OĞULNAMƏ

 

1-ci fəsil

 

Eşitdirmə...

 

Zamanı gələndə özüm çıxıb gedəcəm. Çənəni çox yorma. Yalan danışmaqla deyil ki. Buranı bəyənmədim. Deyəcəksən ki, məni bura dəvət etməmişdin! Düzdür. Amma bura gəlib-gəlməmiyimi məndən də soruşmamışdılar.

Az aşın duzu deyilsən. Bilirəm ki, ürəyində mənə gülürsən. Çoxlarını yola salmısan, gedib axı. Axırına çıxdığın o milyonlardan biriyəm.

Hərləyib-fırlayıb salmısan toruna. Ayağımın altında olsan da, heç vaxt ayaq altda qalmadın. Nəyim vardı bir-bir əlimdən aldın. Elə bilirsən küsmüşəm? Kimsən ki, səndən küsəm? Bura gələndə əlimdə nə vardı ki, gedəndə də olsun. Üryan gəldim, üryan da gedəcəm. Səni dişimə vuran kimi anlamışdım. Bura niyə gəldiyimi də bilmişdim. Odur ki, heç kəsə, heç nəyə bağlanmadım. Dilimdə sevgi tamından başqa dad olmadı. Baş verənlərin "olacaq" olduğuna inananlarla, olanları "olacaq" kimi olunduranlar arasında teyf kimi yaşadım. Hamını tanısam da, heç kəs məni tanımadı. Dilim dillərdən,  yönüm yönlərdən ayrı oldu. Sən mənə güldüyün kimi, mən də sənə güldüm. Elə bilirsən bizi ora göndərib özün burda tənha qala biləcəksən? mən olmasam sən kimə gərəksən?

Axı sənə də,  səni yaradana da ad qoyan mənəm. Axı mən hər şeyi yaratmış o böyük düşüncədənəm. "Yazı" ancaq mən anlayım deyə yazılıb. Mən olmasam, "yazını" kim anlayacaq? Sənin fəsil-fəsil dəyişən üzün, ancaq məni qocaltmaqdan ötrü imiş. Odun,   suyun,   torpağın və havanın mənim "yazıma", bizim olacağa dəxli yox imiş. Sən mənim üçün yaradılmışdın. Nə olsun ki,   məni saymırdın. Biz birlikdə yaşasaq da,  bir yerdə yaşamadıq. Sənin öz yolun oldu. Mənim öz yazım. Sən burda əbədisən,  mən orda əbədi olacam. "Yazını" mən anlamalıydım,  sən yox.

Sənin düşüncən yoxdur,  mənim var. Sən qarpız kimisən. Kəsilməsən, dadın bilinmir. Uzaqdan adama şirin görünürsən. Yaxından acısan. Səni qarpız görüb,   kəssəm də yemədim ki. Dişim batmadı. Heç sən də, məni yeyə bilmədin. Hər gördüyümdən bir nəticə çıxardım. Hər yıxılandan dərs, hər "yola gedəndən" işarə aldım. Və sonda anladım ki, səni ciddi bilənin ağlı yox imiş. Daha sənə sözüm yoxdur. Qarpıza nə sözüm olacaq? Sən məni kəsənə qədər, mən səni kəsdim. İçindən oğlum çıxdı.

Sözüm indi onadır, oğlumadır. Sən məni anlamadın. Oğlum anlayacaq. O da mənim kimi "yazı" adamıdır axı.

 

2-ci fəsil

 

Oğluma...

 

Əziz balam, bu dünyada dost axtarma ki, sonda peşiman olmayasan.

Dəyərlər dəyişkəndir deyə dünyada dostun özünsən. Adam içində olsan da, adamlara etibar eləmə. Burda təksən. Özünü anla. Olanlara bağlanma. Gördüklərin yalandır. Cümlə insanlar kimi başını aşağı salıb yaşama. Baş düşünmək üçündür. Düzgün yaşamağın nə olduğunu heç kəs bilmir. İnsanlar yaddaşla yaşayırlar, düşünüb yaşamırlar. Onlar təkrardırlar. Sən təkrar olma. Ağac ağacdır. At atdır. Adəmdən Hatəmə nə at dəyişəcək,  də ağac. İnsansa dəyişkəndir. Zaman-zaman üzü, içi və yolu arıtdanır. Adəm ilə adam arasında fərq çoxdur.

Sevgini bərk saxla, itirmə. Sabit olan ancaq odur. Onunla yaşamalısan.

Sevgi gözdən-gözə gül tozcuğu kimi qonur. Sevgi gözlərdə mayalanır.

Gözünü duru saxla. Səni döyəcəklər,   söyəcəklər,   alçaltmaq,  öldürmək istəyəcəklər. Bənd olma. Düşmənini belə sevməyi öyrən. İnsanı içindəki sevgi yaşadır. Gözün əlindir, gördüyünü gözünlə götürəcəksən. Mən insanlar üçün az iş görmədim. Bilmədilər. Onlar zora tabedir. Dünyanı da gördüm. Qana bilmədim. Gördüklərimdən sənə bir kitab yazdım. Oxu və barmağını dişlə. Bil ki dünyada nələr olur.

Fikir verdinmi mən dünyada nələr "VAR" demədim. Dünyada heç nə yoxdur,  bala. Heç olmayıb da. Bu gün də dünyada heç nə baş vermir.

Dünyada nə varsa, ya haçansa olub, ya da hələ haçansa olacaq. Bu "haçanların" özünü də insanlar uydurublar. Əzrayıl bir gecə qapıma gəlib söyləsə ki, yığış gedirik, gərək tərpənəm. Nə qədər "Allah" desəm də, Əzrayılın buyruq qulu olduğunu da bilirəm. Gərək düşəm qabağına. Bəs sən burda tənha necə qalacaqsan? Səni kimə tapşırım gedim? Bu yalanlar içində mənsiz necə yaşayacaqsan? Kimə arxayın olacaqsan? İnsanların güvəndiyi kimi sən də,  mala,  mülkə,  pula tapınacaqsan? Sərvət ilğımdır, mənim balam. Dövlət heç kəsin deyil.

Sənə sərvət qoyub getsəm, zorla əlindən alacaqlar. Özünü də salacaqlar küçələrə. Dünyanın ədaləti bu gün gücdür, dili hiylə. Sənin də nə gücün var, nə də hiylə bilirsən. Tək uşaqsan. Odur ki sənə sərvət əvəzinə əlindən ala bilməsinlər deyə ağlımı qoyub gedirəm. Yazdığım kitabı oxu və anlamağa çalış. Dünyada yeganə sərvət ağıldır, bala. Sənə var-dövlət əvəzinə ağlımı verirəm. Yazdıqlarıma əməl etsən, buralarda birtəhər yaşayacaqsan. Kitabı fəsillərə böldüm. Hər fəsildə sənə həyatın bir üzünü anladacam. Zaman çox üzlü,  tutacağı və söykənəcəyi olmayan qaynar qazandır. Səni qocaldacaq. Əldən salacaq. Andan həzər et, vaxtdan çıxmağa çalış. Bir an sonra nə olacağını bilməsələr də,   taleləri bir tükdən asılı olsa da, insanlar sabahlarını qurmaq qədər həyasızdırlar. Özünə güvən, amma arxayın olma. Bu ilğım inam səni də onlar qədər uçuruma aparar. Heç kəsə əyilmə və heç kəsi əymə. Heç kimdən özünü üstün tutma. Heç kəsə aşağıdan yuxarı da baxma. Gördüyün eyibləri açma. Özün də eyibli olma. Səni bu dünyada nə sevindirirsə, bil ki, haçansa kədərləndirmək üçün sevindirir. Nə kədərləndirirsə, sonradan sənə məzəli görünəcək. Heç kimə və heç nəyə bağlanma. Bağlandığın dəyərlər, adamlar, fikirlər yarımçıq və dəyişkəndir. Sən özün də tam və sabit deyilsən. Özün də axar su kimi gündən-günə dəyişəcəksən. Dünyada heç nə sabit deyil. Hərə olanlara öz ağlıyla uyğunlaşır. Tamaha pənah yaşayanlardan tutmuş, tərki-dünyalara qədər nə sifətdə insan görəcəksənsə, bil ki, haçansa olub, təkrardı. Bu gördüyün insanların çoxu sonda məğlub olacaq.

Onları tamahları idarə edir. İlahi nizamı pozan da, yazını təzədən yazan da bu gün insan tamahıdır, bunu bil. İnsan Allah olmaq istəyəndə qorxulu olur, bəndə olmaq istəyəndə müqəddəs. Sən bəndə ol, mənim balam.

Dünya ilğımdır, gözünə görünən yalandır. Həqiqət ancaq düşüncədir. Baş verənlər daha çox düşüncəndə baş verir. Gördüklərin qarabasmadır.

Heç kəs sona qədər səninlə qalmayacaq. Sən də heç kəsin deyilsən. Təksən. Təkcə düşüncənlərin sona qədər səninlədir. İnsan əbədi yaddaşdır. Hadisələrin davamlılığından, işarə və sözlərdən nəticə çıxara bilsən "mənanı" anlayacaqsan. Allahın dili yoxdur ki səninlə danışa. Onun dili eyhamlarıdır. Mənim ağıllı balam, dünya çox çalarlı,  mürəkkəb xaosdur. Onu ancaq düşüncəylə nizama sala bilərsən.

Mən kitab adamıyam. Bazar adamı deyiləm. Ona görə də sənə kitab yazdım. Dünyanı görən kimi unut. "Məna" dalınca get. Adətlərinə bağlanma. İnsan düşünsün deyə yaradıldı. Kitab təcrübədir. Düşüncə tarixidir. İnsana düzgün yaşamağı öyrədən qanundur. İnsan zülmə tabedir, bala. Qanun olmayan yerdə,  insan da olmur. Qanun insanı azad edir. İnsan "azadlığı" "qanunsuzluqla" səhv salıb. Mən dünyaya qarışıq günlərdə gəldim. Maladan,   malakeşdən bütün fikirlər köhnəlmişdi. Fəlsəfi yönlər tükənmişdi. Dünyanı təmir edənlər hirsliydilər. Sən daha gözəl bir dünyanın adamı olacaqsan. Çalış yaşadığın yerin ruhani qanunlarını yaradasan. Təcrübəm karına gəlsə,  sevinərəm. Məni sevindir, gözəl balam.

Kitabımı oxu və anla ki, sənə verilən ömrü dərk etmək üçün yaradıldın.

Kor-koranə yaşamaq üçün deyil.

 

3-cü fəsil

 

Allahın dərk olunması haqda...

 

Çalış sözündə və əməlində tək olasan, mənim balam, tənha olmayasan. Heç kəsə oxşama. Təkrar olma. Allah təkdir və təkliyindən darıxmır. Görəsən sən də Allah təki tək qalsan darıxmazsan ki? Məsələ də elə bundadır.

Allah ona görə təklikdən darıxmır ki, tək olsa da, tək deyil. Təklik halında hamını düşünən tamdır. Hamını düşünən iradə necə tək ola bilər? Allah həm də ona görə darıxmır ki, onun işi var. Onun işi bizik, mənim balam. Onun işi bizi adam eləməkdir. Sən də Allahın kimi ol, oğlum, sən də çalış adam olmayanları adam eləyəsən. İnsanı rənginə,  irqinə,  dilinə görə deyil,  ağlına görə sev. Allahın irqi,  dini və dili özündən fərqli deyildi. Deməli Allaha ən yaxın olan insanlara fərq qoymayan,  fərqli olmayandır. Bu gün belə bir insan varmı?

Yoxdur. Allah da buna görə təkdir. Sən də ona görə tək ol ki, Allah iradəsində olasan. İnsanı dinlərə, millətlərə, dillərə bölənlər Allahı da min yerə bölüb. Bu gün hərənin öz Allahı, hərənin öz dili var. Əslindəsə Allah əbədi düşüncədir. Onun dili yoxdur. Hansı dildə düşünürsən-düşün,  fərq etməz. Düşünə bilirsənsə, ona qovuşacaqsan.

Səni anlayacaq. İlahi düşüncəyə, dilindən və dinindən asılı olmayaraq hamı qoşula bilər. Allah insanları bərabər yaratdı. Heç kəsi heç kimdən ayırmadı,  üstün bilmədi. Qaçanı da qovan qədər sevdi. Özünü çox düşünmə, sevmə. Özünə də hamıya baxdığın kimi eyni gözlə bax.

Sənə yad gözlə baxanlardan da bunu tələb et. Nadana nadanlığını anlat.

Zülmə əyilmə. Allah zülmü götürmür. Allahı tanımaq səni əmin edəcək.

Ona əyilsən, tamahına əyilməyəcəksən. Tamah insanı kiçildir. Zəlil edir. Mən o qədər,  tamah zəlili görmüşəm ki... Qarnından böyük ol, mənim kiçik balam. Bilirəm, yaxşı ilə pisi biri-birindən ayırmaq sənin üçün çətin olacaq. Kələfin ucu itib. Örnək insanlar yoxdur. Yoxdursa, özün örnək ol. Sən bu örnəyi yarat. Özün-özünə məsəl ol. Pisi yaxşı kimi tanıdanlar, yaxşını gözünün qabağında pisləyəcək. Razılşama. Yaxşını yaxşı, pisi pis kimi tanıt. Allahı tək qoyma. Onun ədalətini pozma.

Zəmanəni dəblər idarə edir. Dəbləri güclər öz maraqlarında yaradırlar.

Onların düşüncəsi ancaq əllərində olan var-dövləti saxlamağa çatır.

Dəbi dəyişə bilməsən də,  dəbdə olma. Hamı ağıllı deyil,  insanların çoxu gördüyünün mənasını anlamır. Gözünü geniş aç. Olanlara Allah ağırlığında bax. Gördüklərin, eşitdiklərin, olanlar və olacaqlar bir təsbehin dənələridir. Dünyada təsadüf yoxdur. Ölümə qədər nə olacaqsa, əvvəlcədən nizamlanıb. Çalış gördüklərini gerçək nizamda anlayasan.

Dünyaya bağlanma. Dünyadan çıxma da. Yaşamağa başqa yerin yoxdur axı.

Dünyanı ağıl deyil, güc idarə edir. Ruhaniyyatı da, əxlaqı da güc yaradır. Pisi yaxşı, yaxşını pis kimi də güc tanıdır. Çalış gücün yanında ol. Gücə əxlaq öyrət. Özün güc olma. Sənlik deyil. Bunun üçün qəddarlaşmalısan. Fatehlər də peyğəmbərlər kimi göndərilmişlərdir. Onlar insan deyil. İnsanlığı qanla nizamlayan elçilərdir. Bu qanlı elçiləri insan edənlər isə ətrafıdır. Sən o ətrafdan ol, mənim balam. Axmağın tərifini sovcar edər. Sən qatili adam edənlərdən ol. Onun ruhuna Allahı hopdur. Qatıq bazarına gövhər çıxarsan gülünc görünərsən. Ağlın gövhərdir deyə sənə acıyıram. Ağıl ağılsızlar içində adama bədbəxtlik gətirir. Hər yerdə özünə söykən. Allahın inkarı belə varlığının subutudur. Dinlərin içi uralanıb, ovulub. Gerçək yazıya inananlar qalmayıb. Allahı bizə xatırladan bircə ayin qalıb. Nə yaxşı ki, ölüm Allahın iradəsindədir. Özünü dünyanın yiyəsi sayanlar belə Allahın ədaləti ilə ölür. Allah sonu idarə edən gücdür. Sən ölümü elə-belə asan iş bilmə. Ölüm mizandır. Ədaləti nizamlayandır. Ölüm bizə bir işarədir. Bu işarədən, həyatın müvəqqəti olduğunu anla. Allahın bir addımlığında olduğunu unutma. Qorxu nədi bilmə. Etdiyin yaxşılıqları səsə salma. Ona görə ki şahidin var. Allahdan qorxmayan insandan qorx. Onun könlü ölüdür. Gözəl balam,  içinin nizamını qorumaq üçün Allah sənə lazımdır. Mən keçən əsrin altmış altıncı ilində doğuldum.

O zaman biz " Kommunizm" adlı utopik gerçəkliyin əsiri idik. Gözümü açanda Sovetlər Allahı da babam kimi həbs etmişdilər. Allahın kitabları evlərimizdə olsa da, biz onları oxuya bilmirdik. Mən Allahı özüm-özümlə danışan zaman tanıdım. Odur budur Allahlayam. Onunla danışıram. Onu kitabsız tanımışam. O da məni kitabsız olduğum üçün daha çox sevir. Sonra Sovetləri "Qərb" çökdürdü. Və Allahın dinini silaha çevirənlər Bakıya tamam başqa Allahlar gətirdilər. Onların bizə gətirdiyi kitabları oxuduqca mən öz Allahımı tanımırdım. Əcəba, bunlar kimlərdir belə düşünürdüm? Hərəsinin ağzından bir avaz gələn bu insanlar bir kitabı neçə hissəyə bölmüşdülər? O gələnlər mənə içimdəki kitabsız Allahdan yaxın olmadılar. Mən bunu o zaman insanlara yazılarımla dedim. Dedim ki, bu gün həm Quma, həm də Ciddəyə göndərilən uşaqların sabah Bakıya dönəcəkləri günü düşünün. Onların hərəsi bir yönə gedir. O zaman Bakıda kasıbçılıq idi. Uşaqları seçənlər isə onlara mükəmməl təhsil və yaxşı pul verirdilər. İnsanlar o zaman uşaqlarını satdılar. Allahın bir kitabı var. Özü də təkdir. Nahaq qan tökən,  haqqam deyə bilməz. Ağıllı adamsan. Sənə min bir söz deyəcəklər.

Bax, sonala. Gör haqq nədir, haqq olmayan nədir? Niyyətsiz, məqsədsiz işi ancaq axmaqlar tutur. Mən inanmıram ki, Allah olmaq istəyənlər axmaq olsun. İstənilən bir hərəkatın son nəticədə xeyri kimədirsə, oyunu da o qurur. Bunu düşün. Cavabı tapan kimi bütün müşkülləri çözəcəksən. "Parçala, hökm et" hökmü nə qədər sürtük olsa da, axmaqların içində hələ ki, keçərlidir. Axmaqlardan olub başqalarının oyununda piyadaya çevrilmə. Öz yolunu tut, bala. Bütün insanlar qardaşdır. Hamı bir kökdən gəlir. Onları aldadan olmasa, qurd quzu ulə birgə otlar. Mənim gözəl balam, bu qədər saf olma. İnsanları aldadanlar həmişə olub və olacaq. Bilirsənmi niyə? Ona görə ki, qurd ilə quzu bütün insanların içində var. Və insanın qurdu çox vaxt içindəki quzunu hələ körpə ikən yeyir. "Güclü zəifi yeməlidir" zəmini dünyanın qanunudur. Mən sənə ən əvvəl içinin nizamını yaradacaq Allahı da ona görə tanıtdım. Allahı tanısan içindəki qurdu deyil, quzunu sevəcəksən.

Quzu insaf,  həya və qurbanlıq rəmzidir. Mən də səni düşüncənin qurbanı etmək istəyirəm. Nə ağa ol, nə qul. Nə rəhbər ol,  əsgər. Özünü tanı,  bəsimdir bala. Özünü bilən nə olduğunu da biləcək. Mənim göyçək balam, Allah sənin üçün qanundur. Səni yaşadacaq yasaq və qadağadır.

Allah buyruqdur və əməldir. İş görmədən danışılan söz gücsüzdür. Özünü bilən təki Allahı da bilməlisən. Və bunu anlayan təki İnsanlar üçün iş görməlisən. Mən sənə danışmağı deyil,  görməyi tapşırıram. Bilirsənmi hələ ətrafını durultmaq üçün nə qədər iş görməlisən? Sənin yaxşı tanıdığın insanlar belə kar, lal və kordurlar. Hələ özlərini tanımırlar. Qarınları üçün mövcuddurlar. Onları özlərinə tanıtmalısan.

Adlarını, üzlərini, onlara göstərməlisən. Haydı, oğlum. İşin asan deyil, bilirəm. İnsan olmaq çətindir də, mənim balam. Elə bilirsən insan olmaq asandır? İnsan olmaq Allahı tanımaqla başlanır. Ən əvvəl Allahı tanı. Allah hardadır? Deyəcəksən: - Odey, ordadır, ürəyinin içindədir... düşüncəndədir. Düşünürsənmi? Dərk etdinmi?

"Hiss etdin" - deyirsən... Düzgün yoldasan, mənim göyçək balam... Mən özüm də Allahı ancaq hiss edə bildim...

 

Orxan Fikrətoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.4-5.