"Onun xatirəsi mənim üçün

həmişə müqəddəsdir..."

 

“Dördüncü divar” layihəsinin bugünkü qonağı Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyovdur

 

Uzun boylu, yaraşıqlı, aktyordan çox ziyalı görünüşə sahib olan Oleq Əmirbəyovu ilk dəfə səhnədə görəndə təəccübləndim. Həm də qadın paltarında. "Sənətkarın taleyi" tamaşasında bığlı artist rolunu ifa edərkən siması və səsindəki çalarlar tanış gəlirdi. Tamaşadan sonra yolboyu aktyorun kimliyi haqda düşünməyə başladım. Evə çatan kimi internetdə axtarış verəndə məsələ mənə aydın olmuşdu. Uzun illərdən bəri zərif, intellektli danışıq tərzi ilə aparıcı kimi tanıdığımız televiziya aparıcısı həm də istedadlı teatr aktyoru idi.

 

- Oleq bəy, xatırlayırsınızsa, biz bir neçə gün əvvəl görüşməliydik. Lakin, qəfil təyin olunan məşqə görə söhbətimizi bu günə təyin etdik. Ümumiyyətlə teatr və məşqlər sizin həyatınızda daha nələri təxirə salır?

- Gəlin, elə teatrdan başlayaq. Teatrın repertuarında yetmiş, səksən faiz iştirak edən aktyorlar həmişə öz həyatlarını repertuarı izləyərək tənzimləyirlər. Misal üçün hansısa tədbirdə iştirak üçün dəvət gələndə mən dərhal repertuara baxıram. Əgər həmin günü tamaşam varsa, təbii ki, razılaşmıram. Yox, əgər tamaşam yoxdursa, o zaman razılıq verirəm. Və yaxud da artıq neçə illərdir ki, Azərbaycan televiziyası ilə əməkdaşlıq edirəm. Orada da iş rejimini məhz repertuar üzrə qurmağa məcburam.

Bu işimizin praktiki tərəfidir. Amma daha böyük anlamda nəzərdə tutsaq, təbii ki, ailəyə, uşaqlara diqqət yetirmək vaxt baxımından çətinlik yaradır. Bizim peşəmizin başqa peşələrdən bir fərqi də ondadır ki, bizdə cəmi bir gün həftənin bazar ertəsi istirahət günü olur. Yəni başqa peşə sahibləri şənbə və bazar günləri istirahət edirlər, amma biz həmin günləri işləyirik, səhnədə oluruq. Bu səbəbdən də ailəyə, uşaqlara vaxt ayırmaq, ailə daxili hansısa tədbirlərdə iştirak etmək bəzən mümkün olmur. Misal üçün hansısa qohumun toyudur. Əgər həmin günü mənim tamaşam varsa, qohumlar bunu artıq anlayışla qarşılayırlar. Həyat yoldaşım da yaranmış belə vəziyyətləri artıq qəbul edib, anlayış göstərir.

- Siz həm də televiziyada aparıcı kimi fəaliyyət göstərirsiniz. Hansı təqdimat sizə daha xoş gəlir? Aktyor kimi, ya aparıcı kimi?

- Mən özüm üçün vizit kartı tərtib edərkən ora peşə olaraq aktyor və aparıcı kimi yazdırmışam. Çünki artıq doqquzuncu ildir ki, Azərbaycan Dövlət Televiziyası ilə əməkdaşlıq edirəm. Və televiziyaya hobbi kimi yanaşa bilmərəm. Aydın məsələdir ki, televiziyanın auditoriyası, teatrın auditoriyasından daha genişdir. Amma buna baxmayaq mən hər iki sahadəki işimə məsuliyyətlə yanaşmağa çalışıram.

- Nədənsə mən hər dəfə Rus Dram Teatrına daxil olarkən özümü Rusiyanın hansısa şəhərində və yaxud da orada fəaliyyət göstərən teatrlarının birində hiss edirəm. Bu, əlbəttə ki, təbii haldır. Bəs  sizcə, tamaşaçıda bu təəssüratın yaranması rus dili ilə bağlıdır, ya rus düşüncə tərzi ilə?

- Çox maraqlı sualdır. Bilirsiniz bəzən insanlar elə bilirlər ki, teatrın adı ilə bağlı bizə mütləq rus rəsmiləri köməklik etməlidirlər. Mən onlara başa salanda ki, bu teatrın statusu Azərbaycan dövlətinə aiddir bu zaman onlar anlayırlar. Amma buna baxmayaraq insanlarda belə bir fikir formalaşıb ki, biz rəsmi və ya qeyri rəsmi şəkildə Rusiya Federasiyasına aid ola bilərik. Amma bu tamamilə səhv fikirdi. Sadəcə olaraq bu teatr uzun illərdir fəaliyyət göstərir. Və yarandığı gündən də burada teatrın özünəməxsus mühiti formalaşıb. Sizin qeyd etdiyiniz təəssürat da çox güman ki, yaranmış mühitin ötürdüyü hisslərdən qaynaqlanır.

- Sizin valideynləriniz Rita Əmirbəyova və Arnold Xarçenko da aktyor olublar. Səhv etmirəmsə, ananız Rita xanımla bir tamaşada tərəf müqabili olmusunuz. Doğma insanla, valideynlə bir səhnəni paylaşmaq, tərəf-müqabili olmağın üstünlükləri və qeyri-üstünlükləri nələrdir?

- Rita xanımla mənim ilk işim 2008-ci ildə "Azad kəpənəklər" adlı tamaşada olub. Əsərdə kor oğlanı canlandırırdım. Anam Rita xanımsa həmin oğlanın anası rolunu ifa edirdi. Biz bir də anamla onun yubileyində "Blisslər ailəsi" tamaşasında yenidən mən oğul, anam isə ana rolunda səhnəyə çıxdıq.

Rita xanımla tərəf-müqabili olmaq mənim üçün və mənə elə gəlir digər aktyorlar üçün də xoşdur. Ona görə ki, Rita xanım peşəkar aktrisadır.

Bu işin mənfi tərəfi isə ondan ibarətdir ki, mən artıq səhnədə olanda başa düşürəm ki, bu mənim anamdır. Səhnə isə canlı sənətdir. Burada televiziyada, kinoda olduğu kimi nəyisə yenidən ifa etmək söhbəti olmur. Və mən "Blisslər ailəsi" tamaşasında həmişə diqqətli olmağa çalışıram ki, İndi hansı səhnədir, hansı mizandır və s. Yəni bunu da mənfi cəhət adlandırmaq olmaz. Sadəcə, səhnədə həm özünə, həm də qarşındakı doğma insana qarşı diqqətli olmağa çalışırsan.

- Evdə yəqin ki, sənət baxımından fikir mübadiləsi olur?

- Təbii ki, olur. Əslində aktyorluq sənətinin bütün incəliklərini mənə anam öyrədib. Çünki mən və mənim kimi aktyor övladlarına teatr uşaqları deyirlər. Biz uşaqlıqdan teatra gəlmişik, məşqlərdə olmuşuq. Yəni belə deyək də teatrda böyümüşük. Bu baxımdan teatr bizə doğma məkandır, evimiz kimidir. O ki, qaldı evdə əlbəttə rol üzərində işləyərkən anamın məsləhətləri olur. Bəzən özüm onu dəvət edirəm ki, gəl, bir söhbət edək (gülür).

- "Sənətkarın taleyi" tamaşasında siz də iştirak edirsiniz. Həmin əsər isə birbaşa ötən əsrin əvvəlində teatrın yaranma problemlərindən və aktyorların sənət üçün etdikləri fədakarlıqlardan bəsh edir. Bəs sizcə, bu günün aktyorları teatrın yaşaması üçün hansı fədakarlıqları edirlər?

- Təbii ki, o zaman teatr aktyoru olmaq daha çətin idi. Mənim tamaşada ifa etdiyim bığlı artist obrazı əslində o dövrdə Əhməd Ağdamski adlı aktyor olub. O vaxtı o, qadın rolları ifa edirmiş və təqib olunduğu üçün Ağdama gedir, orada da uzun müddət müəllim kimi işləyərək, həm də bir növ gizlənib. Bu gün mən də həmin tamaşada qadın paltarında səhnəyə çıxıram. Amma buna görə heç bir tamaşaçı məni təhqir etmir, hədələmir və s. Yəni bu baxımdan bizim cəmiyyətimiz o dövrdən bu yana xeyli inkişaf yolu keçib. İndi biz aktyorların fədakarlıqları nədən ibarət ola bilər? Bilirsiniz ki, bu gün aktyorların məvacibi qənaətbəxş deyil. Düzdür, bu gün heç kim teatra sırf məvacibə görə gəlmir. Çünki hamımız bilirik burada çox pul qazanmaq mümkün deyil. Amma bayaq dediyim kimi biz günümüzün böyük hissəsini teatrda keçiririk, ailəyə, uşaqlara vaxt ayırmaq çox vaxt mümkünsüz olur. Bunu indi başa düşən xanımlar var, elələri var ki, başa düşmürlər. Əslində heç onları qınamaq da doğru olmaz. Çünki hamının ailəsi ilə vaxt keçirməyə haqqı var. Yəni bu günün aktyorları teatr üçün məhz bu cür fədakarlıqlar edirlər.

- "Karamazov qardaşları" tamaşasında Aleksey Karamazov obrazını ifa edirsiniz. Alyoşa da romanda əsasən dini simvolizə edir. Obraz üzərində işlərkən hansısa dini araşdırmalarınız, hazırlıqlarınız oldu?

- Sözün açığı yox. Çünki mən ümumiyyətlə məşhur əsərlərdəki obrazları ifa edərkən digər teatrların hazırladığı tamaşaları belə izləmirəm ki, hansısa stereotip formalaşmasın. Dostoyevski də bildiyiniz kimi bu obrazı mənim qəhrəmanım adlandırıb. Bu tamaşada isə əsəri tam səhnələşdirmək mümkün deyil. Çünki belə olsa, gərək tamaşa beş-altı saat davam etsin. Bu baxımdan bizim teatrda səhnələşdirilən "Karamazov qardaşları" tamaşasında Alyoşa bir növ ikinci plandadı. Daha doğrusu, tamaşa özü ailə xronikası kimi təqdim olunur.

Amma artıq yeddi ildir ki, bu tamaşa repertuardadı. Hərdən mənə yazırlar ki, biz dörd il bundan əvvəl sizi izləyəndə başqa cür ifa edirdiniz, indi tamam başqa cür ifa edirsiniz. Bax, bu mənim üçün çox sevindirici haldır. Çünki mən də insan olaraq zamanla dəyişirəm və obrazın da dəyişməsi müsbət haldır. Əslində isə biz yaşlanırıq, obrazlarımız isə cavan qalır.

- Teatrın və səhnənin aktyora qarşı qədirbilməzliyi, bir tənhalıq, tragizm gətirir həmişə. Aktyor kimi sənətin bu faciəvi tərəfini hiss edirsiniz?

- Bilirsiniz, bu çox çətin sənətdir. Elə il olur ki, üç, dörd tamaşada iştirak edirsən. Özünü yorğun hiss edirsən. Amma aktyorun həyatında, elə mənim özümlə də bağlı ola bilər ki, bir il, iki il aktyora rol verilmir, belə deyək də heç kimə lazım olmur. Yəni bu kimi hallara bir az hazır olmaq lazımdır. Bəzən də deyirlər ki, teatr səhvləri bağışlamır.

- Teatr hansı səhvləri bağışlamır?

- Teatra, səhnəyə başdansovdu münasibəti bu sənət bağışlamır. Yəni əgər bu sənəti seçirsənsə, onunla canla-başla məşğul olmaq lazımdır. Aktyorlar olub ki, öz dövrlərində çox məşhur olublar. Ancaq sonradan teatrdan ayrılıblar, onlar təkrar teatra qayıdanda isə teatr onları əvvəlki kimi qarşılamayıb. Çünki artıq təzə nəsil aktyorlar gəlib, tamaşaçılar da dəyişib. Amma həmin aktyorlar teatra hörmətsizlikdən çıxıb getməyiblər. İşdən xaric olunublar, sonra da geri qayıdanda əvvəlki məşhurluqlarını bərpa edə bilməyiblər. Edə bilənlər də olur, amma çox nadir hallarda...

- Rejissorlarla iş prosesi necədir? Olubmu ki, əsərdə özünüzü tamam başqa obrazda görmüsünüz, amma rejissor sizə tamamilə fərqli rol həvalə edib?

- Əslində, mənim üçün ampuladan uzaq olan rejissorlarla işləmək daha maraqlıdır. Yəni bir aktyoru daima qəhrəman və ya epizodik rolda görməyən rejissorlar var ki, onlarla işləmək mənə ləzzət edir.

O ki, qaldı rol məsələsinə, bir dəfə belə bir hal olub. Uşaq tamaşası idi. Rejissor mənə müsbət qəhrəman rolu vermişdi. Mənim isə Hersoq obrazından xoşum gəlirdi. O vaxtı rejissora fikrimi bildirəndə, hər iki rolu eyni tamaşada oynamağımla razılaşdı.

Bizim tamaşaçılarda uşaq tamaşalarına qarşı bir az ikili münasibət var. Amma bu doğru deyil. Uşaqlar üçün rol ifa etmək daha çətindir. Çünki onlar böyüklər kimi formalaşmayıblar, uşaqları sakitləşdirmək, fikirlərini səhnəyə yönəltmək daha çətindir. Yəni uşaq tamaşasına xaltura kimi baxmaq çox səhv fikirdir. Sadəcə, o tamaşalar səhər, böyük tamaşaları isə axşamlar göstərilir. Aktyor əgər uşaq və ya böyük tamaşasına fərq qoyursa, bu da hardasa sənətə xəyanətdir... Əgər səhnədə rol ifa edirsənsə, bunun üçün fərq qoymamalısan. Canla-başla öz rolunu ifa etməslisən. Çünki uşaqlarla yanaşı valideynlər də gəlirlər. Onlar da tamaşanı maraqla izləyirlərsə, deməli aktyor düz yoldadır. Mən də həmişə bu əsaslarla işləmişəm.

- Oleq bəy, sizin atanız əməkdar artist Arnold Xarçenko da aktyor olub. Uzun müddət Gənc Tamaşaçılar Teatrında, daha sonra Rus Dram Teatrında işləyib. Amma gənc yaşında dünyadan köçüb. Və ən kədərli məqam odur ki, siz atanızı görməmisiniz. Bu gün xəyalınızda yəqin ki, xatirələrdən, fotolardan yaranan bir aktyor-ata obrazı var...

- Siz düz buyurdunz. Mən atamı görməmişəm. Amma onun dostlarının atamla bağlı danışdıqları xatirələr, gülməli əhvalatlar mənim təsəvvürümdə uşaqlıqdan bir ata obrazı formalaşdırıb. Və mən hesab edirəm ki, yaranan bu obraz mənim atamın şəxsiyyətinə yaxındır. Əslində, bu mənim üçün faciəvi bir məsələdir... Mənim böyük qardaşım Mixail Xarçenko atamı görüb. Amma mənə qismət olmayıb. Buna baxmayaraq, onun xatirəsi mənim üçün həmişə müqəddəsdir. Bəlkə də atam sağ olsaydı, onunla hansısa tamaşada gözəl tərəf-müqabili olardıq.

- Atanızı xəyalən də olsa hansısa tamaşada tərəf-müqabili kimi düşünmüsünüz?

Sözün açığı bunu o qədər də konkretləşdirməmişəm. Amma sağ olsaydı yəqin ki, bu fakt baş verərdi. Çünki rejissorlar belə hallardan istifadə edirlər və maraqlı da alınır. Ata və oğul dueti... Amma təəssüf ki qismət olmadı.

Onunla bağlı cəmi bir lent yazısını AzTV-nin arxivindən tapdım. "Şeyx Sənan" tamaşasında onun görüntüləri var. Onlara baxdım. Qəribə hisslər idi... Bir də qardaşım o vaxtı Sankt- Peterburqda onu əl kamerası ilə çəkib. Düzdür, çəkiliş uzaqdandır. Amma mən onunla bağlı nə varsa toplayıb özümdə saxlayıram.

- Çoxdan çəkilmiş lent yazıları, kadrlar həm də bir az yuxu kimi təsir bağışlayır yəqin... Yuxularınızda necə, atanızı görürsünüz?

- Reallıqda görməsəm də yuxularımda görürəm. İldə bir, ya iki dəfə. Bir dəfə çox böyük bir gəmidə atamı görmüşdüm. Həm də şəkillər qara olsa da, mənim yuxum rəngli idi. Görürəm insanlar gəmi ilə  harasa istirahətə gedirlər. Mən də atama yaxınlaşıram söhbət edirəm. Amma daxilən hiss edirəm ki, o, məni tanımır, bilmir ki, mən onun oğlu Oleqəm.  Sanki zaman maşını ilə mən bugünkü Oleq o dövrə getmişdim. Hər halda zaman maşını olsaydı, yenə də gedərdim, onunla ünsiyyətdə olardım ki, görüm o necə adam olub. Təəssüf ki, bu mümkün deyil. Amma onun dostları onun haqqında həmişə xoş xatirələr danışırlar.

- Yeni işləriniz haqda danışardınız.

- Hal-hazırda yeni tamaşa üzərində işə başlayırıq. Sankt-Peterburqda yaşayan həmyerlimiz Ərşad Ələkbərovun rejissorluğu ilə Ejen İoneskonun "Kral ölür" pyesi səhnəyə qoyulur. Əsas rolları Fəxrəddin Manafov, Mehriban Zəki, Həcər Ağayeva, Mariya Dubovitskaya və mən ifa edirik. Çox peşəkar bir qrup yer alıb. Bu, həm də absurd teatr janrında yazılmış pyesdir. Bütün yayı biz bu tamaşa üzərində işləyəcəyik. Və çox güman ki, sentyabr ayının ortalarında premyera olacaq. 

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.10-11.