Böyük
yazarların sirli həyatı:
Corc Qordon BAYRON
"Deyəcəksiz ki, qəribədir, - bir vaxtlar Corc
Qordon Noel Bayron yazırdı, - amma gerçək,
bütün uydurmalardan qəribə olur". Bu iki sətirlik
şeir parçası ilə o, bizə eyni zamanda, bu günə
qədər hələ də müəmmalı, qısa, eyni
zamanda qalmaqallı, daima həzz və kef arxasınca
qoşmaqda olan həyatı ilə bağlı ikibaşlı
fikirlər çatdırmaq istəyib.
Əgər
atanın ləqəbi
Başdanxarab Cekdirsə, bu o deməkdir ki, sənin
də həyatın ziddiyyətlərlə dolu olacaq. Atası hər gün xirtdəyədək vurub gələndə
balaca Corcun üç yaşı ancaq olardı və demək
olar ki, onu xatırlamırdı. Başdanxarab
Corcun axmaq vərdişləri oğlunun qanına işləməsə
də, onun hələ tam formalaşmayan ağlından təsirsiz
keçməmişdi. Bayronun seçim etmək
imkanları bütün hallarda məhdud idi: bu səbəbdən
də onun atasının oğlu olmadan başqa çarəsi
qalmırdı. Anası Bayrona "axsaq
oğlan" deyirdi (ayaqlarından biri şikəst idi) və
bir dəfə onu maşa ilə döyüb yarımcan eləmişdi.
Mürəbbiyəsi Mey Qrey onunla mazaqlaşanda
isə Bayronun on yaşı ancaq olardı.
Uşaqlığının yeganə ürəkaçan hadisəsi
dayısının bütün var-dövlətinin ona miras qalması
idi və gələcək şair mirasla yanaşı, həm
də baron titulu almış - Roçdeylli baron Bayron
olmuşdu. O vaxtdan etibarən hamı Corc Qordona yenə əvvəlki
kimi lord Bayron deməyə başlamışdı.
Bayron
böyüyüb yaraşıqlı bir kişi
olmuşdu. Axsaq ayağından başqa onun digər
fiziki çatışmazlığı (şikəstliyi gizlətmək
üçün idman bacarıqlarını inkişaf etdirməyə
çalışırdı) köklüyə meyilli
olması idi. XIX əsrin dəbi ilə
ayaqlaşmaq üçün öz fiziki qüsurları ilə
ciddi mübarizə aparır, orqanizmini aclıqla imtahana
çəkir, yüksək dozada işlətmə dərmanları
atırdı. Yeməyini seks əvəz
edirdi. Bayron dövrünün əsl Kazanovasıydı,
Venetsiyada bir il ərzində onun
yatağından 250-yə yaxın qadın keçmişdi. Bu
qələbə siyahısında ledi Korolina Lemin (bu
xanımın Bayronun haqqında məşhur deyimi vardı:
"Qəddardır, başdanxarabdır, onunla yaxınlıq
etmək təhlükəlidir!"), onun qohumu Enn
İzabellanın (1815-ci ildə ledi Bayron olmuşdu) və
ögey bacısı güman edilən Avqusta Linin də
adları vardı. Belə ki, Corc Qordon yalnız bir cinsin
nümayəndələri ilə əlaqədə olmaqla kifayətlənmirdi,
onun homoseksuallarla əlaqədə olması barədə xəbərlər
dolaşırdı və deyilənlərə görə
onların əksəriyyəti azyaşlı oğlan
uşaqları idi. Ümumiyyətlə götürəndə,
Bayronun ətrafındakılar arasında onunla heç olmasa
bircə dəfə seksual əlaqədə olmayan az adam tapılardı və bu, dostluqdan daha
çox yanında ekzotik heyvan gəzdirmək vərdişinə
bənzəyirdi. Ona bu məşhurluğu bəxş
edən isə poetik uğurlarından çox haqqında
ağız-ağız dolaşan ziddiyyətli dedi-qodular idi.
Bu dedi-qodular arasında ən çox
yayılanı - şərabı birbaşa qafa tasından
içməyi ilə bağlı deyilən fikirlər olub.
(Kimsə bu qafa tasının monaxa, bir digəri onun
keçmiş sevgilisinə məxsus olduğunu iddia edirdi... Əslində, bu, şayiələr gerçəklərin
üstünə kölgə salırdı.)
Ərinin
macəraları ledi Bayronu boğaza yığmışdı
və 1816-cı ildə, toylarından cəmi bir il sonra qadın boşanmaq məcburiyyətində
qalmışdı. O ərəfədə Bayron İngiltərəni tərk
edərək kontinental Avropasına keçmiş və bir
daha geri qayıtmamışdı. Bu, onun
Britaniya ictimaiyyətinin haqlı qəzəbindən
qorunmağı üçün yeganə
çıxış yoluydu.
Bayron 1816-cı ilin yayını şəxsi həkimi
Con Polidori ilə birlikdə İsveçrədə
keçirdi. Onlar gənc şair Persi Bişi Şelli və onun
nişanlısı Meri Hodvin ilə yaxın dostluq edirdilər.
Dostlar yağışlı havalarda bir yerə
yığışıb vaxtlarını qorxulu əhvalatlar
uydurmaqla keçirirdi. Meri danışılan əhvalatları
özü üçün qeyd edirdi ki, nəticədə, həmin əhvalatlar
məşhur
"Frankenşteyn" romanına çevrildi, Polidori isə
Bayronun obrazından ilhamlanaraq özünün "Vampir"
hekayəsini qələmə aldı. Heç
bir günahı olmayan qurbanlarının qanını içən
ingilis zadəganı haqqında olan möhtəşəm
hekayət, sonralar Bram Stokerin məşhur "Drakula" əsərinin
yaranmasına təsir etdi.
Şair
İsveçrədən İtaliyaya üz tutdu və orada ərli
bir qadınla - qrafinya Tereza Qviççioli ilə böyük eşq macərası
yaşadı. O,1823-cü ilədək
orada qaldı, sonra tale axtarışına çıxdı və yunanların türklərlə
mübarizəsində onlara yardım etmək məqsədilə Yunanıstana üz tutdu. Hərb sahəsində təcrübəsiz
olmağına baxmayaraq, Bayron ordu hazırlığına
kömək edir, üsyançı qüvvələrin təminatını
ödəmək məqsədilə vəsait
toplayırdı. Hələ indinin
özündə belə Yunanıstanda onu milli qəhrəman
kimi xatırlayırlar.
Onun da iştirakı ilə formalaşdırılan hərbi
qüvvələrin döyüş mübarizəsini görməyə
ömrü çatmayan Bayron 1824-cü ildə, pasxa
bayramı vaxtı bazar günü qızdırmadan
dünyasını dəyişdi. Bayronun vəfatından az sonra (onun ölümü bütün
İngiltərəni yasa qərq etmişdi) İngiltərədəki
dostları şairin xatirəsini yad etmək üçün
bir yerə toplaşdılar. Əlyazmalarının
əksəriyyəti Bayronun sevgi macəraları haqqında
qeydlərlə dolu idi. Bu qeydlərin onun
min bir zəhmətlə qazandığı qəhrəman
nüfuzuna xələl gətirəcəyindən ehtiyat edən
dostlar, gələcəkdə Bayron haqqında heç bir
ziddiyyətli fikir yaşanmasın deyə, əlyazmaları
yandırmaq qərarına gəldilər.
QƏRİBƏ KOLLEKSİYA
Bayron zəmanəsində foto icad olunmadığı
üçün, şair keçmiş sevgilərinin xatirəsini
yaşatmaq məqsədilə orijinal bir üsul fikirləşmişdi. O, həmin qadınların
telindən kəsərək onları zərfə qoyur və
üstündə qadının adını yazırdı. Həmin zərflər hələ 1980-ci ilə qədər
bir vaxtlar Bayronun kitablarının çap olunduğu nəşriyyatda
qorunurdu. Sonra zərflər müəmmalı
şəkildə qeyb oldu.
BACIDAN OLAN QIZ...
Çoxsaylı sevgililərilə yanaşı, Bayron
ögey bacısı Avqusta Li ilə də eşq
yaşamışdı. O vaxtlar qadın ərdəydi, amma xəyanət yolu
seçən adamın qarşısını hansısa bir
evlilik ala bilərmi? Bayron irsini tədqiq edən bir sıra tədqiqatçılar
Avqustanın qızı Medoranın Bayrondan dünyaya gəldiyini
iddia edirlər ki, bu da şairin bioqrafiyası ilə
bağlı eşidib-bildiklərimizin gerçək faktların
yanında toyagetməli olduğunu ortaya qoyur.
HEYVANSEVƏRLİK
Ərli qadınlarla gənc oğlanlardan başqa, Bayron
heyvanları da sevərdi. Onun heyvanxanasında atlar, qazlar,
meymunlar, porsuqlar, tülkülər, tutuquşular, marallar,
qartallar, qarğalar, vağlar, şahinlər, timsah, beş tovuz quşu, iki firəngtoyuğu və
Misir durnası vardı. Hələ Kembric
Universitetinin tələbəsi olarkən Bayron evində
ayı saxlayırdı və bu, universitet qaydalarına -
yataqxanada it saxlamaq olmazdı - zarafatla edilən bir etiraz idi.
Bayron məktublarının
birində yastıdaban dostunu "qardaşlıq təcəssümü"
adlandırmışdı.
Bayronun adi heyvanları da vardı. O, səfərə
çıxanda beş pişiyini də
özü ilə götürərdi və onlardan birinin ləqəbi
Beppo (Bayronun poemalarından birinin adı) idi. Bayronun ən məşhur
dördayaqlı dostu - nyufaundlend cinsindən olan Bostveyn
adlı it idi ki, o da beş yaşı
olanda, - 1808-ci ildə - quduzluqdan ölmüşdü. Bayron itinə olan sevgisini "İtə
epitafiya" adlı şeirində vəsf etmiş, ailə sərdabəsində
ona heykəl qoydurmuşdu.
Ledi Bayron ərinə olan sevgisini faunaya qurban vermirdi. Boşandıqdan sonra o, dəfələrlə:
"Bəzi zülmə meyilliyi insanların heyvanlara olan
mülayim, humanist rəftarı heyvanların
ağılsızlığından irəli gəlir və
onlar bu üzdən öz sahiblərini əxlaqsızlıqda
ittiham edə bilmirlər"- kimi fikirlər
yazmışdı.
QANINI TÖKƏ-TÖKƏ...
Bəlkə də otuz altı yaşlı Bayronu
ölümün pəncəsindən xilas etmək olardı,
çünki o, XIX əsrdəki tibbi texnologiyaya rəğmən
dünyasını son dərəcə bəsit səbəbdən
dəyişmişdi. Yağış altında yunan dərələrindən
birində at
gəzintisinə çıxan şairin evə
qayıdar-qayıtmaz qızdırması qalxmış, həkimlər
ondan qan ala-ala axırına
çıxmışdılar. Hərarət ocağını "söndürməyə"
cəhd edən həkimlər Bayronun bədəninə on iki
zəli yapışdırmışdılar. Bundan əlavə qarnını açmaqdan
ötrü vücuduna külli miqdarda gənəgərçək
yağı yeritmişdilər ki, müasir tibbdə o dövrün
bu müalicə üsuluna idiotluqdan başqa ad qoymaq olmur.
Bu minvalla on iki zəli onsuz da qızdırmadan
halsız olan xəstənin canından iki litrədək qan
sovurub onun axırına çıxmışdı. Bu səbəbdən də Bayronun
ölümqabağı gah ingilis, gah da italyan dilində
çığırıb sayıqlaması heç də təəccüb
doğurmur. Güman ki, o, öz vəkilini
tələb edirmiş. Heç bir sutka
tamam olmamış şair gözlərini əbədi olaraq
qapadıb.
Lord Bayron
dövrünün əsl kazanovasıydı, Venetsiyada bir il ərzində onun yatağından 250-yə
yaxın qadın keçmişdi (və müəəyən
vaxtlarda həmin qadınları yeniyetmə oğlanlar əvəz
edirdi).
SON BAXIŞ
Bayron öləndən sonra Vestminster
abbatlığındakı şairlər hücrəsində
dəfn olunmağını istəyirdi. Amma
bioqrafiyası ziddiyyətlərlə dolu olduğundan ona belə
bir ehtiram göstərilməmiş, Cefferi Çoser və
Edmund Spenser kimi ilahiləşmiş imza sahiblərilə bir məzarlıqda
uyumasına razılıq verilməmişdi. Bayronun nəşi Haknoll-Torharddakı ailə sərdabəsində
dəfn olunmuşdu. 1938-ci ilin iyununda yenə
Bayronun rahatlığı pozulmuşdu. Səbəbi bilinməsə də,
o vaxt qırx nəfərə yaxın adam
şairin cəsədinin doğrudan da orada
olub-olmamasını yoxlamaq üçün sərdabəyə
enmiş, məzarı açıb Bayronun qalıqlarına
baxmışdı. Tabutun qapağı
açılandan sonra yoxlamaya gələnlərdən
yalnız üç nəfəri cəsarətli
çıxmış, fikir söyləmişdi. Onlardan biri yazırdı ki, şairin nəşi
"son dərəcə yaxşı vəziyyətdə
qalıb". Təbii ki, ürəyi ilə
beyninin (cəsədi yararkən onları
götürmüşdülər) və sağ
ayağının yoxluğunu nəzərə almasaq.
Bayron 114 il əvvəl dünyadan
köçmüş bir adam kimi pis
görünmürmüş. Nə demək
olar, belə çıxır ki, Bayron ölümündən
sonra da çağırılmamış qonaqlarını ələ
sala bilib.
Ertəsi gün onlar Bayronun tabutunu yenidən
qapatmış, şairin son yolçuluqda rahat uyumasına mane
olmaqdan çəkinmişdilər.
Robert ŞNAKENBERQ
Rus dilindən tərcümə etdi Əyyub Qiyas
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.23.