İki sevgi
Ssenaridə Kurt Vonnehutun
"Qonşu qapı" hekayəsinin motivlərindən
istifadə edilmişdir.
Səhnə 1
Səhərdir. Əvvəlcə kamera binanı
götürür. Ardınca bloku. Sonra isə bir-biri ilə qonşu olan iki mənzili.
Qapılar eyni vaxtda açılır. Hər
birindən bir qadın və bir kişi
çıxır. Salamlaşırlar. Kişilər qadınlara yol verir. Sağ
qapıdan çıxanları uşaq ötürür. Kamera uşağı geniş planda verir.
Səhnə 2
Axşam ailələr evə qayıdır. Sol tərəfdəki evin
qapısını kişi açarla
açır. Sağ tərəfdəki qapını uşaq
açır. Qısa salamlaşma.
Səhnə 3
Uşaqlı evdə baş verir. Mətbəxdə
şam yeməyi. Stolun üstündə
toyuq bozbaşı və salat.
Ata: -
Deyirlər bu toyuqlar iki aya bu boyda olur.
Ana: -
İndi guya nəyin dadı qalıb ki?
Uşaq:
- Ata, əvvəl toyuqlar necə idi ki?
Ana: -
Yadına gəlmir xala bizə gətirmişdi e toyuq. O dadda
idilər.
Ata: - Bibi
gətirən toyuq necəydi?
Uşaq:
- Dadlı idi.
Ana: - Xala
gətirən guya pis idi?
Uşaq: - O da dadlı
idi.
Ata: -
Hansı daha dadlı idi.
Uşaq:
- Yadıma gəlmir.
Qısa bir susqunluq. Qonşudan bərk mahnı səsi gəlir.
Uşaq ayağa qalxıb televizoru açır.
Televizorda ailə problemlərinin müzakirə
edildiyi veriliş gedir. Onlar isə yeməklərinə
davam edirlər. Televizora baxmırlar.
Səhnə 4
Soldakı
ev. Qadın
və kişi televizora baxırlar.
Kişi:
- Yeməyə nə var?
Qadın:
- Bilmirsən axşam mən yemək yemirəm.
Kişi:
- Axı mən yeyirəm.
Qadın:
- Sənə kim deyir yemək ye. Gör nə qədər kökəlmisən.
Kişi:
- Mənə belə xoşdu.
Qadın:
- Sənə bilmirəm, amma məşuqələrinə
xoşdu deyəsən. Bığın
xoşuna gəlmirdi, qırxdın.
Kişi:
- Guya sənin xoşuna gəlirdi?
Qadın:
- Amma mənim sözümlə qırxmadın axı. O ləçərin
sözüylə qırxdın.
Kişi:
- Mən bezmişəm bu söhbətlərdən.
Qadın:
- Sabah da gedirəm, görüşərsiniz rahat-rahat.
Kişi qalxıb ev telefonu axtarır.
Tapıb zəng vurur:
Kişi:
- Mərkəz Lahmacundur? Mənə 5 lahmacun,
bir ayran göndərin. Hə, o adresə.
Çox sağ olun, gözləyirəm. Kişi kitab rəfinə baxır. Bir kitab götürüb mətbəxə gedir.
Səhnə 5
Mətbəxdə. Qonşu evdən ailə
verilişinin səsi gəlir. O da cib telefonundan bir mahnı qoyub əlindəki
kitabı vərəqləməyə başlayır. On beş dəqiqə sonra qapı
döyülür. Kişi çıxır, əlində
lahmacunlarla mətbəxə qayıdır. Kitabı qatlayıb lahmacunları yeyir. Qalanları da soyuducuya qoyur. Salona
qayıdır. Qadın televizorun
qarşısında yuxulayıb. Kişi
qadının üstünə odeyal sərir. Üzündən öpüb balkona keçir. Biz onu telefonla danışan görürük. Danışıqdan sonra əhvalı düzəlir.
Mətbəxdə kitab oxumağa
başlayır.
Səhnə 6
Uşaqlı
ev. Hamı televizorun
qabağındadır. "Pərvanələrin
rəqsi" gedir. Reklamlar başlayır.
Ana otaqdan çıxır, ata mürgüləyir.
Ana çay gətirib birini özünün, birini də ərinin
qabağına qoyur:
Ana: - Yəqin
yenə yadından çıxıb.
Ata: - Nəyi
deyirsən?
Ana: - Beləsən
də. Həmişə yadından
çıxır.
Ata: -
Sabah bizim evlənməyimizin 10 ili tamam
olur. Onu deyirsənsə yadımdan
çıxmayıb.
Ana gülümsəyir.
Ana: - Nə
almısan mənə?
Ata: -
Sürpriz edəcəkdim. Amma heç vaxt
qoymursan. Elə çox soruşursan ki, adam
bezib deyir.
Ana: -
Yaxşı, sabah göstərərsən.
Ata: - Göstərməli
şey deyil axı.
Ana: - Bəs
nədi?
Ata əlini cibinə salıb iki bilet
çıxardır. Anaya verir.
Ana: - Kino
biletidir? Nə yaxşı. Çox sağ ol, əzizim.
Ata: - Sən
də sağ ol.
Ana atanı qucaqlayıb öpür. Uşaq da
onlara yaxınlaşır. Hər ikisi bir əlləri
ilə uşağı qucaqlayırlar.
Ana: -
Balam evdə sabah tək qorxmaz?
Uşaq:
- Mən də kinoya getmək istəyirəm.
Ana: -
Axı biletimiz iki dənədi. Həm də
uşaq üçün olan kino deyil. Səni
bazar günü teatra aparar ata. Apararsan
atası?
Ata: - Niyə
aparmıram?
Uşaq:
- Olar sabah Asif bizə gəlsin. Mən tək qorxaram.
Ana: -
Böyük oğlansan, niyə qorxursan? Tez gələcəyik
həm də. Doqquzda evdəyik də.
Sənə dadlı yemək bişirəcəm.
Staliçni salat da eləyəcəm.
Uşaq əvvəl anasına, sonra atasına baxıb
gülümsəyir.
Səhnə 7
Uşaq evdə təkdir. Pultu əlinə
götürüb bir-bir kanalları çevirir. Qonşu evdən danışıq səsləri gəlir.
Uşaq televizorun səsini alıb diqqətlə
divarın o tərəfinə qulaq kəsilir. Qonşu ev göstərilmir, sadəcə biz ordakı səsləri
eşidirik.
Kişi:
- Bəsdi daha. Bezmişəm mən. Nə istəyirsən ondan?
Qadın:
- Ondan heç nə istəmirəm. Səni istəyirəm.
Kişi:
- Mən səninəm də. Ona
axırıncı dəfə nə zaman gül
aldığım yadımdan çıxıb. Ancaq savaşırıq. Bəsdi.
Sən də bezdirmə məni.
Qadın:
- Gül almalı idin ki ona? Borcun idi? Məcbur idin gül almağa?
Bu sözlərdən sonra divara çırpılan
şüşə qabın səsi gəlir. Sonra başqa
bu cür səslər eşidilir. Uşaq
qorxub ağlamağa başlayır. O biri evdən radio səsi
ucalır. Uşaq artıq
danışıqlardan təkəm-seyrək nələrsə
eşidir. Radioda şən bir musiqi gedir.
Ardınca isə aparıcı danışmağa
başlayır:
Əziz və hörmətli tamaşaçılar. Siz elə
indi, bu dəqiqə 349 32 nömrəsinə zəng vurub
mesajınızı istədiyiniz adama çatdıra bilərsiniz.
Dayanmayın, elə indi zəng vurun.
İstəyirsinizsə siz deyin, mən sizin
mesajınızı çatdırım, ya da siz özünüz öz
sözlərinizlə təbrik edin. Verilişimizin
təbriklərə ayrılmış hissəsi
başladı. Bu düppədüz
yarım saat çəkəcək. Odur ki, zəng vurun,
sözünüzü deyin. Zənginizi gözləyirik.
Sonra qısa bir reklam efirə gedir. Reklamdan sonra spiker danışmağa
başlayır:
- Mənə
dedilər ki, Zəminə xanım xətdədir. Onun təbriki var. Salam Zəminə xanım.
Gənc
Qadın: - Salam, Fateh bəy.
Aparıcı:
- Salam, Zəminə xanım. Necəsiniz?
Gənc
Qadın: - Çox sağ olun, Fateh bəy.
Siz necəsiniz?
Aparıcı:
- Təşəkkür edirəm, Zəminə xanım. Buyurun, siz kimi təbrik etmək istəyərdiniz?
Gənc
Qadın: - Qardaşımı təbrik eləmək istəyirəm.
O indi bizə qulaq asa bilmir. Mən bunu zapis edib
ona göndərəcəm.
Aparıcı:
- O hardadı ki?
Gənc
Qadın: - Naxçıvandadı, əsgərlikdə. Olarmı təbrikə başlayım?
Aparıcı:
- Əlbəttə, buyurun.
Gənc
Qadın: - Əziz Elnur. Mən bilirəm ki, sən
uzaqda olsan da, evimiz üçün düşünürsən,
evimiz üçün darıxırsan. Amma
onu bil ki, biz sənin darıxmağından çox
darıxırıq. Bu gecə sənə
ad günü edəcəyik, xalagil də gələcək.
Arzum budu ki, əsgərliyini başa vurasan, səninlə
bir yerdə qeyd edək ad gününü. Sənə dünən "pasılka" da
göndərdik. Yəqin almısan. Orda dostlarınla ad gününü keçirt, bizi
də unutma. Öpdüm.
Aparıcı:
- Biz də bu səmimi təbrikə qoşuluruq. Salamlarımızı Elnura və onun simasında
bütün əsgərlərə yollayırıq. Var olun, əziz əsgərlər. (Ani pauza verir). Sizə də təşəkkür
edirəm, Zəminə xanım. Çox sağ
olun bizə qoşulduğunuza görə.
Gənc
Qadın: - Siz də sağ olun, Fateh bəy.
Uşaq bu danışıqları dinləyir, arada
qulağına qışqırıq səsləri gəlir,
amma aydın heç nə eşidilmir. O nə qədər
qulağını divara dirəsə də, eşitdiklərindən
heç nə anlamır. Uşaq
düşüncəlidir, qəfildən ağlına nəsə
gəlir, biz bunu onun sifətindəki sevincdən
görürük. Uşaq otaqdan
çıxıb harasa gedir. Bir neçə
dəqiqədən sonra otağa qayıdır. Kamera bu anda divarı və qonşu evdən gələn
musiqi səslərini bizə çatdırır. Bir az sonra aparıcı danışmağa
başlayır:
- Əziz tamaşaçılar. Mənə
redaktorumuzun verdiyi mesajı sizə oxumaq istəyirəm.
Deməli, Mahir bəy öz həyat
yoldaşı Gülnarə xanımı çox sevdiyini deyir
və ömrünün sonuna qədər onunla bir yerdə
yaşamağı hər ikisinə arzulayır. Biz də bu təbrikə qoşuluruq.
Doğrudan da həyatda...
Divara möhkəm nəsə dəyir, radionun səsi kəsilir. Təxmin
edirik ki, divara çırpılan radiodur.
Qəzəbli
qadın səsi: - Nəəə... Sən
onunla barışmaq istəyirsən? Sən necə də
murdar adam imişsən.
Kişi:
- Yox, yox, nə danışırsan? Mən
heç hara zəng vurmamışam. Mən
heç bu gün ona da zəng vurmamışam.
Qadın:
- Deməli, sən hələ də məni aldadırdın? Deməli, mən bayaq bu radionu açmasaydım, yenə
də məni aldadacaqdın?
Kişi:
- Yox, əzizim, mən belə demirdim.
Qadın:
- Mən sənə görə öz ərimi atdım. Mən
sənə görə öz uşağımı abort elətdirdim.
Mən sənə görə hamı ilə pis
oldum. Amma sən...
Kişiyə dəyən bərk zərbə səsi. Ola bilsin ki, bu
güldandır, ya da başqa bir möhkəm şey.
Kişi:
- Sən nə etdin? Mənim heç nədən
xəbərim yox idi. İndi mən...
Onun səsi kəsilir və yerə
yıxıldığını eşidirik. Qadın
dikdabanlı ayaqqabısını yerə bərk vura-vura
otaqda gəzir, bu səs qapı çırpılana qədər
davam edir.
Uşaq
özünü divana atıb hönkürməyə
başlayır...
Qan TURALI
Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.23.