Son nəfəs
hekayə
Evdəkilərdən savayı kimsə bilmirdi ki, ailənin qocası üç gündən sonra öləcək. Həkim demişdi ki, "aparın evə, orada doğma mühitdə canını tapşırsın". Ölümünə çoxdan hazırlıqlı olan ailə üzvləri həkimin pıçıltısına əməl etdilər. Gənc oğlan demişdi ki, "onu ölümə gülə-gülə yola salın". Dırnaq ucu boyda işığın gəlməyəcəyini bilən nəslin davamçıları qocanın iztirablarının azalmasına çalışıb ən adi məsələni şişirdib genişləndirir, söz oyunu qurur, yumor halına salırdılar. Bircə çərpələng uçurmaq çatmırdı ki, onun üzü gülsün.
Həmin günə qədər evdəkiləri yanına çağırıb son sözlərini çatdırmışdı. Oğluna tapşırmışdı ki, həyat yoldaşından başqa bir qadınla gəzməsin, qızına arzulamışdı ki, ərindən savayı bir kişiyə ürəyini verməsin. Arvadına heç nə deyə bilməyəcəkdi, çünki 3 il əvvəl vəfat etmişdi.
Ona pislik edənlərlə haqq-hesabı üzmək qalırdı. Çarpayıdan qalxıb gedib üzlərinə sillə çəkib təpiyinin altına sala bilməyəcəkdi. Son illərin parkinsonunun kiməsə dəqiq zərbə endirməyi alınmayacaqdı. Ömrü boyu bunu etməyi arzulasa da, qorxmuşdu ki, məhkəməyə verib cərimələyərlər. Ya da kimsə məhkəmə qəfəsi arasından üzünə tüpürər.
Telefonu yanına gətirməsini istədi. Əlini yellədi ki, otağı boşaltsınlar. Bununla da başının üstündə dayanmalarından qurtulardı. Bir azdan qapı arxasından nəvələrinin ağlaşması eşidildi. Düzdür, hələ də babalarına ağlayan nəvələrin qalmasına təəccüblənsə də, bu barədə haqq-hesab saatından sonra düşünməyə qərar verdi.
İlk ağlına gələn ədəbiyyat müəllimi oldu. Məktəbin təsərrüfat otağına yığılan əşyalar içindən sınıq stulun ayağını tapıb onun kürəyində sındıran müəllimi. Əsən əlləri ilə nömrəni yığanda dayandı: ədəbiyyat müəllimi çoxdan ölmüşdü.
Ona psixoloji zərbələr vurub zövq alan keçmiş müdirinin kəkilini yadına salıb hirsləndi. Xoflu gicbəsərin bütün eksperimentləri parkinson qocanın gəncliyində elə iz buraxmışdı ki. Zəng etdi. Keçmiş müdirin oğlu atasının kiçik nəvəsinin toyunda olduğunu dedi. Bu işi gecəyə saxladı. Yox, gecə onun halı pisləşə bilərdi. Mobil nömrəsini alıb birbaşa xeyir işdə qanını qaraltmaq lazım gəlirdi. Qoy, xeyir işi cəhənnəmə dönsün. Beş dəqiqə ərzində telefonu götürən olmadı. Görünür, toyun səsindən eşitmədi. Qocanın əsməcəsi gücləndi. Bu günü illərlə arzulamışdı. Alınmasa, qisas saatını o dünyaya saxlamağa məcbur idi. Orda da bilinmirdi nə var, nə yox. Nəhayət, keçmiş müdirinin səsini eşitdi. Dişinin dibindən çıxanı deyib sakitləşdi. İyrənc söyüşlərindən utanması iki dəqiqə çəkdi.
Keçmiş sevgilisi isə dəstəyi özü götürdü. Tanışlıq verəndən sonra qadın ağladı. Dedi ki, onu illərlə arzulayıb, yadına salıb, gecələr yuxularında görüb və əlavə şablon sicilləmələr. Pilləkəndəki pişiyi ac qoymazdı: "Yadina gəlir o pişik? Hər gələndə süd alardın". Qadının hönkürtüsünü qocanın bir-iki ağız söyüşü gücləndirə bilərdi. Elə hey susub dayanmış, nəsə alınmırdı. Yox, qadının hönkürtüsünə inanmırdı. Pozğunun hönkürtüsünə ya keçid yaşlı oğlan inanar, ya da anasının təmizlik mühazirəsinə qulaq asan övladı. Hərdən ağlamağına ara verəndə eşidilirdi ki, indi tək qalıb ölümünü gözləyir. Hamı ondan qaçıb. Şəhər meriyasının nümayəndəsi hər gün halını soruşur. Halbuki ölməyini gözləyir ki, evi satışa çıxarıb meriyanın büdcəsini zənginləşdirsinlər. Qoca soruşmaq istədi ki, nəyə görə onunla yataq səhnəsini gizlicə çəkdirib mətbuata çıxardı, bütün ölkədə gənc oğlanı biabır etdi. İmkan tapmadı. Yaşlı sevgilisi üçüncü məşuqunun başına açdığı oyundan danışdı: karxanada mişar daşlarının altına salaraq çıxıb gedib. Yalnız ertəsi gün təsadüfən xilas ediblər. Deməli, məndən əvvəl ona cəhənnəmi yaşadıblar. Təəssüf. Mən gecikdim.
Qoca onu avtomobillə vurub ömrü boyu axsadan taksi sürücüsünə zəng etdi. Bütün bu nömrələri tapmaq iki ay çəkmişdi. Böyük nəvəsini aldatmışdı ki, bu adamları taparsa, son saatlarında hamıdan halallıq alar, o da savab qazanar. Nəvəsi də polis idarəsi və mobil operatorlarda çalışan tanışları vasitəsilə nömrə və ünvanları tapıb özü də bilmədən babasına gizli işdə köməklik göstərmişdi. Taksi sürücüsünə zəng edib səsini qorxulu hala salıb qışqırdı ki, gəzdiyi qadının əridir, arvadı hər şeyi açıb deyib. Sürücünün and-amanına fikir verməyib onu necə dilim-dilim doğrayacağını müfəssəl şəkildə təsvir etdi. Qohumları, dost-tanışları arasında biabır olacaq, uşaqları xəcalət çəkəcək, həbsxanada ayaqyolunu təmizləməyi ona həvalə edəcəklər. Hələ sabunu hamamda yerə düşəndə yaxşıca yaxalayacaqlar. Həbsxana barədəki təəssüratına gülümsədi. Çox düşünə bilərdi, əgər taksi sürücüsü hələ də telefonda yalvarmasaydı. Qoca dedi ki, ev ünvanını bilir, qoşalülə tüfəngi ilə qanını yatdığı çarpayıya tökəcək. Şəhər kənarındakı bağ evinin də ünvanını bilir. Dəstəyin o biri başında yalvaran adama bircə məsləhət gördü ki, qətlə yetirilənə qədər ürəklərini sındırdığı adamlardan halallıq alsın.
Qapının arxasından ağlaşma səsləri kəsilmişdi. Gözləri qapanan qoca son fəhmi ilə anladı ki, onun danışığına qulaq asırlar. Başını yellədi. Son nəfəsdə də istədiyini etməyə qoymurlar. Ömrü boyu kirpi kimi yumalanan dərisindən yalnız indi başını çıxarıb nəfəs alırdı.
Qoca onun itini zəhərləyən kişinin bir həftəlik xaricə getdiyini bilirdi. Sabah qayıdacaqdı. Dəstəyi həyasız səsli kişi götürdü və soruşmadan beynəlxalq tədbirdə olduğunu pıçıldadı. Qoca da pıçıldadı: "Sənin alman avçarkanı elə indicə zəhərləyib öldürdüm". Dəstəkdən "necəəəə" sualı eşidiləndə tədbirdəki adamların səsi azalırdı. O, tədbir zalından sakit foyeyə qaçırdı. Təngnəfəs halını, bəlkə də alnında puçurlanan tər damçılarını və ağzından dilinin necə çıxmasını qocadan savayı kimsə duymazdı: "Sənin itin əzabla zingildədi. Ölmək istəmirdi. Son anda gözü yaşardı. Necə də əzablı idi". Uşaqlıq tanışı dəstəkdə ağlayanda qoca gülümsədi. Sonra ağlama qəzəbə döndü: "Bilirəm kimsən. Alçaq, qayıdanda qanını tökəcəm. İtini zəhərlədim... səni də o hala salacam". Qoca qəhqəhə çəkmək istəyəndə sinəsi xışıldadı. Deyəsən, bədəni də sahibinin xoş halından zövq aldı. Bu dəfə soyuq tər basmadı.
Qaradərili qeyd dəftərçəsini vərəqləyib bir nəfərin də adının üstündə dayandı. Ona həyəcan yaşatmaq dəniz üzərində fişəng atmaq qədər gözəl görünərdi. Fişəngi atdı. Sevdiyi qızla evlənən gənc indi polis rəisi vəzifəsinə yüksəlmişdi. Qəmli gözlərini qaldırıb saata baxdı. "Bu vaxt evdə olar" - deyə düşünüb nömrəni yığdı. Hökmlü səsdən hürkdü. Özünü ələ alıb evdə olub-olmadığını soruşdu. Gərək soruşmayaydı. Balaca uşaqların səs-küyündən anladı ki, evdədir. Telefonun səs yerinə cib dəsmalını atıb səsini dəyişdirmək istədi. Buna ehtiyac yox idi. Onsuz da ömrünün sonudur: "Sizin evə bomba qoymuşam. Beş dəqiqəyə partlayacaq. Hamınız öləcəksiz". Qoca bilmədi ki, telefonu söndürəndən sonra polis rəisinin ailəsindəki haray-qışqırığa qonşular başlarını pəncərədən çıxarıb, bombaaxtaranlar doluşub, təhlükəsizlik xidmətinin əməkdaşları zəng edənin şəxsiyyətinin müəyyən edilməsi üçün mobil operatorlara sorğu göndərib. O evdə ən ağır anlar yaşandı.
Qoca sonuncu
zənginin hansı nəticə doğuracağını əvvəlcədən
bildiyindən, bunu ağır anına
saxlamışdı. Ölümünün
yaxınlaşdığı ana.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının
yaşadığı mənzilə tüstü
şaşkası atmasını, qapı-pəncərələri
sındırıb içəri doluşmasını bilmədi.
Çünki gözlərini həmişəlik
yummuşdu.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 24
yiun.- S.26.