Aktyor təzimə vicdanla getməlidi...

 

“Dördüncü divar” layihəsinin bugünkü qonağı Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqü Hüseynovdur

 

Aktyor ən kiçik rolu ilə belə tamaşaçının yadında qalırsa, deməli onu izləməyə dəyər. Şövqü Hüseynovu ilk dəfə 1999-cu ildə "Məhv olmuş gündəliklər" televiziya tamaşasında görmüşdüm. O gündən bu günə həmin aktyorun adı keçən mənbələrə mütləq şəkildə diqqət kəsilmişəm. İnanmışam ki, Şövqü Hüseynov adı olan yerdə istedad və peşəkarlıq yanaşı addımlayır.

 

- Şövqü bəy, sizin haqqınızda istedadlı aktyordu deyirlər. Bəs sizin fikrinizcə, aktyor üçün tək istedad kifayət edirmi?

- İstedad mənim aləmimdə nisbi anlayışdı. Bir az banal səslənsə də hər bir insanda müəyyən dərəcədə istedad vardır. Çünki Allah-taala insanı kamil yaradır. Bəzən deyirlər ki, filan insan anadan aktyor doğulub. Bu belə deyil. Heç kim hansısa peşə üzrə doğulmur axı. Zamanla yavaş-yavaş insanın içindəki istedad üzə çıxdıqca onun gələcəkdə məşğul olacağı peşə də müəyyənləşir. Aktyorluq da həmin peşələrdən biridir. Sadəcə, sənət seçimində bizim bəxtimiz bəzən gətirir, bəzən isə gətirmir. Əgər yaxşı ustadla qarşılaşırıqsa, bizim istedadımız cilalanıb normal vəziyyətə gətirilir. Bu baxımdan mən hesab edirəm ki, insanın istedadı olan sahə üzrə aldığı təhsil və ustadın yaxşı olması vacib şərtdir.

Konkret mənim özümə gəldikdə isə məndə sənətə bağlanış təhtəlşüur baş verdi. Mən bir də ayıldım ki, teatrsız yaşamaq mənim üçün artıq mümkün deyil. Tələbəliyə qədər olan dövrlərdə mənə qəribə gəlirdi ki, necə olur insanlar aktyorluq sənətini seçmirlər, gedib mühəndis və ya digər peşələrə yiyələnirlər? Yəni akyorluq sənətinə belə münasibət bəsləyirdim. Sonradan da elə oldu ki, ustad əlinə düşdüm. Elə doğulduğum Cəlilabad rayonunda neçə illərdi sənətə təmənnasız xidmət göstərən Buludxan Buludov adlı müəllimim mənimlə məşğul oldu. O, bizə bu sənəti akademik səviyyədə öyrətmirdi. Sadəcə olaraq o, mənə və bir neçə başqa yoldaşlara aktyorluq sənətinə məhəbbətlə yanaşmağı, sevməyi öyrətdi. Sonra da bəxtimiz gətirdi biz Cənnət Səlimova kimi ustadla qarşılaşdıq. Və Cənnət xanım bizə bu sənətin akademik tərəflərini də öyrədərək sənətə olan sevgimizi daha da gücləndirdi.

- Müsahibələrinizin birində belə fikir səsləndirirsiniz ki, "bu gün tamaşaçı teatra gəlmirsə, bunun günahı aktyordadı". Axı tamaşa kollektiv işin məhsuludur. Niyə bütün yükü aktyora yükləyirsiniz?

- Bilirsiniz, tamaşaçı ilə üz-üzə qalan aktyordu. Bəzən rejissor tamaşaçının taleyi ilə də maraqlanmır. Rejissor işini görür, primyeralarda iştirak edir, səhnə arxasında olur və gedir. Ekzüperinin "Kiçik şəhzadə" əsərində belə bir fikir var: "Sən əhilləşdirdiyin hər bir şeyin həmişə cavabdehisən." Yəni tamaşada  rejissorun ərsəyə gətirdiyi bir işdir. Amma yenə deyirəm, tamaşaçı ilə üzbəüz rejissor yox, aktyor qalır.  Rejissor ortaya yaxşı, ortabab hətta pis iş qoya bilər. Tamaşaçı deməyəcək ki, rejissor pisdir. Çünki ona görünən aktyordu. Burda təbii ki, adi tamaşaçıdan söhbət gedir, teatrşünasdan yox. Teatrşünas aydın məsələdir ki, tamaşaya baxanda aktyorun və rejissorun işinin nə səviyyədə olduğunu müəyyənləşdirir. Mən adi tamaşaçıdan bəhs edirəm və mənim tamaşaçım da həmin o, adi tamaşaçıdır. Yəni qohum-əqrəba, dost-tanışdan da önəmli məni tanımayan tamaşaçıdır. Çünki o, bileti alıb gəlib tamaşaya baxır, əgər tamaşa xoşuna gəlmirsə, çıxıb gedəcək. Amma dost-tanış, qohum tamaşa yaxşı olmasa belə, etika xatirinə sona qədər oturacaq, hətta tərifləyəcək də...

Bu səbəbdən həmişə demişəm və deyəcəm də əgər tamaşaçı tamaşa zamanı zalı tərk edib gedirsə, bunun yeganə günahkarı aktyordu. Aktyor işinə o qədər vicdanla yanaşmalıdı ki, tamaşaçı zalı tərk etməsin. Aktyor təzimə vicdanla getməlidir.

Bizim sənətimiz canlı sənətdir. Bəzən alınır, bəzən alınmır. Sizə deyim, hər dəfə də alınmır. Çünki əhval-ruhiyyə, tamaşaçıdan gələn enerji, tamaşanın, səhnənin  ümumi atmosferi var. Bütün bunların hansısa birində çatışmazlıq olanda bəzən alınmır. Həmin o alınmayan məqamlarda sizi inandırıram ki, mən səhnəyə təzimə çıxmağa utanıram.

- Yəni alınmayan məqamlar olanda siz özünüz bunu hiss edirsiniz?

- Əlbəttə, hiss edirik. Özünü idarə etmə məsələsi var də. İndi əsasən gənc aktyorların çox deyir ki, mənim özünü idarəetməm yoxdur. Heç bir həyəcan, gərginlik hissi keçirmirəm. Bu, təbii ki, inandırıcı deyil. Mən artıq professional olaraq otuz ildir ki, aktyor sənəti ilə məşğulam. Yəni həyəcansız, ürək ağrısız səhnəyə çıxmaq, səhnədən ayrılmaq mümkün deyil. Ola bilər kimsə bunu bacarır. Nə xoş bunun bacaranın halına... Amma mən öz adıma deyirəm ki,  tamaşa alınmayanda otaqdan çıxmağa, hətta güzgüyə baxmağa belə utanıram. Amma aktyor var ki, tamaşa alınmasa belə, bunu normal qarşılayır. Bəlkə bu da normal xüsusiyyətdir. Bilmirəm. Ancaq hesab edirəm ki, həyəcan, gərginlik hər zaman aktyorla birgə olmalıdır. Yəni texniki baxımdan söhbət getmir. Ümumiyyətlə, demək istəyirəm ki, aktyor yüz faiz obraza çevrilə bilməz. Nə olur olsun o, aktyordu, obraz deyil. Hara fırlanır-fırlansın, obraz insandan yaranıb ortalığa çıxır.

- Bayaq qeyd etdiniz ki, bəxtiniz həm də onda gətirdi ki, Cənnət Səlimovanın tələbəsi oldunuz. Cənnət Səlimovanın tələbəsi olmaq sizin üçün çətin olmadı?

- Çox çətin oldu. Əvvəla, dil baxımından xeyli çətinliklərim olurdu. Çünki mən rayondan Bakıya gələndə rus dilini bilmirdim. Amma bilirsiniz bizim sənətin başqa tərəfləri də var. Aktyorluq həm də dili olmayan bir sənət növüdür. 1997-ci ildən, yəni Kamera teatrından üzü bəri bu günə qədər biz daima festivallarda oluruq. Köhnə sovet ittifaqının, Orta Asiyanın elə bir şəhəri yoxdur ki, bizim teatr orda tamaşa göstərməsin. Daima festivallarda iştirak edirik. Həmişə də Turizm Nazirliyi bizə bu məsələ ilə bağlı dəstək olur. Və çox vaxt da festivallar bizim iştirakımızda özləri maraqlı olur. Tamaşanın bütün xərcini öz üzərinə götürərək təklif edir ki, biz gedib o festivalda iştiak edək. Elə bu yaxınlarda İvanovka vilayətinin Kineşma şəhərində keçirilən "Hərarətli ürək" klassik rus dramaturgiyası III Beynəlxalq teatr festivalında iştirak etdilk. Ostrovski adına Kineşma Dram Teatrında bizim öz dilimizdə Qoqolun "Bir dəlinin qeydləri" monotamaşasında çıxış etdim və "ən yaxşı kişi ifaçısı" nominasiyasına layiq görüldüm. Həmin festivalda iştirakımızın bütün xərclərini festival öz üzərinə götürmüşdü. Bu il belə festivalların dəvəti ilə iştirak edəcəyimiz bir neçə festival da var.

Yəni demək istədiyim odur ki, bu gün əldə etdiyimiz uğurlar illərlə qazandığım zəhmətin heabınadır.

Cənnət xanımla işləmək  isə həddindən artıq şəxsən mənim üçün çox çətin idi. Amma bu çətinliyin özündə də bir həzz, ləzzət, öyrənmək yanğısı vardı. Çünki Cənnət xanım bizimlə dərs prosesini elə qururdu ki, mən hazırlıqsız gəlməyə utanırdım ki, birdən o, mənə deyər filan tapşırığı niyə yerinə yetirməmisən?

Çox güman ki, bu müsahibəni dostlarım da oxuyacaq və onların oxuması imkan verməz ki, mən yalan danışım. O vaxtları səhər saat yeddidən axşam saat on ikiyə qədər hər gün bizim dərslərimiz və məşqlərimiz olurdu. Yəni aktyor dostlarım da bunu təsdiq edərlər. Axşam saat doqquzda qızları yola salırdıq ki, çox gecəyə düşməsinlər. Onlardan sonra isə biz davam edirdik. Gecə saat on ikidə bizim akrobatika dərsimiz sona çatırdı. Biz uzun illər bu sistemlə çalışdıq. Və sizə deyim ki, həmin günlər mənim həyatımın ən xöşbəxt günləri idi.

Mən uzun illər tək yaşamışam. Gecələr evə gedəndə bir narahatlığım olurdu ki, birdən hansısa başqa işə gedərəm. Aktyorluqdan yayınaram. Bu səbəbdən də gecələr evdə ya kitab oxuyurdum, ya da ki, pyeslərdən yadımda qalan personajların maketlərini düzəldirdim. İndi onların bəziləri qalıb. Baxanda gülməyim tutur. Amma o zaman mən onları gətirib Cənnət xanıma göstərəndə elə tərifləyirdi ki, öz-özümə qürrələnirdim.

Yəni Cənnət xanımın tələbəsi olduğum o dövrlər mənim üçün çox əzizdi. Həmin təhsil, müəllim-şagird münasibəti bu gün də davam etməkdədir.

- Mən sizi “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad rolunda daha sonra isə "Dərvişin qeydləri" filmində karvansaraçı obrazında gördüm. Və belə qənaətə gəldim ki, siz bizim klassik əsərlərimizdəki obrazları çox gözəl ifa edirsiniz. Tamaşaçının sizin haqqınızda belə düşünməsi ampula baxımından sizdə bir narahatlıq yaratmır?

- Bilirsiniz, hər halda aktyor klassik əsərlərlə yetişir. Mən inanmıram ki müasir dramaturgiya ilə aktyor yetişsin. Baxmayaraq ki, istər bizdə, istər dünyada bu gün müasir dramaturgiyanın yaxşı nümunələri var. Amma hər halda məktəb olaraq aktyor klassika məktəbini keçməlidir. Şekspirin, Çexovun, Qoqolun, Ostrovskinin, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin və digər klassiklərin əsərlərindəki obrazları ifa etmək vacib şərtdi.

Siz qeyd etdiyiniz obrazların mənim sayəmdə uğurlu alınması da məni narahat etmir, əksinə, xoşdur. Çünki bayaq dediyim kimi, o obrazdakı insan ən nəhayətdə mənəm. Ola bilər ki, bu gün Məşədi İbadam, sabah III Riçard, o biri gün Şeyx Sənan.

- Ölkəmizdə teatrın yaranmasının çox keşməkeşli tarixi var. Xüsusən də qadın aktrisaların yetişməsi xeyli çətin proses olub. Bu gün sizin həyat yoldaşınız da aktrisadır. Təbii ki, sənətlə bağlı fikir mübadilələriniz, iş prosesiniz olur. Bəs aktyorluq baxımından hansısa qadağalarınız var?

- Hər halda elə bir vəziyyət yaranmayıb ki, hansısa qadağalar olsun. Yəni bunu səmimi olaraq şişirtmədən deyirəm. Yəni yaşam tərzi kifayət edir ki, hərə öz mövqeyini müəyyənləşdirsin. Misal üçün ailədə uşaq deyilənlə yox, gördüyü ilə tərbiyə olunur. Yəni valideyn özü başqa həyat tərzi yaşayıb uşağına başqa cür tərbiyə verirsə, bu, baş tutan iş deyil. Çünki uşaq hər şeyi görür. Bizim ailədə həyat yoldaşımla sənətlə bağlı  münasibətimiz də bu cürdü. Mənim sənətə olan münasibətimi, yanaşma tərzimi bildiyi üçün ailə qurandan sonra da mənim sənəti hansı tərəfdən qəbul etməyimdən də tam formada xəbərdardı. Yəni sənət baxımından nə olar, nə olmaz bu, artıq bəllidir. Amma yenə də deyirəm, hələ konkret bir qadağa olmayıb ki, bunu səhnədə etmə! Çünki Şəbnəm xanımın da müəllimi Cənnət Səlimovadır. Yəni biz ikimiz də eyni məktəbin nümayəndəsiyik.

- Aktyorluq həm də göstərmə sənətidir. Yəni fərz edək ki, aktyor obraza uyğun olaraq açıq-saçıq səhnələrdən birində iştirak etməlidir. Buna necə qadağa qoymaq olar?

- Mən sizi əmin edirəm ki, açıq-saçıq səhnələrsiz də mümkündür. Onlar əsasən köməksiz insanların istifadə etdiyi variantlardı. Təsəvvür edin ki, "Otello" tamaşasında Otello və Dezdemona əl-ələ tutmadan həmin rolları ifa edib "Qran pri" mükafatını qazanmaq olar. Bizim aldığımız təhsildə də belə olub. Misal üçün Cənnət xanım tamaşa vaxtı hətta aktyorlara yanaqdan öpməyə belə icazə vermirdi. Bu o demək deyil ki, Cənnət xanım belə şeylərə pis baxır. Xeyr. Sadəcə olaraq onlarsız da tamaşada ifa etmək mümkündür. Özüm üçün deyə bilərəm ki, filmdə məcbur olub belə səhnələrdə iştirak etmişəm. Amma səhnədə on səkkiz plus tamaşaları qəbul etmirəm.

- Şövqü bəy, Stanislavski deyirdi ki, "aktyor Otello rolunu ifa edərkən fikirləşməməlidir ki, mən Otelloyam, belə etməliyəm, bu cür danışmalıyam və s. Aktyor fikirləşməlidir ki, mən Otellonun yerində olsam, Dezdemonanı sevsəm, qısqansam, nə edərdim?" Sizin rol üzərində iş prosesiniz necə baş verir?

- Mənim rol üzərində işləməyim çox sadə olur. Yəni nə başımı yormuram, kobud çıxsa da, havalı adamlar kimi rolun təsiri ilə dolaşıb gəzmirəm. Mən rol üzərində çox sərbəst işləməyi bacarıram. Baxın, indi mən sizinlə danışarkən belə öz rolum üzərində işləyə bilərəm. Amma bəzən elə olur ki, istər evdə, istər işdə mütləq şəkildə sakitlikdə olmalısan. O sakitlik də ona görə deyil ki, mən rola hazırlaşıram və mənim üçün mütləq sakitlik yaradılmalıdır. Xeyr, bunlar mənim üçün gülməli gələn şeylərdi. İndi görürəm bir çox cavanlar bu cür göstərişlər edirlər. Mən isə göstərmə məktəbinin nümayəndəsi deyiləm. Mən Stanislavskinin "Yaşantı" məktəbinin nümayəndəsiyəm. Göstərmə bitib-tükənəndi. Və heç kimə maraqlı deyil mənim iş prosesim. Mən nəticə ilə tamaşaçı üçün daha maraqlıyam. İş prosesi mənim özümlə sənətim arasında baş verən intim prosesdi. Və bunu heç kim görə bilməz.

Evdə belə mən rol üzərində işləmirəm. Ancaq daima düşünə bilərəm. O vaxta qədər ki, gözümü yumanda bir anlıq ifa edəcəyim obraz mənim fikrimdə, xəyalımda canlanır. Vəssalam. Bundan sonra artıq mən həmin obraz üçün özümü hazır hiss edirəm. Anatoli Efrosun belə bir kitabı var. "Məşq-  məhəbbətim mənim". Fikir verin, tamaşa mənim məhəbbətim yox, aktyor mənim məhəbbətim yox. Məhz məşq mənim məhəbbətim! Mənim üçün də ən vacib proses həmin bayaq dediyim məqamlardı.

Tamaşaların primyeralarından sonra aktyor dostlarımız sevinirlər. Amma mən kədərlənirəm.

- Səbəb nədir?

- Çünki artıq mən sabah evdən həminki sevinclə, axtarışla çıxmayacam. Həmin bayaq dediyim hazırlıq və məşq prosesi artıq bitdi. İndi mən o tamaşadakı obrazımı cilalamaqla, yoxlamaqla məşğul olacam. Bu baxımdan mən hər premyeradan sonra növbəti işə qədər kədərlənirəm.

- Geridə qalan, belə deyək də, artıq səhnədə ifa etmədiyiniz rollarınız üçün darıxırsınız?

- Təbii ki, çox darıxıram. Ancaq 1992-ci ildən üzü bəri iştirak etdiyim tamaşaların bir-ikisi repertuardan çıxarılıb. Digər bütün tamaşalardakı obrazlarımı bu gün də ifa edirəm. Bəzən deyirlər ki, rollar mənim övladımdı. Mən belə düşünmürəm. Səmimi deyim. Amma övladım olmasa da, obrazlarım hamısı mənim üçün çox əzizdir. Misal üçün mən öz personajımın hansısa bir detalını başqa aktyorun üzərində görəndə çox böyük qısqanclıq hissi keçirirəm. Ona görə də mənim bütün rekvizitlərim özümdədir. Bəlkə də qanunla buna icazə yoxdur. Amma mən hamısını bu günə qədər saxlayıram. Mənim yerim olsa, bütün paltarlarımı da saxlayaram. Ayaqqabılarım hamısı özümdədir. Yəni hər bir əşyanın mənim üçün bir xatirəsi, enerjisi var.

Misal üçün mən böyük teatrlarda ən çox sevdiyim   görmək istədiyim yer kostyumlar saxlanılan otaqdır. Hansı ölkənin teatrlarına gediriksə, mütləq oranın kostyum sexi ilə tanış oluram. Oranın başqa aurası olur. Ələlxüsus da dünən oynanan tamaşanın paltarı ordadırsa, deməli o paltar hələ istidir. Vallah, bəlkə də bunu nəsə möhvumat kimi başa düşəcəklər. Amma mənim üçün bu belədir. Hər bir paltarın öz enerji yükü var. Əgər o paltarı götürüb başqa personajı ifa edən aktyora versələr, həmin paltar öz enerjisini itirir. Çox şükür, belə də etmirlər.

- Özünüz də əyalətdən gəlmisiniz. Bu gün teatra istər əyalətdən, istər elə paytaxtın özündən gələn gənclərə dəstək olursunuz?

- Bəli, mütləq bunu edirəm. Hətta mən rolları belə onlarla məşq etməyə hazıram. Pedaqogika baxımından mənim o qədər də hövsələm yoxdur. Amma obraz, ifa baxımından həmişə onlar üçün nəsə etməyə hazıram. Və bizim teatrda bu gün öyrənmək istəyən gənclərimiz çoxdur. Onlara nəinki mən teatrımızda fəaliyyət göstərən yaşlı və təcrübəli aktyorlarımız da həmişə kömək olurlar.

- Şövqü bəy, bilirəm ki, mütaliə edən aktyorlardansınız. Bu qədər işin ardından mütaliəyə vaxt qalır?

- Təbii ki, işimiz çətindir. Amma yenə də hələ gənclik illərindən mən mütaliə vərdişini özümdə yaratmışam. Bu gün ən çox pyeslər oxuyuram. İşimlə bağlı olduğu üçün adətən monotamaşalar da çox oxuyuram. Hüseyn Cavidin, Cəfər Cabbarlının, Şekspirin, Qoqolun, Çexovun əsərlərini dönə-dönə mütaliə edirəm. Baxmayaraq ki, həmin əsərlərin çoxunu artıq əzbər bilirəm və həmin müəlliflərin əsərlərindəki obrazların çoxunu da ifa edirəm. Bədii ədəbiyyat demək olar ki, bu gün oxuya bilmirəm. Hesab edirəm ki, bədii ədəbiyyatı qocalanda da oxuya bilərəm. Hal-hazırda mənim sənətim üçün nə qərəklidirsə onları oxumağa üstünlük verirəm.

- Hal-hazırda hansı yeni əsərlər üzərində işləyirsiniz?

- Bu ay regionlara qastrol səfərimiz var. Ordan qayıdandan sonra Dilsuzun tərcüməsində Fridrix Dürrenmattın "Fiziklər" əsəri üzərində işə başlayacağıq.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2017.- 17 iyun.- S.12-13.