Mehmet Nuri
Parmaksızın
yaradıcılıq gecəsi keçirilib
İyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İLESAM başqanı, şair Mehmet Nuri Parmaksızla görüş və musiqili-poetik gecə keçirilib.
Aparıcılar - Kamilə Zeynallı və Xəyal Rza şairin şəxsiyyəti və fəaliyyətindən, ədəbiyyat adamlarını öz ətrafına yığan İLESAM-ın gördüyü işlərdən söz açıblar.
X. Rza qeyd edib ki, aybKitab layihəsi üzrə M.N.Parmaksızla bir sıra uğurlu layihələr həyata keçirilib və ədəbi əlaqələrin davam etməsi arzuolunandır.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək poeziya gecəsindən məmnunluğunu bildirib: "Bu gecənin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Mehmet Nuri Parmaksız gözəl yazar, dəyərli bir dostdur. Əslində, iki Mehmet Nuri Parmaksız var. Biri bu tədbirdə iştirak edir, digəri isə Buz dağının arxasında yaşayır. Bax, ikincisi yazıb-yaradan, həssas qəlbli bir şairdir. Parmaksızı bir sözlə xarakterizə etmiş olsaydım, o söz "eşq" olardı. Çünki onun bütün qələm təcrübələrinin, şeirlərinin, yazılarının mərkəzində eşq dayanır. O, təvəkkül və şükür adlı divara söykənən bir aşiqdir. "Eşqin vətəni deyil ki dünya, Eşqin vətəni sənsin qalü-bəla" deyəcək qədər dərdli bir aşiq. Mehmet Nuri Parmaksız insan sevdalı, vətən sevdalı, dost sevdalı biridir. Gerçək Mehmet Nuri Parmaksız müəllifi olduğu kitabların içindədir".
AYB sədri, Xalq yazıçısı Anar şeir gecəsini Azərbaycan-Türkiyə arasında sıx ədəbi əlaqələrin göstəricisi kimi qiymətləndirib: "İyun ayı şeirlə başladı. Dünən Mikayıl Müşfiqin ad günü idi. Həmçinin, Məmməd Arazın şeir gecəsi oldu. Bu gün isə Parmaksızın şeir gecəsidir. Həmişə demişəm, şairlər ölkələr arasındakı sərhədləri götürür, xalqları, millətləri birləşdirir. Sovet dövründə Türkiyə-Azərbaycan ədəbi əlaqələrində çətinliklər yaşanıb. Ancaq şükür ki, biz yenidən bir-birimizə qovuşuruq, bir-birimizi oxuyur, mütaliə edirik. Ölkəmizdə şeirləri oxunan dəyərli şairlərdən biri də Mehmet Nuri Parmaksızdır".
Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalı M. N. Parmaksızın şeirlərindəki eşqdən söhbət açıb: "Mehmet Nuri əgər orta yüzillikdə doğulsa, çox güman, dərviş olardı. Onun şeirlərindəki ilahi məhəbbət bunu deməyə əsas verir. Bəlkə də Əhməd Yəsəvi kimi Türküstandan Anadoluya səfər edər, məhəbbət nəğmələrini diyar-diyar yayar, irfani təfəkkürü, sözü ədəbi zirvələrə ucaldardı. Əlbəttə, onun şeirləri sevilir. Ancaq mən düşünürəm ki, o, eşqdən daha çox yazmalı, bir ədəbiyyatçı kimi bu mənəvi missiyanı davam etdirməlidir. Çünki ondakı eşq təriqət yox, mərifət səviyyəsində yaşayır".
Ədəbiyyatşünas alim Əlizadə Əsgərli şairin poeziyasını xarakterizə edərkən deyib: "Sözə nəfəs vermək, onu bir can yanğısı olaraq yaşatmaq insanın amalına çevrilir. Bizi bu məclisə toplayan sözün tarixi, əzəli yaddaşdır. Bu mənada çox qiymətli bir kitab - "Həsrət, eşq və sükunət" haqda danışmaq istəyirəm. Mehmet Nuri Parmaksız kitabda qədər, ölüm və eşqdən ətraflı söhbət açır. Bu anlayışlar kitabın ideyasını daha da gücləndirir. Əlbəttə, müəllifin qidalandığı bir qaynaq var. Bu da Qurani-Kərimdir. Ağacın öz kökü olduğu kimi, sözün də özünəməxsus rişələri var. O, Mövlana Cəlaləddin, Əhməd Yəsəvi kimi böyük sufi şairlərinin, Allah aşiqlərinin sözlərindən qüvvət götürür. Elə bu səbəbdən onun şeirləri, fikirləri hüdudsuz bir məkana açılır".
Şair Durak Turan Düz çıxışında M. N. Parmaksızın İLESAM rəhbəri kimi fəaliyyətindən, gördüyü işlərdən danışıb. O bildirib ki, İLESAM Türk ölkələri arasında ədəbi əlaqələrin bərpasında misilisiz xidmətlər göstərir: "Könül dostlarımızla ədəbiyyat və sənət sahəsində körpülərin qurulması Mehmet xocamızın sayəsində gerçəkləşir. Artıq on ildir ki, bu uğurlu iş davam edir. Ümid edirəm ki, daha böyük uğurlara imza atılacaq".
Tədbir konsert proqramı ilə davam edib. Qiraətçilər Məleykə Alıoğlu,
Azad Şükürov M. N. Parmaksızın
şeirlərini səsləndiriblər.
Xanəndə Mütəllim
Dəmirov, Əməkdar
artistlər Nuriyyə
Hüseynova və Elza Seyidcahan musiqilər ifa ediblər. Sonda M. N. Parmaksız çıxış
edərək "Kəpənək
ömrü" şeirini
səsləndirib.
Ədəbiyyat qəzeti.- 2017.-
10 iyun.- S.5.