Esmira Məhiqızı
nənəmin
barmaqları piano dilləriydi...
gecələr o barmaqları çalardım.
uşaqlığımın prelüdünü bəstələyərdim
nənəmin barmaqlarında.
nənəm nə bilirdi ki, prelüd nədi...
nağıl vaxtı başımı dizinə qoyardım,
o da
nağıl deyə-deyə,
saçlarıma sığal çəkərdi,
çiyinlərimi ovuşdurardı,
əllərimi tumarlayardı...
mən
də nənəmin əllərindən tutardım,
barmaqlarının quluncunu qırardım,
biləklərinin sümüyünü sındırardım.
cürbəcür səslər tökülərdi
nənəmin barmaqlarından, əllərindən...
və...
ən gözəl prelüdünü dinləyərdim
uşaqlığımın,
uşaqlığımın musiqisiydi nənəm...
nənəmin əyri-üyrü qocalmış barmaqları.
musiqi
deyəndə…
mən ən
çox nənəmin barmaqlarının
musiqisini
sevərdim.
sonra
Şopeni də sevdim,
prelüdlərini də.
amma nənəmin
barmaqlarını tapmadım
Şopeni çalmağa.
***
rəhmətlik Şahin neçə dəfə soruşmuşdu:
- fotoaparatın içindən quş nə vaxt
çıxacaq?
Mirzə
dayı da gülmüşdü:
- çıxanda görəssən...
o
günü eşitdim ki,
şəkilçəkən Mirzə dayı da ölüb.
və
içimdəki quşlar uçub getdilər...
getdilər dönmədilər.
mən
də elə bilirdim ki,
Mirzə
dayının fotoaparatı quş yuvasıdı -
görmədiyimiz quşların.
biri
deyirdi, simurqdu,
biri
deyirdi, qu quşudu...
Fəzi də
lağlağı edirdi ki,
yüz
faiz dəvəquşudu.
amma mən
dəqiq bilirdim ki,
aparatın içində sərçə var.
sonra
aydın oldu ki, aydınlıq olmayacaq...
və
yenə də...
hər
dəfə şəkil çəkdirəndə
Mirzə
dayı obyektivi göstərib deyirdi:
- bura diqqətlə baxın, indi quş
çıxacaq.
biz ha
baxsaq da, ordan heç vaxt quş çıxmadı.
- əcaba, deyirəm, bəlkə şeir
çıxırmış.
***
ortadan
bir qış çıxar...
deyər,
mən də varam.
onda
anlayarsan -
neçə bahar əskiksən,
neçə günəş yoxsan,
neçə xoşbəxtlik azsan
və
neçə şeir çatışmırsan.
***
məni
burda, burda, burda...
bir
qadın ağlayıb keçər.
-nənəmsənmi,
qadın ?
məni
heylə, heylə, heylə
nənəm ağlaya bilərdi.
saçlarımı sünbül hörüb,
uclarına, uclarına,
kəpənəkli bantlarımı
bax o
cürə, bax o cürə
nənəm bağlaya bilərdi.
məni
orda, orda, orda...
bir
uşaq ağladıb keçər.
nəyimsənmi, uşaq?
məni
belə, belə, belə.
qaqam
ağlada bilərdi,
qaqam
ovuda bilərdi.
saçlarımı düzənini
qaqam
dağıda bilərdi.
məni
harda, harda, harda...
bir
gözəl, şirin yuxuda
doğmalar uyudub getdi.
o nənəm
yaddan çıxartdı,
o qaqam
unudub getdi.
***
sən
də yoxluq, mən də yoxluq...neyniyək,
iki
yoxluq bir arada qalarmı .
güzgüdə də görmürəm heç, deyəm ki-
yoxluğuna salam versəm, alarmı ?
ya
keçərmi qollarının bəndinə,
xəyalımı deyirəm eyyy, bənöyşə.
sizdən
bizə ayrılıqlar düşəndən,
bizdən
sizə düşənlər də gen düşər.
daşımağa bir dəriyəm, bir sümük,
güzgülərdə fikir qoyub gedirəm.
indi dəbdi,
başdaşında hamı tək,
iki dənə
şəkil qoyub gedirəm.
***
mən
belə bilmirdim...
yəni
bu cürə
bu
cürə hər şeyə alışmaq olar.
bu
cürə sarılıb tənhalığına,
hər
gün təkliyinlə danışmaq olar.
sonra
düşünürsən...
-nə
danışıram,
adam da təkliklə
danışarmı heç.
adam da
bu boyda qələbəlikdə,
yoxluğa,
boşluğa qarışarmı heç.
çarəsiz qalırsan, naçar qalırsan...
dəf
edə bilmirsən namümkünləri.
yandırıb küləyə verirsən belə,
hər
gün təqvimindən düşən günləri.
mən
belə bilmirdim...
yəni
lap belə,
belə
başqalaşmaq, dəyişmək kimi.
belə
öz-özünə dəliyə dönmək,
sonra da
özünlə döyüşmək kimi.
sonra da,
susursan xatirələrlə,
sonra
xatirəli görüşlər bitmir.
hələ uyuyursan,
uyuyanda
da...
uyğunda bu soyuq döyüşlər bitmir.
mən
belə bilmirdim...
belə
çətinmiş,
yıxılmaq,
darıxmaq...sonra qırılmaq.
yüyürüb üstünə tənhalığının,
açıb qollarını heçə sarılmaq.
yoxa
sarılırsan, boşa düşürsən,
payız
adlayırsan, qışa düşürsən,
və
bir gün qəfildən başa düşürsən-
yoxluq
daşıyırsan xatirələrdə...
getdiyin,
ötdüyün,
itdiyin
yerə.
mən
belə bilmirdim...
yəni
bu cürə.
***
mən
küləklə gedirəm,
mən
yağışla gəlirəm.
təpələrdə yolumu gözləyən o cocuğa,
deyirəm ki, hər dəfə yorğun qayıtmağım var,
çox
yorğunam yenə də,
eh…
bağışla, gəlirəm.
ah…bağışla
gəlirəm.
bu
görkəmdə deyəsən payızın da,
qışın da
lap
xoşuna gəlirəm.
axır
vaxtlar elə bil hekayələr qarışıb,
bu
boydana ömürün qəhrəmanı deyiləm.
bir
küləyin telində,
bir
yağışın əlində
yol itirən
veyiləm.
qarışdırmışam tamam adımı,
ünvanımı…
təxmini yaşamağım,
təxmini gümanım var.
mənim
bu yer üzündə
ancaq,
ancaq və ancaq
göy
üzünə getməyə azacıq zamanım var.
ya hekayə
şeiriyəm, ya şeir hekayəsi…
bir
xışma xəyal kimi bir sətirlik yazıyam.
kədər məni oxudu,
həsrət məni oxudu…
bir sevda
oxumadı.
ancaq
şeir qoxudu əllərim, barmaqlarım…
ancaq
şeir qoxudu ömrümün varaqları.
məni
tərk elədikcə sevda da,
ayrılıq da…
anladım, anladım ki, bu kədərli siluet
bir
yarpaq yuxusymuş,
bir
payız qoxusuymuş…
mən
beləcə qoxu tək yoxuydum həyatımda.
mən
küləklə gedirəm,
mən
yağışla gəlirəm…
kənd
yolunda yolumu gözləyir uşaqlığım-
deyirəm ki, yenə də
ahhh…bağışla
gəlirəm.
ehhh…boşuna
gəlirəm.
***
görərsən...
bir də
qayıdıb
son
uçuşunu yaşayırsan quşun,
son
anını yaşayırsan qışın,
son
damlasını yaşayırsan yağışın.
və
bir adres axtararsan
köhnə əşyaların arasından,
köhnə məktubların içindən.
hara
qoymuşam o adresi...düşünərsən
bəlkə də
o adres
olmayıb heç...deyərsən-
könlünün adresi!
görərsən...
yağış keçirdir paltarın,
nəm
keçirdir dərin...
qəm
keçirdir hər yerin
amma
xoşbəxtlik keçirdə bilmir
nə
könlün,
nə
ürəyin.
və
gözlərində qapıyarsan
yaşamağın rəngini.
həyatını dəyişdirəcək bir şey tapmazsan sonra...
hər
şeyin sonunu yaşıyarsan,
ayrılığın əvvəlini.
***
gəl
də uşaqlığım...
çox
yorulmuşam,
gəl
də gör necədi ağrı çəkmələr.
bu vətən
yoludu sinəmdə şum-şum
keçir şum yolundan ağır çəkmələr.
sən
də elə-belə ömürdü sanma,
ömür dediyin də yoldan başlayır.
mən
elə bilirdim sağdadı işıq,
demə
bütün sağlar soldan başlayır.
harasa tələsdim
yanımdan ötdüm,
harasa
gecikdim çata bilmədim.
yeriyib
bir ömrün alnından öpdüm,
yüyürüb bir anı tuta bilmədim.
daha
ünvan da yox...
bir məktub
yazıb,
məktubda bir kəlmə söz yollamağa.
hardasa
itmişəm, tapılmıram da,
ardımca bir qaşıq su tullamağa.
***
keçəsən varından-yoxundan belə,
başına bir şeir sıxıb gedəsən.
səndən gedənlərin yolundan ötüb,
bir
ayrı tərəfə çıxıb gedəsən.
elə
gedəsən ki,
izin
qalmaya...
izinə
düşənlər aza izində,
kiminsə yuxusu aza gözündə,
kiminsə gözləri gəzə üzündə...
hələ barmaqların,
o
barmaqların
ikicə
kəlməlik çiçəkdən keçə.
o
sevir...
bənövşə bəndinə düşə,
bu sevmir...
bir soyuq
üzükdən keçə.
bütün xatirələr yanıq qoxuya,
məktublar yananda
ucundan
yana.
küncündən alışa gizli sevdalar,
bir
qız umudları saçından yana.
həsrətlik sığallar payıza düşə,
kölgəsi tökülə
yaş
ağacların.
o kimsə
qəfildən qarşına çıxa,
əlləri deyə ki,
-hanı
saçların...?
***
əvvəl də beləydi, indi də belə...
nəyi
istəyirsən o sənin olmur.
yolunda
yolunu gözləyən kimsə,
üstündə nənən tək əsənin olmur.
islaq
gözlərinin qayçılarıyla,
kirpik
qırpımında yaş doğrayırsan.
qurdağız dərdlərin acılarıyla...
ürəkdən gülməyi yadırğayırsan.
gecə
divarlar da ağlağan olur...
bütün həsrətlərdən nəm keçirdir ey.
hələ xəyalımda bu lampaları
gecələr bilmirəm kim keçirdir e
eyyy qoca
nağılçı, qoca nağılçı...
sonda
nağılların yalana çıxdı.
nağıl yollarında bu qərib yolçu,
ha getdi
bilmədi hayana çıxdı.
əvvəl də beləydi, indi də belə...
yaş
ötür, ömrün də yaşı yorulur.
hələ dodaqlarda yorğun gülüşlər,
hələ gözlərin də yaşı yorulur.
sonra
köynəyində gül yaraları...
sonra da
dilində bir ad qanayır.
kim
çəkdi ağ-qara bu kinoları...
bütün kadrlarda həyat qanayır.
o necə
vaxtıydı...
nə əyyamıydı,
İlahi, dünyada hamı varıydı.
küləklər bir başqa qoxu yayardı,
yağışın bir qəşəng tamı
varıydı.
İlahi,
günlər də gözəldən idi,
nağıllı, noğullu, sehirli günlər.
sonra nə
oldusa, heç bilmədim də...
hayandan
gəldi ki şeirli günlər.
sonrakı günlərə şeir qarışdı...
bir də
ayıldım ki, şeir yazıram.
adam
sevgi susar,
ya bir ad
susar-
mən
şeir yazandan şeir susuram.
eyni
musiqidi, eyni havadı...
gözünü yumursan, səni aparır.
hələ sularda da çiçəklər bitir,
hələ uzaqları gəmi aparır.
əvvəl də beləydi, indi də belə...
nəyi
istəyirsən o sənin olmur.
vaxt gəlir
hər şeylə barışırsan da
sevənin,
umanın,
küsənin olmur.
Ədəbiyyat qəzeti.- 2017.- 24
iyun.- S.22.