Tüklü sabun
HEKAYƏ
Mənim ərim kloundu. Olduqca şən adamdı. Amma bir gün evə bundestaqdan qovulmuş deputat kimi gəldi. Adəti üzrə, işə gedəndə rəsmi geyinər, sancaqlı qalstuk taxar, köynəyinin qol düymələrini zövqlə uyğunlaşdırar və ayaqqabısına uyğun dəri portfelini götürüb gedərdi və elə də qayıdardı. Bu günə qədər onun səhnə paltarında evə qayıtdığını görməmişəm. Bəzi qonşularım, rəfiqələrim, iş yoldaşlarım hesab edir ki, Ayzikin parlamentdə qırmızı dəri üzlü rahat kreslosu var, orda özü üçün səhərdən axşama qədər mürgüləyir, sonra da durub əsnəyir, gərnəşib pul dolu portfelini evə gətirir. Və biz xoşbəxt yaşayan zənginlərdənik. Əslində, özümü Ayziklə xoşbəxt hesab edirəm. O hələ Ayaz olanda və Hamburqun mərkəzi küçəsində dönər satan vaxtlarında mən onun qara bığlarına və tüklü sinəsinə heyran olmuşdum. İndi kirayə haqqı və bəzi kreditlərimiz olmasa, dedi-qoduları gerçək hesab etmək olardı.
Həmin bu qaragün Ayzikim evə girəndə heç dodağımdan da öpmədi, təslim olub silahını atan əsgər kimi, portfelini yerə qoyub divara söykədi və dəhlizdəki ayaqqabı şkafının üstünə çökdü. Mən gözümü ondan çəkmədən qapını örtdüm və təəccüblə nə baş verdiyini soruşdum.
- Was ist mit dir los, Aysik?
Ayzik başını qaldırıb üzümə
baxanda ilk dəfə onun ağladığını, səliqəylə
alınmış nazik qaşlarının əsdiyini, mənim
üzümdən də hamar üzünə göz
yaşının süzüldüyünü gördüm və
ürəyimin sıxıldığını hiss elədim.
- Atam
ölüb. - Ayzik belimi qucaqlayıb başını
qarnıma söykədi və hönkürdü.
Təbii ki, onun kədəri virus kimi mənə də
keçdi və mən də burnumu salladım.
Təssəlli verəcək sözlərdən
başqa Ayzikin dərdinə şərik olacaq bir üsul
tapmırdım. Onun qolundan tutub qaldırdım və mətbəxə
keçdik, mən kofe hazırlayaraq çox bəsit və çeynənmiş
sözlərlə ona ölümlü həyat haqqında fəlsəfi
mühazirə oxudum. Bəlkə də, Ayzikimin
zəhləsini tökürdüm, amma sözümü kəsmirdi.
- Bir gün
hamı öləcək və Tanrının yanına gedəcək.
- Hiss edəndə ki, çox çərənlədim və
sözümü belə bitirdim.
Səbirli
Ayzik mən susan kimi dedi:
- Yox,
Amara, əzizim, - dedi. - O Tanrının yanına getməyib -
susub içini çəkdi və təəssüflə əlavə
elədi, - Bura gəlib.
Gülmək məni tutdu, əhvalım dəyişdi. Ayzikin həmişəki
kimi zarafat elədiyini düşündüm, sonra
gördüm ki, o təsəvvür etmədiyim qədər
ciddidi. Özümü yığışdırıb
soruşdum:
- Necə
yəni bura gəlib?
Ayzik mənə
baxıb çarəsiz halda başını
yırğaladı:
- Hara
baxıramsa, qarşımda atamı görürəm. Bu gün də səhnəyə
çıxmışdı, gəlib lap qarşımda
dayandı, sonra üzümə tüpürdü. Tutulub qaldım. Məni fitə basdılar...
Mən vəziyyətin qəlizliyini birdən dərk elədim,
kətilin birini stolun altından çəkib Ayzikin
qarşısında əyləşdim.
- Sənin
atan nə vaxt ölüb? - Maraqla soruşdum
- Bir həftədən
çoxdu. - Astadan dedi.
- Bəs
indi niyə deyirsən?
- Səni
də kədərləndirmək istəmirdim.
Onu xeyli danladım ki, nahaq öz kədərini məndən
bu vaxta qədər gizlədib, ürəyinə salıb, indi
də əsəbləri bax belə pozulub.
- Demək,
bir həftədi qarabasman var hə? Bunu da məndən
gizlədirsən. Ayzik, dur gedək
psixoloqa. - O, etiraz eləsə də, mən inadımdan dönmədim
və həmişəki kimi, yenə qalib gəldim. Bir neçə seansdan sonra psixoloq məsləhət
gördü ki, hələ də atasını hər getdiyi
yerdə görən Ayzik vətənə qayıdıb
atasının məzarını yad eləsin. Bu Ayzikin də ürəyindən oldu, demə,
qohumları tez-tez ona zəng eləyib çağırır,
bəziləri uşaq kimi tənbeh edir, danlayır,
atasının dəfnində olmadığı
üçün onu nankor adlandırır, hətta mənə
görə onu almanlara satılmış hesab edirdilər.
Ayzikin eşitdiyinə görə, son vaxtlar
atası "Ayaz" deyə-deyə ağlayır,
qarğış edib lənətləyirmiş. Elə
öləndə də son sözü belə olub: "O nemesə
satılmış oğraşı qəbrimin üstünə
qoymayın."
Mən nə qədər çalışdımsa viza,
bilet, bəzi sənəd işlərini təkbaşına
yoluna qoya bilmədim. Ayzik həmişəki səliqəylə evdən
çıxanda dedi ki, mən səfirliyə gedib bu işləri
dədə-baba üsuluyla edəcəm. Axşam qayıdanda portfelindən iki bilet
çıxardıb mənə verdi.
Bizim təyyarə həftəsonu qalxırdı. Mən Ayzikin qohumlarıyla
görüşəcəkdim deyə bir az
həyəcanlıydım. Onu da tək buraxmaq
istəmirdim. Həm də ona görə
ki, ərimi əlimdən ala bilərdilər. Odur ki, bu çətin
gündə Ayzikimin yanında olmalıydım.
Təyyarədə yanaşı oturmuşduq. Mən pəncərədən
buludlara baxırdım, Ayzik jurnal vərəqləyirdi.
Birdən onun səksəndiyini hiss elədim, Ayzik çevrilib
mənə baxdı. Rəngi
ağarmışdı. Nə baş
verdiyini soruşdum.
-Atam! - pıçıltıyla dedi. - O burdadı. -
İşarət barmağını çiyninin üstündən
arxaya tuşlayıb göstərdi və boynunu çiyninə
qısaraq bir az aşağı
sürüşdü. Mən qatili
axtarırmış kimi, iki kreslonun arasından
yavaş-yavaş boğazımı uzadıb gözümü
qıyaraq arxaya boylandım. Hərə
öz işindəydi və birdən düşündüm
ki, görəsən Ayzikin atası hansıdı, axı mən
heç o adamın üzünü bir dəfə də
görməmişəm. Sonra bu
axmaqlığıma peşman oldum.
- Orda
heç kim yoxdu, - dedim və öz
sözümə gülməyim tutdu. Necə yəni heç kim yoxdu?
-
Ordadı. Bizdən beş oturacaq arxada, sol
qanadda.
Marağımı gizlədə bilməyib bir də
baxanda qalın qara qaşlı, çopur üzlü,
bığlı yekəqarın bir kişinin düz
gözümün içinə zəhmlə
baxdığını gördüm və qeyri-ixtiyari Ayzik
kimi diksinib qarşıya çevrildim, boynumu qısıb
yerimdə büzüşdüm.
-Gördüm!- Pıçıltıyla etiraf elədim.
O adam gah bizdən arxada, gah bizim
qarşımızda peyda olurdu. Birdən gəlib yanımızdan
keçəndə bir anlıq ayaq saxlayır, ya da
addımlarını ləngidib bizə baxır,
başını bulayıb gedirdi. Biz əl-ələ
tutmuş halda kresloda gizlənmişdik və hər onu görəndə
mənim tualetə getməyim tuturdu, amma durub getməyə cəsarətim
çatmırdı, hiss edirdim ki, böyrəklərim bu saat
partlayıb içimə dağılacaq.
Ayzik əlimdən tutub məni qaldırdı,
qarşı tərəfdəki tualetə getdik, o da
qapının qarşısında keşik çəkərək,
pərdənin qırağını aralayıb
atasının oturuşundan-duruşundan mənə xəbər
verirdi. Mən tualetdə çox qala bilməzdim. Stüardessanın dalınca yerimizə
qayıtdıq və qulaqcıqlarımızı taxıb,
gözümüzü jurnalların mənasız səhifələrinə
dikərək, özümüzü Berlin divarlarının
arxasında hiss etdik.
Bizi gözlədiyimdən yaxşı
qarşıladılar. Kəndin bəlkə də, bütün
kişiləri, qadınları bizi görməyə gəlmişdi. Mənə
gizlin-gizlin baxan, gözü məndə, ağzı
yanındakının qulağında olan qadınları da
görürdüm. Kişilər sadəcə,
marıtlayıb içini çəkir, bəziləri
dodağını dişləyir, saqqalını
qaşıyır, gözlərini sinəmdən,
ayaqlarımdan çəkmirdilər və hiss edirdim ki, mənə
görə Ayzikimə qibtə edirlər.
Gecə yerimizə girəndə Ayzik dedi ki,
atasını dəfn edən mollayla danışıb. Molla deyib ki, atan səni lənətləyib, ona
görə də ruhu səndən əl çəkmir.
Əslində, Ayzikin də, mənim də belə
cəfəngiyata baş qoşmağa vaxtımız
olmayıb. Amma Ayzikin qorxusu və təyyarədəki kişi mənim də ağlımı
qarışdırmışdı. İstəyirdim,
nə olur-olsun, Ayzik nə edir-etsin, tezliklə ac qurd kimi baxan
bu saqqallı kişilərin, qara parçalara
bürünmüş qadınların arasından
çıxıb gedək.
Səhərə qədər nə Ayzik yatdı, nə
də mən.
Səsə gözümü açdım ki,
Ayzik dizi üstə oturub yerdə, günahkar uşaq kimi
başını salıb aşağı. Bu dəfə mənə görünməyən
atası onun qulağından tutub yuxarı dartır,
boğazı uzanır, sonra o qulağı buraxırdı və
Ayzik qızarmış qulağını ovcuyla ovuşdururdu.
Hərdən hiss edirdim ki, onun üzünə şillə dəyir,
diksinirdi. Başımı yırğalayaraq təsdiqləyir,
dodağının altında nəyisə etiraf edirdi...
Qorxumdan çarpayının başına çəkilib
bükülmüşdüm və sanki qucaqladığım
yastığın arxasında gizlənmişdim. Ürəyimdə
Ayzikin atasını söyürdüm ki, oğlundan əl
çəkmir. Öz evimizdə olsaydıq, mütləq polisə zəng
vurardım.
Bilmirəm, hansı andasa cəsarətləndim, ya da
qorxudan ürəyim sıxıldı deyə, cikkə çəkib
qışqırdım və yastıqla ruhu vurdum. Özümü
Ayzikin üstünə atdım. Qarşımızda
dayanan, gözümə görünməyən çopur
kişini hədələdim ki, əl çəkib cəhənnəm
olmasa, ondan birbaşa kanslerə şikayət edəcəm.
Ayzikin başını döşlərimin
arasına sıxmışdım ki, bir də vura bilməsin.
Mən onu balam kimi bəsləyib
saxlamışam, gətirməmişdim ki, axmaq bir ölü
qoca onu səhərə qədər qarşısına qoyub
döyə. Mən tezliklə Ayzikimi bu varvarların əlindən
alıb aparmaq istəyirdim. Qoy sabah nə
deyirlər onu eləsin, təki biz tezliklə geri qayıdaq.
Səhər tezdən molla gəlib bizi
çağırdı. Həyətdəki ağacın
altında oturduq.
Molla Ayzikə
dedi:
- Sənə
ölü duası oxunmalıdı. Bunu da
atanı yuyan mürdəşir bilir, o eləməlidir.
- Xeyli söhbətdən sonra dedi ki, mürdəşir ondan
bu iş üçün bir az pul alacaq ki,
halallıq olsun.
- Nə qədər
istəsə verəcəm, təki atam məndən əl
çəksin. - Ayzik dedi.
Molla söhbət ərzində məndən
gözünü çəkmirdi. Nəhayət, məni göstərib
Ayzikə dedi:
-
Günah bu nemes qızındadı... - İkimiz də ona təəccüblə
baxırdıq. O sözünə davam elədi. - Bu
qızın bədənində Harun cini var, o cin
çıxmasa, bu qız dəli olub səni də,
özünü də öldürəcək.
Mən xeyli güldüm; bu adamın hansı əsrdə
yaşadığından xəbəri yox idi. Onlar nə
danışdılarsa, Ayzik məndən xahiş elədi ki,
imkan verim molla cini çıxarsın. Başa
düşürdüm ki, Ayzik bunu mənə görə eləyir.
Molla əvvəlcədən bildirdi ki, o cinin insan bədəninin
harasında gizləndiyini iyləyərək tapır... Mən də mollaya dedim ki,
ayağının arasına bir təpik vuraram, qulaqlarınla
çəpik çalarsan. Amma Ayzik sözümü tərcümə
eləmədi...
Sonra hər
şey belə oldu:
Ayzik mollayla birlikdə həyətdən
çıxdı, o mürdəşirin yanına getdi. Məsciddən xeyli
aralıda Cəbiş dedikləri Cəbrayıl kişinin
tikdirdiyi yuyat
vardı, içəridən o biri otağa qapı açılırdı,
burda kişinin çarpayısı, televizoru, divarda manikenlərin
şəkilləri...
Ayzik özünü
təqdim eləyən kimi mürdəşir Cəbiş əl-ayağa
düşdü. Onu içəri çağırıb
çaya-yeməyə dəvət elədi, təbii ki, Ayzik
imtina edib onu tez dualayıb yola salmasını xahiş etdi. Görünür, pul qazanmaq istəyən molla zəng
vurub Ayzik haqqında nə lazımdırsa deyib,
tapşırıbmış.
- Puldan
narahat olma- Ayzik dedi. - Təki atam rahatlıq tapsın.
- Tapacaq. Belə şeylər çox olur. - Mürdəşir
onu arxayınlaşdırdı. - Səni ölü kimi yuyub,
dualamalıyam. Ruhun paklaşmalıdı...
Ayzik etiraz eləmədi. Mürdəşirin dediyi pulu onun cibinə
basdı.
- Soyun
uzan. - Mürdəşir həvəslə işə
başladı. Yuyat vannasına ilıq su
töküb yudu, Ayzikin yerini "rahatladı" - Soyun də,
nə durmusan?
Ayzik tərəddüdlə soyunmağa başladı. Vannaya baxa-baxa
köynəyinin düymələrini açdı.
Cəbiş bir xeyli pambıq gətirib stola qoydu.
Ayzik köynəyinin sonra maykasını da
çıxarıb qapının arxasındakı qarmağa
asdı.
Cəbiş kisəni krantın altında yuyub
sıxdı və gətirib onu da stolun üstünə
atdı.
Ayzik şalvarının kəmərini, düyməsini
açıb, zamokunu aşağı siyirdi, əvvəl
ayaqqabılarını çıxardı, sonra ayağı
yerə dəyməsin deyə ayaqqabılarının
üstünə çıxıb əzərək
corablarını soyundu və şalvarının cibinə
dürtdü.
Şalvarını çıxarıb
maykasının yanından asdı.
Cəbiş pambığın yanına iyirmi-otuz
santımetr uzunluğu olan barmaq yoğunluğunda bir
çubuq da qoydu.
Ayzik məcbur olub ayaqqabısının üstündən
düşüb vannaya yaxınlaşanda Cəbiş
soruşdu ki, sən doğulanda əynində tuman olub? Ayzik utansa da,
çarəsiz qalıb onu da çıxardı və
qalxıb vannada oturdu.
Cəbiş asılqandan önlüyü götürüb
taxdı.
-
Bismillah! Uzan! - dedi.
Ayzik əllərini qabağında
çarpazlaşdıraraq uzandı. Cəbiş onun əllərini
qabağından çəkib böyrünə düz qoydu
ki, elə saxlasın. Suyu buğlanan qazanı sürüyərək
lap yaxına gətirdi və içindəki qulplucanı
doldurub Ayzikin ayağına tökdü.
- İsti deyil?
-
Yaxşıdı.
- Boy,
sabın hanı? - Cəbiş sanki öz-özündən
soruşdu və gözüylə sabunu axtardı. Vannanın ayaq tərəfində yerdəydi. Corabını soyunanda Ayzikin gözünə
sataşmışdı. Cəbiş də tapan kimi əyilib
götürdü, onun əlindəki sabunu görəndə
Ayzik dikəlib oturdu:
- Dayan! O
sabunu mənə vurma. Görmürsən,
üstünə nə qədər tük yapışıb?
- Nə
olsun? Ölü sabunu necə olmalıdı?
- Cəbiş təəccüblə soruşdu.
- Mən
ki, diriyəm. Mənə təmiz sabun gətir.
- Vallah
yoxumdu. - O çiynini çəkdi.
- Mənə
nə? Get al. Məni təmiz sabunla yu.
Cəbiş
əsəbi halda sabunu yerə atdı, sabun
sürüşüb vannadan bir az
aralıda dayandı. Cəbiş dodağının
altında deyinə-deyinə önlüyünün iplərini
arxadan açıb, boyunluğunu başından
çıxardı və divardakı mismara keçirdi.
Uzunboğaz rezin potilərini qapının
ağzında soyunub dabanı əzilmiş çəkmələri
geyinib yuyatdan çıxdı.
Ayzik ölümdən sonra başına gələcək
günü yaşayırdı. Həm də bir peşəkar kloun
kimi belə ölü yuyulmasının əyləncəli ola biləcəyini düşünürdü.
Onu da başa düşürdü ki, bir azdan Cəbiş
gəlib onun bütün deşiklərini o uzun çubuqla
pambıqlayacaq. Odur ki, durub
pambığı götürüb yanına qoydu.
Yoluşdurub barmağının ucunda tampon düzəltdi və
burnunun iki deşiyinə soxdu, tiftiklənmiş ucları dodağının
üstünə sallandı. Yəqin ki, özünü bu vaxt səhnədə
hiss edirdi, çünki ağzını əyərək
qaşlarını qaldırmışdı. Sonra yenə
səliqəsiz tampon düzəldib qulaqlarına soxdu və
pambıqdan qulağının seyvanı görünmədi.
Yerdə qalan pambığı götürüb gah ona, gah
qapıya baxdı, sonra bir az yanakı
dayanıb hamısını arxadan ayaqlarının arasına
dürtüşdürdü. Kənardan baxanda ağ dovşanın
quyruğuna oxşayırdı.
Ayzik özünü çox gülünc vəziyyətdə
hiss edirdi və düşünürdü ki, bu vəziyyəti
səhnədə canlandırmaq olar. Qoy hamı
öləndən sonra başına gələcəkləri
bir də başqa tərəfdən görsün və bir
gün necə gülməli meyit olacağını
düşünsün.
Cəbiş gəlib çıxmırdı, gedəndə
deyinmişdi ki, mağaza uzaqdadı. Tək qalan Ayzik özünə əyləncə axtarır, nəfəsini bəzən
içində nə qədər tuta biləcəyini
yoxlayır, bəzən də qəfildən
"oyanır", guya ətrafına
yığışanlara bağırırb, onları
qorxudurdu.
Ayzik nəfəsini
tutduğu vaxt yuyata bir orta yaşlı kişi
girdi. Pambıqlanmış meyiti vannada görəndə
əmin oldu ki, Cəbiş içəridədi. Bir neçə dəfə ucadan
çağıra-çağıra
yaxınlaşırdı. Təbii ki,
qulaqları tıxanmış Ayzik onun səsini eşitmirdi.
Kişi ürpənə-ürpənə meyitin yanından
keçib otağa açılan qapıya tərəf "Cəbrayıl, ay Cəbrayıl"-
deyib çağıraraq gedəndə Ayzik nəfəsini
buraxıb dikəldi, oturdu və pambıqları
qulağından çıxarıb:
- Cəbiş
sabun almağa gedib- ucadan dedi.
Qəfil
səsi eşidən kişi çevrilib
arxaya baxanda burnunun deşiklərindən, qulağından
pambıq sallanan xortlamışı vannanın ortasında
durub oturan gördü. Səksənib
bağırdı və geri çəkiləndə sabun
ayağının altında qalıb sürüşdü.
O boyda kişinin ayaqları göyə qalxdı və yerə
çırpılanda başı beton səkiyə dəyib
nar kimi paçalandı. Ayzik vannadan yerə
düşüb özünü onun üstünə atdı.
Silkəyib oyatmağa çalışdı.
Əli-üstü, ayaqları qan içindəydi.
Səs-küyə çöldə gözləyən
kişilərdən ikisi içəri girəndə yerdə
qan aparan adamın üstünə əyilən
xortlamışı, onun qara şəvə tüklü
yançaqlarının arasından çıxan bir topa
pambığı görüb əvvəl duruxdular. Ayzik səs eşidib dikəldi və onlara tərəf
çevriləndə burnundan sallanan pambıqlar və qana
bulaşmış əli, ayağı o adamları
sümüklərinə qədər qorxutdu və yəqin ki,
xortlamışın yerdəki kişini yediyini, ya adamın
başını yerə çırpıb
öldürdüyünü düşündülər.
Ayzik hər şeyi unutmuşdu və yuyatın
qapısı ağzında durub bağırır, içəridə
qan aparan adama kömək çağırırdı. Çöldəkilər onu görəndə gətirdikləri
meyiti qoyub qaçdılar. Bir az
keçmiş polislər gəldi. Ayzik
çölə çıxıb onlara yalvarırdı ki,
adama kömək eləsinlər, təcili yardım
çağırsınlar. Yazıq
hansı vəziyyətdə, hansı halda olduğunu tamamən
unutmuşdu. Ayzik tumanını,
maykasını da geyinə bilmədi, polislər onu elə
pambıqlı apardılar.
Bax, belə getdi Ayzikim.
Bir neçə gün ərzində onu heç bir
qohumu həbsdən çıxarda bilmədi. Dedilər ki, adam
öldürdüyünə görə həbs edilib, cinayətkardı.
Mən onunla iki dəfə
görüşdüm və sizə yazdığım kimi hər
şeyi mənə danışdı. Təəssüf
ki, mən köməksiz və çarəsiz
qalmışdım, ərimi haqsızlığın əlindən
ala bilmirdim. Bir
yandan da vizamızın, biletimizin vaxtı bitirdi. Mən məcbur olub ürəyimi Ayzikin yanında
qoyub, atasının goruna söyə-söyə Hamburqa
qayıtdım.
Xəbər
almışam ki, məhkəmə olub, Ayziki adam
öldürdüyünə görə səkkiz il həbs, Cəbrayıla
fırıldaqçılıq etdiyi üçün icbari
üç ay cəza veriblər.
Mən ərimi təlxəklərin arasında qoymaq fikrində deyiləm. Bu dəfə sənədləri özüm hazırlamışam. Dostlardan, bankdan xeyli pul toplamışam. Həftənin axrı Ayzikimin yanına uçuram və onu cin yuvasından alıb geri qaytaracam. Əgər kimsə bu işdə mənə kömək edə bilərsə, ona istədiyi qədər pul verməyə hazıram. Sizin üçün elektron poçtumu qoyuram: amara@gmail.com
Vüsal Nuru
Ədəbiyyat qəzeti.- 2017.- 17
iyun.- S. 8-9.