Əhməd Həmdi bəy və Mirzə
Feyzulla
XX əsr türk ədəbiyyatının böyük şəxsiyyətlərindən olan Əhməd Həmdi Tanpınar (1901-1962) Azərbaycanda son vaxtlar daha çox nasir kimi, romanları ilə xatırlanır. O həm də Türkiyənin böyük ədəbiyyat tarixçisi olub: ilk dəfə 1942-ci ildə nəşr etdirdiyi "XIX əsr türk ədəbiyyatı tarixi" kitabı yeni dövr türk ədəbiyyatının təkamül prosesinin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Azərbaycan ədəbiyyatşünaslığında ayrıca yeri olan akademik Feyzulla Qasımzadə (1898-1976) ömrünü XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinə və öyrədilməsinə həsr etmiş ədəbiyyat tarixçisi və görkəmli pedaqoq olub. "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabını ilk dəfə 1956-cı ildə nəşr etdirib. Bununla belə, Mirzə Feyzulla da Əhməd Həmdi bəy kimi XIX əsr ədəbiyyatı tarixinin yaradılması ilə bağlı araşdırmalara 1930-cu illərdən başlamışdı. "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabı daha sonra 1966 və 1974-cü illərdə təkmilləşdirilərək yenidən nəşr edildi. Son vaxtlar Mirzə Feyzullanın adını gündəliyə gətirən səbəblərdən biri də həmin kitabın 2017-ci ildə müəyyən müdaxilələrlə yenidən ədəbi ictimaiyyətə təqdim edilməsidir... "
XIX əsr türk ədəbiyyatı tarixi" kitabını yazarkən tədqiqat və təhlil metodunu müəyyənləşdirmək baxımından Əhməd Həmdi Tanpınarın seçim imkanları geniş idi. Ən azından böyük nəzəriyyəçi və ədəbiyyat tarixçisi Mehmed Fuad Köprülü (o həm də 1926-cı ildə nəşr etdirdiyi "Azəri ədəbiyyatına dair tədqiqlər" kitabı ilə Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarındandır) 1913- cü ildə çap etdirdiyi "Türk ədəbiyyatı tarixində usul" adlı məqaləsində ədəbiyyat tarixinin yaradılması metodunun nəzəri əsaslarını irəli sürmüş, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra isə "Türk ədəbiyyatı tarixi"ni (1928) yaratmışdı. Yəni Əhməd Həmdi Tanpınara qədər artıq türk ədəbiyyatı tarixçiliyi ciddi nəzəri əsasları və təcrübi nümunələri olan bir elm kimi mövcud idi və Əhməd bəy öz araşdırmalarını milli elmi ənənə üzərində aparmaq imkanında idi... Kommunist partiyasına üzv olmayan Feyzulla Qasımzadənin tədqiqat metodu bütün Sovet məkanı kimi Azərbaycanda da qəbul edilmiş və məhz Azərbaycana məxsus tərzdə anlaşılan "milli" marksist metodologiyaya əsaslanırdı ("milli" sözünü ona görə işlədirəm ki, Sovet dövründə hər cür təzyiqlərə, siyasi repressiyalara baxmayaraq, rus ədəbiyyatşünaslığı daha əhatəli və rəngarəng idi, orada "cızığından çıxma" meyilləri həmişə olmuşdu, bizdə isə 1937-ci ilin repressiyaları rəngarəngliyin üstünə qatı qara pərdə çəkdi).
Mirzə Feyzullanın müstəqil şəkildə təhlil metodu seçmək imkanları xeyli məhdud, düzünü desək, yox idi: Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı tarixini yaratmaq üçün tək bir metodologiyadan söhbət gedə bilərdi. Bu elmi-nəzəri yanaşma onillər boyunca toxunulmaz qalır, lakin onun buyruqları, konkret "ustanovkaları" hakimiyyətdəki insanlar dəyişdikcə müəyyən dəyişikliyə uğrayırdı. Xüsusən, Stalin öləndən sonra - 1950-ci illərin ortalarından başlayaraq ideoloji buxovlar genəldikcə elmi-nəzəri ədəbiyyatla ideologiya arasındakı məsafə də müəyyən həddə qədər böyümüşdü. Bəlkə elə buna görədir ki, Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabının 1974-cü il nəşrində 1956-cı il nəşrinin adını belə çəkməmiş, "Ali məktəb tələbələri üçün tərtib olunan dərsliyin birinci nəşri 1966-cı ildə buraxılmışdır" yazmalı olmuşdu...
Oxuculardan diqqətə almalarını xahiş edirəm ki, bu yazıda işlətdiyimiz "metod" və "metodologiya" sözlərinin fərqli anlayışlar olduğunu bilirik, lakin Azərbaycan sovet ədəbiyyatşünaslıq elmində marksist metodologiya özünün monolit metodunu formalaşdırmış, nə qədər ziddiyyətli də olsa, metodologiya ilə metod bütövləşmiş, fərqli üslublar, yanaşma tərzləriümumi axının içində ərimişdi. Məsələn, müxətəlif müəlliflərin elmi əsərlərindən tərtib olunmuş "Azərbaycan ədəbiyyatı tarixi"nin XIX əsri də ehtiva edən ikinci cildində (Elmlər Akademiyasının nəşriyyatı, 1960) hər hansı üslub müxtəlifliyi, ümumi xorda xaric səslənən səs axtarmaq və ortaya qoymaq çətindir... ` Əhməd Həmdi Tanpınar "XIX əsr türk ədəbiyyatı tarixi"nin ikinci nəşrinə yazdığı ön sözdə müəllifin "metod məsələsində çox seyyal (sərbəst) olduğunu" göstərirdi: "Brünetyerin "növlərin inkişafı" ana fikrinə dayanan metodu ilə, dövr və ya əsr bölümlərini əsas alan olduqca klassikləşmiş ədəbiyyat tarixi metoduna, almanlardan Petersen və Vekslerin, fransızlardan əsərlərini yaxından tanıdığımız Albert Tibodenin nəsillərlə bağlı görüşünə və Tenin zaman və mühit barədə fikirlərinə tez-tez müraciət etmişik.
Bunun səbəbi "XIX əsr türk ədəbiyyatı tarixi"nin necə olursa-olsun bir metod və ya nəzəriyyənin isbatı üçün deyil, cəmiyyətimiz üçün o qədər mühüm olan bir dövrün ədəbiyyat tarixini və bu tarixi əmələ gətirən fərdləri və əsərləri mümkün olduğu qədər dəqiq və doğru şəkildə verə bilmək üçün yazılmış olmasıdır". Feyzulla Qasımzadənin kitabının da başlıca qəyəsi və üstünlüyü diqqəti "cəmiyyət üçün mühüm olan"ın üstünə yönəltməsindədir. Müəllif "XIX əsr Azərbayan ədəbiyyatı tarixi" kitabının 1974- cü il nəşrinin "İlk söz"ündə qeyd edirdi ki, "Kitab ali məktəblər üçün təsdiq olunmuş, hazırda qüvvədə olan dərs proqramı əsasında qurulmuş və qırx ilə yaxın bir müddət ərzində müəllifin ... apardığı pedaqoji və elmi-tədqiqat işlərinin yekunu əsasında yazılmışdır".
Feyzulla Qasımzadə XIX əsrdə realizmin Azərbaycan ədəbiyyatının əsas "yaradıcılıq metodu" və "ədəbi cərəyan" kimi təşəkkül tapmasını təsadüfi hadisə hesab etməyərək bunu "tarixi inkişafın zərurətindən, XIX əsrdə Azərbaycanda yaranmış obyektiv şəraitdən doğulmuş qanunauyğun bir proses" hesab edirdi. Azərbaycan ədəbiyyatşünaslığının realizmin XIX əsr ədəbiyyatında başlıca problem kimi qoymasının başlıca mənbəyi isə rus ədəbiyyatının təcrübəsindən gəlirdi: Sovet ədəbiyyatşünaslığında XIX əsr rus ədəbiyyatı tarixinin əsas nəzəri məsələlərindən biri məhz realizm idi. O başqa məsələ ki, XIX əsrin rus realizmi ilə Azərbaycan realizminə eyni pəncərədən baxmaq qarşıdakı mənzərəni qarışdırır, ciddi elmi təhriflərə yol açırdı.
Feyzulla Qasımzadənin yanaşmasının Əhməd Həmdi Tanpınarın yanaşmasından başlıca fərqi də elə bundadır: Mirzə Feyzulla məsələni konkret nəzəri platforma - "yeni realist demokratik xətt" üzərində həll etməyə çalışırdı və o vaxt Azərbaycan nəzəri ədəbiyyatında "realist xətt" anlayışının elmi əsasları hələ kifayət qədər aydın olmadığına görə bir sıra ciddi suallar ortaya çıxır və cavabsız qalırdı. Məsələn, Lev Tolstoyun realizmini mütləq "rus inqilabının güzgüsü" kontekstində axtaran Azərbaycan ədəbiyyatşünaslığında da Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi sənətkarların yaradıcılıq metodu "inqilabidemokrat yazıçı" qəlibinə salınmışdı. Sualların bəzilərini Azərbaycan ədəbiyyatşünaslığında realizm nəzəriyyəsini ilk elmi təsnifatını aparmış akademik Yaşar Qarayev həll edə bilsə də, xeyli cavabsız suallar hələ də qalmaqdadır. Əhməd Həmdi Tanpınarın "XIX əsr türk ədəbiyyatı tarixi"ndə ana xətt müəllifin tədqiq etdiyi dövrdə türk ədəbiyyatında qərbləşmə meylinin yaranmasının ilkin tarixi şərtlərini açıb göstərməklə bu prosesin təkamülünü araşdırmaq, "qərbləşmə hərəkətini" izləmək idi. Kitabın ilk bölümü də belə adlanır: "Qərbləşmə hərəkətinə ümumi bir baxış". Burada Qərb və Osmanlı-türk mədəniyyətlərinin tarixi təmaslarının üzdə olan faktlarına nəzər salınmaqla yanaşı, o dövrün ədəbi prosesi XVIII-XIX əsrlərdə türk ictimai və mədəni fikir tarixinin daxili tələblərindən irəli gələn zəruri ehtiyaclar ilə əlaqələndirilir. XIX əsrdə türk ədəbi fikrində özünə qapanma elə bir mərhələyə gəlib çatmışdı ki, sürətlə dəyişən, sənaye inqilabı yaşayan dünyadakı proseslərə qoşulmaq üçün ciddi müdaxilə tələb olunurdu. "Həqiqətən, əsrlərcə müəyyən və qəti hüdudların arasında qapalı yaşayan və iç insanın yorğun düşməsindən gələn bir ilham qıtlığı vardı.
Dış aləm və əşya ilə təmasda, gərək insan ruhunu təfsir və izahda həp kəndi kəndisi olaraq qalmaq, bütün yaşayan şeylərin ehtiyacı olan dəyişikliyi sadəcə kəndi mühitində və heç bir xarici təsirlə zənginləşməyən kəndi ünsür və ənənəsində aramaq zərurəti, bütün islam sənətlərində və təfəkküründə olduğu kimi, şeir və fikirhəyatımızı da bir növ, qan azlığına və modaların soysuzlaşmasına götürmüşdü" - Əhməd Həmdi bəy bunu kitabıbının 1942-ci il nəşrində yazmışdı. Buradakı "qan azlığı" metaforası ciddi elmi məna daşıyır: çünki ədəbiyyatın və ədəbiyyat vasitəsilə ictimai fikrin "damarlarına" vurulacaq qan qrupu uyğun gəlməli, damarda dövr edən qanla ona vurulacaq "kənar qan" bir-birini qəbul etməli idi... Qeyd etdiyimiz kimi, bizdə ənənəvi olaraq XIX əsrdə baş verən yeniləşmənin mənbəyi kimi rus ədəbiyyatı götürülür. Məsələn, akademik Məmməd Cəfər üçcildlik "XIX əsr rus ədəbiyyatı" kitabının "Giriş" hissəsində XIX əsrdə Qafqaz və Orta Asiya xalqları ədəbiyyatlarının müasirləşməsində rus ədəbiyyatının "göstərdiyi köməyi" xüsusi qeyd edirdi. "Bu dövrdə həmin xalqların Qərbi Avropa ilə mədəni və ədəbi əlaqələri çox zəif olduğundan, onların ziyalıları Qərbi Avropa mədəniyyəti və ədəbiyyatı ilə də, əsasən, rus ədəbiyyatı, rus mətbuatı vasitəsilə tanış olurdular... Rus ədəbiyyatının özünün xarici ədəbiyyatla əlaqəsində uzun müddət fransız ədəbiyyatı vasitəçi olduğu kimi, Azərbaycan ədəbiyyatının da Qərbi Avropa ədəbiyyatı ilə əlaqəsində uzun müddət rus ədəbiyyatı vasitəçi olmuşdur". Bu mülahizənin ciddiliyinə hörmətlə yanaşaraq bir həqiqətə də göz yummaq mümkün deyil ki, Azərbaycan ədəbiyyatında Qərbə maraq, yaxud qərbləşmə meyli bir sıra hallarda rus dilinin vasitəçiliyindən və "nəzarətindən" kənarda baş verirdi. İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatı üçün yeni hadisə olan "Rəşid bəy və Səadət xanım"ı Rusiyadan kənarda fransızca nəşr etdirmişdi və müəllifin "Asiya hekayəsi" adlandırdığı bu əsər firəng dilində danışan Avropa oxucuları üçün nəzərdə tutulmuşdu. Mirzə Şəfinin adı Avropaya alman dili vasitəsilə təqdim olunmuşdu, rus dili mühitinə isə alman dilinin vasitəçiliyi ilə daxil olmuşdu. Mirzə Fətəli Axundzadə dram və teatr sənətinin estetik qanunları və təcrübəsi ilə rus dili vasitəsilə tanış olsa da, Molyerin yaradıcılığına daha böyük simpatiya göstərir, Qərbin filosofları ilə dialoq qurmağa, onların fəlsəfi görüşlərini şərh etməyə cəhd göstərirdi...
Mirzə Feyzullanın kitabında XIX əsrdə məhz "qan azlığı" hiss edərək yeniləşmə zərurəti yaşayan Azərbaycan ədəbiyyatında baş verən proseslərə Osmanlıda müşahidə olunan qərbləşmə prosesindən təcrid edilmiş halda baxırdı. Bunun arxasında təkcə elmi mülahizənin dayandığını söyləmək çətindir: 1937-ci ilin repressiya qurbanlarına, xüsusən də Bəkir Çobanzadə, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim kimi ədəbiyyatşünaslara qarşı irəli sürülən ittihamlardan biri də pantürkizm - Osmanlı-Türkiyə tərəfkeşliyi ilə bağlı idi. Osmanlı ədəbiyyatına və dilinə hər hansı maraq, rəğbət insanlara qanı bahasına başa gəlirdi... Əhməd Həmdi bəy də XIX türk ədəbiyyatı tarixindən bəhs edərkən coğrafi sərhədləri pozmur, Osmanlının hüdudları daxilində baş verən fakt və hadisələrin şərhi ilə kifayətlənir. Burada siyasi motiv olmadığını düşünmək sadəlövhlük olardı. Ən azından Sovet ideoloji sistemi, eləcə də onun tərkib hissəsi olan Azərbaycan ədəbi elitası Türkiyə tərəfə aqressivlik göstərirdi.
1920-ci illərdə SSRİ Elmlər Akademiyasına üzv qəbul edilmiş Mehmet Fuad Köprülü 1948-ci ildə bu addan məhrum edilmişdi. Azərbaycan alimləri tərəfindən ədəbiyyat tariximizin yaranmasında müstəsna xidmətləri olmuş Mehmet Fuad Köprülü, Əhməd Cəfəroğlu, İsmayıl Hikmət kimi elm adamlarına qarşı sifarişli qarayaxma, gözdənsalma kampaniyaları aparılırdı. Görünür, Əhməd Həmdi bəy öz adını belə bir "qara siyahı"da görmək istəmirdi. Ancaq fakt faktlığında qalır: XIX əsrdə Osmanlıda və Azərbaycanda, eyni deməyə tərəddüd etsək də, oxşar proseslər gedirdi və ədəbiyyat tarixini tədqiq edərkən bu proseslərə coğrafi sərhəd çəkmək çətindir. Məsələn, XIX əsrdə ortaya çıxmış ərəb əlifbasının islahatı məsələsini Azərbaycanda birmənalı olaraq Mirzə Fətəli Axundzadənin adı ilə bağlayırıq. Ancaq bu məsələni tarix özü yetişdirmişdi. Mirzə Feyzullanın ironiya ilə qeyd etdiyi kimi M.F.Axundzadənin əlifba layihəsi (bu, ərəb əlifbası əsasında hazırlanmış layihə idi) Osmanlı sarayında rəğbətlə qarşılanmış, hətta ona "Məcidiyyə ordeni" təqdim edilmişdi.
Orxan Pamuk "İstanbul: xatirələr və şəhər" əsərində (burada Əhməd Həmdi Tanpınara da istinadlar var) qeyd edir ki, "...Melling ile (İstanbulda fəaliyyət göstərən alman memarı olub - M.O.) Hatice Sultan (III Sultan Səlimin bacısı) küçük bir entelektüel keşif yapmış ve birbirlerine yazdıkları mektuplarda Atatürkün 1928-ci ildeki "Alfabe devrimi"nden yüz otuz yıl önce türkçeyi latin alfabesiyle yazmaya başlamışlardı"...Yenə XIX əsrdə qazax maarifçisi İbray Altınsarin əlifba məsələsində nəzəriyyədən təcrübəyə ciddi bir addım ataraq tarixi xeyli qabaqlamışdı: 1879-cu ildə nəşr etdirdiyi "Qırğız ədəbiyyatı müntəxəbatı"nı ərəb əlifbası ilə deyil, kiril əlifbası ilə yaratmışdı. Bu faktların təsadüfi uyğunluq olduğunu güman etmək çətindir: tarix dövrün açıqfikirli insanlarına öz sifarişlərini verirdi...
XIX əsrdə dramaturgiyanın Azərbaycanda və Osmanlıda eyni onillikdə - 1850-ci illərdə yaranması da qanunauyğunluqdan kənarda baş verməmişdi. Azərbaycanda və Osmanlıda milli teatrın yaranma tarixi də təxminən eyni onilliyə düşür... Bu məsələlərə nə Əhməd Həmdi bəyin, nə də Mirzə Feyzullanın dəyərli ədəbiyyat tarixi kitablarında əhəmiyyət və yer verilməyib. Yəqin dövrün tələbi belə olmuşdu. Mənə elə gəlir ki, ədəbi fikrin təmayülündəki bütövlüyə indi əhəmiyyət verilməlidir. Əhməd Həmdi bəyin və Mirzə Feyzullanın kitablarının əhatə dairəsindən kənarda olan növbəti mərhələdə həm Türkiyə, həm də Osmanlı ədəbiyyatının müəyyən qolları qovuşaraq bir məcraya gəldi. Hüseyn Cavidin, Məhəmməd Hadinin, Abdulla Şaiqin yaradıcılığının başlanğıcını Namiq Kamaldan, Tofiq Fikrətdən, Ziya Paşadan kənarda təsəvvür etmək mümkün olmadığı kimi, yeni türk ədəbiyyatının bütöv mənzərəsini də Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən ayrı təsvir və təsəvvür etmək mümkün deyildir. İndi həm Azərbaycanda, həm də Türkiyədə ədəbiyyat tarixçiliyinin öz əhatə dairəsinə yenidən baxmasına, Mehmet Fuad Köprülü ənənələrinə dönməsinə ciddi ehtiyacı olduğunu düşünürəm. Burada söhbət "ortaq ədəbiyyat tarixi" yaratmaqdan deyil, bütöv ədəbiyyat tarixi yaratmaqdan gedir.
P.S. Türkiyənin və Azərbaycanın
ədəbiyyat tarixçilərinin (buraya
Türkmənistan mütəxəssislərini də cəlb
etmək olar və lazımdır) vahid elmi platforma
üzərində birgə həll etməli olduqları ən
ciddi problemlərdən biri
də Səlcuqlar imperiyası mədəniyyətinin milli mənsubiyyətinin müyyənləşdirilməsi
və bütöv yanaşma
formalaşdırılmasıdır. Hazırda Türkiyədə
Səlcuqlar imperiyası dövründə yaranmış farsdilli ədəbiyyat abidələrindən
birmənalı imtina etmək, bu abidələri fars mədəniyyətinin
ayağına yazmaq tendensiyası hökm sürür. Azərbaycan
filoloqlarının sırf coğrafi
arqumentlərə əsaslanan milli ədəbiyyat
tarixi konsepsiyasını isə artıq öz ölkəmizin sərhədlərindən
kənarda tanıyan və qəbul edən yoxdur.
Hətta bizə ən yaxın qohum olan Türkiyədə və Türkmənistanda
da
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 17
iyun.- S.6-7.