VII Şairlər Günü çərçivəsində növbəti tədbir

Xaqani Şirvani yaradıcılığına həsr olunub

 

VII Şairlər Günü çərçivəsində Şabranda keçirilən tədbir klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə keçirilən tədbirə Türkiyə, İran, Rusiya və Özbəkistandan da qonaqlar qatılıb.

Tədbir iştirakçıları əvvəlcə Xaqani Şirvaninin abidəsini ziyarət ediblər.

Şabrandakı Xaqani Şirvani adına poeziya evində təşkil olunan ədəbi-bədii gecədə şairin yaradıcılığından danışılıb, şeir və qəzəlləri səsləndirilib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, rayonda Xaqani Şirvani adına poeziya evinin yaradılması gənc nəslin ədəbiyyata marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Artıq altı ildir ki, ənənəvi olaraq Şabranda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecələri keçirilir.

Çıxışlarda Azərbaycanın dünyada filosofların, alimlərin, şairlərin vətəni kimi tanındığı qeyd edilib. Bildirilib ki, xalqımız Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə fəxr edir və bu irsi daim qoruyub saxlayır.

Daha sonra VII Şairlər Günü ilə əlaqədar Şabranda keçirilən tədbir rayon Mədəniyyət Sarayında davam etdirilib.

İştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib xatirəsini anıblar.

AYB-in sədri, Xalq Yazıçısı Anar çıxışında Şairlər Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə keçirilən bu ənənəvi tədbir poeziya bayramına çevrilib. Artıq yeddi ildir dünyanın bir çox ölkələrindən bu bayramda iştirak etmək üçün nümayəndələr təşrif buyururlar. Qeyd olunub ki, bu gün yaradıcılığından söz açılan Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb.

Ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair-publisist Xəyal Rza, Milli Məclisin deputatı Tahir Süleymanov çıxış edərək Xaqani Şirvani yaradıcılığının daha geniş miqyasda təbliğinin müasir poeziyamızın inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.

Bildirilib ki, Xaqani Şirvaninin əsərləri qısa müddətdə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanından, “Töhfətul-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubundan ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeiri və “Töhfətul-İraqeyn” poeması daxildir.

Tədbirdə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin sədri Mehmet Nuri Parmaksız, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi çıxış edərək, qardaş xalqların ortaq mədəniyyət əlaqələrindən danışıblar.

Çıxışlarda dahi şairin tarixi Şabran şəhəri ilə bağlılığından da söz açılıb. Bildirilib ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb. “Şabran şəhəri” Tarixi Qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxana da aşkara çıxarılıb.

Şabranda keçirilən VII Şairlər Günü incəsənət nümayəndələrinin ifası və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.5.