Sənin hüzuruna Faiq adında,
Bu boyda-biçimdə yük gətirmişəm.
Bağışla, İlahi, sevmişəm Səni,
Bağışla, arada şəkk gətirmişəm.
Söz kimi şairin dilinnən çıxıb,
Dırnağınnan qopub, telinnən çıxıb,
Bir ruhla bir canın
əlinnən çıxıb,
Yanına dərdimi tək gətirmişəm.
Gəlmişdim dünyaya söz
yaratmağa,
Qəmə gülümsəyib, dərdə
batmağa.
Kömək et, az qalıb Sənə çatmağa,
Tut mənim əlimnən, çək... gətirmişəm...
Sökülüb-dağılır içim,
bərbadam,
Bu ruh mənim deyil, bu cana yadam.
Dedin, günahını gətirmə,
adam,
Sən dedin... nə fayda, leyk, gətirmişəm.
Ömrümü qoydular gərilmiş
yaya,
Ox kimi atdılar
yalan dünyaya.
Cismi torpaqlara, ruhu səmaya
Tapşıran bəndənəm, "ök"
gətirmişəm.
Bağışla, İlahi, sevmişəm
Səni,
Bağışla, arada şəkk gətirmişəm.
***
Eşqə bax, İlahi, əriyib gedir,
Heç nə qalmaz yaxın vaxta başımda.
Eşqə bax, gül kimi quruyub gedir,
Mənim daş başımda, taxta başımda.
Nə yağış yağışdı,
nə qar otaqda,
Eheeyyy...
məndən başqa
kim var otaqda?
Soyuyur bədənim bu dar otaqda,
Üşüdür telimi şaxta başımda.
Günəş də çıxacaq,
Allah kərimdi!
Söz mənim
ağamdı, söz nökərimdi.
Mənim
fikirlərim ümid yerimdi,
Mənim fikirlərim saxta... başımda.
Bu çıraq ömrümü
bələdim hisə,
Eh, daha nə deyim...
bəsdi...
nə isə...
Aldandım duyğuya, yenildim
hissə,
Nolsun ki, ağıl var çox da başımda?
SEVGİDƏ QÜRUR OLMUR
Nə axşam axşam kimi,
Səhər olmur səhər də.
Sənin
kimi darıxmır,
Qadınlar bu şəhərdə.
Sənin
kimi sevməyir
Sevgisi bol olanlar.
Sənin
kimi axtarmır,
Bəzən unudulanlar.
Sənin
kimi kövrəlmir,
Ağlamır Allah belə.
Od püskürmür
cəhənnəm,
Nəfəs belə, ah belə.
Etirafdı: görmədim
Nə əvvəllər,
nə sonlar.
Bu necə bir qüvvədir,
Anlamaz nyutonlar.
Hər bir şey var
bu eşqdə,
Ehtiras, söz
və ölüm.
Bircə,
bircə qürurun,
Qürurun yoxdur, gülüm.
Sevgidə qürur olmur...
***
Dərdlərinə qurban olum,
Dərdini çəkdiyim qadın.
Bulud kimi taleyinin
Üstünə çökdüyüm qadın.
Söndür yanan ürəyini,
İsit donan ürəyini.
Söz-söz sınan ürəyini,
Qələmlə tikdiyim qadın.
Yetsə
ömür-qədər minə,
Aşiqəm hər bir qəminə.
Çiçək kimi qədəminə
Ömrümü səpdiyim qadın.
Atəşindən qor vermədi,
Yar yanıma
yar vermədi.
Bu eşq niyə bar vermədi,
Şumlayıb əkdiyim qadın?
***
Otuz ildir yoxuşdayam,
Bu yollar düzə
çıxmadı.
Sevincim çiçək açmadı,
Çəmənim dizə çıxmadı.
Bu ruhun, canın adıyam
Sanki cəhənnəm oduyam.
Mən zülmətlər övladıyam,
Gecəm gündüzə çıxmadı.
Nələr oldu, nələr,
nələr...
Qəmlə doldu piyalələr.
Yazdım
şeirlər, nəğmələr,
Mən duyan sözə çıxmadı.
Yarandı Göy, Yer eşq ilə,
Oxundu hər sirr eşq ilə.
Yandı
canım bir eşq ilə,
Yandı da, közə çıxmadı.
Kədərimə satdı məni,
Yedi məni,
uddu məni.
Bu yollar aldatdı məni,
Bu yollar sizə çıxmadı.
GÜZGÜDƏKİ ADAM
Günəş dənizdən doğur,
Dağda batır, bilirsən.
Solda həyat başlayır,
Sağda bitir, bilirsən.
Bilirsən ki, axşamlar
Haram olur yuxular.
Bir gün gələr bu ömür
Ayağına yıxılar.
Bilirsən ki, həyatın
Qanunu-qaydası var.
Deyirlər, ağlamağın
Ürəyə faydası var.
Bilirəm ki, bilirsən,
Sözü anlamaq nədi...
Bilə-bilə etdiyin
Səhvi
danlamaq nədi...
Bu tənhalıq, yalnızlıq
Göl oldu dama-dama.
Getdikcə öyrəşirsən
Güzgüdəki adama.
ZAMAN KEÇİR
Zaman keçir güllə kimi,
Sızlayır yara yeri...
Ağarır ömrün bənizi,
Ağarır qara yeri.
Hər işdə bir xeyir var,
Yanım sənin yanındı.
Yolum haqqın yoludu,
Həqiqət ünvanımdı.
Hər il ömür
boy atır,
Hər il ömür
gödəlir...
Can torpağa əyilir,
Ruh səmaya
yüksəlir.
BƏSİMDİ
Şeirlərdə misra-misra özüməm,
Beş-on nəfər
duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.
Eşqi
ilə bağlayıb
dörd yanımı,
Dondurub hər saatımı, anımı.
Bu od ilə,
atəş ilə canımı
Səhər-axşam sarsa, sarsa... bəsimdi.
Kim doldurar eşqi
ilə boş vaxtı?
Kim əridib mum eləyər daş vaxtı?
Bu ömrümün payız
vaxtı, qış vaxtı,
Bahar mehi məni vursa, bəsimdi.
Sevən
qəlbi bu həsrətdən qanasa,
Sevdiyini
hər addımda sınasa,
Güzgüləri dönə-dönə qınasa,
Mənim üçün xəyal qursa, bəsimdi.
Haqq uğruna keçdim
daşdan-dəmirdən,
Qaraladım öz baxtımı kömürdən.
Şikayətim, gileyim yox ömürdən,
Daha məni
həyat yorsa, bəsimdi.
Mən yerdəyəm, göydə
süzür xəyalım,
Divanəlik, dərvişlikdi bu halım.
Can evimi viran qoysa
vəfalım,
Ürəyimi belə qırsa, bəsimdi.
ƏRİYİR ÖMRÜM
Şaxta
vurub, yel kəsib,
Quruyur ömrüm
belə.
Qayğı-qayğı əriyir,
Çürüyür ömrüm belə.
Hal kimdədi halıyca,
Yol hardadı
yoluyca?
Bu cəsədi dalıyca
Sürüyür ömrüm belə.
Kimdi qul, kimdi ağa?
Bir canım var - sadağa...
Məni
qara torpağa,
Kürüyür ömrüm belə.
Bu candı, yoxsa
dəmir?
Nə var içinə gömür.
Şam misalı, bir
ömür
Əriyir ömrüm belə.
Faiq Hüseynbəyli
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.31.