Hüqonun qəmli sevgilisi
Viktor
Hüqonun adı çəkiləndə qarşımızda
zəhmli baxışları ilə bizə boylanan,
yaşlı kişi, sifətinə qətiyyətli üz
cizgiləri hopan insan canlanır. Adətən, belə
insanları xarakterizə etmək elə də çətinlik
yaratmır: kimsə onun yanında artıq-əskik
danışa bilməz və belə adam zarafat etməyi
xoşlamaz, hər zaman ciddi mövqeyi ilə fərqlənər.
Hətta suyu içəndə, xörək yeyəndə də
qidalanma mədəniyyətinin bütün qaydalarına əməl
edər, övladları cıqqırını
çıxarmaz, kimsə icazəsiz mənzildən
çıxmaz, kənar qadınlarla göz-qaşla danışmaz,
ümumiyyətlə belə kateqoriyadan olanları yaxına
buraxmaz. İlk baxışda Viktor Hüqo da yuxarıda
söylənən xarakterik obrazla uyğun gəlir. Sən demə,
burada yanlışlıq varmış. Hər bir kişi kimi
Hüqonun da içində balaca uşaq əyləşibmiş,
o da dostları ilə kafe-restoranlara gedib hündürdən
danışıb-gülüb, o da gözəl qadınlardan
vaz keçə bilməyib, yaradıcılıq
üçün ilham pərisini zərif cinsdə axtarıb.
Necə deyərlər, həyatın qanunauyğunluğu,
Tanrının kişilərə bəxş etdiyi
bütün xüsusiyyətlərdən dahi
yazıçı da qidalanıb.
Böyük
insan, bütün dövrlərin ən möhtəşən
roman ustası, adı qızıl hərflərlə
yazılan Viktor Hüqonun çox da yazılmayan gizli həyatı
hamını maraqlandırıb. Hələ
sağlığında qəzet müxbirləri
qapısının ağzından çəkilməyib, şəxsi
həyatına dair qeydlər götürüb
tirajlarını artırıblar. Fotoqraflar şəklini
çəkib iri qonorar alıblar, mənzilindəki
qulluqçular da səxavətindən yararlanıblar. Bir
sözlə, bu zəhmli kişi ürəyi istəyəndə
çox səxavətli olurmuş. Hərdən isə xəsisliyi
tutarmış. Səbəbi izah olunmur. Belə güman edilir
ki, Hüqonun tərs damarı ovqatı ilə bağlı
imiş. Kefi kök olanda pul xərcləyər, təlx olanda
bircə qroşuindan keçməzmiş.
Viktor Hüqo qadınları əlcək kimi dəyişib və il vaxtlar belə əlaqələrini gizlətməyə çalışıb. Sonra hamının bildiyini duyub daha heç nəyi gizlətməyib. Yalnız bir qadından üzülüşə bilməyib. O qadının adı Cülyetta Drue olub. Hüqo Cülyettanı unuda bilməyib. Düzdür, Hüqo ilə rəsmi nigah bağlamaq Cülyettaya nəsib olmasa da, istənilən vaxt - düz 50 il şirin qadın obrazında qalmağı bacarıb. 20-ci əsrdə Hüqonun hansı səbəbdən onunla evlənməməsi müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, yazıçı həyat yoldaşından ayrılmaq istəməyib. Ümumiyyətlə, kənarda çoxsaylı qadınları olan məşhur yazıçılar həyat yoldaşları ilə ayrılmağa üstünlük verməyiblər. Belə bir kişi sistemi onda da qüvvəsində imiş: "Həyat yoldaşının öz yeri, kənardakıların öz yeri". Düz 50 il ərzində Drue Hüqonun kölgəsində qaldı. Yalnız gilzi görüşlər, sevgi dolu sözlər. Gerçəkdə isə məşuqə adlandırılan Cülyetta qəmli həyatını yaşayırdı.
Onlar tanış olanda Hüqonun 31 yaşı vardı. Kifayət qədər cəmiyyətdə tanınan oğlan daha yeni bir uğura imza atdı. Həmin uğur "Notrdam kilsəsi" əsərinin dərcindən sonra yarandı. Şan-şöhrətin qanadında uçan 5 övlad atasına qadınlar biganə qalmırdı. Cülyetta Druenin isə taleyi gətirmirdi. Iki yaşında yetim qalmış, 19 yaşında isə məşhur heykəltaraş Jan Jak Pradye ilə nigahsız yaşayırdı. Heykəltaraş onun büstünü də yonmuşdu. Onların qızı oldu. Ailə münaqişələri belə həyatı yarıda qoydu. Cülyetta ayrılandan sonra özünü və yenicə doğulan qızını təmin etməli idi. Nəhayət, teatrda işə düzəldi. Az məvacib verirdilər. Tamaşaçılar istedadına yox, daha çox gözəlliyinə baxırdılar. Buna baxmayaraq, getdikcə Druenin ulduzu parlayırdı. Çünki tamaşaya gələnlər arasında imkanlı adamlar da var idi. Tamaşa qurtaran kimi onu müxtəlif yerlərə dəvət edir, kimisi pul, kimisi bahalı hədiyyə verirdi. Yuxarı təbəqə ilə tanışlıq Cülyettaya xoş təsir bağışlayırdı. Artıq bahalı paltarlarla bal mərasimlərində görünür, zinyət əşyaları taxırdı. Yeni arzular, yeni sevgilər. Düzdür, yenə pul çatmırdı və borca girirdi, ancaq əvvəlki çətin günlərdən canını qurtarmışdı. Yazıçı Viktor Hüqo ilə tanışlıq Cülyetta Druenin həyatını kökündən dəyişdi.
Bəzi
araşdırmalara əsasən onlar maskaradda tanış olublar.
Başqa romantik ehtimallar da səslənir. Belə ki, Hüqo
pyeslərindən birinin tamaşası zamanı teatra gedib və
Cülyettanı görüb aşiq olub. İkinci dərəcəli
surətlərdən birini həmin qadın
oynayırmış. Müasirləri Cülyetta Drueni
istedadlı aktrisa hesab etmirdilər. Ona yalnız ikinci dərəcəli
rollar həvalə edilərmiş. Hüqonun pyesində
kiçik rol alması qadını sevindirmişdi. Həmişə
deyərmiş ki, "cənab Hüqonun pyeslərində
kiçik rol olmur". Tale elə gətirdi ki, kiçik rol həyatının
həlledici məqamına çevrildi. Parıltılı
paltarda Cülyetta çox cazibədar görünürdü.
Dostları Hüqoya məsləhət gördülər ki,
belə yüngül qadına baş qoşmasın. O,
heç kimə qulaq asmadı.
Cülyetta
ilə tanışlıqdan sonra onun qarşısına şərtlər
qoyan yazıçı bəzən qısqanclıq
nümayişində həddini aşırdı. Nəticədə
qadın teatrdakı işindən ayrıldı. Ayrılma təkcə
teatrla qurtarmadı. Varlı kişilərlə ünsiyyətinə
də son qoydu. Rus knyazı Anatoli Demidov onun üçün
Parisdə ayrıca iqamətgahda qalmasına icazə
vermişdi. Daha o evə də ayaq basmadı, məclislərə
qatılmadı, imkanlı kişilərin hədiyylərindən
imtina etdi, pullarını özünə qaytardı. Indi o,
yalnız Viktor Hüqonun səxavətinə bel
bağlayırdı. Yazıçı ona qarşı elə
də səxavətli deyildi. Cülyetta istənilən vaxt
ondan ayrıla bilmirdi. Həm məşhurluğunun kölgəsində
xumarlanır, həm də zabitəsindən çəkinirdi.
Tezliklə cəmiyyət arasında söz-söhbət
yayıldı ki, Hüqonun yeni məşuqəsi var. O, bundan əsəbləşmir,
əksinə söz düşəndə deyərdi ki,
Cülyetta ilə tanışlıqdan sonra özünü
yaxşı hiss edir. Cülyetta isə özünü elə
aparardı ki, qeybət üçün əsas yaranmasın.
Həm köhnə məşuqlarının Hüqoya sirr
açmalarından qorxar, həm də
yazıçını çox da zərbə altında
qoymazdı. Bu məqsədlə qadın qapalı həyata
başladı. Hətta cəmiyyətdəki şübhəli
baxışları azaltmaq üçün təzə
paltarlar və ənlik-kişrşanlar almadı. Solğun bənizlə
gəzdi, nimdaş paltarla küçələrdən
ötüb keçdi. Bunun bir neçə səbəbi
vardı. Birincisi, adamların şübhələnməməsi
üçün qapalı həyat tərzini seçmişdi.
Ikincisi, təzə paltar üçün pul az idi.
Üçüncüsü, Hüqo onu anlatmışdı
ki, "gözəl qadına gözəl paltar lazım deyil.
O köhnə paltarda da gözəldir". Amma camalından
nisbi razılıq da əskik olmazdı. Belə bir
yazıçı məhz onu seçmişdi.
Hüqo
gecələr yanına gələr, onsuz yaşaya bilmədiyini
söyləyər, ancaq qəti qərara gələ bilmirdi.
Heç cür ailəsindən ayrılıb Cülyetta ilə
rəsmi nigaha girmirdi. Yazıçı hesab edirdi ki, məşuqə
ilə evlənmək olmaz. Hərçənd,
Cülyettasız qala bilmirdi, ancaq evlənmək də istəmirdi.
Bəlkə də əvvəllər subay vaxtında
rastına çıxsaydı, rəsmi qaydada evlənərdi.
Lakin indi, 5 uşağı olduğu halda belə etməyi
özünə sığışdırmırdı. Həm
də Hüqo cəmiyyətdə ailə dəyərlərindən
danışa bilməzdi.
Mehriban
günlərin birində Cülyetta ilə Hüqo arasında
qalmaqal yarandı. Söz-söhbətin səbəbi maliyyə
ilə bağlı idi. Yox, söhbət
yazıçının ona pul verməməsindən getmirdi.
Məlum oldu ki, Hüqo ilə tanışlıqdan əvvəl
Cülyettanın ayrı-ayrı adamlara ümumilikdə 20 000
frank borcu varmış. Cülyetta borcları qaytarmaq
üçün bütün qızıl-zinyət əşyalarını
lombarda qoysa da, vəziyyətdən çıxa bilməyib.
Onu axtarsalar da, tapa bilməyiblər. Nəhayət, bu barədə
Hüqoya şikayətləniblər. Yazıçı
qadının yanına gedərək qışqırıb:
"Belə fırıldağına görə səndən
ayrılıram". Və çıxıb gedib. Qayıdanda
isə mənzili boş görüb. Cülyetta evi tərk
etmişdi. Hüqo öyrənib ki, sevgilisi Normandiyaya -
qohumlarının malikanəsinə üz tutub.
Əvvəlcə
yazıçı onsuz yaşaya biləcəyinə ümid
edib. Ayrı-ayrı evlərdə müxtəlif qadınlarla
görüşüb. Ona elə gəlirdi ki, "Səfillər"
qədər ağır roman yükünü çəkmək
üçün ətrafında mütləq qadınlar
olmalıdır. Viktor Hüqo çox zabitəli kişi təcəssümünü
özündə əks etdirdiyindən, hər qadın
yazıçı ilə sevgili olmağa
razılaşmazmış. Məşhur adamla sevgi həyatını
yaşamağa razılaşanlar, sonradan peşmanlıq
çəkərmişlər. Heç Hüqo da onların
arxasınca qaçıb geri qaytarmazmış: "Kim imtina
edir, özü bilər, Fransa başdan-ayağa gözəl
qadınlarla doludur". Ancaq bütün bu sevgi romanları
müvəqqəti təsir bağışlayıb. Qəlb
sevdası tapmayan yazıçı yeni sevgisinə ümid bəsləyər.
Həyat yoldaşı ilə həmin qəlb sevdası
alınmayıb. Beş övladının sevinci də qəlbindəki
narahatlığı aparmayıb. Yeni romanlar üçün
yeni qadınlar. Ancaq heç cür alınmırdı. Nəhayət,
yenidən Cülyetta Drueni axtarıb. Normandiyaya gedərək
köhnə sevgilisini tapıb. Onu sevdiyini, yaşamağın
çətinliyini anladıb. Qadın ünsiyyətin yeni mərhələsinə
razılaşıb. Bir şərt qoyub ki, zabitəli
yazıçı onun xətrinə dəyməsin. Bildirək
ki, Cülyettanın borc məsələsinə
aydınlıq gəlməyib, bu barədə çox da
yazılmır. Ola bilsin ki, Hüqo o vaxtkı külli
miqdarlı borcu bağlayıb. Bəlkə də yox. Hər
halda qadın yenidən Parisə qayıtmağa
razılaşmazdı. Çünki borclular onu gündüz
vaxtı çıraqla axtarırdılar.
Qayıtmışdısa, deməli pullar
qaytarılmışdı, şikayətçilərin
ağzı yumulmuşdu.
Onlar yenidən
birləşdilər. Hüqonun
yaradıcılığının çiçəklənmə
dövrü yenidən başlandı. Bir-birinin ardınca
romanlar yazdı. Ancaq bu o demək deyildi ki, Hüqo yalnız
Cülyetta ilə görüşürdü. Bütün
Fransa və Cülyetta bilirdi ki, Viktor Hüqo kənar məcaralarından
usanan deyil, yenə də qadınları əlcək kimi dəyişir.
Ancaq bu qadının ürəyində bircə xətircəmlik
vardı ki, kimin yanında olursa-olsun, sonda məşhur
sevgilisi yenə onun yanına gələcək. Görəsən,
niyə Hüqo hələ də ondan əl çəkə
bilmirdi? Bir səbəb vardı. Viktor Hüqo ilham pərisini
və ruh gözəlliyini bu qadında tapmışdı.
Cülyetta da bunu hiss edirdi. Hətta baş verən bir hadisədən
sonra qadın yenə onu atmadı. Günlərin birində
Hüqo evli qadınla təmas qurdu. Həmin qadının əri
arvadından şübhələnib xəfiyyələri
ardınca saldırdı. Izlənmə prosesinin sonu
yaxşı qurtarmadı. Hüqo ilə o qadını bir yerdə
tutdular. Qəzetlərdə yazıçı rüsvay edildi.
Ölkə rəhbərliyi jandarmeriya ilə
razılığa gəlib Hüqonu
rüsvayçılıqdan qurtardı. Həmin evli
qadın isə həbsxanaya salınıb iş kəsildi. Bu
hadisə baş verəndə Cülyetta Druenin 40 yaşı
vardı. O, yazıçını bağışladı. Həm
də bağışlamaqdan savayı əlacı yox idi.
Artıq neçə il gizli görüşdüyü
kişiyə alışqanlıq yaranmışdı. Digər
qadınlardan fərqli olaraq düşünürdü ki,
yaradıcı adamın xətrinə dəymək, onu öz
dünyasından ayırmaq olmaz. Yoxsa, Hüqo başqa
qadınların yanına getməklə, onu birdəfəlik
unudar. Yazıçı xəstələnəndə
qadın onun qulluğunda dayanar, ən qəmli vaxtlarında
ürək-dirək verərdi. Hətta, əsərlərini
oxuyub ruh yüksəkliyi bəxş edər, yenidən
yazmağa həvəsləndirərdi.
Düz 50
il bir yerdə oldular. Sevgili həyatlarının 50-ci yubileyində
Hüqo Cülyettanın şəklini çəkdirdi. Şəklin
üstündə yazılmışdı: "50 ilin
sevgisi". Qadın daha qocalmışdı. O şəkli
bağrına basdı, qoca Hüqonu qucaqlayıb öpdü.
Lakin əlləri titrəyir, səsi
xırıldayırdı. Üç aydan sonra Cülyetta Drue
həyatdan köçdü. Hüqo bu ayrılığa 2 il
dözdü. Çox yaşaya bilmədi. 50 il bir yerdə
olduğu qadının yoxluğunu başqa sevgililərlə
çıxmağa çalışdı. Alınmadı.
Ürəyi aldatmaq olmazdı. Viktor Hüqo Cülyetta Druedən
sonra yalnız iki il yaşadı. Ölənə yaxın nəvəsinə
məktub yazdı: "Öz sevgini axtar. Ona sevinc bəxş
et. Sev onu. Nə qədər ki, sevir, sən də sev".
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 10
iyun.- S.30-31