdə qalaraq Afaq Məsudun ilk hekayələrində cəmiyyət və sosial mühitin əks-sədasından daha çox ayrılıqda fərd, onun daxili dünyası, bu dünyanın dərinliklərinin, şüuraltının, daxili ziddiyyətlərin əks-sədasını müşahidə etdiyimizi bildiririk.

Amma keçid dövrünün, 90-cı illərin hekayələri nəinki sosial mühit, o mühitin insana təsiri, onu hansı hallara saldığı, təkcə maddi deyil, eyni zamanda da hansı psixoloji-mənəvi əzablardan keçirdiyi özünün müfəssəl təsvirini tapır. O hekayələri (məsələn, "S.V.A.G.O", "Müvəkkil Vaysman", "Dahi" və s.) oxuduqca keçid dövrünün bütün sarsıntısını, çıxılmazlığını, həyəcanını, əzabını, nifrətini, qaçılmazlığını qəhrəmanla birlikdə yaşamalı olursan. Həmin hekayələrlə bağlı Nizami Cəfərov isə yazır: "Afaq Məsudun "keçid dövrü" hekayələri adamın yadına məşhur bir fikri salır ki, ədəbiyyat tarixin özündən daha tarixidir... Bu isə o deməkdir ki, həqiqi yazıçının ədəbi- ictimai təfsirində bu və ya digər dövrün hadisələri elə dəqiq təqdim olunur ki, həmin dəqiqliyi (və həssaslığı) heç bir tarix kitabında tapmaq mümkün deyil. Çünki tarixin (əslində, tarixşünaslığın) çox zaman "hesabdar" məntiqinə (və üslubuna) əsaslanan ehtirassız, yaxud əsəbsiz təhlilləri içərisində, nə qədər paradoksal olsa da, cəmiyyət tarixinin başlıca predmeti sayılan İnsanın özünü axtarıb tapmaq müşkülə çevrilir... "Keçid dövrü" hekayələrində isə İnsanın hisslərinin, düşüncələrinin, inamının, tərəddüdlərinin, mübarizəsinin, ümumən bir zümrənin (ziyalılığın) timsalında insanı insan, cəmiyyəti cəmiyyət edən nə varsa onun məlum dövrdəki tarixi yazılır".

Nizami Cəfərov Afaq Məsud yaradıcılığını onilliklər əsasında dəyərləndirir: "Lakin insan əzablarını ədəbiyyata daha inamla gətirmək baxımından 60-cı, 70-ci, 80-ci illərdə yaranmış müəyyən ideoloji-mənəvi (və estetik) şəraitin təsiri də danılmazdır... O həddə qədər ki, Afaq Məsud yaradıcılığının özunəməxsusluğu üzərinə kölgə salmaq, bu özünəməxsusluğu dövrün ədəbi təfəkkür tipologiyasının bilavasitə təzahürü olması iddiasına düşülməsin..." Bu bölgü bir çox anlamda mübahisəli olsa da, ümumilikdə bir yaradıcılıq daxilində o dəyişimi izləmək, müşahidə etmək və daha dəqiq nəticələrə gəlmək üçün uğurludur.

Monoqrafiyada diqqəti çəkən əsas xüsusiyyətlərdən biri Nizami Cəfərovun tənqidi münasibətlərə pozitiv bir nöqteyi-nəzərlə yanaşaraq təhlilə üstünlük verməsidir. Bu da ümumilikdə istər yazıçının yaradıcılığına, istərsə də bu yaradıcılığın təhlilimə həsr edilmiş əsərlərə aiddir. Monoqrafiyada mövcud tənqidi fikrin Afaq Məsud yaradıcılığında müəyyən etdiyi poetik xüsusiyyətləri və araşdırma istiqamətləri müraciət edilmiş tənqidçilərlə birlikdə müəyyənləşdirilir və artıq əldə edilən qənatlər, bir növ, təsdiqlənir. Məsələn, Vaqif Yusiflinin "Afaqın hekayələrində hər şey sanki bir məqsədə xidmət edir - son anı kəşf eləmək... Son an... klassik hekayələrdə olduğu kimi situasiyanın sona varması, hadisənin səbəbdən nəticəyə - yekuna gəlib yetməsi, obrazın "təmiz" qələbəyə, yaxud "nikbin" məğlubiyyətə ürcah olması... kimi düşünülsə, onda Afaqın heç bir hekayəsinin adını çəkmək istəməzdik, yəni nümunə tapa bilmərik" dünüşcəsini Nizami Cəfərov sanki davam etdirərək "Bu çoxşaxəli mülahizə Afaq Məsud yaradıcılığının poetikasını, daha doğrusu, həmin poetik özünəməxsusluğun çox mühüm bir tərəfini müəyyənləşdirmək baxımından, həqiqətən, dəyərlidir..."- deyir. Bir sözlə, gətirilən sitatlar və onlara əlavə edilən qənaətlər Afaq Məsud yaradıcılığının poetik özəlliklərinin müəyyən edilməsində əsaslı rol oynayaraq konkret çalarların ortaya çıxarılmasına və məhz onların vurğulanmasına şərait yaradır.

Bəzən tənqidin, ədəbiyyatşünaslığın yanlış nəticələrinə toxunulduqda, əks tezis irəli sürüldükdə belə kəskin münasibət ab-havası duyulmur. Gəlinən qənaət qənaət olaraq qeyd edilir. Məsələn, Maral Yaqubovanın "Afaq Məsud yeni sosial iyerarxiyada qadını kişidən bir pillə öndə yerləşdirir. Bu, müəllifin feminist mövqeyindən irəli gəlir... Əslində, feminizmin Azərbaycan

ədəbi fikrində təzahürünün hələ sovet cəmiyyəti kontekstində baş verməsi Afaq Məsud yeniliyidir" qənaəti Nizami Cəfərovun münasibətində "Müəllifin mülahizələrini (və ümumiləşdirməsini) şübhə altına almadan onu da əlavə etmək istərdik ki, feminizm - qadın azadlığı və ya qadınla kişinin hüquq bərabərliyi ideyası daha çox sosial-siyasi məzmuna malikdir. Afaq Məsudun "feminizm"i isə ilk növbədə, özünün dərin (hətta mistik) psixologizmi ilə meydana çıxır... Burada bir mühüm məsələnin üzərindən, elə bilirik ki, sükutla keçmək olmaz ki, o da Afaq Məsudun qadın psixologiyasına, onun daxili aləminə, müxtəlif vəziyyətlərdəki reaksiyalarına, yaşantılarına müfəssəl bələdliyi və bu aləmi (mənəvi-ruhi ərazini) yaxşı tanıması, hətta "insan" deyəndə təsəvvürünə öncə "qadın" gətirməsidir. Və təsadüfi deyil ki, yazıçı ilk hekayələrindən başlayaraq ümumən yaradıcılığında özünü qabarıq şəkildə göstərən "qadın üzüntüləri"ni bütövlükdə "insan üzüntüləri" kimi şərh edir". Bu məqamda, biz də bu fikrə daha çox tərəfdarıq, çünki qadının bir pillə öndə durmasından daha çox insan kimi təhlilindən söhbət gedir. Və bu zaman "qadının gözündən dünya necə görünür" sualı ilə bərabər "kişinin gözündə o qadın necə görünür" sualı da cavablandırılır. Bu, qadının - bu hekayələrin əksər qəhrəmanlarına aiddir - özünə tənqidi, bir qədər də ironik münasibəti şəklində meydana çıxır. Və burada məsələ sosial bərabərlikdən, hüquq bərabərliyindən, qadının bu bərabərlik uğurundan daxili və ya zahiri mübarizəsindən getmir.. Çünki bu qəhrəmanlar məsələn, yazıçıdırsa, məişət qayğılarının ona yazmağa imkan vermədiyi təəssüratını yaradırsa, eyni zamanda da, əslində, bunun daha çox istedadsızlıq ola biləcəyi, yazdıqlarının mənasızlığı kimi faktı da ortaya atır.

Bu monoqrafiya Afaq Məsud yaradıcılığının tənqidi dərki baxımından bir də onunla diqqət çəkir ki, bu yaradıcılıqla bağlı meydana çıxan əsas suallara da diqqət yönəldilir. Eyni zamanda da mövcud sualın Nizami Cəfərov aspektindən cavabı da təqdim edilir. Məsələn, "Sual olunur: Afaq Məsudun hekayələrində, ümumən yaradıcılığında dünya ədəbiyyatı ilə tez-tez etiraf olunan oxşarlığın səbəbi nədir?.. Nə zaman ki, yazıçı mövzunu, süjeti, obrazı (və ümumiyyətlə, ədəbiyyat adlanan hadisəni) öz daxilində təbii bir şəkildə inikas olunmuş, süxurlaşmış "həyat"dan alır, hansısa sosial-ideoloji, yaxud patetik texnologiyalarla uydurmur, onda oxşarlıq qaçılmazdır. Və o da qaçılmazdır ki, bu oxşarlıq nə qədər oxşar olsa da, labüd fərqlər də verəcəkdir".

Gəlinən nəticələr bu yaradıcılığın tənqidi dərkinə yardım etməklə bərabər, yeni və mübahisəli məqamlar da meydana çıxarır. Məsələn, Nizami Cəfərov yazır: "o, yalnız babasından, atasından deyil, müasirlərindən də çox qabağa getdi. Və mövcud standartlarla kifayətlənməyib öz ədəbiyyatını yaratdı ki, fikrimizcə, dərin klassik əsaslara dayanan bu yaradıcılığın həm də güclü modernist (hətta postmodernist) enerjisi var..."

Bu məqamda mübahisə üçün səbəb var. Məsələn, bu düşüncədə "modernist" enerjinin mövcudluğu ilə razılaşmaq olsa da, postmodernist yanaşma və enerji ilə razılaşmaq mümkün deyil. Çünki biz bu yanaşmanı və enerjini müşahidə etmirik. Və təəssüf ki, Nizami Cəfərov bu fikrinin davamını gətirmir və irəli sürülən fikir sona qədər şərh edilmir. Amma bununla belə, bu, elə bir maraqlı məqamdır ki, növbəti bir araşdırmanı tələb edə bilər.

Monoqrafiyada Afaq Məsud yaradıcılığında bir çox problemli görünən məqamlara tənqidi fikir müstəvisində diqqət yetirilir. Məsələn, hekayə janrında çox böyük uğurlar əldə etmiş yazıçının roman yaradıcılığında kəskin üslubi dəyişikliklərin müşahidə olunması faktına. Nizami Cəfərov bu məsələyə tənqidçi Vaqif Yusiflidən sitat gətirməklə toxunur: "Afaqın "Azadlıq" romanı həm janr xüsusiyyətinə, həm də üslubi yönünə görə ilk baxışda qəribə təsir bağışlayır. Yəni, roman publisistik bir ahənglə, templə başlayır, sonra sırf psixoloji səpkidə davam edir, sonda yenə publisistik ton qabarıq görünür. Çox maraqlıdır ki, Afaqın digər nəsr əsərlərinə xas olan və ümumilikdə onun fərdi üslubunu səciyyələndirən bir çox cizgilər romanda sanki qeyb olur, əvvəlki sakit, hətta çoxlarına darıxdırıcı təsir bağışlayan təhkiyə tərzi itilik, sürəklilik kəsb edir. ..."

Bu cür qənaətlər yalnız yazçının bir əsərini, bu əsərin poetik göstəricilərini deyil, eyni zamanda da hərəkət üslubunu, formasını, trayektoriyasını, üslubi baxımdan uğradığı dəyişiklikləri, əldə etdiyi yeni keyfiyyət göstəricilərini izləmək baxımından da maraqlı təqdimatlar edir.

Moniqrafiya müəllifi bəzən heç fikir mübadiləsinə girmir də, sadəcə, təqdim edir və düşünmək üçün şərait yaradır. Eyni zamanda tənqidi fikir olmasa da, dəqiq izahatlar verən fikirlərə də müraciət olunur. Məsələn, xalq yazıçısı Anar Afaqın "Şənbə gecəsi" kitabına yazdığı "Dörd divar arasında" müqəddiməsində "şəhər nəsri", "kənd nəsri" təbirləri, şübhəsiz, şərti anlayışlardır. Amma əgər bu "ərazi prinsiplərinə" riayət etməli olsaq, Afaq əlbəttə, şəhər yazıçısıdır. Bu ərazini bir az da daraltsaq, görərik ki, Afaq şəhərin küçəsiylə, meydanıyla, məktəbiylə geniş təsvirinə deyil, dörd divar arasındakı bir mühitin təsvirinə meyl edir, şəhər mənzilində cərəyan edən həyat tərzini, insan münasibətlərini göstərmək istəyir".

Seçilən fikirlər, müraciət edilən qənaətlər monoqrafiya müəllifinin öz qənaətlərinin təsdiqinə və izahna, bir növ, vasitə rolunu oynayır. Bir sözlə, bu kitab Afaq Məsud yaradıcılığının dəyərləndirilməsi baxımından olduğu kimi, bu yaradıcılığa tənqidi münasibətin təhlil edilməsi baxımından da əhəmiyyətli nəticələrin əldə edilməsinə vəsilədir.

 

Nərgiz Cabbarlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.20-21.