Öz həyatını yazan Panait İstratiya

"Angel dayı" haqqında bəzi qeylər

 

Əlimin altında Panait İstratinin iki kitabı var: "Baraqanın qanqalları" və "Angel dayı".

 

"Baraqanın qanqalları"yla  "Angel dayı"dan daha əvvəl "tanış olmuşam", ancaq nədənsə, birinci "Angel dayı"nı oxuyub bitirdim. "Baraqanın qanqalları"sa hələ də öz növbəsini gözləyir, daha doğrusu, nə zaman onu oxumağa vaxt tapacağımı...

1935-ci ildə, əlli yaşında Buxarestdə  ölən Panait İstratini "Balkanların Qorkisi" adlandırırlar, atasının yunan olmağına (qeyd edim ki, İstrati anası Joitanın familiyasını daşıyırdı) və özü əsərlərini fransızca  yazmağına baxmayaraq (yeri gəlmişkən, möcüzə saymalıyıq ki, o, fransız dilini yolda təsadüfən tapdığı lüğətdən öyrənmiş və sonradan, biliyini bədii söz yaza biləcək səviyyədə təkmilləşdirmişdi), o, bir rumın yazıçısıdır, hər şeyi bir kənara qoysaq, İstrati, yaradıcılığının ruhu baxımından rumın ədəbiyyatını təmsil etməyə doğrudan da heç bir mübaliğəsiz-filansız  haqq edir...

İstrati bir tərəfdən mənə atasının həmvətəni Nikos Kazancakisi xatırladır, gəncliyində Sovet aşiqi olan Panait eynən Kazancakis kimi Sovetlər ölkəsinə səfərindən sonra bu sevdasından üz döndərmiş (amma ikinci səfərindən sonra), siyasətdən və siyasi mübarizənin nəyisə dəyişəcəyi ümidindən biryolluq uzaqlaşıb əsərlərinin mərkəzinə insanı və insan sevgisini qoymuşdu, qısaca ifadə eləsək, İstratinin yazdıqları məhz İnsan barəsindədir...

Yeri gəlmişkən,  xatırlatdığım kimi, İstrati Sovet İttifaqına iki dəfə gəlmişdi, birinci dəfə bu 1927-ci ildə baş vermişdi, həmin vaxt İstratinin yaxın dostu Kazancakis  Moskvadaydı, hər iki dost Oktyabr inqilabının ildönümü münasibətilə Stalinə heç vaxt cavab ala bilmədikləri bir təbrik məktubu da ünvanlamışdılar...

İkinci dəfə Sovetlər ölkəsinə 1929-cu ildə təşrif buyuran İstrati bu səfəri ərzində hətta bizim Bakı şəhərinəcən gəlib çıxmışdı. Bu yolçuluğunda İttifaq ərazisində uzaq məkanlara belə baş çəkən İstrati Sovetləri daha dərindən tanımağa nail olmuş və yuxarıda dediyim kimi, kommunist məhəbbətini  ölənədək   arxivə tullamışdı...

İndi gələk üç hissədən - "Angel dayı", "Angel dayının ölümü" və "Kozma"dan ibarət olan "Angel dayı"ya...

Başımıza gələnlərin səbəbkarı özümüzükmü, daha doğrusu, bu sualı belə formalaşdıraq  ki, insanın həyatı, qarşısına çıxanlar onun öz düşüncələrinin, öz əməllərinin məhsuludurmu, yoxsa həyatımız bizdən asılı olmayan təsirlər altında da ayrı yönə istiqamətlənə bilər?

...Hadisələr Rumıniyanın bir liman şəhəri olan İbraildən beş kilometr aralıdakı Baldovineşti kəndində cərəyan etməyə başlayır.

Dul Zoitza ana on səkkiz yaşlı yeganə oğlu Adrianla (Adrian, İstratinin prototipi olub yazıçının bir çox başqa əsərlərinin də əsas simasıdır) bir yerdə şəhərdən kəndə, ailələrinin ən kiçiyi-qardaşı Diminin komasına qonaq gəlib, bu gəlişin bir amacı Pasxa bayramını öz qohum-əqrəbasıyla qeyd etməkdirsə, digər məqsədi Dimi dayıyla küsülü olan böyük qardaş  Angel dayını onunla barışdırmaqdır.

Kasıb ailədə doğulub böyümüş Angel doqquz yaşındaykən İbraildə bir şərab tacirinin yanında işə girib usta şərabçı olmuş, öz alın təriylə, doğruçuluğuyla çoxlu var-dövlət qazanmış, kəndin ən gözəl və ən kasıb qızını sevib onunla evlənmiş, xoşbəxtlik xəyallarıyla hər gün yorulmadan mübarizə aparmış, lakin ard-arda baş verib nəfəsini kəsən, onu əyyaş eləyən dəhşətli fəlakətlər zənciri həyatını  zülmətə çevirmişdir...

Angel dayının kəndin ən gözəl və ən kasıb qızı olan arvadı o qədər tənbəldir ki, əri belə onun yuxu "xəstəliyi" qarşısında acizdir. Arvadını döyür, başqa qadınlarla əylənir ki, təki arvadı qəflət yuxusundan oyansın, lakin heç bir şey, qadınlıq qürurunun təhqiri belə  ona təsir etmir, hətta yemək yeyərkən də yuxulayır...

Günlərin birində alçaq və gözügötürməyən adamlar Angelin evini yandırır, yanğın nəticəsində yatağan arvadı da canını Angelə tapşırır.

Tənbəllə nikahdan Angelin üç uşağı olmuşdu, biri oğlan, ikisi qızdı. Angel onları beş yaşları tamam olduqda arvadından ayırıb pansiona verərək orada tərbiyə elətdirirdi və övladları haqqında xoş arzuları vardı...

Dəhşətli bir qış günü Angel dayının dükanına dörd kişi gəlir, ilk baxışdan Angelin bu adamlardan xoşu gəlməsə də, öz qonaq qarşılama prinsiplərinə xəyanət eləməyib onları xoş üzlə dindirir, lakin necə deyərlər, ürək artıq öz sözünü demişdi...

Angel ağır xəsarət alsa da, cinayətkarlardan birini yaralaması, birqurban verdiyi iki köpəyi sayəsində sağ qalır, qalan quldurlar daxıldakı pulları  götürərək yoldaşlarını da atıb aradan çıxırlar...

Altı ay sonra yeni bir qorxunc  faciə Angel dayının qapısını döydü; Hər iki qızı çay gəzintisində qayıqların çevrilməsi nəticəsində boğulur və meyitləri belə tapılmır...

Lakin Angel yenə də ayaq üstə durmağı, əyilməməyi bacarır, "al, səfil taleh, sən belimi bükürsən, amma mən, yenə də özümə gəlib sənin üzünə tüpürürəm. Al gəldi..."

Qəzavü-qədərin üzünə tüpürməsi və ona meydan oxuması Angel dayının işinə heç   yaramır, daha ağır və amansız fəlakət onun belini biryolluq basıb sındırır; bu dəfə, süvari alayında xidmət edən oğlu Aleksandr atdan yıxılıb ölür...

Ancaq Angel bu fəlakətdən də ağlını itirmədi və özünü öldürmədi, əyyaşlığa qurşanıb hər gün özünü qədəh-qədəh məhv etməyə qərar verdi...Oğlunun dəfnində hamı ağlayırdı, bir tək Angel şapkası əlində, ayaq üstə qəbirdəki tabutdan gözünü  çəkmirdi... Evinə qayıdıb İsa və Məryəm təsvirli ikonanı, kral və kraliçanın, şahzadənin portretlərini bağçada qazdığı  çuxura qoyub üstünü torpaqladı... Sonra Angel bir il matəm tutub özünə qapandı, durmadan içki içir, yalnız gecələr evdən çıxıb köpəyi ilə xaraba qalmış yurdunun divarları arasında dolaşırdı... Bir il ötdü, Angel dükanını yenidən açdı, lakin müştərilərdən birinə xidmət göstərir, o birinisə yaxına qoymurdu, bunun niyəliyini  kimsə  bilmir, lakin susub razılaşır və onun iradəsinə hörmət göstərirdilər...

...İndi, Zoitza ana Adrianı, səkkiz il əvvəl kiçik bir miras məsələsi üstündə araları dəymiş Angellə Dimini barışdırmaqdan ötrü böyük qardaşını çağırmaq məqsədilə un yanına göndərirdi...

(Söz düşmüşkən, Angel dayı Adrianı hədsiz çox istəyirdi, Adrianın on beş yaşından maraqlı kitablar oxuması, "Kainatın başlanğıcı", "Dünyanın yaranması" kimi mövzularda danışmaq üçün tez-tez dayısının yanına gəlməsi onu Angelin gözündə ucaltmışdı)

...Angel dalaşdıqdan sonra bu evdən çıxıb gedərkən belə bir şərt qoymuşdu ki, Dimi hamının gözü qarşısında onun ayaqqabılarının altından öpməyincə, Dimi bironun evinə ayaq basmayacaq, o da bu şərti yerinə yetirilməyincə, bir daha ata yurdunun kandarında görünməyəcək...

Angel dayı "günahların ən ağırı kin bəsləməkdir" - deyən Zoitza ananın sözünü yerə salmır, gəlir, Zoitza həm də qonşuluqda yaşayan keşiş Stefanı da çağırır ki, qardaşları barışdırmaqda ona yardımçı olsun.... Angel dayı içəri girərkən hamıyla salamlaşır, lakin keşiş Stefan ona irad tutur ki, nə üçün salamlaşarkən mübarək sözləri demədi...

Angel həmin mübarək sözlərin nə olduğunu soruşduqda, Stefan "İsa dirildi" - deyə cavab verir, lakin eşitdiyi cavabdan şoka düşür: "İsanın dirildiyinə inanmıram. Ölülər dirilməz". Stefan əvvəlcə Əyyub peyğəmbərdən söz açıb onun həyatını Angelə örnək göstərmək  istəyir, lakin müqəddəs kitabların yalançılığına eyham vuran Angellə mübahisənin səmərəsizliyini görüb bir keşiş olaraq oranı tərk etmək məcburiyyətində qalır...

Aradan illər keçir, Adrian iyirmi beş yaşına çatır, bir gün xarici ölkələrdən səfərdən dönərkən, Dimi ona xəbər verir ki, Angel dayı Adrianla görüşmək arzusundadır. Adrian ölüm yatağındakı Angellə görüşür, dayısının nəsihətlərini dinləyir,  Angel dayı ona "insan nə yazıq bir məxluqdur... Zaman onu sarsıdr, duyğularını dəyişdirir və ruhunu xaraba qoyur, halbuki, heyvanlar ötən zamanla heç dəyişmir, necə vardırlarsa, eləcə qalırlar" - deyir...

Angel Adriana başına gələn bir əhvalatdan bəhs edir, danışır ki, tənbəl arvadını "ayıltmaq" üçün tez-tez yoldaşı Jeremiylə baş-başa verib Kazasunun  keşişinin arvadı və keşişin poçtalyonun qadını olan qızıyla onların evlərində əylənir, bir günsə "" başında yaxalanırlar (Jeremi, intiqam niyyətilə keşişlərin arvad və qızlarını yoldan çıxarmaqdan xoşlanırdı).

Keşiş ilk Jeremiyə üz tutub: "Jeremi, sən qəlbsiz, həyasız və mərhəmətsiz adamsan, əlindəki bıçağı bir kənara qoy, mən sənə heç bir şey etməyəcəyəm,  çünki haqlını  və haqsızı mühakimə etmək Allahın işidir" - deyir...

Alçaldılmış keşiş Angelə döndüyündə isə, ona fərqli sözlər də söyləyəcəyini bildirir, deyir ki, Angel qəlbdən də, həyadan da, mərhəmətdən də məhrum adam deyil, onun ailə həyatında bədbəxt olduğunu da bilir, lakin Angel başqasının fəlakətiyləmi ovunmaq fikrindədir?"

Keşiş davam edir: "Angel, sən öz cəzanı alacaqsan. Sənə pislik arzulamıram. Çünki pislik özü sənin içindədir və o, özü səni məhv edəcək. Haydı, çıxın buradan. Allah sizi bağışlasın. Amma Allahdanheç uyumayan qurdlardan qorxun..."

Adriana danışdığı bu əhvalatın ardınca "insan artıq zövq duymadığı zaman ölür, mən də artıq üç ildir ki, heç bir şey hiss etmirəm" - söyləyən Angel dayının sözləridir bunlar: "Zövqlər bizə bütün həyatın onlardan ibarət olduğunu aşılayır, onlardan xaric heç bir şeyin mövcud olmadığına inandırırlar, halbuki, doğru olan bunun tərsidir. Mən bunu çox gec anladım... Kozma isə bu həqiqəti heç bir zaman başa düşmədi... Adrian... kiçik zövqlərə qarşı bütün gücünlə və vaxtında, gecikmədən  dirən, biz insanlara  ən çox acı çəkdirən onlardır... kiçik zövqlər istəyir ki, biz bütün ömrümüzü onlara həsr edək... odur ki,  qürurunu oxşayan hər şeydən qaç, kibirli arzulara tüpür, fəlakət zamanı tək köməyimiz  olan ağlına bütün ruhunla bağlan..."

Konkretləşdirsək, Angel dayının arzusu bu idi, hamıdan və hər kəsdən çox sevdiyi Adriandan bunu istəyirdi; Adrian uşaq vaxtı oxuduğu, Angel və yoldaşlarına da  haqqında maraqla danışdığın kitabların (ağılın,elmin) arxasınca düşsün, ötəri arzulardan (zövqlərdən) uzaq olsun... yoxsa, ötəri ehtiraslardan körüklənən fəlakətlər onu hər addımda izləyəcək... ya da gec-tez bu zövqlər onu məhvə aparacaq...

Güc-bəlayla sözünü yekunlaşdıran Angel xahiş edir ki, Adrian Jereminin Kozma haqqındakı əhvalatına da qulaq assın... və sonra üç ildi yatağından qalxa bilməyən, bədənini iyrənc qurdlar basmış Angel axırıncı nəfəsini verir...

Dayısının ölümünün ardından Jeremi Adrianı xaraba meyxanaya aparır və orada,  atası qaçaq (quldur) Kozmanın - keçici zövqlərin heçliyə-puçluğa sürüklədiyi Kozmanın - həyatını əvvəldən sonacan Adrianın gözləri qarşısına sərir, lakin bu, tamam ayrı söhbətin mövzusudur, bu barədə danışmasaq da olar (istəyənlər, kitabdan oxuya bilər) və yəqin ki, elə Angelin ibrətamiz əhvalatı da Adrianoxucu üçün kifayətdi...

 

Mətləb Ağa

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.20.