Knut Hamsunun
"Aclıq" və Cek
Londonun "Martin
İden" romanı
Müqayisəli
ədəbiyyat məsələləri daha çox müasir
dövrdə elm adamlarının diqqətini özünə
cəlb edə bilib. Bir çox Qərb tədqiqatçısının
elmi əsərlərində və məqalələrində əhəmiyyətli
yer tutan müqayisəli ədəbiyyat məsələlərinə
Şərq ölkələri təəssüf ki, yeni-yeni
diqqət yetirməkdədirlər. Doğrudur, bu mövzuda bir
çox elmi məqalələr yazılmışdır. Hətta
ədəbiyyatımızda yer alan bir çox istiqamətlər
Şərq və Qərb kontekstində tədqiq olunmuşdur.
Ancaq bu mövzu haqqında tam və əhatəli tədqiqatlar
çox azdır. Müqayisəli ədəbiyyat hər hansı bir mühitdə
yazıb-yaradanların əsərlərində yer alan müxtəlif
meyilləri tədqiq edir. Sənətkarların
yaratdıqları əsərlər o zaman qiymətli olur ki,
onlar bir çox əsərləri oxuyub təsirlənmələrinə
baxmayaraq, orijinal nümunələr ortaya qoymuş olsunlar.
Müqayisəli ədəbiyyatın vəzifəsi,
funksiyası, eyni yaxud fərqli dillərdə
yazılmış iki əsəri mövzu, düşüncə
ya da forma baxımından araşdırmaq, ortaq, bənzər
və fərqli xüsusiyyətləri aşkara
çıxarmaq, bu təsirlənmə, yaxud fərqlər barədə
elmi nəticələrə gəlməkdir.
"Müqayisəli
ədəbiyyat elmi araşdırmalarının əsasında
ədəbiyyatın bir "bütün" olduğu fikri
var. Müqayisəli ədəbiyyat elminin təməlində
Hötenin "Veltliteratur" dediyi dünya ədəbiyyatı
düşüncəsi yatır ki, bu da hər şeydən əvvəl
müxtəlif millətlərin birinci keyfiyyət, yəni
klassik əsərlərinin, insanlığın ortaq ədəbiyyat
xəzinəsini təşkil etdiyi fikridir".
Knut
Hamsunun "Aclıq" və Cek Londonun "Martin
İden" romanı oxuyanda bu iki romandakı bənzərliklər
diqqətimi çəkdi. Hər iki əsər insanda dərin
və yüksək psixioloji sarsıntı yaradır.
Xüsusilə "Martin İden" əsərini oxuyan bir
çox insanın intihar etmək istəməsi kimi faktlar bizlərə
qələmin və sözün insan həyatına necə dərindən
nüfüz edə biləcəyi gerçəyini bir daha
sübut edir.
"Aclıq"
əsəri isə norveçli yazar, Knut Hamsunun ən əhəmiyyətli
romanıdır. Romanın əsas qəhrəmanı,
Kristianada yaşayan, zəif, xəstə
görünüşlü, eynəkli, ümumiyyətlə, pərişan
halda paltarlarla gəzən, saçları gənc yaşında
tökülmüş bir adamdır. Onun ən böyük
idealı yaxşı bir yazar olmaqdır. Romanda qəhrəmanın
adı çəkilmir. Özünün uydurduğu adla
Andreas Tangen olaraq xatırlanır. Andreas, yazar olmaq
üçün yaşayır. O, davamlı kasıblıq
çəkən və çox vaxt aç olan, qürurlu bir
gəncdir. Pulsuzluq səbəbiylə yaşadığı
evdən qovulur. Parklarda, qəbiristanlıqlarda səhərləyən
qəhrəmanımız, bəzən yazdığı
yazılardan bir az pul qazanır, amma bu pul ona çox qısa
bir müddət üçün dolanmağa kömək edir.
Andreas, bütün bu mənfiliklərə qarşı yazmaqdan
imtina etmir. Pulsuzluq səbəbiylə, oturduğu viranə evdən
də atılır və bir müddət küçələrdə
skamyalarda yatır. Bəzən aclığı elə səviyyələrə
çatır ki, yol kənarlarında tapdığı
daş və ağacları gəmirir, bəzən də qəssaba
yalan deyərək olmayan iti üçün aldığı
bir parça sümüyü gəmirir ... Bəzənsə elə uzun
müddət ac qalır ki, yemək tapdığı zaman onu
belə yeyə bilməz. Çünki mədəsi artıq
yeməkləri qəbul etmir, yediyi şeyləri qusur. Roman qəhrəmanı
o qədər çətin vəziyyətlərə
düşür ki, ən sonunda qürurunu bir kənara
buraxıb kiçik bir saxtakarlıq edir amma bunu özünə
bağışlamır. Vicdan əzabı çəkir.
Görkəmli
Amerika yazıçısı Cek Londonun məşhur əsərlərindən
"Martin İden" kasıb təbəqənin nümayəndəsi
olan 21 yaşlı Martin İden işçi, matros olur. O, bir
gün Artura sataşan avaralarla dalaşıb, onları
yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür
etmək üçün evlərinə nahara
çağırır. Artur Martinin yaşında olan yüksək
təbəqənin, burjua ailəsinin üzvüdü. Martin
onlara qonaq gələrkən yüksək təbəqənin
adamlarına, onların savadlarına heyran qalır. Elə
burada da Arturun bacısı Rufu görür və onu sevir.
Ruf
yarıtəhsilli Martinə ingilis dilində gözəl
danışmağı öyrədir, onda ədəbiyyata
maraq oyadır. Martin öyrənir ki, jurnallar
yazıçılara onların əməyi müqabilində
yaxşı qonorar verir. Ona görə də qəti qərara
gəlir ki, yazıçı olsun və öz sevgilisinə
layiq olan təbəqənin adamları sırasına
qatılsın.
Qeyd edək
ki, Andreas Tangen və Martin İden hər ikisi təkcə ədəbi
qəhrəman yox, həm də həyat qəhrəmanıdırlar.
Qeyd etdiyimiz kimi, Martin İden moryakdır, dənizçidir.
O, fiziki cəhətdən güclü bir gəncdir. Andreas
Tangen isə əsərin sonunda son ümid yeri olaraq dənizi
seçir. O, Martin İdenin əksinə cılız, fiziki cəhətdən
zəif adamdır. Əsərdə son dərəcə
acınacaqlı vəziyyətlərdən mənəvi cəhətdən
üzü ağ çıxmağı bacaran bu iki qəhrəman
bəzi məqamlarda uşaq kimi aciz təsvir edilir.
Məsələn,
hər iki obraz bəzi zamanlar öz-özündən diksinir:
"Martin İden təhlükəni böyüdürdü.
Quyruqlu bir pianino, üzərində kitablar
yığılı bir masanın arasındakı boşluqdan
yarım düjün insan rahatlıqla gedə bilərdi, amma o
hər şeyə baxmayaraq bu aradan keçməyə
çalışarkən qorxudan ürpərdi. Ağır
qolları rahat bir şəkildə sallanırdı.
Qollarını, əllərini hara qoyacağını bilməyirdi.
Beynini əhatə edən xülyalar səbəbindən qollarından birinin, masanın
üstündəki kitablara sürtünəcəyinin
narahatlığına qapılınca, ürkmüş bir at
kimi silkələnib kənara qaçdı. Qaçdı
qaçmasına ancaq az qala pianonun oturacağına dəyəcəkdi.
Qarşısındakı adamın rahat yerişinə
baxdı və ilk dəfə, öz gedişini digər
kişilərin yerişindən başqa olduğunu fərq
etdi. Bu qədər yöndəmsiz yerişə görə
içində utandığından doğan anlıq bir əzab
duydu. Alnından muncuq-muncuq tər axdı; dayandı və
yazıq üzündəki tərləri dəsmalı ilə
sildi".
Knut
Hamsunun "Aclıq" əsərində də belə
oxşar məqamlara rast gəlirik: "Skamyada oturub
bütün bunları götür-qoy edir, kədərlənirəm.
Öz-özümdən iyrənirəm;
hətta əllərim də mənə iyrənc
görünür. Bu arıq, heç nəyə yaramayan zəif
əllər qanımı tamamilə qaraldırdı; mən
çöp kimi arıq barmaqlarıma baxaraq əsəbiləşir,
sısqa bədənimə nifrət edirdim".
Hər
iki romanda təzadlı məqamlarda oxşarlıqlar sezilir.
Əzablar, hisslər, duyğular oxşardır. Qəhrəmanların
biri iriliyindən, digəri sısqalığından
utanır, ürkür, narahatlıq keçirir. Ancaq
bütün bunlara baxmayaraq, hər iki müəllifin də qəhrəmanı
güclüdür. Onar həyatın bütün
ağlasığmazlıqlarını yaşayır və bu
ağlasığmazlıqlar qarşısında
ağıllarını qorumağa çalışırlar.
Hər iki əsərdə fiziksəl güclə, duyğusal
güc təzadlı təsvir olunub.
Dünya ədəbiyyatında
qalıcı və universal xüsusiyyətə sahib romanlar
yazmağın yollarından biri də xarakterlərinin daxili
dünyasını romana əks etdirməkdən keçir.
Dostoyevski, Emile Zola, Çarls Dikkens, Balzak, Höte ... kimi
romançılar bu xüsusiyyətləriylə klassik
olmağı bacaran yazıçılardan bəziləridir.
Roman xarakterinin zidd bir şəxsiyyətə sahib olması
onu təsvir etməyi asanlaşdıraraq ona tip xüsusiyyət
qazandırır. Yazar, romandakı tip / xarakterin ruhi
dünyasını oxucuya tanıdaraq, oxucunun özünü
bu adamla eyniləşdirməsinə imkan yaradır.
"Bəzən
onu əslində olduğundan başqa cür görmək
arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla
düşünürdü ki, bu heç bir nəticə verməz,
yalançılığa alışmamışdır və
çox asanlıqla gülünc vəziyyətə
düşə bilər".
"Qorxdum,
məni vahimə bürüdü. Etdiyim fırıldaqçılığı bütün təfərrüatına
qədər xatırladım; balaca
dükanı, piştaxtanı, pulu qamarlayan əllərimi gözümün qabağına gətirdim,
polisin gəlib məni həbs etməsini təsəvvür
etdim.Düşünüb-daşınmağa başladım və
qəti qərara gəldim ki, əvvəllər, təmiz
vicdanımla indikindən xoşbəxt idim".
Görüldüyü
kimi, Martin İdeni gülünc vəziyyətə
düşmək çox qorxutsa da, Tangeni bu öncə
qorxutmur. Həmin əməli törədir. Sonra isə Tangen
etdiyi fırıldaqçılığı özünə
bağışlamır və özünü cəzalandırır.
Hər
iki roman avtobioqrafik səciyyə daşısa da, həm də
psixoloji romanlardır.
Psixoloji
roman qavramı nədir?
Bu cür
romanlara "Təhlil Roman" da deyilir. Psixoloji romanlarda roman
qəhrəmanlarının ruhi təhlilləri verilir.
Onların insanlara, hadisələrə və cəmiyyətə
baxışı öz əksini tapmışdır.
Psixoloji
romanda ruh təhlillərinə öyrəşilmiş realist
romanlardan daha çox yer verildiyi üçün xarakterin
daxili böhranlarının və hesablaşmalarının
içdən gələn impuls və motivlərin göz
ardı edilmədiyi roman növüdür.
Psixoloji
romanda yazıçı, sıravi realist romanlarda olduğu
kimi, yalnız yaşanan hadisələrlə kifayətlənməyib
bu hadisələri ortaya çıxaran səbəbləri və
bu hadisələrin ruh quruluşunda yol
açdıqlarını da şərhə girişir.
Psixoloji
romanın və ya ümumi mənada yazıda psixologiya məsələlərinə
toxunuş, XI əsrdə "Tale of Genji", 1344-cü ildə
Bokaçço və Servantes ilə ortaya
çıxdığı söylənsə də, gerçək
mənada psixoloji romanın ortaya çıxmasını
Samuel Riçardsonun "Pamela" romanı qəbul
olunur. Daha sonra yüksəlişə
keçən realizm ilə birlikdə psixoloji roman da fəaliyyətini
artırmışdır.
Rus ədəbiyyatının
və bəlkə bütün dünya ədəbiyyatının
ən əhəmiyyətli psixoloji roman nümunələrini
verən Dostoyevski, oxucunu, insan psixologiyasının ən naməlum,
qaranlıq künclərinə qədər aparmış, ruh
təhlillərini zirvə nöqtəsinə
çıxarmış və hətta Psixoanaliz
qaydasının qurucusu Freydə yol göstəricilik
etmişdir.
Bu
baxımdan Knut Hamsun da, Cek Londonda reallıqlara söykənərək,
reallıqları daha da cazibəli edən psixoloji tendensiyalara
öz romanlarında yer verdikləri üçün fiksiya xarakterli
romantikadan daha çox təsir edir bu romanlar cəmiyyətə.
Hər iki roman əzabları, daxili müharibələrı,
ruhi qarşıdurmaları
özündə şaxələndirən saqadır.
Qəhrəmanların
öz içlərində girdikləri
qarşıdurmalar-sevgi-nifrət, ağrıma-mərhəmətsizlik
kimi iki duyğu arasında; "Etmə-etməmə" kimi
tərəddüd ehtiva edən vəziyyətlər
arasında qalan qəhrəman öz içindəki mənlə
hesablaşmağa oradan da bir qarşıdurma içinə girər.
Qəhrəmanların içinə girdikləri bu psixoloji
qarşıdurma, ümumiyyətlə, ilahi
dünyagörüşü nöqteyi-nəzərindən ruh
təhlilləri kimi verilir.
Psixoanaliz
ilə insanın qorxuları, narahatlıqları, həsrətləri,
kədərləri, arzuları və s. Həll olunmağa
çalışılırkən sənət mətnində
istifadə edilən obraz / simvol / motivlər və bunların
vermək istədiyi mesajlar ya da bunlardakı mənaları
ortaya çıxarmaq psixoanalizi ədəbiyyat sahəsindəki
fəaliyyətlərindən biridir.
"Həddindən
artıq böyüdülmüş bir şüursuz
günahkarlıq duyğusuna sahib olan kəslər, analiz
prosesi zamanı müalicəyə mənfi reaksiya göstərirlər".
Günlərini
xalq kitabxanasında keçirməyə başlayan Martin
kitabların dünyasına açılır.
Qeyd edilən
nöqteyi-nəzərdən yanaşıldıqda Martin
İdenin də, Andreas Tangenin də eyni hissləri
yaşadığı və eyni ilə ruh halları ilə
mühitdə qarşılaşdıqları çətinliklərə
reaksiya verdikləri ön plana çıxır.
Başlanğıcda
bir şey anlamasa belə, bezmədən usanmadan oxuyur; Marks,
Nitsşe oxuyur, ən çox da ədəbiyyat mətnlərini
oxuyur. Başına yazar olmağı qoymuşdur artıq.
Yalnız ədəbiyyat eşqindən deyil yazaraq zəngin
ola biləcəyinə də inanır.
Martin
İden bir tərəfdən
dolanışığını təmin etmək
üçün gəmilərdə çalışır,
digər tərəfdən böyük bir stabilliklə
heç dayanmadan istehsal edir; məqalələr, hekayələr
və şeirlər yazır. Ancaq məhsullarını
göndərdiyi qəzet və jurnal redaktorlarından gələn
cavablar heç ürəkaçıcı deyildir.
Çünki cəmiyyət ciddi şeylərlə
maraqlanmır. İnsanlar bədii dəyəri olmayan əyləncəli
mətnləri sevirlər.
Eyni
halı Tangen də yaşayır. Hətta eyni halı Knut
Hamsun da yaşayır. Yazıçının
bioqrafiyasında oxuyuruq "Hekayəsini tamamlayınca bir gəmi
bileti alaraq Kopenhagenə getdi. Bir kitabçıya, sonra da
norveçli bir şairə əsərlərini qəbul etdirmə
səyləri boşa çıxınca Osloya döndü.
Sonra köçəri olaraq uzun bir səfərə
çıxdı".
Bütün
bunları nəzərə alaraq hər iki romanı
avtobioqrafik əsər də adlandırmaq doğru olar.
Cek London
“Martin İden” romanını öz həyat hekayəsindən
yola çıxaraq yazmışdır. Martin İdenin
başından keçənləri Londonun bioqrafisi ilə
müqayisə edən hər oxucu bu nəticəyə
asanlıqla gələ bilər. Ancaq bənzərlik sizi
yanıltmasın; Hamsun da, London da çətinliklərlə
dolu yaşamını ədəbiyyata köçürərkən
həyatım roman cılızlığına
qapılmamış, roman həqiqəti ilə xarici həqiqət
arasındakı sərhəd xəttini çəkməsini
bilmişdir.
Aclıqda,
yazarın gənclik illərində yazar olmaq üçün
verdiyi mübarizə təsiredici bir üslubla izah edilməkdədir.
Roman, aclığı ən qorxunc dərəcədə
yaşayan bir yazarın hekayəsidir. Aclıq qəhrəmanın
fiziki və ruhi vəziyyətinə dərindən təsir edər.
Knut Hamsun, bu halı “Aclıq” adlı əsərində
ustalıqla izah etməkdədir.
Andreasın rahat günlərinin üzərindən az bir zaman keçmişdir. Yenə pulu bitmişdir. Aclıq dözülməz hal almışdır. Küçələrdə soyuq və aclığın təsiriylə zehini bulanmağa başlayır. Xəyallar görür. Andreas, qürurundan heç bir köməyi qəbul etmir.
Qürurunu bir kənara buraxıb dilənməyə cəhd edər; lakin bir şey əldə edə bilməz. Aclıqdan taqəti qalmamışdır. Girovları gedib pencəyinin dörd düyməsini verməyə çalışır. Adam bunu da qəbul etmir.
Sonunda bir gəmidə nə iş olsa, edəcəyini söyləyərək iş tapır və şəhərdən ayrılır. Martin İden isə yeni şəhərlərdə, yeni həyəcanları təcrübədən keçirmək istəmir. O, hər yüksəlişi daddığını düşünür. Həyat gözündə adiləşir. Tangen isə hələ zəfəri dadmayıb. Həyatdan gözləntilərini də çiyninə alıb şəhəri tərk edir.
Martin Tangendən iradəsiz idimi? Yox, deyildi.
Freyd deyirdi ki, "İnstinkt məğlubedilməzdir",
lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi
belə ram etməyi bacarmışdı. Hərçənd bir şəxs kimi Martinin davranışını təqdirəlayiq
hesab etmək düzgün olmazdı. İradəsini
özünü məhv etməyə yox, yaşamaq uğrunda
mübarizəyə həsr etmək
idi, ən gözəl çıxış yolu . Martin ən asan
yolu seçdi". Tangen
isə hələ ki, həyatla mübarizəni...
Beləliklə,
dəniz birinin sonu digərinin qurtuluşu oldu.
NARGİS
Ədəbiyyat qəzeti.- 2017.- 24
iyun.- S.8-9.