Marina Svetayeva mifi –

Ölüm həqiqətləri

 

Rus poeziyasının əfsanəsi, şeirlərinin sehrli cazibədarlığı ilə oxucunu cəzb edən Marina Svetayevanın poeziyası kimi həyatı da hər zaman diqqət mərkəzində olmuşdur. Ömrünün son günlərinədək bütün hallarda öz mövqeyinə sadiq qalan şairənin həyatında elə mistik məqamlar var ki, bu günə qədər öyrənilməsinə, araşdırılmasına baxmayaraq, əsl sirr hələ də çözülməmişdir. Həqiqətə varmaq üçün onun gündəliklərinə, məktublarına müraciət edən, şeirlərində sətiraltı ifadələr arayan ədəbiyyat biliciləri "Svetayeva dünyası"nın ucu-bucağı olmayan dəryaya bənzədiyini etiraf edirlər.

M.Svetayevanın ölümü də çox sirli təfərrüatlarla zəngindir. Onun sürgün olunması, maddi və mənəvi vəziyyətinin dözülməz həddə çatması, ailəsindəki faciələr... görəsən həqiqətənmi bu sadalanan bəhanələr onun intihar etməsinə səbəb olmuşdur? Bəlkə tarixə bəlli olmayan, ya da qəsdən gizlədilən hansısa məqamlar var? Təbii ki, əsl həqiqət yalnız və yalnız şairənin özünə məlum idi və bu gün bizim gerçəyə nail olmamız üçün günümüzə qədər qorunub saxlanan sənədlər, məktublar, şahidlərin dedikləri və internet üzərindən əldə etməyə müvəffəq olduğumuz məlumatlardan yararlanmaqla kifayətlənməkdən başqa yolumuz qalmır.

 

***

 

M.Svetayeva ailəsi ilə birgə 1939-cu ildə 14 illik mühacirət həyatına son qoyub Sovet Moskvasına geri dönəndə oxucuların və ümumilikdə rus xalqının ona qucaq açacağını gözləyirdi. Lakin hər şey tam əksinə oldu. İntihar edəcəyi 1941-ci ilə qədərki Rusiyada yaşadığı 2 illik müddət ərzində Marinanı nəinki çap etdilər, hətta ədəbi fəaliyyətini də məhdudlaşdırmağa çalışdılar. Ona ilk vaxtlar icazə verilən tərcümələr etmək imkanı da əlindən alındı. İşsizlik şairəni kasıblığa və nəhayət intihara sürükləyirdi. Yaşadığı məhrumiyyətlər içərisində ən ağrılısı isə ərindən və qızından ayrı düşməsi idi.

 

Lavrenti Beriyaya məktubundan...

23 dekabr 1939-cu il

 

"27 avqustda qızımı həbs etdilər. Qızımın ardınca 10 oktyabr 1939-cu ildə isə övladımızın dərdindən xəstə və üzgün olan ərimi...

Ərimin həbsindən sonra mən tamamilə carəsiz qalmışam. Yazıçılar mənə gürcü, fransız və alman dilindən tərcümələr etməyim üçün şərait yaradır..."

 

***

 

Vəziyyət getdikcə çətinləşirdi. Maddi imkansızlıqla (əslində aclıqla) mübarizə aparan şairə hər hansı işdə çalışmağa hazır idi.

 

T.İmamuddinova məktub

18 avqust 1941

 

Sizə yazan yazıçı-tərcüməçi Marina Svetayevadı. Mən Litfondun dəstəsi ilə birgə Kama vilayətindəki Elabuq şəhərinə təxliyə olundum. Mənim sizə Qoslitizdatin direktoru Çagindən məktubum var, o mənim yerləşməyim və tərcüməçi kimi işə düzəlməyimə köməklik göstərməyinizi xahiş edir. Mən Elabuqda yerləşməyimə ümid etmirəm, çünki mənim ədəbiyyatdan başqa peşəm yoxdu. Sizdən çox, çox xahiş edirəm, sizin timsalınızda Yazıçılar Birliyinin də mənim yerləşməyim və işlə təmin olunmağıma köməklik göstərməsini rica edirəm. 16 yaşlı oğlum da mənimlədir. Bədii tərcüməçi kimi işə yararlı olacağıma ümid edirəm.

 

Litfondun sovetinə

26 avqust 1941

 

"Xahiş edirəm, məni Litfondun yeni açılan yeməkxanasına qabyuyan götürəsiz.

 

M.Svetayeva"

 

Çarəsizliyin pik həddində olan Marina artıq tamamilə ümidsizliyə qapılmışdı. Lakin o, yaşamalıydı, heç olmasa oğlu Mur (Georgi Efronu ailədə belə çağırırdılar) üçün. Mur isə bağışlamırdı - ailənin mühacirətdən dönməsini və nəticədə baş verən fəlakətləri, ümumiyyətlə, bu üfunət dolu dünyaya gəlməsini bağışlaya bilmirdi.

 

Georgi Efronun gündəliyindən

27 avqust 1940

 

"Bu gün həyatımdakı ən pis gündür - Alyanın həbsindən bir il ötür. Mən iblis kimi qəzəbliyəm. Bu vəziyyət məni əməlli-başlı təngə gətirib. Çıxış yolu isə görmürəm. Biz Kremlə, Stalinə teleqram göndərmişik: "Mənə yardım edin, mən ümidsiz vəziyyətdəyəm. Yazıçı Marina Svetayeva". Teleqramı poçtla göndərmişəm. Əminəm ki, bu iş baş tutacaq. Deyirlər ki, Stalin ona müraciət edən çox adama kömək edib, otaq verib. Görək necə olur. Mənim ona ümidim böyükdür. Yəqin ki, Stalin teleqramı alanda ya Fadeyevi, ya da Pavlenkonu çağıraraq anam haqqında sorğu-sual edəcək".

 

30 avqust 1941

 

Mənim Elabuqda yaşamağım reallıqdan uzaq görünür. Bu, əsl qarabasmadı. Əsas çətinlik anamın dayanmadan qərar dəyişməsidir, bu dəhşətdi. Hər halda mən təhsil almaq istəyirəm. Buna dəyərmi? Məncə, hə.

Boris Pasternakın yaxın rəfiqəsi, yazıçı Olqa İvinskaya müəllifi olduğu "Zamanın əsarətində" kitabında ailənin Parisdən dönüşünə Pasternakın münasibətini yazır: "Svetayeva soruşdu ki, mən bu haqda (mühacirətdən dönüş haqda - X.N.) nə düşünürəm. Mənim isə bu barədə dəqiq bir fikrim yox idi. Ona nə məsləhət verəcəyimi bilmədim."

Müəllif ardınca yazır: "Amma Pasternak kütləvi repressiyalar dayanacağındakı Marinaya daha aydın və dəqiq məlumat verə bilərdi".

Lakin bir də digər tərəfdən düşünək; milyonlarla insanın repressiyaya məruz qaldığı dövrdə, insanın hətta bircə sözə görə təqib olunduğu ölkədə yaşayırsan və ölkənin Stalin adlı rəhbəri var. Və təsəvvür edək ki, Pasternak isə Marinaya geri qayıtmamasını, Rusiyada çap oluna bilməyəcəyini deyir. Ardınca, Parisdə yeni xəbər yayılır - "Pasternak Svetayevaya Rusiyaya qayıtmamağı məsləhət görüb". Beləliklə də Pasternak üçün əməlli-başlı problem yaranır və tarixi vərəqlədikdə belə məlum olur ki, Boris Pasternak heç də qəhrəman olmayıb...

Və bir gün məlum olur ki, Marina Svetayevaya NKVD (Daxili İşlər üzrə Xalq Komissarlığı) tərəfindən casusluq fəaliyyəti ilə məşğul olmaq təklif olunur. Onun şair Nikolay Aseyev və yazıçı Aleksandr Fadeyevlə  məsləhətləşməsi isə faydasızdı; ölkənin, dövrün özünəməxsus qaydaları vardı - "casusluq təklifi etibar deməkdir". Yəni sənə inanır və etibar edirlər.

Bu təklifdən cəmi dörd gün sonra - 31 avqust 1941-ci ildə Marina digər yazıçılarla bərabər təxliyə olunduğu Elebuq vilayətində yaşadığı daxmada özünü asır. Bu zaman Mur "aerodrom meydançasının təmizlənməsi üçün keçirilən iməcilik"də iştirak etməyə getmişdi. Ölümündən sonra M.Svetayevanın Moskvadan gətirdiyi ərzaqlar və 400 rubl pul qalmışdı. Yaşadığı evin sahibəsi deyirdi: "Bir müddət dözə bilərdi. Heç olmasa, ərzaq tükənənə qədər".

M.Svetayevanın intihar etməzdən əvvəl Çistopolda şair Aseyev və yazıçı Fadeyevlə görüşündən xəbər tutan Pasternak əsəbi halda deyir: "Niyə ona pul verməyiblər. Mən sonra qaytarardım".

 

Marina Svetayevanın qeyd dəftərindən…

 

Sentyabr 1940-cı il

 

Özüm haqqında. Hər kəs məni cəsarətli bilir. Özümdən qorxaq adam tanımıram. Hər şeydən qorxuram. Baxışlardan, qaranlıqdan, addım səslərindən, ən əsası isə özümdən, öz başımdan- əgər buna baş demək mümkündürsə - mənə yazıda itaətlə xidmət edən və məni həyatda məhv edən başımdan. Heç kim görmür - bilmir ki, mən artıq bir ildir gözlərimlə qarmaq axtarıram, amma heç yerdə tapa bilmirəm, o yoxdur, hər tərəfdə elektrik var, amma "çilçıraq" yoxdur. Bir ildir ölüm haqqında fikirlərimi ölçüb-biçirəm. Hər şey eybəcər və qorxuludu. Udmaq iyrəncdi, tullanmaq dözülməzdi, su əzəldən iyrənc görünüb. Qorxutmaq istəmirəm, mənə belə gəlir ki, mən özümdən qorxuram. Ölmək istəmirəm, mövcud olmamaq istəyirəm. Cəfəngiyatdı. Mən hələ ki, lazımam. Amma, Tanrım, mən o qədər cılızam ki, heç nə bacarmıram.

Açıq-aydın görünür ki, Svetayeva ölmək yox, məhz yoxa çıxmaq arzusunda olmuşdur. Ətrafa, zamana, hətta özünə də etibarını itirən şairə çıxış yolunu intiharda görürdü. Bəlkə də intihar zamanı hətta sevimli övladını - oğlu Georgini tək-tənha qoyacağını belə nəzərə almamışdı. Yazılanlara görə Marinanı asılmış vəziyyətdə taparkən əynində köhnə libas və ev təsərrüfatı ilə məşğul olarkən istifadə etdiyi köhnə önlük var idi. Görünür, intihar qərarını qəfildən qəbul etmiş, düşünüb-daşınmaq üçün özünə vaxt sərf etməmişdir.

 

Marina Svetayevanın Georgi Efrona ölümqabağı yazdığı qeyd

31 avqust 1941

 

"Murlıqa! Bağışla məni, amma bu cür davam etsəm, daha pis olacaqdı. Mən ağır xəstəyəm, bu artıq mən deyiləm. Səni çox sevirəm. Atana və Alyanı görə bilsən, onları son dəqiqəyə kimi sevdiyimi, amma çıxılmaz vəziyyətdə olduğumu söyləyərsən".

 

Aseyevlərə yazılan məktub

 

Əziz Nikolay Nikolayeviç! Əziz Sinyakova bacıları! Yalvarıram Muru Çistopola öz yanınıza aparın, onu oğulluğa götürün, qoy təhsil alsın. Mən artıq onun üçün heç nə edə bilmirəm və onu məhv edirəm. Çantamda 450 rubl var, mümkün olsa əşyalarımı da satın. Sandıqda əlyazma şəklində şeir kitabçaları, nəsr yazıları və şəkillər olan bağlama var. Onları sizə həvalə edirəm. Mənim Murumdan muğayat olun, o çox zəifdi. Oğul kimi sevin, buna layiqdi. Məni isə bağışlayın. Bacarmadım - M.S. Onu heç vaxt tək qoymayın. Sizinlə yaşasaydı, hədsiz xoşbəxt olardım. Hara getsəz özünüzlə aparın. Tərk etməyin!

 

Sığınacaqdakılara məktub

 

Əziz yoldaşlar! Muru tək qoymayın. Yalvarıram - sizdən kimsə onu Çistopola, N.N.Aseyevin yanına aparsın. Gəmilər qorxuludu, yalvarıram onu tək göndərməyin. Yükü daşımağa kömək edin. Çistopolda əşyalarımın satılacağına əminəm. İstəyirəm ki, Mur yaşasın və oxusun. Mənimlə qalsa, məhv olacaq. Aseyevin ünvanı zərfin üzərindədi. Məni öldüyümə əmin olmamış dəfn etməyin. Dəqiq yoxlayın.

Bütün bu məktublar Marina Svetayevanın oğluna nə qədər düşkün olduğunu, hədsiz sevgi bəslədiyini, lakin ona istədiyi həyatı, gələcəyi verə bilmədiyi üçün peşimançılıq hissi yaşadığının əyani sübutudur. O yaxşı bilirdi ki, Georginin zalım dünya ilə tək-tənha mübarizə aparmağa gücü yetməyəcəkdi. Ananın isə oğluna arxa, dayaq durmağa gücü yetmirdi. Bu səbəbdən də vəsiyyət xarakterli qeydlər yazaraq Muru qəbul etmələri üçün dönə-dönə yalvarırdı.

Rusiya poeziyasının gümüş dövr şairləri şeirləri ilə bərabər faciəli həyatları, taleləri ilə də seçilmişlər. Elə M.Svetayeva da bu sırada idi. Şairənin yaradıcılığı önündə əməlli-başlı maneəyə çevrilən həyat şərtləri onu həm də ailəsi, özü və bütün dünya ilə qarşı-qarşıya qoymuşdu. Marina özünün hissə-hissə məhv olduğunu, fiziki ölümündən öncə mənəvi ölümünün yaxınlaşmaqda olduğunu yaxşı başa düşürdü. Bundan qaçış yolu isə məhz intihar idi və o yaşadığı faciələrin əsirinə çevrilməmək üçün həyatına son qoydu.

 

Boris Pasternakın Zinaida Pasternaka məktubu

10 sentyabr 1941

 

Dünən axşam Fedin dedi ki, Marina intihar edib. Mən buna inanmaq istəmirəm. O sizə yaxın yerdədi. Çistopolda və ya Elabuqda. Xahiş edirəm öyrən və mənə yaz (teleqramlar məktubdan tez yetişir). Əgər bu həqiqətdirsə, dəhşətlidi! O halda onun oğlunun qayğısına qal, onun harda olduğunu, vəziyyətini öyrən. Əgər bu həqiqətdirsə, bunda mənim də günahım var! Bütün bunlardan sonra "kənar" qayğılardan danış görüm! Bunu özümə heç vaxt bağışlamaram. Son illər onunla maraqlanmırdım. O, ziyalı cəmiyyətdə yüksək yerdə idi. Onun yaxın dostu olduğunu göstərmək tərifləmək sayılardı. Başqa səbəblər də vardı. Mən ondan uzaqlaşdım, son illər isə tamamilə unutmuşdum. Gör, nə oldu... Bu, dəhşətlidir.

 

Xatirə NURGÜL

 

Ədəbiyyat qəzeti.- 2017.- 17 iyun.- S.24.