Gecənin bir aləmi
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.
Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.
Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.
Küçənin, gecənin, ulduzun,
ayın,
Ürəyin sözündən çıxa
bilmədim.
Tanrının sözündən çıxa
bilmədim,
Fələyin sözündən çıxa
bilmədim.
Alnıma
toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm
bağlıdı,
Sizin darvazanız
açıqdı gördüm.
Keçdim darvazadan, çıxdım
həyətə,
Arzu, istək
məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq
idi,
Tanrı
oyaq idi göyün üzündə…
Qapınızın zəngi yuxulamışdı.
Qapını oyatdım, zəngi
oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.
İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq
qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından
saldırdı səni.
Sən oyanan kimi, sən
duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib
qalan,
Tellərin oyanıb qalxdı yuxudan.
Çiyinlər oyandı -pambıq
çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş,
Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.
Həmişəki kimi “eşş”
eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.
Uzandı
işığa süd
barmaqların,
Evin süd işığı alışdı,
yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.
Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü,
getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.
O süd işığından
nə qaldı bizə?
Ağ yastıq, ağ
döşək, ağ
yorğanüzü.
Sənin
baxışının odu,
alovu,
Mənim baxışımın çınqısı,
közü.
Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı,
barmaq barmağa,
Dil dilə
qarışdı, yanğı
yanğıya.
Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi,
bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə,
tap elə-belə.
Gecə
çırpınırdı, gecə əsirdi,
Gecə
titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.
Gecənin sümüyü sürmə
olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm
ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı
bizə baxıb gülümsəyirdi…
Məhəmməd Hadiyə
Tək dedilər-təklədilər
Qanına yeriklədilər.
Sonra da dərdini alıb
Dağa-daşa yüklədilər,
Çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə əsdilər,
Öldürməyə tələsdilər
Günün günota çağında
Ağacı elə kəsdilər,-
Kölgə bilmədi bilmədi.
Xallandı gül-butasında
Nər qarnında-qartasında
Bir şairi öldürdülər
Bir ölkənin ortasında
Ölkə bilmədi bilmədi
Eldar Baxış
Ədəbiyyat qəzeti.- 2017.-
24 iyun.- S.31.