Nağıl-roman
Uğurlu bir yaradıcılıq cəhdi
barəsində uğursuz düşüncələr
Novruz Nəcəfoğlu.
Nağıl adam. Bioqrafik roman. Bakı. "ATV", 2016
Novruz Nəcəfoğlunun ədəbiyyatda stajı çox olmasa da, imza yaratmağı bacarmış yazardır. Son əsəri - "Nağıl-adam"ı da uğurlu bir roman cəhdi kimi qiymətləndirmək olar. Əvvəla, hekayədə ustalaşmış yazıçının bu ilk romanıdır; "ilk"in özü cürət istəyir. Üstəlik, "bioqrafik roman"ın nəsrimizdə elə bir təcrübəsi yoxdur...
Bizdə bədii bioqrafik janrın təcrübə azlığını vurğularkən, heç də məşhurlar haqqında romanları unutmuram. Yadımızdasa, bu - adətən klassiklər haqqında, həm də əksərən tarixi roman ülgüsündə yazılanlardır. Nizami Gəncəvi və Atabəylərdən M.Ə.Sabirə, C.Məmmədquluzadəyə və N.Nərimanovacan, diqqət yetirsək, həmin romanların predmet sərhədi sovet dövrünəcəndir. Lap elə yaxınlarda Sabir Rüstəmxanlının böyük bir əzmlə Cavad xan ("Ölüm zirvəsi"), Əhməd bəy Ağaoğlu ("Difai fədailəri") və Məhəmməd Hadi ("Şair və şər") haqqında romanlarını xatırlamaq olar. Bizdə tarixin "bioqrafiyası" (və ya: bioqrafik janrın "tarix" missiyası) sovet dönəminəcəndir; sonrası tarixləşməmiş səhifələr, başqa sözlə: "yaxın tarix" gəlir. Bu isə təbii ki, xatirə-memuar janrının predmet sahəsidir; yaşadıqlarımızı xatırlayır, xatırladıqlarımızı vərəqə köçürürük. Həssas olsanız, heç sovet repressiya maşınının qurbanları da bizdə bədii-bioqrafik dərkini tapmayıb; yalnız memuarlarda qələmə gəlir. Bu ki, hələ də nəyisə deyib, nəyisə xatırlamağı qorxuruq...
Novruz Nəcəfoğlunun uğurlu bioqrafik cəhdindən söz açarkən, Vaqif Yusifli də son zamanların məhz xatirə-memuar tipli əsərlərinin adını çəkməli olur: S.Əhmədlinin "Yazılmayan yazı", V.Babanlının "Gizlinlər", S.Səxavətin "Qaçaqaç"ı... ("525-ci qəzet", 9 may 2016) Sıraya mən də nəsə artıra bilərəm: A.Qaradərəlinin "Əllidən bir kəm", Əlabbasın "Dağların duman çağı", Əli Əmirlinin "Ağdamda nəyim qaldı" və s. son illərin yaxşı mənada dəb halını almış "həyatımdan səhifələr"idir... Yazar uzağa qaçmayıb, ötən zamanları öz yaradıcılıq bioqrafiyası zəminində çözələməyə, həzm eləməyə başlayır; necə deyərlər, avtobioqrafik janra meyl edir... N.Nəcəfoğlu da roman təcrübəsini sanki bu yerdən başlamağı qərarlaşdırmış; amma mətndəki bütün avtobioqrafik ağırlıqlara baxmayaraq, hər halda bioqrafik janra üstünlük vermişdir. Görünməmiş bir iş, zəmanəmizin faktik-sənədli ədəbiyyat və ədəbiyyat-ətrafı mühiti, ədəbiyyat sərgüzəştlərini bir yazıçı özünün deyil, yazıçı-dostunun - bir başqa yazıçının boyuna biçərək romanlaşdırmağa cəhd etmişdir. Bu, romanı bu halda vərdiş olunmuş paradiqmadan çıxarır; yeni "təcrübələr" üçün meydan açır. Bəlkə də "nağıl roman"ın başlıca maraq spektrini elə bu xətt uğurlayır...
***
Nağıl adam - Aydın Tağıyevdir; bu o kəsdir ki, romanın əvvəlində səlahiyyət sahibi dostunun (təhkiyəçi-qəhrəmanın) yanına gəlib, şəhərətrafı, yol kənarı uçmaqda olan qədim qəbiristan hasarlarını sahmana salmağı üz vurur; həm o da bəlli olur ki, bir yox, dəfələrlə... Bu - roman mətninin əsasında duran patriotik xəttə, necə deyərlər, giriş cəhdidir. Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Romanın əvvəlində ani daxil edilən bu başlanğıc daha da sonrakı hissələrdə davam etdiriləcək; oxucunun "qayım-qədim Şabran" (Dəvəçi) torpağına eksklüziv səyahəti zamanı. Dostu əslən və nəslən bu torpaqdan olan Aydın Tağıyevlə birgə bu ulu yurdu - dağlarını, uca qayalarını, qalalarını, ziyarətgahlarını, bumbuz bulaqlarını, məhsuldar biçənəklərini, əkin yerlərini, Çıraqqalanı, Dubrar dağını, Xaraba Zaratı, Çuxurazəmini, Gilgilçayı, Qızıl çayı, Dəhnəni, Araka gərmonu (İsti suyu) çox gəzib-dolaşmışdır. Elə səlahiyyət sahibi kimi ayrıca, ayrılıqda da, insanları ilə görüşmüş, ünsiyyət kəsmiş, dərd bölüşmüş və dərdlərə çarə aramış, bir sözlə: el yanında, əski yurdun çağdaş sakinləri ilə qabaq-qənşər, ürək-ürəyə olmağa çalışmışdır. Romanın finalına doğru təhkiyəçi-qəhrəmanla qəhrəmanının belə bir axar-baxarlı dağlara ekskursiyasının dadını-duzunu, tamını-ləzzətini təfərrüatlı, əyani olaraq biz oxucular da duyur-yaşayır, feyziyab oluruq. Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Qələm onun əlindədir, səlahiyyət sahibidir və Vətən sevgisini bizimlə, oxucularla bölüşmək üçün açdığı fürsətdən niyə də yararlanmasın! Hətta mətndə patriotik-romantik xəttin referensiyasına daha da önəm verərək, təhkiyəçi-qəhrəman sentimental səyahətin coğrafiyasını bəzən daha da genişləndirir, ani pasajlarla doğulub-yüksəldiyi Lerik meşələri, Talış dağlarına, Kömürgöyə, Zövnəyə, Çayruda, Oranda... xəyal qanadlarında Savalana, Ərdəbilə, Nəninə, İpək yolu boyu bütün Azərbaycana baş vurur, analogiyalar yaradır. Və üstəlik, deyilməlidir ki, bütün bunlar faktdır, sənədlidir, bioqrafikdir. Aydın Tağıyevin həmin dağlar arxasında iki dost barəsində ayrıca "Ömrümüzə yazılan gün" adlı əsəri də var. Bunu da bizə roman xəbər verir...
***
Aydın Tağıyev yazıçıdır. Etnoqrafik və xarakter hekayələri ilə müasir Azərbaycan ədəbiyyatında ufacıq da olsa yerini qazanıb. Həm də necə: daim əyalətdə olub, əyalətdə yaşayıb ölkə miqyasında (oxu: paytaxt səviyyəsində!) durmadan qələm işlətməsi ilə. Bir zamanlar Lənkəranda Məmmədhüseyn Əliyev kimi, yaxud Şəkər Aslan kimi, ya Buynuzu qutsallaşdırmış Musa Yaqub kimi, Neftçalanı ədəbiyyat-əbədiyyət duracağına çevirmiş İmamverdi Əbilov kimi, Şəkini Bakıya dəyişməyən Vaqif Aslan kimi və bu sıradan bir çox dəyərli imza sahibləri kimi. Bu ki, Aydın Tağıyev həm də romançının dostudur; haqqında geniş mətbu resenziyası var: "Aydın özü və sözü"; və elə romanın bismillahındaca sırf elmi-publisist dəyərləndirmə üslubunda resenzədən başlamağı uyğun bilir. Məntiqi də aşkar, sağlam. Gör ki, onun dostu kimdir, ədəbiyyatda hansı hünərləri var və gör ki, roman kimin haqqındadır. Dünənə qədər bəlkə bir dar ədəbiyyat dairəsinin bilib, amma hətta haqqında iki-üç kəlmə danışmağa belə ərindiyi yazıçı dostu barəsində indi bu nağıl-roman bir dastan açsın ki, geniş auditoriyalar da öz payını götürsün... Sözsüz ki, mətndə (birinci xətlə bəhsləşmədə) başlıcalığa iddia edən məhz həmin bu ikinci - nağıl-adam xəttidir; birincidən tamam fərqli üslubi müəyyənləşmə istəyir və romançı da bunun fərqindədir...
Yazıçı Aydın Tağıyevin bioqrafik obrazını yaratmaq üçün romançı mətndə bir neçə variasiya arasında reverans edir. Əvvəla, dünyada nə qədər fərd varsa, o qədər də tərcümeyi-halı mövcuddur, təbii. "Bioqrafiyan yoxdur, bala? Danış da..." Romanda bir xətt Aydın Tağıyevi bütöv bioqrafiyasından, ömür yolunun süjetindən, təfərrüat və faktlarından danışdırmaq səmtini tutur. Və xeyli uğurla bu əsnada uşaqlıq illəri, tələbəlik addımlarından yan ötüb, diqqəti cəmləyir yetkin düşüncəli "kənd müəllimi" modeli üzərində. Bu, əlverişlidir, səmərəlidir və qəhrəmanının, təhkiyəçi-qəhrəmanın özünün yaşadığı epoxa üçün, elə hamılıqda bizim üçün, o dövrdən keçib gələnlər üçün xeyli ümumiləşmiş həqiqətləri ortaya qoymağa imkanlar açır. Ali məktəbdən sonra üç illik təyinat, ucqar rayonlar, idillik kənd həyatı və macal - öz-özünlə uzun-uzun görüş saatları... E-heyy, Aydın Tağıyev, e-heyy Novruz Nəcəfoğlu, e-heyy cavandaşlarım, hansımızın həyatında sonrakı bütün taleyimizə kosmodrom olmuş o acılı-şirinli enerji çağları-çağlamaları yaddır ki?! Bunu bəs bu günün oxucusuna nə deyib, necə anladasan? Romançı, məsələn, götürüb bunu müqayisə edir Sinqapur qanunvericiliyi ilə; "hətta xarici ölkələrdən gəlib bu ölkənin ali məktəblərində təhsil alanlar da iki il Sinqapurda, lap fəhləlik olsa belə, məcburi işləməlidirlər". Və üstəlik qayıdıb patriotik xəttə, bu gün də könüllülük əsasında mövcud "kənd təyinatı" məsələsini bir az da məzənnəyə mindirir; hərçənd bu sadəcə bir nostaljidir...
Amma axı bu yerdə qəhrəmanımız, deyən, patriotik-romantik xəttə çox da uyarmayır, hardasa "vətən daşı" olmağa hünəri çatmır?.. Bu barədə roman özü bizə xəbər verir. Bəs APİ Axundovu rus dili müəllimi ixtisası üzrə bitirən Aydın Tağıyev ucqar Lerikə təyinat alır (söhbət 1970-ci illərdən gedir), amma üç il əvəzinə cəmi üç ay dözəsi olur. Fərarilikmi? Yox, mətndən belə görünür ki, qəhrəmanımızın üç aylıq füsunkar Lerik sevgisi əbədilikdir; məsələn, sonradan 1990-cı illərdə Dəvəçi rayon qəzeti təsis edilərkən, elə ki bəlli olur sovetdənqalma lazımi mətbəə dəstgahı məhz Lerikdə var, bir qanad əvəzinə beşini də borc alıb uça-uça özünü sevgili diyara yetirir. Hələ Aydın Tağıyevin Lerikdə tapdığı adaşı aptekçi-şair Aydın Tağıyevlə uzun-uzadı məktublaşmaları özgə bir aləmdir (dövrün bioqrafik sənədləri kimi romançı ələ keçirdiyi üç sözlü-şeirli, duzlu-məzəli məktubu mətnə daxil etməyi vacib bilir); lap Kramer Kramerə qarşı sayaq - o zamanın özlüyündə-düzlüyündə ömür verib ömür alan ədəbiyyat çəkişmələri barəsində nələr söyləmir!
Bu ki, qəhrəmanımızı ucqar Lerikdən yaxın Dəvəçiyə (Şabrana) ölkənin cənub qütbündən şimal nöqtəsinə qovub-qaçmağa vadar edən tamam ayrı səbəbdir. Ana xiffəti-narahatlığı, ata qayğısı-himayəsi. Özünüz düşünün: ortada hələ nə müharibə var, nə Qarabağ hadisələri, heç əfqan savaşının xofu da hələ görünmür. Masazır haradır ki, budey bura. Azərbaycan analarının ürəyi lap yuxa kimidir. Bəs mənim balam orda neylər?! Ata ürəyi dözmür; hər şey istəyə bağlı, tanış da tapılır, "qohumları, o vaxtlar Ali Məhkəmənin sədri işləyən Abdulla İbrahimovun qardaşı, respublika Daxili İşlər Nazirliyində idarə rəisi olan milis polkovniki Davud İbrahimov"un vasitəçiliyi ilə Astara rayon milis idarəsinin rəisi Abdulhüseyn Abdullayev təpər göstərir, üstəlik qəhrəmanımız da təzyiq xəstəliyini ustalıqla simulyasiya edir. Və budur, əlvida Lerik sevgisi!, cənub qışının soyuğu şimal küləyinin istiləri ilə əvəzlənir...
Burda axı deyəsən "vətən
daşı"nın tərəzisi yenə də əyildi? Bəs
dost-tanış-tapş filan; Vətən necə olsun?! Amma roman
sözünə nə qınaq. Novruz Nəcəfoğlu
illüziyalı yazmır, sadəcə komplekssiz yazır; qələmində
sərbəstdir, hiyləsizdir və zamanların dialoqunu
faktın sükutundan, bunu fiksə edən bədii
sözün təsdiqindən çıxarır. Diqqət
edin: Astarada Abdulhüseyn əminin evində Aydın
Tağıyev balaca dəcəl bir oğlanla da tanış
olur - Rövşən Abdullayev. "Ancaq mən sonralar biləcəkdim
ki, həmin gözüaçıq, diribaş oğlan
böyüyüb Ali Hərbi məktəbdə oxuyacaq, zabit
olacaq, doğma Azərbaycan torpaqlarının
bütövlüyü uğrunda erməni qəsbkarları ilə
müharibədə qəhrəmanlıqla
döyüşüb şəhid olaraq ən yüksək təltifə
- Azərbaycan Milli Qəhrəmanı adına layiq
görüləcək, Lənkəran şəhərində
büstü ucaldılacaqmış..." Patriotizm
yerini aldımı? Bu cür faktlar
nağıl-romanda çoxdur; məsələn, o zamanın
aciz-salim komsomol övladları bu gün yüksək vəzifə
sahibi, məmurlar, "vətən daş"ları, icra
başçılarıdır və s. Və vicdanla, geniş
ürəklə Vətənə xidmətlərini davam
etdirirlər. Olmasınmı? Olur və qəhrəmanına birbaşa dəxli
olmasa da, dolayısı təhkiyəçi-qəhrəmanın
öz ömürlüyündən gələn həmin
impulslar mətndə bioqrafizmi gücləndirir, roman atmosferini
dolğunlaşdırır.
Nağıl dili yüyrək olar - deyirlər. Aydın
Tağıyevin kənd epopeyası bu dəfə Dəvəçi
ucqarları marşrutu ilə - Pirəbədil, Əmirxanlı,
Surra - kənd-kənd paytaxt Şabrana yaxınlaşır.
Qəhrəmanımız əməlli-başlı kənd
müəllimi imici qazanır; şimal küləklərini əbəs
xatırlatmadıq, "beləcə qəhrəmanımız
mehrini kəndə salıb cidd-cəhdlə uşaqlara
"beynəlmiləl dil" öyrədir..." Amma hər
zaman yazı-pozusu da qələminin ucunda: "Surra kənd məktəbində
də dəyərli yazıçımız Sadıq
Elcanlının qonum-qonşusunun, qohum-əqrəbasının
uşaqlarına rus dilini "əməllicə" öyrədəndən
sonra müəllimliyin, necə deyərlər,
daşını atıb, dönür öz sevimli yazı-pozu
işinə. Mətbuat və televiziyada
jurnalistik fəaliyyəti ilə məşğul olmağa
başlayır. Əgər o minvalla getsəydi, müəllimlik
sənətindən əl çəkməsəydi, yəqin,
hələ Şabranın irili-xırdalı bütün kəndlərini
gəzib "fəth edəcəkdi" və "Şəms-Pərəndə"
kimi Aydına da bir künyə qoşacaqdılar. O da ola
surralılar...".
Mətnə
həssas olsaq, romançı Aydın Tağıyevin tam sənədli
bioqrafiyasına bir az da lətifə-nağıl
təhkiyəsi qatmaq istəyir; axı söhbət
nağıl-adamdan gedir. Çox vaxt əlavə
cidd-cəhdə heç hacət də olmur; çünki həyatın
oyunları elə reallıqda da Aydın Tağıyevin başından
əskik olmur. Məsələn, Əmirxanlı məktəbinin
bitişik otaqlarında məskən salmış kənd
müəllimi günlərin bir günü gözünü
açıb qızıl ilanla bir yerdə
yaşadığının həyəcanını
yaşamalı olur; başqa bir məqamda
"Əmirxanlıdan Şabranacan 7-8 kilometrlik yolu həftənin
6 günü, hər səhər-axşam çox əziyyətlə
qət edib", Dəvəçidə yerləşən evi
ilə iş arasında yol ölçməli olur və
s.
***
Daha sonra
Aydın Tağıyevin sərbəst yazıçı həyatı
başlayır və romançı da bunu artıq başqa
modeldə, şərtən desək, "baməzə adam" tipajında görür və təqdim
edir. Həyatın bütün gözlənilməzliklərinə
rəğmən öz ritmində yaşayan, saf-təmiz ruhu,
sabit xarakteri, hiyləsiz (yaxud da hiylə adına hiyləsiz) mərd
davranışları ilə hər cür situasiyalara qalib gələn
bu tip simalar ədəbi mühitdə həmişə olmuş
və məhz təbii "ədəbiyyat
adamı" statusu ilə həmişə də şərəflənmişlər.
Badəsi, badə dostları və romanda deyildiyi kimi
"barxanası" (süfrəsi) daimi olan həmin kateqoriya
ədəbi aləmdə həm də "hal əhli"
adı ilə tanınır. Əjdər Olun
"Lətifələr" kitabında bu məşhur və
qeyri-məşhur insanların bir xeylisinin canlı obrazı
yazıya alınmışdır. Bunlar içərisində
xaraktercə gur olanı da var (Əlisəmid kimi), kədərlisi
də (Namiq Abdullayev kimi), intellektual-əzabkeş olanı da
(Mehdi Bəyazid kimi), əhlikefi də
(Tofiq Mahmudov kimi)... Hətta vaxtilə ədəbi kluar həqiqətlərini
açıb-tökən Hüseyn Arif, Qabil, Məmməd Cəfər,
Məmməd Əkbər və b. ədiblər haqqında da
belə mənalı əhvalatlar yaranmış və
maraqlıdır ki, bəzən folklorlaşaraq eyni bir lətifənin
variasiyaları meydana çıxmışdır. Bunun izləri
"Nağıl adam"da da var.
Roman-nağılda
təhkiyəçi-qəhrəman qəhrəmanını
"ciddi adam" statusunda təqdim edir; qəhrəmanımız
hər hansı addımlarında məxsusi məzə
yaratmır, hər yerdə məzə özü gəlib onu
tapır... Belə ki, ciddi "baməzə adam"ın paytaxt
Bakıya qonorar yürüşləri də, hər il
"Şıx" sanatoriyasına gec gedib tez bitən
yaradıcılıq ezamiyyətləri də və bu növ
növbənöv sərgüzəştləri də bir
qayda olaraq lətifələrlə nəticələnir və
fürsəti fotə verməyib romançı bütün
bunları əsərin "Ədavət olub ee, ədavət",
"Yol əhvalatları", "Aydını kim
qoruyur", "Huyy" sədasının məlhəmi"
və s. fəsillərində paylaşır. Məzə
öz yerində, romançı üçün "hal əhli"
olan baməzə adamın huşyar işləri daha önəmlidir.
O əmindir ki, qəhrəmanı "yaxşı ədəbi
nümunələr olan, rus dilinə də tərcümə
edilmiş "Yuxuda qətl" povestini, "Yay
gününün uzun gecəsi", "Çiçəkli
gölün sarı gülü", "Danüzü ölən
adam", "Bir bazar günü" və neçə-neçə
digər maraqlı hekayəsini" elə sanatoriya sərgüzəştləri
arası qələmə almışdır. N.Nəcəfoğlu
həmçinin bu sırada Aydın Tağıyevin
Şabranda nüfuzlu ədəbi sima kimi çəkisini,
ağır oturub batman gəlməsini, Şabran ədəbi məclisinə
təpər verməsini sayğıyla vurğulayır. Ciddi adamın ailə başçısı
missiyasını unutmayıb, gənc savadlı nəsli təmsil
edən övladları barəsində xoş sözləri də
bioqrafik cizgi qismində daxil edir. Azərbaycan kişisi
üçün bu vacibdir...
Ədəbi
mühitin sözü gedəndə təhkiyəçi-qəhrəmanın
sanki sarı simə toxunması və qəhrəmanını bəhanə
edib Şabranda ədəbiyyat, ədəbiyyata sevgi və
qayğı barəsində ürək dolusu söz
açması, bu torpağın yetirdiyi ədiblərin hər
biri barəsində yerli-yataqlı fikir söyləməsi onun
öz obrazına da ayna salır. Bir görün, Nağıl adam haqqında danışırkən nə qədər
adlar irəli gəlir, necə ədəbiyyat məsələləri
aktuallaşır... Əsərdə bu adlar-imzalar bolluğu
birə iki, birə üç qat çoxdur: Mansur Vəkilov,
Səyavuş Məmmədzadə, Qabil, İsa
İsmayılzadə, İntiqam Qasımzadə, Sabir Rüstəmxanlı,
Ələkbər Salahzadə, Natiq Səfərov, Kəramət,
Sahib Əliyev, Həmzə Vəliməmmədov, Elçin
Hüseynbəyli, Əjdər Ol, Ağalar Mirzə, Sadıq
Elcanlı, Tofiq Nurəli, Aybəniz Əliyar, Məzahir Zeynal,
Bayram Novuz və b. Odur ki, əsəri ədəbi mühit
haqqında roman hesab edənlər də yanılmırlar.
***
Başqa fikirlər də var. Kitaba önsöz
yazmış görkəmli tənqidçi, nəzəriyyəçi,
"525-ci qəzet"in ədəbiyyat üzrə baş
mütəxəssisi (senzoru da demək olar!) Seyfəddin
Hüseynli əsəri "çağdaş bir dostluq
dastanı" adlandırır. Haqlıdır,
mətndə bu xətt də əlahiddəliyə
iddialıdır. Həm də təkcə "dost
bioqrafiyası haqqında roman" qismində yox, əsərin
elə yerləri var ki, vaxt var ikən təhkiyəçi-qəhrəman
öz bioqrafiyasından da dostluq necə olar kimi parlaq lövhələri
illüstrə edir. "Sevdiyim insanlara - dost dediklərimə
və məni özünə dost bilənlərə..." -
axı romanın ithaf vurğusu da belədir. Babaların
dostluğu, ataların dostluğu, övladların dostluğu,
nəvələrə nümunə kimi yeri düşdükcə
mətnə ötürülən mental intensiyalar isə
ümumən Novruz Nəcəfoğlu
yaradıcılığına xas ümdəliklərdəndir.
***
Belə.
Gəlin, indi romandan vərəqlədiklərimizi
hesaba salaq. Seyfəddin Hüseynli "Nağıl
adam"ın janr təsnifatına həsr etdiyi ön
sözündə belə də edir: "N.Nəcəfoğlunun
"Nağıl adam"ını (müəllif özü
portret kimi işarələsə də) "portretlər
romanı" da adlandırmaq olar, "sənədli roman"
da, "roman-xatirat" da..."
Hər birisinin bəh-bəhinə birgə
valeh olandan və hələ nələrsə də
artırandan sonra (hazırkı yazını nəzərdə
tuturam), kitabın redaktoru hər halda "bioqrafik roman"
versiyası üzərində dayanmağı lazım bilir.
Amma nəşrin ATV-yaddaş seriyasından
işıq üzü görməsi, görünür,
heç "roman-xatirat" versiyasının da bəd
olmadığına işarədir. Elə də olar, belə
də, üçüncüsü də... İstəsən
olar, niyə olmur. Üstəlik, tez-tez "müasir
roman belə olur" deyib-dururuqsa... Amma olmur; ona görə
ki, janr məsələsi köhnə məsələdir;
düzgün fəhm olunması az qala əsərin
taleyini (mükəmməlliyini) təyin edir. Macəra roman
("baməzə adam") bir xronotop istəyir,
xatirə-yaddaş (avtobioqrafizm) başqasını, bioqrafizm
(sənədlilik) - üçüncüsünü,
nağıl-roman ("uydurma") da hakəza... Yox, əsla, başlanğıcdan da əsərin
"bioqrafik roman" təyinatına etirazım yox. Əksinə, redaktorun bioqrafik səylərini tamam
qiymətləndirirəm. Görünür ki,
romançı həyat materialının geniş səxavətindən
keçə bilməyib: "Gəlin sizə dostum Aydın
Tağıyev və bir çox başqa mətləblərdən
danışım..." - deyə qələminə təpər
vermiş və bədii səriştəsini hansı səmtə
istəyirsə çapdırmışdır. Nəticədə
"Nağıl adam"ı bizə təqdim
edən, "danışan" bu və ya digər mükəmməlliyə
malik roman tipi (xronotopu) yox, publisist diskursa sığınan,
müxtəlif başlanğıclar arasında reverans etməyə
çalışan təhkiyəçi-qəhrəmanın
özüdür. Meydan onun meydanıdır,
roman da həmçinin. Şəksiz ki,
Novruz Nəcəfoğlu dəyərli ədəbiyyat
adamıdır. Nağıl-roman da məhz
bunu bizə xəbər verir.
Tehran Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 17
iyun.- S.14-15.