Gəlişin müjdəsi

 

Nəhayət ki, uzun zamandan bəri nümayişi gözlənilən Məcid Məcidinin "Məhəmməd-Allahın elçisi" filmi ekranlara çıxdı. Əslən azərbaycanlı olan İran rejissoru Məcidinin filminin xronometrajı üç saatdan iki dəqiqə kəm idi. Rejissorun filmoqrafiyasına bələd olduğum üçün onu deyə bilərəm ki, o, ən çox İran cəmiyyətinin aşağı sinfindən olan inasanların güzəranını, yaşadıqları çətinlikləri, işsizliyi, səfaləti uşaqların baxışı ilə ekrana gətirən rejissorlardandır. İnsan məşəqqətlərini çox inandırıcı və real formada təsvir etməsi onun məşhurluq sütunlarını daha da möhkəmlədib. Yəni el dili ilə desək, Məcidi xalqa yaxın sənət adamıdı.

Onun birdən-birə dinitarixi filmə müraciət etməsi ilk gündən təəccüb doğurdu. Kinematoqrafiya tarixində hətta ən böyük rejissorlar belə tarixi film çəkməkdən bəzən ehtiyat ediblər. Çünki dini məqamlarla zəngin tarixi filmləri çəkmək həm şərait, həm maliyyə baxımından çətindir. Amerika rejissoru Stenli Kubrik "Napoleon" filminin ssenarisini, foto eskizlərini hazırlamasına baxmayaraq, filmin maliyyə büdcəsinin həddindən artıq böyük olma ehtimalını nəzərə alaraq filmi çəkməkdən imtina edib. Baxmayaraq büdcəsi on iki milyon dollara başa gələn "Spartak" kimi tarixi bir kinolentə öz imzasını atmışdı.

yaxud da yapon rejissoru Akira Kurosova "Kagemuşa" kimi möhtəşəm tarixi filmi Şekspirin "Kral Lir" əsəri əsasında çəkilən yapon tarixi reallıqlarını da əks etdirən "Ran" filminin libas məşqi adlandırıb. Həmin filmdəki kadrlardan birində lentə alınacaq səmadakı bulud topasının onun istədiyi formada görünməsi üçün Kurosava 85 gün buludların hərəkətini izləməli olub.

Qayıdaq Məcidinin filminə. 40 milyon dollarlıq büdcəyə malik bu filmə ilk hazırlıq işləri 2007-ci ildən başlanıb. Məcidi filmin ssenarisinin ilk səhifələrini isə 2009-cu ildə yazmağa başlayıb. Çəkilişlər əsasən Qum, Tehran və Cənubi Afrikada həyata keçirilib. Geyimlər, qurulmuş dekorasiyalar, məkan seçimləri də o dövrün ab-havasını tamaşaçıya ötürməyə imkan verir. Musiqi seçimi təqdirə layiq olsa da, filmdə musiqiyə həddindən artıq yer verilib. Film peyğəmbərin uşaqlıq və gənclik illərini ehtiva etsə də, peyğəmbərin gəncliyindən heç bir kadra rast gəlmirik. Əsasən uşaqlıq illərindən, babası və əmisi tərəfindən himayə olunan dövrlərdən bəhs olunur. Filmin ən böyük qüsurlarından biri vaxtın uzunluğudur. İstər tarixi, istərsə də dini nöqteyi-nəzərdən Məhəmməd peyğəmbər olduqca böyük şəxsiyyət və din adamı olub. Amma nədənsə onun filmdəki obrazı tam olaraq alınmayıb.

1976-cı ildə əslən Suriyadan olan rejissor Mustafa Akkadın lentə aldığı "Çağırış" filmini bu baxımdan çox uğurlu hesab etmək olar. Filmin maliyyə büdcəsi on milyon dollar təşkil edib, xronometrajı isə 177 dəqiqədir. Filmdə o dövrün ab-havasını tamaşaçıya çatdırılmaqla yanaşı, həm peyğəmbərin onun ətrafında olan insanların yaşadıqları həyat, din Məhəmməd uğrunda apardıqları mübarizə geniş formada təsvir edilir. Filmin ekran həlli o qədər peşəkarcasına yerinə yetirilib ki, tamaşaçı indinin özündə belə dəfərlərlə həmin filmə baxsa da, darıxmır heç bir yorğunluq hiss etmir. Daha maraqlı bir fakt da ondan ibarətdir ki, "Çağırış" filmində Həmzə rolunun ifaçısı aktyor Entoni Kuinnin ifası bu filmin məşhurlaşmasında xeyli rol oynayıb. Lakin Məcidinin filmində peyğəmbərin siması görünmədiyi həm uşaqlığı daha qabarıq təhlil olunduğu üçün biz filmə uğur qata biləcək heç bir parlaq obraza rast gələ bilmirik.

Məlumdur ki, xristian dininin yayıcısı olan İsa peyğəmbər haqqında dünyanın bir çox məşhur rejissorları tərəfindən xeyli sayda filmlər çəkilib. Həmin filmlərin əsas mövzusunu İsanın xristian dinini yayması, insanların bu dinə gəlişi, onun möcüzələri barədədir. Məcidinin bu filmi estetika baxımından həmin filmlərə xüsusən Franko Dzeffirellinin "Nazaretli İsa" filminə bənzəsə , biz bu filmdə islam dininin əsasını qoyan Məhəmmədin obrazını insanların müsəlmanlığa pənah gətirməsini çox zəif formada görürük. Halbuki bizə bir İsa Məsih lazım idi.

Film islamdan əvvəlki qəbilələrin bir-biri ilə olan mübarizələri ilə başlanır. Daha sonra Məhəmmədin doğulacağı müjdəsi verilir. Əsl mübarizə isə Əminə Məhəmmədi dünyaya gətirəndən sonra başlanır. Düşmən qüvvələr məhz peyğəmbərin kürəyinin ortasındakı xal vasitəsilə tapmağa çalışırlar. Məhəmmədin babası onu qorumaq üçün şəhərdən qaçırır. Bir müddət süd anasının ailəsi ilə birgə yaşayan Məhəmmədin ilk möcüzəsi də süd anasını sağaltması ilə başlanır.

Filmdə Məhəmmədin siması göstərilmir. Həmçinin səsi də verilmir. Onun danışıqları titrlər vasitəsilə görsənir. Bu da filmə qəribə bir ab-hava qatır. Filmdə yəhudi və xristian xətti də geniş şəkildə qabardılıb. Belə ki, yəhudilər Məhəmmədi oğurlayıb öldürmək istəyirlər, xristianlar isə bunun tam əksinə olaraq Məhəmmədin gəlişinə şad olurlar.

Filmin sonlarında onu qəbul etməyən Məkkə rəhbərləri və sakinləri baş verən möcüzələri şeytan əməli adlandırsalar da, əhali Məhəmmədin Allah tərəfindən göndərilən elçi olmasına inanır və onun ardınca gedir.

Bütün hallarda film poetik baxımdan və vizual olaraq çox gözəl işlənib. Filmin sonunda Məhəmmədə ilk vəhyin gəlməsi, insanların ona inanaraq onun ardınca getməsi və müxtəlif irqdən olan insanların əllərini axar suya salması filmin ən sonuğurlu səhnələrindən hesab etmək olar. Bununla rejissor həm də müsəlmanları və islam dinini dünyanın nəzərində yaradılmış mənfi rakursundan xilas etməyə sənət baxımından nail olub.

 

Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.25.