Yağışlı bir gündə...

 

Xalq ozanı aşıq Veysəlin türk mədəniyyəti tarixində önəmli yeri var. Gözləri görməyən və həyatının ən böyük dönəmini kor olaraq keçirmiş aşıq Veysəl 25 oktyabr 1894-cü ildə Sivasın Sivrialan kəndində dünyaya göz açır. Onun yeddi yaşı olanda Sivasda çiçək xəstəliyi yayılır. Aşıq Veysəl də çiçək xəstəliyinə yaxalanır və sol gözü tutulur. Bundan bir az sonra sağ  gözü də görməz olur. Dövrün bəlalarından olan çiçək xəstəliyinə yaxalanan Veysəlin iki bacısı da bu xəstəlikdən vəfat edir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən hadisəni bu cür xatırlayır: "Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum...  Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu, daha sonra sağ... Həmin gündən dünya mənim üçün zindana döndü ..."

Digər gözünü də qəza nəticəsində itirən aşıq Veysəl əsla ruhdan düşmür. Dünyası zülmət olsa da, həyatına rəng qatmağı bacarır. Atası hər gün əzbərlədiyi xalq ozanlarının şeirlərini oxuyur ona. Atasını böyük bir istəklə dinləyən Veysəlin həyatında eşitdiyi şeirlər günəş kimi doğur. Bu istəyi görən atası bir gün əlində sazla gəlir. Veysəl saza görə çox sevinir. Ona saz çalmağı Çamşıxlı Əli Ağa öyrədir. Günlər keçdikcə saza daha çox bağlanan Veysəl sazının yanından ayrılmır. Saz çalmağı öyrənir. Yunus İmrə, Pir Sultan Abdal, Karacaoğlan, Dadaloğlu kimi xalq ozanlarından təsirlənərək türküsaz ifaçılığında ustalaşır.

 

"Vətənə xidmətdən

məhrum qəlbim"

 

Veysəl 18 yaşında olan zaman yenə bir üzüntüylə qarşılaşır. Onu səhhəti ilə əlaqədar olaraq hərbi xidmətə aparmırlar. Vətənə xidmət edə bilmədiyi üçün çox təsirlənir Aşıq Veysəl:"Gözlərim görmədiyi üçün məni əsgəri borcumu yerinə yetirməyə qoymadılar.  Kənddə yaşlı kişilərlə, qadınlarla baş-başa qaldım. Çox üzüldüm. Onlar məmləkətə xidmət etməyə getdilər, mən kənddə miskin və hər şeydən məhrum qaldım. "Vətənə xidmətdən məhrum qəlbim" deyərək çox acı çəkdim. İstiaqlal savaşı olan illərdə mən yenə kənddəydim."

25 yaşı olanda Aşıq Veysəl Əsma adlı bir qızla evlənir. Çox keçmir ki,o, ana və atasını itirir. İkinci uşağı dünyaya gəlir və doğulandan 10 gün sonra ölür. Dərd gələndə batmanla gəlir axı... Sonra arvadı Əsma başqa bir kişiyə aşiq olurbir yaşlı qızını ərinin yanında qoyub qaçmağa qərar verir. Gecə yatmaq üçün yataqlarına girdikdən sonra yoldaşı qalxır, boğçasını götürüb ayaqqabılarını geyinir və arxasına baxmadan qaçmağa başlayır. Bir az getdikdən sonra ayağını bir şeyin incitdiyini hiss edir. Ayaqqabısını çıxararkən gördüyünə mat qalır: Aşıq Veysəlin bütün pulu ordadır, qaçacağını anladığı üçün sahib olduğu hər şeyi yoldaşına buraxır. Pulun yanında bir məktub da vardı. Məktubda bu sözləri yazmışdı Aşıq Veysəl: "Al bu pulu, ananın ağ südü kimi halalın olsun, getdiyin yerdə özünü əzdirmə. Bir də, gözəlliyin beş qəpiyə dəyməz, məndəki bu eşq olmasa..."

O, saz, söz adamı idi. Bilirdi ki, insan taleyi ilə barışmalıdı, həyat davam eləyir. Odur ki, baş verən dərdlərin ağırlığına baxmayaraq ikinci dəfə evlənir. Gülzar adlı bir xanımla ailə quran Aşıq Veysəlin ikinci evliliyindən yeddi uşağı olur.

 

Torpaq, sevgi və təbiət

 

Onun istedadını ilk görənlərdən biri Sivasın maarif müdiri Əhməd Qutsi Tecer olur. Tecerlə bir  şeir gecəsində tanış olan Aşıq Veysəl bu tanışlıqdan sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır. Veysəlin şeirlərinin tanınmasında Əhməd Qutsi böyük rol oynayır. 1965-ci ildə TBMM tərəfindən ana dili və milli birliyə xidmətlərlə bağlı qanun qüvvəyə minir və aşıq Veysələ maaş kəsilir. Bir müddət kənd institutlarında müəllimlik edən Aşıq Veysəli Türk Aşıq məktəbinin son ustadı kimi qəbul edirlər. 1970-ci illərdə məşhur sənət adamlarının aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini ölkə hüdudularına  da yayır.  Öz səsi ilə ifa etdiyi mahnıları dövlət radiolarında səsləndirilir.

Saz, söz adamlarının onun yaradıcılığına verdiyi həqiqi qiymət belədir: "Şeirlərində türkcəsi sadə və başadüşüləndir. Ana dilindən ustalıqla istifadə edir. Yaşama sevinciylə hüzn, optimizmlə ümidsizlik şeirlərində iç-içədir. Təbiət, cəmiyyətdəki çatışmazlıqlar, din və siyasət onun yaradıcılığında öz əksini tapan mövzulardır. Şeirləri qaranlıq dunyasında üç mövzunu birləşdirir: torpaq, sevgi və təbiət...

7 yaşından "Uzun, icə bir yolda" olan sonuncu mogikan həmin məşhur şeirində də bütün şeirlərində olduğu kimi öz taleyini yazırdı:

 

Mat qalar Veysəl bu halə,

Gah ağlaya, gahi gülə.

Yetişmək üçün mənzilə,

Gedirəm mən gündüz, gecə.

 

Anadolunun son ozan ənənəsinin təmsilçilərindən olan Aşıq Veysəlin keşməkeşli həyatına 1973-cü ildə ağciyər xərçəngi son qoyur...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.30.