Taleyilə pıçıltıyla danışan şair

 

Ölüm istənilən halda, istənilən yaşda itkidir, doğmalarımızın ölümündən doğan kədər ömrümüz boyu bizi müşayiət edir, son nəfəsimizə qədər bizimlə bir yastığa baş qoyur və sonuncu nəfəslə birgə o həsrət, o nisgil canımızdan çıxır. Ağrı susur. Kədər başqa bir ürəkdə yuva salmağa gedir. Kədərə nə var ki... Harda pöhrə sevinc gördüsə, dabanqırma özünü ora yetirir, düşdüyü yeri də dədəsinin evi kimi tərk etmək bilmir. Birdünyadan nakam getmiş, taleyin doyunca yaşamağa fürsət vermədiyi, sözü yarımçıq qalmış şairlər var... Lorka, Yesenin, Müşfiq, Əli Kərim... Əlahəzrət Zaman bu talesizlikdən xoşbəxt bir tale yaradıb, onların yarıda qırılmış ömrünü bütövləşdirib.

Dəqiq xatırlamıram, 90-cı illərin sonuydumu, 2000-ci illərin əvvəliydimi... Hansısa qəzetdə gənc bir şairin şeirləri Azər Turanın təqdimatında "İynəboyu şeirlər" başlığı ilə təqdim olunmuşdu. Yazıdan öyrəndim ki, həmin şair çox gənc ikən dünyasını dəyişib. Şeirləri oxuyandan sonra düşünmüşdüm ki, sanki bu cavan oğlan ölümün lap yaxında olduğunu duyub, onun hənirini hiss edərək oturub əməlli-başlı onun gəlişinə hazırlaşıb. Vaxt sanki bu şeirlərdə qəribə bir çəkisizliyə düşür. Vaxtın namərdliyini bir şeirində mükəmməl ifadə edib:

 

Vaxtın yarpaq-yarpaq

töküldüyünü,

saatlar istəmir

bizə bildirə...

saatlar gündüzlər

səssiz işləyir.

 

Yaddaşın çox qəribə işləri var. Uzun illərdən bəri hafizəmdə qalan misraları ovqatıma uyğun pıçıldamaq kimi bir adətim var. Bir misra da var ki, əhvalımın qarışıq olduğu vaxtlarda tez-tez dilimə gəlir: "Bir əlcə məktubu yara yetirmədilər". Bu misranın kimə məxsus olduğunu da unutmuşdum. Faiq İsmayılovun imiş...

Faiqin şeirlərini bir dəfə oxuyan adamın içində mütləq o şeirlərdən qırıntılar qalacaq. Öz içində yol gedən tənha adamın həyanıdı bu şeirlər:

 

Ey qapımı döyən,

Utanma, gəl içəri.

Bayırda soyuqdu,

Mən də yalqızam.

İçəridə soba yoxdu,

soba üstə tava yoxdu.

Yalqızların yarasına

dərman yoxdu, dava yoxdu.

 

"Yalqız evin nəğməsi"

Azər Turanın dost sevgisiylə yazdığı "Ölüm süvarisi" essesinio uzaq illərdə oxumuşdum. Sonralar mənə bağışladığı kitabında da təkrar oxudum. Dostu dostdan yaxşı heç kim tanıya bilməz. Faiqin qısa ömründə belə ləyaqətli dostun olması da bir tale naxışıdır. Azər Turan Faiqin Azərbaycan poeziyasında öz layiqli yerini tutması üçün lazım olan hər şeyi etdi. Onsuz keçən bu illərdə onu unudulmağa qoymadı. Yenicə çapdan çıxmış "İynəboyu böyük dünya" kitabı da Azər bəyin böyük zəhməti hesabına araya-ərsəyə gəldi. Onun bu cəfakeşliyi olmasaydı, biz 80-ci illər poeziyasının ən maraqlı, yenilikçi imzalarından olan Faiqi yetərincə tanımayacaqdıq.

Xalq yazıçısı Anar Faiqin poeziyasını "İynəboyu böyük dünya"  kimi xarakterizə etməklə diqqəti onun poetik aləminin genişliyinə, hüdudsuzluğuna yönəldir:

"Özü şeirlərini yəqin ki, qısalığına görə "iynəboyu" adlandırıb. Amma bu "iynə boyda çox yığcam, çox qısa, çox lakonik şeirlərdə böyük və zəngin bir dünya yerləşib - şairin İçəri dünyası - qüssələri, nisgilləri, şikayətləri, tənhalığı, sevgisi, ölümün həniri, ətraf aləmi tamamilə başqa gözlə görmək qabiliyyəti..."

Faiq səs-küy qoparmadan, öz içinə çəkilib  özünün dünyasını misra-misra qururmuş. "Vaxtın ölməyini" görə-görə, vaxtın ölümünə şahidlik edə-edə özünün ölümsüz vaxtını yaradırmış. Bu şeirlərin yaranma tarixinə baxıram, böyük əksəriyyəti səksəninci illərdə qələmə alınıb. Bu mənada Faiqi səksəninci illər nəslinin nümayəndəsi adlandırmaq olar. Sözsüz ki, Faiq şair olaraq özündən əvvəlki nəsildən bəhrələnməmiş deyildi. Yetmişinci illərdə poeziyada forma və məzmun baxımından tam yeni poetik düşüncə sistemi formalaşmağa başlamışdı. Başlanğıcını 60-cılar nəslindən - Vaqif Səmədoğludan, İsa İsmayılzadədən, Ələkbər Salahzadədən götürən bu xətt Camal Yusifzadənin, Ramiz Rövşənin, Eldar Baxışın, Vaqif Bayatlı Ödərin yaradıcılığında inkişaf edərək öz ardıcıllarını yetirdi. Onu da qeyd edək ki, bu gəncliyin yetişməsində ustad Rəsul Rzanın danılmaz xidmətləri olmuşdu. Saxta pafos və tərənnüm stixiyasından azad olan poeziya insanın hiss və duyğularına xitab etməyə başladı. Əli Kərim kimi novator bir şair yetişdi. Heç şübhə yoxdur ki, haqqında danışdığımız Faiq İsmayılov da adlarını sadaladığımız şairlərin yaradıcılığı ilə tanış olmuşdu, poeziyanın təkamül tarixindən xəbərdar idi. Onun şeirləri bunu deməyə əsas verir.

Faiqin şeirlərinin mütəvazi tonu oxucunu özünə məhrəm sayıb onunla dərdini, ağrısını bölüşmək istəyindən doğur. O, qarla da, küləklə də, dənizlə də beləcə ərkyana söhbət edə bilir.

 

Yağma, qar!

Məni qarabuğdayı doğub anam,

çətin ağaram.

Tutaq ki, ağartdın saçlarımı,

ağartdın dabanları yeyilmiş

42 ölçülü ayaqqabılarımı.

Tutaq ki, ağartdın geyimimi -

keçimimi.

Ağarda bilməzsən bəxtimi,

özünü yorma, qar,

yağma qar!

Çətin ağaram!

 

Faiqin bütün şeirlərində uğurlu, orijinal tapıntılar varbu da onun istedadının miqyasından xəbər verir. Onun poetik ifadə ədaları, deyim ahəngi, təşbeh və metaforaları sadə olduğu qədər də mürəkkəbdir, mürəkkəb olduğu qədər də aydındır. Faiqin əksər şeirləri qısa, yığcam olsa da, bütöv bir mənzərə yarada bilir. Üç-dörd misralıq şeirlər insanın ovqatına sirayət edə bilir. Faiq minimalist şeirin ustasıdır, o, kiçik şeirin içində böyük mətləbləri çatdıra bilir. Onun istənilən şeirini misal çəksək, o şeirin semantik təhlili prosesində həyat və tale ilə qırılmaz bağlar üzə çıxacaq. O, sanki xam torpaqda (fikir, düşüncə ərazisində) yeni sözlər, təşbeh və metaforalar cücərdir. Bu şeirlər yapon haykuları kimi mənaların öz içinə sıxılmasından doğur, bəzi hallarda fikrin tamamlanmasını oxucunun öhdəsinə buraxır. Şeirin dalğası səni dərinliklərə doğru çəkir, qəvvas kimi o dərinliklərə baş vurduqca mənaların qızıl külçəsi kimi lap dibdə gizləndiyini görürsən.

 

Bir sakit bucaqda

axıdılan göz yaşı,

yanaqlardan savayı

heç nəyi yandırmır...

indi özün bil!

 

Bu şeir xəlvətdə ağlayan adamın öz içində korun-korun yanmasının uğurlu poetik ifadəsidir. Onun şeirlərində sözə hopan əşyalar, sözə hopan qar, gül-çiçək, buludlar yeni mənalar qazanır. Ötəri təəssüratlar onun şeirlərində sarsılmaz məntiqə tabe olur poetik məna kəsb edir.

İnsan xoşbəxt olanda çox vaxt öz xoşbəxtliyindən xəbərsiz olur. Əli Kərim yazırdı ki, " xoşbəxt imişəm bir zaman, Allah, xəbərim olmayıb bu səadətdən". Faiqsə xoşbəxtlik haqda belə yazır:

 

Biz xoşbəxtliyi

həmişə çıraqla gəzmişik.

Guya xoşbəxtlik iynədir,

düşüb samanlığa...

Xoşbəxtlik çiynimizə

qonanda heç bilməmişik!

 

İynə obrazı Faiqin əksər şeirlərində bir təlaş kimi dolaşır. "İynə kimi" ifadəsi bu geniş, intəhasız dünyada sanki itməmək inadından, bir az da nəyisə, kimisə itirmək qorxusundan doğur. şair sübut etmək istəyir ki, "iynəboyu" şeirlər yazmaqla da dünyanın yaddaşında qala bilər. xoş ki, Faiq bu istəyinə yetdi. Deyirlər insan iynə deyil ki, itsin. Amma bəzən insan da itə bilir, söz kimi, fikir kimi yaddan çıxır, unudulur. Tarixin "samanlığı"nda o qədər it-bata düşənlər olub ki... Dərzi iynəsini yaxasına taxan kimi Faiq yaxasından bərk-bərk yapışdı. O, yaxasına iynəboyu sözlər taxmışdı:

 

İnsan özünü bircə dəfə

tapır bu dünyada.

İnsan özünü iynə kimi

salıb itirə bilər.

Əgər özünü tapsan,

möhkəm yapış yaxandan.

 

Faiq özünü Anar müəllimin təbirincə desək, "iynəboyu böyük dünya"da tapmışdı. Bu dünya onun özünün yaratdığı dünya idi. Bundan belə Faiqin ədəbi taleyindən nigaran qalmağa dəyməz. Azərbaycan poeziyasını köklü-budaqlı bir ağaca bənzətsək, onun bir yarpağı da Faiqdir.

Bir şeyə təəssüflənirik ki, Faiq İsmayılov zamanında öz dəyərini almadı, onun poetik aləmi yarandığı dövrdə kəşf edilmədi, diqqətdən kənarda qaldı. Çox yaşasaydı, Faiqin ədəbi təsərrüfatından daha çox söz qalardı. Amma elə yazdıqları onun haqqında novator şair olaraq bəhs etməyə kifayət edir. Faiq İsmayılov taleyilə pıçıltıyla danışan şairdir. Hay-küylər zamanın küləkləriylə ötüb keçir, pıçıltılar isə yaşayır.

Faiq İsmayılovun taleyin qulağına pıçıldadıqları əbədi Sözün yaddaşında qalacaq biz o munis, məhrəm pıçıltıları həmişə eşidəcəyik...

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2017.- 17 iyun.- S.4.