Zaman yeganə gerçəkdir
Tanpınar üçün
Nə
içindəyəm zamanın, Nə də tamamilə xaricində.
Ə.H.Tanpınar
Modern
türk ədəbiyyatı və bu ədəbiyyat ətrafındakı
problemlər düşünüldüyündə ilk ağla
gələn adlardan biri Ə.H.Tanpınardır.
Ə.H.Tanpınar Türk roman, hekayə yazarı, şair, müəllim, tərcüməçi, ədəbiyyat tarixçisi və siyəsətçisidir. Cumhuriyyət nəslinin ilk müəllimlərindəndir. O, geniş oxucu kütləsi tərəfindən "Bursada zaman" şeiri ilə tanınmışdır. "XIX əsr türk ədəbiyyatı tarixi" adlı əsəri ilə ədəbiyyat tarixinə yeni bir görüş və baxış gətirmişdir. 1942-ci ildə "Namiq Kamal Antologiyası" adlı kitabı, 1943-cü ildə "Abdulla efendinin röyaları" kitabları nəşr olunmuşdur. İlk romanı "Mahur Beste"dir. Məşhur "Beş şəhər" əsəri 1946-cı ildə kitab halında nəşr olunmuşdur.
Əsərdə beş şəhər - Ankara, Ərzurum, Konya, Bursa, İstanbuldan danışılır. Əsər tarixi xatirə üslubunda yazılıb.
Ankara.
Ankara tarixin insanı heyrətləndirəcək bir şəhərdir. Əsrlər boyu uğradığı istilalar, üst-üstə yanğınlar, yağmalar daima insanın göz önündədir. Ankarada gözə çarpan ən önəmli şey iki yastı təpə arasındakı təbii bir istehkam mənzərəsidir.
Ərzurum.
Məmləkətin heç bir yerində I Dünya müharibəsinin izlərini Ərzurumdakı kimi görmək mümkün deyil. Dörd il bu dağlarda qurdlara insan ətindən ziyafətlər verilmişdi. Ölüm hər yeri bürümüşdü. Bununla bərabər əhalisinin sayı 60 mindən 8 minə enən Ərzurum milli mücadiləyə davam gətirmişdi. Ərzurum türk tarixinə, türk coğrafiyasına 1945 metrdən baxır.
Atatürk Ərzurumda işə başlamışdır. İlk fatehlər kimi oradan Anadolunun içərisinə doğru getmişdir. Oradan da başlayaraq yurdumuzu xainlərdən qorumuşdur.
Konya.
Konya Səlcuq sultanlarının bir şəhəridir. Başqa gözəlliyi vardır. Sərin kölgələri və çeşmələri insanlara röya kimi gəlir. Mövlanənin şəhəridir. Movlanə Şərqdə varlıq hikməti, bir Divani-Kəbirdir.
Bursa.
Övliya Çələbi Bursadan bəhs edərkən "Ruhaniyətli bir şəhərdir" demişdir.
Gümüşlü, Muradiyə, Yeşil, Nulufər Hatun, Geyikli baba, Əmir Sultan, Konualp… saymaqla bitmir. Hər birinin özünəməxsus keçmişi, xüsusi gözəllikləri vardır. Övliya Çələbi Bursa çeşmələrindən - bulaqlarından bəhs edərkən belə demişdir: "Bursa tamamilə sudan ibarətdir…"
İstanbul.
Minarələrin, camilərin şəhəri. Bəyoğlu, Boğaziçi, Üsküdar, Erenköy, Çəkməcələr, Bentlər, Adalar… Qəlbimizdə ayrı gözəlliklər, ayrı xəyallar yaradan şəhərlər şəhəri. Hər istanbullu az-çox şairdir.
Bu gün məhəllə qalmadı. Hündür binalarda yaşayan qonşular bir-birindən xəbərsizdir. Bəylərbəyində, Emirganda, Kandilli və ya İstinyedə günün hər saatı bir-birindən ayrıdır. Beykoz, Çubuklu ağacların sərin kölgəsində yuxudan ayılmağa çalışan zaman, Yeniköy və Böyükdərə gözlərinin ta içinə baxan günəşlə tezdən oyanırlar. Kuzquncuqda sular sahil boyunca arasında tək-tük sünbül qarışmış bir bənövşə tarlası kimidir. İncə bir duman təbəqəsinin böyük zanbaqlar kimi kəsdiyi İstanbul minarələri xəyallarımızda bəyazlara bürünmüş gəlinə bənzəyir.
Həyatımızda məhv olan şeylərin ardından duyulan üzüntü ilə deyə bilərik ki, köhnəliklə yenilik daima toqquşur. Yazıçı keçmişə bu günün pəncərəsindən baxır.
Tanpınarın atasının məmur olması səbəbilə onlar tez-tez bu şəhərdən o şəhərə köçürdülər və Əhməd də məktəb dəyişdirmək məcburiyyətində qalırdı. Ə.H.Tanpınar 14-15 yaşlarında anasını itirir. Bu hadisə onun həyatında dərin iz buraxır. 1919-cu ildə girdiyi İstanbul Darülfünun Ədəbiyyat bölümündən 1923-cü ildə məzun olur. Ərzurum, Konya və Ankarada ədəbiyyat müəllimi işləyir. 1933-cü ildə Gözəl Sənətlər Akademiyasında sənət tarixi müəllimi vəzifəsinə gətirilir. İstanbul Universitetində çalışır. Maraşdan millət vəkili seçilir. 1953-cü ildə Avropaya gəzməyə gedir. Belçika, Hollandiya, İngiltərə, İspaniya, İtaliya, İsveçrə, Portuqaliyada olur. Bu Avropa səyahətləri ona kitablarda tanıdığı Qərbi-Avropanı yaxından tanımağa imkan verir.
Əhməd Hamdi Tanpınar yazırdı: "Meyvə bağlarında gəzərkən yavaş-yavaş gördüm ki, şair olmuşam, şairliyimin susduğu yerdə isə hekayə, roman, məqalə və ya esse yazıram".
Onun hekayə və romanlarında insan, onun problemləri ilə yanaşı tarix, musiqi, zaman və s. önəmli mövzulardır. Tanpınarın ədəbiyyat və fikir məsələlərində önəm verdiyi məsələlərdən biri Doğu-Batı (Şərq-Qərb) məsələsidir. Köhnəliklə yeniliyin mübarizəsi, bunun həlli problemi onun yaradıcılığından qırmızı xətlə keçir. Yazıçı daima tərəddüd və vicdan əzabı çəkən insanların durumunu dilə gətirir.
Əhməd Tanpınarın poeziyası simvollardan, simvolik düşüncədən qaynaqlanır, bu onun romanlarına da aiddir, buna görə nəsri seçmişdir. Onun romanlarında çox zəngin həyat vardır, cəmiyyətdəki hadisələrə yazıçının özünəməxsus baxışı vardır. İnsan və cəmiyyət problemi daima yazarı düşündürmüşdür.
"Saatları qurma institutu" romanı fərddən başlayıb kütləyəcən cəmiyyətin həmin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla çatdırır.
XX əsr türk ədəbiyyatının realist və modernist yazıçısı, şairi Əhməd Hamdi Tanpınarın "Hüzur" romanında Türkiyə Cümhuriyyətinin quruluş illərində Osmanlı mədəniyyəti ilə müasir Qərb mədəniyyəti arasında qalan, dilemma qarşısında duran türk ziyalısının daxili dünyası təsvir edilir. Romanda Mümtazla Nuranın məhəbbəti romanın ana xəttini təşkil edir. Hadisələrin cərəyan etdiyi İstanbul romanın bir qəhrəmanına çevrilmişdir. Könül rahatlığı üçün yeni dünya görüşünə, yeni həyat tərzinə qovuşa bilməyən türk gənclərinin hüzursuzluqları əsərdə əks olunmuşdur.
Var olmaq uğrunda, yaşam uğrunda çalışan, lakin sonunda hər şeyini itirən hüzursuzların romanıdır "Huzur" romanı. Əsər yazıldığı tarixdən insanların heç dəyişməmiş problemləri ilə hələ də gündəmdədir. Romanda bir çox simvolları özündə birləşdirən obrazlar da vardır.
Romanın ideyası budur: Hər eşqin sonunda bir iztirab və kədər vardır. Bu bəzən insana mutluluq- xoşbəxtlik, bəzən də mutsuzluq - bədbəxtlik gətirir. Əsər dörd bölümdən ibarətdir. Əsərin qəhrəmanları Mümtaz, İhsan, Nuran və Suatdır, əsas qəhrəman isə Mümtazdır. Digər üç qəhrəmanı da Mümtaz obrazı ilə biz tanıyırıq.
İstanbul Qərb-Şərq qarşılaşmasının simvolik bir yeridir: Şərq-Qərb dəyərlərini təmsil etmək baxımından iki yerə ayrılır İstanbul tərəfinin məhəllələri. Osmanlı-İslam adət-ənənələri və Bəyoğlu tərəfi - bu da qərbləşmiş tərəfdir.
"Huzur" romanı 22 fevral -2 iyun 1948-ci illər arasında "Cümhuriyyət" qəzetində çap olunmuş, 1949-cu ildə isə kitab halında çıxmışdır. 391 səhifəlik roman İstanbulda yaşayan Mümtazın həyatından bəhs edir. Mümtaz romanda sevgilisi Nurana qovuşmaq istəyi ilə yaşayan, II Dünya müharibəsinin qorxuları ilə yaşayan, çox problemləri olan bir nəslin yetirməsidir, bir istanbulludur. Romanın əsas mərkəzində Mümtaz və Suatın Nurana olan məhəbbətidir. Mümtaz və Nuran bir-birlərini sevir və evlənməyi düşünürlər. Biruşaqlı dul qadın Nuran Mümtazı sevən, amma insanların dedi-qodularından bezmiş bir qadındır. Nəticədə cəmiyyətə qarşı sevgisini yox edən, Mümtazla evlənməkdən vaz keçən qadındır.
Yazıldığı tarixdən xeyli müddət keçsə də, əsərin mövzusu çox aktualdır. Həm Şərqdə, həm Qərbdə olan insanlar nə düşünsələr də, kitabda olan insan taleləri hələ də günümüzdəki kimidir. "Huzur"un gizli qəhrəmanı isə Suatdır. Suat mələkdir, yoxsa şeytandır, bilinimir. Amma əsəri oxuyanda bizə elə gəlir ki, o bir şeytandır. Bu obraz Cümhuriyyət sonrasının mənəviyyatı məhv olan nəsillərini çox gözəl simvolizə edir. Suat heç kimsənin güvənmədiyi, universitet təhsili olan ya da olmayan oxuyana, nə də oxumayana önəm verməyən bir zamanın obrazıdır. Sonunda arzusuna çata bilməyib intihar edən Suat bu intiharı ilə oxucunu düşündürür. Bu obraz, olum ya ölüm, yaşam uğrunda mücadilələr verən insanlara sonlarının belə olacağını xatırladır.
Romanda İstanbul şəhərinin də çox gözəl obrazı yaradılmışdır. Məhz buna görə bu roman İstanbulun "portretini" yaradan romanların başında durur.
Ümidsizliyə qapılan Suat isə özünü asaraq intihar edir. Bu faciə səbəbilə Nurandan ayrılan Mümtazın dünyası yıxılır. Radioda II Dünya müharibəsinin başlandığı xəbəri verildiyi zaman Suatın xəyalını görən Mümtaz nərdivandan yıxılır. Romanda Mümtaz Bəyazit Sahaflar Çarşısında, dükanlarda, Çəkməcədə, balıqçı mühitində, qəhvəxanalarda dolaşırkən İstanbulun köhnə zamanlarının donub qaldığı zamanın təsvirçisidir. Romanın sonrakı bölümlərində Boğazı, zəngin bir evi, başqa bir dünyanı görürük. Əvvəllər çox xoşbəxt olan Mümtaz zaman-zaman qaynaqlanan hadisələrin sonucunda məhv olur.
Keçilməməsi gərəkən bir sərhədi o yox etmişdi.
Tanpınar özünü, ətrafını, yaşanılan və xatırlanan şeyləri, tarixi təkrar-təkrar araşdıran, bu günlə əlaqələndirən, böyük ustaddır.
Zaman yeganə
gerçəkdir Tanpınar
üçün.
Yeganə İsmayılova
Ədəbiyyat qəzeti.- 2017.-
24 iyun.- S.29.