“Molla
Pənah Vaqif və folklor”
mövzusunda elmi konfrans
keçirilib
İyunun
21-də Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunda “Molla Pənah Vaqif və folklor”
mövzusunda elmi konfrans keçirilib.
Folklor İnstitutunun təşkilatçılığı
ilə keçirilən elmi konfransı
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
açaraq Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında ölkə başçısının sərəncamının
icrası ilə bağlı tədbirlər planına əsasən
görülən işlərdən ətraflı bəhs
edib. Şairin 300 illik yubileyinin UNESCO-nun yubileylər
proqramına daxil edildiyini xatırladan akademik, həmçinin
bu ilin TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili”
elan olunmasını mühüm ədəbi-tarixi hadisə
kimi səciyyələndirib. Bildirilib ki,
AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində
Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və
sessiyalar keçirilir. Şairin
yaradıcılığı klassik ənənə ilə
yeni dövr ədəbiyyatı arasında bir mərhələ
təşkil edir. Vaqif dəyərini əsrlərdən
bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri
yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə
inkişafına əsaslı təsir göstərib.
Folklor İnstitutunun
direktoru, akademik Muxtar
İmanov çıxış edərək Molla Pənah
Vaqifin həyat və yaradıcılığının əsas
xüsusiyyətlərindən, böyük şairin zəngin
ədəbi irsində şifahi xalq düşüncəsinin,
folklorun rolundan danışıb.
Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah
Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli
“Molla Pənah Vaqif yaradıcılığı və xalq
musiqisi” və filologiya üzrə elmlər doktoru İslam
Sadıq “Molla Pənah Vaqif irsi və XIX əsr Azərbaycan
aşıq şeiri” mövzusunda məruzə ilə
çıxış ediblər.
Müzakirələr bölmə iclaslarında
davam etdirilib.
A.
Məmmədov
Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.27.