Gültən Akın

 

Görkəmli türk şairi Gültən Akın 1933-cü ildə Yozqatda anadan olub. İlk şeirini on dörd yaşında ikən yazıb. 1951-ci ildən etibarən yazıları "Hisar", "Varlıq", "Yeddi təpə", "Türk dili", "Mülkiyyə" kimi dərgilərdə işıq üzü görüb və ədəbiyyatsevərlərin rəğbətini qazanıb.

Gültən Akın 1955-ci ildə Ankara Universitetinin hüquq fakültəsini bitirib. "Rüzgar saatı" (1956), "Kəsdim qara saçlarımı" (1960), "Göldə" (1964), "Qırmızı qərənfil" (1971), "Maraşın və Ökkeşin dastanı" (1972), "Ağılar və türkülər" (1976), "Seyrangah" (1979), "İlahilər" (1983), "Sevgi əbədidir" (1991), "Sonra, budur, yaşlandım" (1995), "Səssiz arxa bağlar" (1998), "Uzaq bir sahildə" (2003) kimi şeir kitablarının müəllifidir.

Gültən Akının şeirləri müxtəlif qrumlar tərəfindən on dəfə mükafata layiq görülüb.

 

AĞI

 

İlk dəfə bu səhər

baxdım,

       baxdım,

                          göyü görmədim.

İlk dəfə bu səhər

baxdım,

       baxdım,

            ərik çiçəklərini

                                      görmədim.

İlk dəfə bu səhər

hüzn qonaq kimi yox,

evimin yiyəsi,

evimin ağası kimi gəldi.

Şahinimi uçurdum,

                             geri dönmədi,

cüyürümü səslədim,

                         suya enmədi -

yandım,

     yandım, kül oldum, dağlar.

 Mavrılı, ərikli

                        qapılar kilidləndi,

daş həyətlər susdu,

mən susdum...

İlk dəfə gözlədim ölümü,

            bir dost gözlər kimi -

yandım,

      yandım, kül oldum, dağlar.

Mənim acım

                            acıların-acısı -

havalı at kimi

     dördnala gəlir üstümə,

ot yox, ümid yeyir, ümid,

suyunu gözümdən içir...

 İlk dəfə bu səhər

baxdım,

       baxdım,

                             göyü görmədim.

İlk dəfə bu səhər

baxdım,

       baxdım,

            ərik çiçəklərini

                                         görmədim.

İlk dəfə bu səhər

yandım,

     yandım, kül oldum, dağlar.

 

 

GƏL, ARTIQ...

 

İnsan

     tək-tənha olunca,

otaq

böyüyür, böyüyür, böyüyür -

bir görürsən ki, qəribsən

evinin içində,

masanın arxasında,

pəncərənin önündə,

çiçəklərinin yanında,

illah da ki,

                aynanın önündə...

Sevdiyin

       yaxında olur -

              yaxını dərk edirsən,

uzaqda olur -

               uzağı dərk edirsən...

Səhəri

     əski bir quş yuvasında

                                      açdım -

külək əsdi - üşüdüm,

yağış yağdı - islandım,

amma bəyəndim,

        içinə adımı yazdım,

                                   mənimdi deyə...

Gün uzun türküsünü

                                    bitirdi,

Qaranlıq qondu

                   qarlı budaqlara,

Yalnızlıq

         dözülməz olur

                  belə vaxtlarda,

dəliyə döndü

            dənizdə yosun,

                          çayda balıq,

gəl artıq...

 

EŞQ

 

Mənə

     yaşadığın şəhərdən

                                bir şey yolla dedim,

qum yolladın, qum,

amma rüzgar keçirdi ürəyimdən...

Necə əsir

         yaşadığın yeri rüzgarları:

xəfif - xəfifmi,

dəli-dəlimi,

məsələn,

bir xışımla

yer üzünü göy üzünə qaldıra,

göy üzünü yer üzünə

                         endirə bilərmi?..

Mənə

     yaşadığın şəhərdən

                         bir şey yolla dedim,

qum rüzgar yolladın,

qum rüzgar...

... kor oldum...

... kor oldum...

... kor oldum...

 

QİYAMƏT

 

Məktublarını yandırdım,

sevgi dolu

     sözcüklərini,

sevgi dolu

     öpücüklərini yandırdım -

kül rənginə döndü qəlbin,

kül rənginə döndü dodaqların...

 Zərfin üstündə

      bir ünvan vardı,

                                      yandırdım,

bir az dünyanı,

                                   yəni hər şeyi

                   yandırmaq kimi oldu...

 

Qurduğumuz xəyalları,

çəkdiyimiz həsrətləri

                                         yandırdım,

bir yuxu görmüşdük -

                                        yandırdım...

Rəsmlərini yandırdım,

heç olmasa,

     birini saxlayım, dedim,

amma ən çox onu yandırdım,

ən çox onu yandırdım...

Qış səmasını yandırdım,

eyvanda

     bir qovaq böyütmüşdüm,

                                            yandırdım;

onlar yandıqca, mən üşüdüm,

onlar yandıqca, mən üşüdüm,

onlar yandıqca, mən üşüdüm...

Birdən qiyamət

                        qopdu bayırda -

        qiyaməti yandırdım!

Çıxartdım

            məktublarını,

                           rəsmlərini

gizlətdiyim yerdən -

                                    atdım alova!

Yandırdım,

          sevgimi yandırdım,

altını üfürə-üfürə,

üstünə göz yaşı

                                       tökə-tökə...

 

QƏLBİMƏ DAMANLAR

 

Bir gün,

ümid etmədiyim,

     güvənmədiyim bir gün

ilanabənzər o qatar

alacaq səni məndən.

Bəlkə

   nələri apardığını

      heç düşünməyəcəksən,

Bəlkə dönəcəksən,

               bəxt ulduzumuz

          söyüd ağacının

                budaqlarına düşərkən,

ya da

   ilk mahmur gülü açarkən...

Bəlkə heç gəlməyəcəksən,

   məni gözləyəcəksən, məni...

var

     bu dünyada

        itirib tapmaqdan gözəl?

Demək asandır,

                                   yanır içim,

səhrada yol gedən

                        qərib yolçu kimiyəm,

bulaq ol,

                        çıx qarşıma,

səni ovuc-ovuc yox,

                   damla-damla içəcəyəm...

 

YAĞIŞ

 

Yağış yağır -

sanki

     sisdə islanmış

                                   bir bala sərçə

hüznü

                  bir qırağından

                           tutub qandırmışdır.

Yağış yağır -

        son yaz dedikləri

                              son ocaq sönmüş,

qərib,

     qürbət ellərə

                        yola düşən

                                   bir qərib

sanki

hüznü

                  bir qırağından

                          tutub qaldırmışdır.

Yağış yağır -

payız gəlmiş,

                               oyun bitmiş,

sanki

   həsrət ağlımı

       bir qırağından

                           tutub qaldırmışdır...

 

* * *

 

Qaranlıq düşdümü, gəlirsən,

pəncərəmin

                        düz qabağında

                                         dayanırsan,

qəribliyin

əllə tutulacaq qədər yaxın...

 Kağızdan

                        çiçəklər düzəldirsən, -

indiyə qədər

görmədiyim rənglər, naxışlar,

dünya daha gözəl olur,

yaz

    bir quş kimi

                        qonur pəncərəmə...

Elə bu vaxt

qəfildən

əllərin örtür gözümü -

hər şey

pozulur, pozulur, pozulur...

 

Qaranlıq düşdümü, gəlirsən,

əlində

                 bəxt aynasının

                                   min bir yalanı:

harasına baxsan -

qüssə,

kədər,

ölüm...

 

DƏLİ QIZIN TÜRKÜSÜ

 

Sənə

    böyük caddələrin

                             birində rast gəlsəm,

əlimi uzatsam,

                                   əlindən tutsam,

gözlərinə baxsam, gözlərinə,

kirimişcə,

     bir kəlmə belə danışmadan, -

hər şeyi anlasan...

Əlimi uzatsam,

                         əlindən tuta bilməsəm,

sevgimi,

yalnızlığımı düşünsəm,

                               yox, düşünməsəm,

Sənin heç xəbərin olmasın...

Xəbərin hardan olacaq ki...

Öz-özünə başlar,

öz-özünə bitər bu türkü.

Yağış yağar,

                             akasiyalar islanar,

buludlar uçuşar gecə vaxtı...

Mən - yağış dəlisi,

mən - bulud dəlisi...

Bir böyük oyundu

                              yaşamaq dediyin,

məni ya sevməli,

                                   ya öldürməli...

İtirməli,

       böyük yolların birində,

                                   varsa,

yenidən başlamalı hər şeyə,

      yenidən,

            bu Allahsız,

            bu yağış oymaz qaranlıqda

            yan ürəyim, yan,

            getdi gedən...

 

ELAT TÜRKÜSÜ

 

            Sis qalxdımı

                  İsgəndər dağının başından,

            Göründümü

                             Dranazın qarı,

            Demək ki, bahardı -

                                     haydı yaylağa,

            Qışlağımız bəlli,

                                    yaylağımız bəlli:

            Mahmur gülünü

                    Ərdahan yamaclarından,

            Nərgizi Sinopdan,

            Vanda yığmışdıq sarı çiçəyi,

Portağal ətri

              Qumlucadan gəlir -

bizim qışlağımız bəlli,

                             yaylağımız bəlli.

            Salam olsun

                        bizdən əvvəl

                               burdan keçənlərə,

            Salam olsun

                        yar yoldaşa,

                                    çilə çəkənlərə,

            Salam olsun

                        tab gətirənlərə,

                                    diz çökənlərə...

            Baxma

                        deyib gülməyimə,

                                   ürəyim ürəkdir,

            ağlar-sızlar

            çilə çəkənlərə,

            diz çökənlərə...

            Sis qalxdımı

                  İsgəndər dağının başından,

            Göründümü

                             Dranazın qarı,

            Demək ki, bahardı -

                                        haydı yaylağa.

 

ANASI İŞLƏYƏN KİÇİK QIZIN TÜRKÜSÜ

 

Atdım,

     rəngli karandaşlarımın

                                               çoxunu atdım,

yalnızlığımı

    çəkmək üçün

                    qaradan başqa

                hansını saxlaya bilərdim ki...

Qırıq masanı,

uçuq-sökük tavanı,

süzülüb getmiş xalını da eləcə...

Pəncərəmi

                     bəyənmir quşlar,

soldu bənizi nərgizlərimin,

üç daraq

                          daramaz saçlarımı -

mən səhərdən-axşama

işləyən bir qadının uşağıyam...

Yolların kənarında

yaydan qalan

rəngli rəsmlərin üstünü

yavaş-yavaş qar örtür.

Susuram.

Bir sevinc yox ki,

                                      dilimi açsın.

Divarın dibində

                              pişiklər boğuşur.

Bir azdan

       bağlarda

                          çirkli xrizantemalar

                                     açacaq...

Anam,

    anam nə vaxt gələcək işdən?

 

GÜLƏRKƏN ÜZÜN

 

Gülərkən üzün

aram olmayan bir göyərçin səsi,

için-için böyüyən çəmən,

lunapark, bayram yeri

alışdıqlarımızdan başqa

                            hər şey gəlir ağlıma.

Gülərkən üzün

         yox olur keçmiş,

səndə

      qədər

                            sabah,

                  sabah,

                                     sabah varmış!

Gülərkən üzün

     sanki çarmıxını qırırsan,

              alnına düşür gecənin haləsi...

Gülərkən üzün...

Bunu elə istəyirəm ki...

İstəyirəm ki,

ağlımda

                   belə qalasan!

 

SƏNİ SEVDİM

 

Mən səni sevdim,

                                       amma necə?

            Üsul-üsul, damla-damla.

Mən səni sevdim,

                                       amma necə?

Kökün ucundan

     ağacın ucundakı tumurcuğa

                                    axan su kimi.

Mən səni sevdim,

                                       amma necə?

Gün işığının

      sislərin arasından

                        yuxulu ovalara

                                   yayıldığı kimi.

Mən səni sevdim,

                                       amma necə?

Gündüz xəyal,

                        gecə röya kimi.

Mən səni sevdim,

                                       amma necə?

Anlamadınmı?..

 

ÇƏRPƏLƏNG

 

Mən

bir çərpələngəm -

qalxdım,

                        qalxdım,

                        buludlardan yuxarı,

                        ulduzlardan yuxarı,

göy qübbəsinə dəydi üzüm,

amma

enə bilmirəm yer üzünə -

ipim sənin əlindədi,

ipim sənin əlindədi,

ipim sənin əlindədi...

 

AYRILANLAR GƏMİSİ

 

Bu

   ən xoşbəxt günləridir

                                   ayrılığımızın,

Yanaşmadan

                        həsrətin limanlarına,

Bir uzun sürə içində

                               özümüz özümüzünük,

Çağırma,

            uzansın ayrılığın saçları...

 

ALDANMAQ

 

Vay, Gültən Akın,

Vay, Gültən Akın,

Mən səndə aldandım,

Mən səndə aldandım...

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 17 iyun.- S.16-17.