"Daxili dünya"nın dərinlikləri
və ya
“Toyuğun diri qalması”ndan “Dolça”ya
"Elçin:
yazıçının yaradıcılıq yolu" silsiləsindən
altıncı yazı
Elçinin
"Povestlər" kitabına (1979) xalq
yazıçısı Mirzə İbrahimov "Mənəvi
saflığa
çağırış" adlı maraqlı bir
ön söz yazıb və həmin ön söz hər
şeydən əvvəl ona
görə maraqlıdır ki, sosializm realizminin köhnə
ustası müəllifin
yaradıcılığının
məhz o tərəfini təqdir edir ki, sosializm realizminə, prinsip
etibarilə, ziddir:
"Elçinin bədii idrakı və üslubu üçün səciyyəvi olmağa başlayan bir cəhət bu əsərlərdə də aydın nəzərə çarpır: o, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin zənginliyinə fikir verir. Ancaq ağ və qara ilə məhdudlaşmır. Buna görə də surətləri canlı insanları xatırladır. İnandırıcıdır".
"Toyuğun diri qalması" povestinin qəhrəmanı Zübeydə gəncliyini hərcayı kef- əyləncələrdə, eyş-işrətdə keçirib, nə ar- namus gözləyib, nə də qoruq-qadağa. İşi o yerə çatdırıb ki, kəndin böyüyü də, kiçiyi də ona sadəcə "Zübeydə" - deyir. Yəni ehtiyac duymurlar ki, adının arxasına heç olmasa adi nəzakət xatirinə "xala"dan, "bibi"dən bir şey artırsınlar… İndi üzü qocalığa doğrudur və gücü yalnız ona çatır ki, əlinə keçəni bazarda satıb qəpik-quruş qazansın…
"Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtilə o qədər o tərəf-bu tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırmışdı ki, axırda özü də çaşbaş qalmışdı; hər halda əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də olmazdı".
Zübeydə hərdən oturub keçən günlər barədə düşünəndə yadına salır ki, "Şirinxanımgilə paltar tikdirməyə gəlib-gedən xanımlar… yuxarıdan aşağı baxırdılar Zübeydəgilə, bilirdilər ki, Zübeydəgil hansı yuvanın quşlarıdı, amma əslində ürəklərində həsəd aparırdılar Zübeydəgilə, həsəd aparırdılar gözəlliklərinə, kef çəkməklərinə, utanmazlıqlarına…"
İllər keçdikcə, yaşın üstünə yaş gəldikcə "hər şey dağıldı… Qızıldiş Adili tutdular, beşbarmaq Əsədağanı çopur Nəcəfqulu bıçaqla vurub öldürdü, özü də tutuldu getdi, Kəriş ağıllı çıxdı, tulladı hər şeyi…"
Zübeydənin xatirində namus-qeyrət mücəssəməsi naminə tək bircə ad qalıb… "Bu bürkülü yay gecəsi, bu küləfrəngidə o uzaq-uzaq illərin xatirəsini bir tar müşayiət edirdi, o tarı Zakir çalırdı və Zakirin güclü kişi barmaqları altında tarın simləri o xatirələrin boşluğundan, mənasızlığından, puçluğundan söhbət açırdı"… Xatirələri kimi həyatı da boş, mənasız və puç olan Zübeydə apardığı süpürgələri bazarda yaxşı sata bilmədiyinə görə axşam evə qanıqara qayıdarkən Ağagülün Nisəni qaranlıqda əncir ağacının altında öpdüyünü görüb haray- həşir salmaq istəyir. Özlərini tamam itirən gənclər ona yalvarırlar ki, bu barədə heç kəsə deyib onları biabır eləməsin…
Ancaq Zübeydənin hansı yuvanın quşu olduğunu kim bilmir?.. Günü səhərdən düşəcəkdi kəndin canına, birinin üstünə beşini qoyub onları elə biabır edəcəkdi ki, ölüm ondan yaxşıdır.
Həyatından artıq sevdiyi, illərlə ardınca gəzdiyi, axır ki, "həri"sini aldığı Nisə bu hadisədən sonra Ağagülə demişdi ki, "qurban olum sənə, Ağagül, qoyma biyabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə istəyir ver, Ağagül, qoyma məni biyabır eləsin, Ağagül, qardaşımın gözünə baxa bilmərəm, heç kimin gözünə görünə bilmərəm"… Əslində, bu sözləri, nə qədər təbii (və yerində) olsa da, Ağagülə deməyə ehtiyac yox idi. Yaşı az olsa da, o, kişi idi və başında böyük qardaşı - indi əsgərlikdə olan Baladadaşın "aerodrom" papağını gəzdirirdi…
Yazıçının sənətkarlığı orasındadır ki, nə süjetdə (ideya planında), nə də kompozisiyada (forma planında) bir dənə də olsun artıq detal işlətmədiyi kimi, boş yer də qoymur:
"Ağagül "aerodrom" papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçün, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi"…
Ancaq məsələ söz deməkdə, ürəyini boşaltmaqda deyil, Ağagül elə iş görməlidir ki, Nisənin adına söz gəlməsin; bununçün Zübeydənin ağzını yummaq lazım gəlirdi. Ancaq necə?.. Nə ilə?..
"Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm.
Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun".
Və Ağagül çıxış yolunu onda tapır ki, qapılarındakı qırmızı çil toyuğu Zübeydəyə rüşvət aparsın… Nəinki toyuğu aparır, həm də Zübeydənin "xahişi" ilə onun bağını sulayır, talvardakı üzümünü dərir. Ancaq yenə də inanmır ki, Zübeydə özündə güc tapıb qızı bədnam eləməyə…
Nə qədər qəribə olsa da (və Elçinin yazıçı məntiqi baxımından tam səmimiliyi ilə!), Ağagül yanılır… Səhər tezdən həmin qırmızı çil toyuğu Zübeydə gətirib atır Ağagülgilin həyətinə…
Çünki Ağagül gedəndən sonra Zübeydə bütün gecəni yatmamış, Zakirin cəbhədən ona göndərdiyi məktubu oxumuşdu:
"Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə. Mən müəllim deyiləm, sən də şagird deyilsən. Nəsihət eləməyəcəm sənə, ancaq o evə gedib- gəlmə. İşə gir. Özünü hayıf eləmə. Sən də bir kişinin qızısan, həmin kişinin papağını yerə soxma"…
Mirzə İbrahimov yazır:
"…Zübeydə, Ağagül və Nisə nə qədər həyati surətlərdir! Yazıçı onların düşüncə və hissiyyatını, həyəcan və iztirablarını düşdükləri vəziyyətə uğyun real boyalarla canlandırır. Təmiz, pak ürək çırpıntısı ilə ilk məhəbbətin ilk busəsini dadan Ağagül və Nisəni kim sevməz? Kim onların sevincinə, səadət duyğularına şərik olmaz?.."
Əlbəttə, məsələ onda deyil ki, bundan sonra Zübeydə adam olacaq ya yox; ondadır ki, həyatın adam kimi yaşamamış hər bir kəsin daxilində zaman keçdikcə, yaş öz işini gördükcə bir nisgil baş qaldırır: itirilmiş, puç olmuş həyatın, sevib-sevilərək (və kiməsə lazım olaraq!) yaşamağın nisgili…
"Şuşaya duman gəlib" povesti mükəmməl daxili simmetriyası olan əsərdir və üç hissəyə bölünmüş povestin hissələrini təkcə məzmunca yox, həm də formaca birləşdirən, ona nağıl- dastan strukturu (intonasiyası!) verən maraqlı detallar vardır.
Hadisələr Şuşada, Şuşa sanatoriyasında cərəyan edir.
Universitetin tələbəsi Cavanşir yay tətilini dostları ilə birlikdə Moskvada keçirmək istəsə də, övladlarından narahat olan ata- anası onu nənəsi ilə birlikdə Şuşa sanatoriyasına istirahətə göndərirlər. Artıq böyüdüyü, müstəqil həyata hazır olduğu halda, valideynlərinin ona hələ uşaq kimi baxmalarından rəncidə olan Cavanşiri hər şey əsəbiləşdirir və nə edəcəyini bilmir…
"Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin onu başa düşə bilməyəcəyini, cavan yaşında ikən qocaldığını fikirləşirdi"…
Nənəsi çalışır ki, Cavanşir axşamüstü sanatoriyanın həyətində çalıb-oynayanlara qoşulub şənlənsin, ancaq bu gülünc, bayağı şənlənmə proqramı Cavanşirin heç xoşuna gəlmir: nə doppa Dadaşın kamançası, nə yerli şair Hüsaməddin Alovlunun Tambovdan gəlmiş Marusyanın şəninə özü yazdığı rusca bir bənd mənasız şeiri təkrar-təkrar deməsi, nə də ondan bir kurs aşağıda oxuyan Dürdanənin onu qarabaqara izləməsi…
Axşamı necə keçirəcəyini bilməyən Cavanşir sanatoriyanın həkim-diyetoloqu İsgəndər Abışova - subay cavan oğlana təklif edir ki, gedib bir az turş çaxır içsinlər, o da razılaşır… Və bununla povestin birinci hissəsi bitir.
İkinci hissə Əbülfətin məşhur kababxanasında Cavanşirlə İsgəndər Abışovun çaxır içməsilə başlasa da, çox romantik bir sonluqla başa çatır… Kababxanadan çıxıb parkda gəzərkən qarşılarına bir qadın çıxır…
"Qarşıda, Ay işığında Şuşa parkındakı ağaclara, gül-çiçəyə baxa-baxa hündürboylu, şümal bədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın addımlayırdı və bu qadın hər dəfə addım atdıqca elə bil ki, bu addım Şuşa parkına, ümumiyyətlə, bütün bu yerə-göyə bir minnət idi…
…Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı"…
Cavanşir özündə cəsarət tapıb qadına yaxınlaşır, ilk dəqiqələr ondan ötrü nə qədər həyəcanlı, gərgin keçsə də, qadın tanışlıq üçün şərait yaradır və məlum olur ki, dünyanın çox yerlərini gəzmiş bu qadın memardır, "Şuşanın Xan sarayı, Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdir"…
Povestdə qadının daxili aləmini açan bir maraqlı detal da odur ki, Şuşa teatrında "Kleopatra" oynandığını biləndə Cavanşirə deyir:
"Qəribədir… Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında əsərlər yazırıq, onu tamaşaya qoyuruq… Gedib baxırıq… Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır… insan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir…"
Müəllif povestin bu hissəsini həm yazıçı, həm rəssam, həm də bəstəkar kimi işləmişdir…
"…Gecə
saat on birə qalırdı. Mədinə xanım əlini Cavanşirə
uzadıb:
- Sağ
olun, - dedi. - Gecəniz xeyrə qalsın.
Şuşa
istirahət evinin darvazası üstündən asılmış elektrik
lapmpasının işığında Mədinə xanımın ala gözlərində
bir mehribanlıq vardı və elə bil ki, bu gözlər
daha nəsə deyirdi və elə
bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı əli də gözlərinin dediklərini
təsdiq edirdi.
… -
Sağ olun, - dedi və bütün kişiliyini köməyə
çağırıb soruşdu:
- Sabah
görüşəcəyik?
Mədinə
xanım eyni mehribanlıqla gülümsədi və:
-
Görüşərik, - dedi".
Bu
sözləri bu təbəssümlə gecənin bu vaxtı
belə bir xanım kimə desəydi, o həmin gecənin səhərini,
dirigözlü açar, həmin səhərin
axşamına qədər ölüb-dirilərdi… Ancaq bir
nigarançılıq vardı; gələcək, ya yox?..
Və
üçüncü hissə başlayır…
Gəlir!..
Özü də necə?..
"…Əynində
açıq rəngli geniş don vardı və bu zövqlə tikilmiş
açıq rəngli və geniş don da bu saat bir sevincdən,
azadlıq və sərbəstlikdən xəbər verirdi. Mədinə
xanım başına şlyapa qoymamışdı,
saçlarını da yığmamışdı və Mədinə
xanımın uzun qızılı saçları üzünə,
boynuna, çiyninə, sinəsinə
tökülmüşdü və bu qızılı
saçlar da bu saat sevincdən, azadlıqdan və sərbəstlikdən
xəbər verirdi…"
Hara gedək
məsələsi ortaya çıxanda Cavanşir, təbii
ki, öz zövqünə (və imkanlarına!) uyğun
olaraq "gedək parka… kababxanaya…" deyir, Mədinə
xanım isə ayrı təklif
edir:
"-
Bilirsiz… Gəlin gedək mənim otağıma. Mən otaqda təkəm,
başqa heç kim olmur…"
Razılaşırlar…
Və Mədinə xanım otağını həyətdən
Cavanşirə göstərib özü qabağa
düşür, "beş- altı dəqiqədən sonra
siz gəlin" - deyir…
Müəllif
bundan sonra yazıçıdan, rəssamdan, bəstəkardan
daha çox, sehrkardır…
"Birdən
Cavanşirə elə gəldi ki, ürəyində nə
vaxtdandı bir yağış həsrəti var: bir
şıdırğı yağış istəyir ürəyi,
bir ildırım çaxsın, göyün
qaranlığında bir ildırım parlasın, hər tərəfi
bir ildırım səsi lərzəyə gətirsin;
Cavanşir bütün bədəni ilə bu
şıdırğı yağışı hiss etdi"…
Cavanşir
Mədinə xanımın
otağına getmək istəmir… "…Əmin idi ki, həmin
otağa girəndə Mədinə
xanım onu əyninə geydiyi yaraşıqlı uzun xələtlə
qarşılayacaq və Mədinə xanım divanda oturanda xələtin
ətəkləri arasından
çılpaq baldırları görünəcək.
Ən
pisi, ən dəhşətlisi bu idi ki, o çılpaq
baldırlar bu saat Cavanşirə heç bir sirli aləmdən, heç bir kefdən,
məstlikdən xəbər vermirdi və elə bil ki, o
çılpaq baldırlar, o təmiz, gözəl ağappaq baldırlar Cavanşirin
ürəyindəki yağış həsrətini çirkləndirirdi,
lap çirkaba batırırdı".
Cavanşir
bu sehrlə hara desən gedə bilərdi, bircə Mədinə
xanımın otağından
başqa…
Və
Şuşaya duman gəlir… "…Cavanşir hər tərəfi
bürümüş bu duman içində Dürdanənin gözlərini, üzünü,
saçlarını aydınca gördü…"
Mədinə
xanım obrazı, belə məlum olur ki, müəllifin əlində
bir sehr çubuğu imiş… Şuşanın dumanında… Və
bu sehr çubuğunun işləməsi üçün
Şuşaya duman gəlməli imiş…
"Şuşaya
duman gəlmişdi, amma Sadiq müəllimin meydana
toplaşanlarla sağollaşmasından qabaq Hüsaməddin
Alovlu ondan icazə aldı, meydanın ortasına
çıxıb bu gün yazdığı yeni şeirini oxumağa
başladı:
Nevesta
budeş
Tı
materi moy!
Oçen
xoroşo!
Oçen
xoroşo!.."
Elçin
"Dolça" povesti ilə ona (və onun oxucularına
doğma olan) Abşeron mövzusunu davam etdirir…
Ağabacı
əri Ağababanı yola gətirmək istəyir ki, evin
üst mərtəbəsini yayda dincələnlərə
kirayəyə versinlər, ancaq Ağababa heç cür
razı olmur…
Elçinin
Abşeronunu - hər kəndini, hər insanını, dənizini,
havasını, meyvəsini, qumunu,
qayasını… nəyi varsa, hamısını… necə
varsa, o cür sevməmək mümkün deyil…
Və hətta
göy-göyərtisini, toyuq- cücəsini, it-pişiyini…
"Abşeron
Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan
idi, elə bir cənnətməkan ki, bu dəm bu
qayalıqdan, bu qumluqdan aydın,
o açıq üfüq xəttinə kimi bir aynası
var idi və bu ayna bu saat göz qamaşdırırdı,
günün altında par-par parıldayırdı, gömgöy
idi, sakit idi.
Dolça
dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf
qaçırdı və bu it elə bil ki, dənizin bu
cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı…"
Elçin
ana dilini tar kimi çalır və elə xallar vurur ki, bu dili ən gözəl
bilənin də heyran
olmaması mümkün deyil; hadisələri nağılçı-
dastançı məharətilə danışır… Və
bu üslub, müasir terminologiya
ilə desək, ən azından neofolklorizmdir…
"Baladadaş
məktubla belə bir xəbər
göndərmişdi ki, Xantı- Mansidən Amur vilayətinə əsgərliyə gəlmiş bir
oğlanla tanış olub və həmin oğlan guya ki qarovulçu Həsənullanın
elə bil ki, burnundan düşüb və ümumiyyətlə
kənddə deyirdilər ki, o tərəflərdə
qarovulçu Həsənullaya oxşayan oğlan, qız
çoxdu…"
Ağababanın
dalına düşüb gələn yiyəsiz it
küçüyünə baxan itbilicisi qarovulçu Həsənulla
əvvəl demişdi ki, bu, "mansı- xantı itidi",
sonra demişdi ki, "yox, bu, komi- mansı itidi", sonra da
demişdi ki, "net, net, bu, komi-xantı itidi…"
Həsənulla
ona dolçada süd verdiyindən uşaqlar
küçüyün adını Dolça qoyurlar… Və
Dolça gəlib dörd yaşına çatır…
Kəndin
bütün itləri gündüzlər çimərlikdə sülənir, buraya gələnlərdən
qalan artıq-urtuğu yeyərdilər, Dolçadan başqa…
"Çünki Dolçanın yiyəsi Ağababa belə
şeylərə çox pis baxırdı… Əslində, Ağababanın evində
on bir ağız yox, on iki ağız var idi. - Böyüklər,
uşaqlar, bir də Dolça.
Dolça kolbasanın dadını, bəlkə
də, heç bilmirdi, bilmirdi ki, belə dadlı bir təam
var, çünki Ağababagil kolbasa yemirdi…"
Ağababa
axır ki, razılaşır ki, evin üst mərtəbəsi
kirayəyə verilsin, özləri köçsünlər yarımzirzəmi olan birinci mərtəbəyə…
İmkanlı
kirayənişinlərin şit hərəkətləri elə
ilk gündən ev yiyələrinin xoşuna gəlmir, o
cümlədən də Dolçanın; Ağabacıdan
başqa hamı
çalışır ki, evdən qaçsın, evə gecə
yarısı, kirayənişinlər yatandan sonra gəlsin…
Ağabacı isə anlayır
ki, "bir qələtdi eləmişəm atabaatamla"…
Həyətdə
hər gün bişirilən kababın iyi Dolçanı
haldan- hövsələdən çıxarır: həm
ağzının suyu axır, həm də kənar adamın
verdiyini yemək istəmir…
"Son
on gün ərzində Dolça tamam
arıqlamışdı. Dolçanın qabırğalarını
saymaq olardı. Dolçanın
gözləri elə bil iriləşmişdi və bu
gözlərdə bir işıltı əmələ gəlmişdi,
amma bu işıltı nəsə xəstə bir
işıltı idi… Ortada bir Dolça həyət- bacada
göy ot yeməyə başladı və Ağabacı
başa düşdü ki, Dolçanın başı
ağrıyır"…
Gəldikləri
gündən Dolçaya yemək gətirib onunla dost olmaq,
oynamaq istəyən Ofelyaya arxa çevirən,
atdığı yeməkləri yeməyən Dolça birdən başlayır nə versə yeməyə…
"Həmin gündən sonra Ofelya Dolça ilə
oynadı, sonra Dolça ilə dalaşdı, sonra Dolçanı ələ
saldı, qovdu, Dolçaya güldü, amma Dolça
Ofelyadan əl çəkmədi"…
Dolça
daha Ağabacının arpa unundan çaldığı yala,
düzəltdiyi kütə gözünün ucu ilə də
baxmır və kirayənişinlərin bişirdiyi kabablardan,
atdıqları kolbasalardan yeyib kökəlir, hətta bir az da sırtılır… Ancaq bir
məsələ vardı: "Dolça
çalışırdı ki, Ağababanın gözünə
görünməsin və Ağababa həyətə girən
kimi Dolça yox olurdu, hərdən də kənarda
dayanıb oğrun-oğrun Ağababaya baxırdı və bu zaman
Dolçanın qara gözlərinin lap dibindən bir kədər
axıb gəlirdi".
Adət
etmədiyi "həyat tərzi" Dolçanı
sındırmışdı, ancaq "daxil"ində hələ müqavimət imkanları
vardı, "vicdan"ını tamam itirməmişdi…
Kirayənişinlər
elə bir alçaq iş tuturlar ki, vaxtından əvvəl rədd
olub getməli olurlar…
"Dolça
hasarın üstündə oturub bu qaranlıq gecədə,
aysız-ulduzsuz, küləkli Abşeron gecəsində
qayalığa tərəf baxırdı; qayalıq
görünmürdü, amma xəzri köpüklənib
qaranlıqda ağaran dalğaları qayalara
çırpırdı və Dolça qayalara
çırpılan dalğanın səsinə tərəf
baxırdı…
Ağababa
belə hiss edirdi ki, Dolça kirayənişinlərin xiffətini
çəkir və Dolçanın belə yaramaz adamların
xiffətini çəkməsi Ağababanın ürəyində
qübar bağlayırdı"…
Məsələyə
yenə Ağabacı qarışır, o Ağabacı ki, evi
də kirayəyə o vermişdi, ailəni də (Dolça
da daxil olmaqla) bu günə o salmışdı…
"…Ağabacı
yenə arpa unundan yal çaldı və yalı gətirib
qoydu Dolçanın qabağına, amma Dolça yenə də
yala dilini vurmadı, dəmir nimçəyə baxdı,
Ağabacıya baxdı və Ağabacıya hürdü.
Ağabacı
Dolçanın bu hürməyindən çox pərt oldu…
…- - A- a-
a… Allah haqqı, kabab istəyir bu! - dedi.
Və bu
vaxt Nailə quyunun yanında paltar yuya- yuya dedi:
- Elə
mən də kabab istəyirəm…
…Sabahı
gün isə Dolça yoxa çıxdı".
Təbiət
Ağabacının içində gec partlayacaq bir təhlükə
becərirmiş. Və bu təhlükədən heç
Ağabacının
özünün də xəbəri yoxmuş… Ailəsi
üçün - övlad-uşaq üçün
çalışırmış, ancaq övlad-uşaq
ayrı şey istəyirmiş - o cümlədən
Dolça!..
O
dolça ki, insan deyildi, it idi…
"Dolça
bir də bu həyətə gəlmədi…"
O həyətdən
ki, bərk ayaqda hamı qaçır, it niyə
qaçmasın?..
"Sürpriz" kababı"na ("Epiloq əvəzi"nə) ehtiyac varmı?..
Var!..
Birincisi, ona görə ki, Ağababa ilə Ağabacının ailəsi kirayənişinlərin verdikləri pulu bir gündə xərcləyib qurtarırlar, ikincisi isə, kababxananın həyətində Dolçaya rast gəlirlər:
"Üç dənə it gümüş Məlikin kababxanasının dalında sür-sümük yeyirdi və bu itlərdən biri Dolça idi.
…Dolça bir müddət Ağababagilə baxdı. Dolçanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar bir kədər oxudu".
Əlbəttə, Dolça insan deyildi ki, Ağababa ilə Ağabacının insan həyatını (bütün dözümü ilə!..) yaşasın… O, heyvan idi… Və heyvan həyatını da yaşayacaqdı…
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2017.- 24
iyun.- S.18-19.