"Gecikmə" filminin Anna
Kareninaya bənzəyən qəhrəmanı
Biz aktyor, aktrisa, yazıçı, şair, rəssam, musiqiçi deyəndə adətən mərkəzdəki sənət adamlarını gözümüzün qabağına gətiririk. Halbuki əyalətlərdə nə qədər yaradıcı adam var ki, onlar sənətə səssizcə gəldikləri kimi səssiz də gedirlər. Və biz də çox vaxt təbii olaraq həmin sənət adamlarını tanımırıq, onların həyatı bizə maraqlı olmur. Televiziyalar mərkəzdəki sənət adamlarını göstərir, mətbuat mərkəzdəki sənət adamlarından yazır, əyalətdəki sənət adamlarının payına isə hər zaman unudulmaq düşür.
Mərkəzdəki sənət adamı hər nə qədər fədakar olsa da, tanınmaq, məşhurlaşmaq kimi ümidlə də yaşayır. Əlbəttə, mərkəzdə olmaq insana əlavə kommunikasiyalar bəxş edir ki, bunlar vasitəsilə uğura gedən yol qısa və rahat olur.
Ancaq əyalətdə yaşayan sənətçinin belə şansı olmur. Onun ürəyi daim sənətə olan hüdudsuz sevgi ilə çırpınır, əgər mərkəzdə sənət həm də dolanışıqdırsa, əyalətdə o ancaq hobbi və ya fədakarlıqdır, yəni qazanc gətirməyən işdir. Çox az halda o qazanc vasitəsi ola bilər. Ona görə də əyalətdəki sənət adamı ömrünün sonuna qədər yaradıcılığa uşaq sevgisi ilə və sadəlövhlüklə yanaşır. Onun bu sevgisi heç vaxt böyümür, yaşlanmır, sonacan uşaqsayaq qalır.
Əyalətdəki yaradıcı adamın uğur yolu adətən daşlı-kəsəkli, palçıqlı olur. Ona görə əyalətdə sənət yoluna çıxanlar adətən mənzil başına gedib çata bilmirlər, əsasən gecikirlər, ya da "marşrut" gəlib çıxmır.
Eynən bizim Fəqumə Yusifova kimi.
Bizim deyəndə "Gecikmə" sənədli filminin qəhrəmanı, Ağdam Dövlət Dram Teatrının aktrisası Fəqumə Yusifovanı nəzərdə tuturam. Məlumat üçün deyim: Aran Film Yaradıcılıq mərkəzi və Nova Gorica kino mərkəzində çəkilən "Gecikmə" filminin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi Sevda Sultanova, operatoru Faiq Kərimov, prodüseri İqbal Məmmədəliyevdir.
Film boyu ekranın arxasından gələn səslə danışan aktrisa hesabat vermir, yox, o, həyatını bölüşür. Sanki bu taleyi onun alnına yazmış ilahi qüvvəyə üzünü tutub onu geri oxuyur. Buna görə ona sual verən adamı, onu danışdıranı tamaşaçı görmür, o ekrandan kənarda qalır, görünməz olur, qeybdən gələn səs kimi.
Fəqumə danışdıqca bizim gözümüzün qabağında aktrisadan çox həyatı ağır sınaqlardan keçmiş qadın canlanır. Ancaq onun səs tonu danışdıqlarına adekvat deyil, bu səsdə öz keçmişi ilə, yaşanmışlarla barışıqlıq var (Bircə nakam sevgisindən danışanda həyəcanlandığını görürük).
Beş uşaqdan ibarət böyük bir ailəni əziyyətlə saxlayıb. Sonra Qarabağ müharibəsi başlayıb. Sonra qaçqınçılıq. Evsizlik-eşiksizlik... İndi isə evləndiriləsi övladını evləndirib, ərə veriləsi övladını ərə verib, Ağdamda tək yaşayır. Məişət işlərindən asudə qalan vaxtında özünü teatra, sənətə həsr edir, rolunu əzbərləyir, məşqə getməyə hazırlaşır.
Kamera arabir aktrisanın qırışlı
üzünə, qaba əllərinə fokuslanır. Nə bu
üz, nə də bu əllər adətən görməyə
alışdığımız aktrisa üzünə-əlinə
bənzəmir. Kənardan baxanda heç deməzsən ki, bu
insan aktrisadır. Ancaq diqqətlə qulaq verəndə
eşidirsən ki, o nəsə əzbərləyir,
öz-özünə nəsə oxuyur. Bəs görəsən
oxuduğu nədi? Aktrisa Anna Karenina rolunu öyrənir. Ekran
arxasından gələn səs ona növbəti sualı
verir. Aktrisanın tərəddüdündən Şekspiri və
ya başqa bir dramaturqu tanımadığı nəzərə
çarpır. Bəlkə o heç Anna Kareninanın
yaradıcısını da tanımır. Bəlkə rolunu
oynamağa hazırlaşdığı Anna Kareninadan heç
də yüngül tale yaşamadağını bilmir. Bilmir ki, "həyatı
danışsa, roman olar" misalı, həyatını oynasa
tamaşa olar.
Bəlkə
özü bilmir, amma filmin rejissoru da, ssenaristi də bilir. Buna
görə Fəqumə özü haqqında danışarkən
belə, sanki rola girir. Fəqumə ekranda özünü, əyalət
aktrisasını oynayır. Ona görə də filmin əvvəlindəcə
qol qaldırıb rəqs edir. Filmin sonunda da küçənin
ortasında süzməyi ilə hər yerin onun
üçün səhnə olduğunu göstərməyə
çalışır.
"Nakam
sevgi" səhnəsində bir yer var. Həyətdə
çiçəklərə su verən yaşlı aktrisa
cavanlıq sevgisindən, onu sevən oğlana qovuşa bilməməsindən,
sonralar yanında uşaqları onunla şəhərdə
rastlaşmasından danışır. Bu vaxt kamera çəpərin
o üzünə - küçəyə tuşlanır.
Küçədən keçən yaşlı bir kişi
asta-asta kameraya yaxınlaşır, gəlib çəpərin
dibində dayanandan sonra qəfildən geri çəkilir. Bu
baş verən zaman fonda Fəqumənin "sevgi" hekayəsi
hələ də səslənir və tamaşaçıya
elə gəlir ki, bu kişi Fəqumənin nə vaxtsa sevdiyi
həmin cavan oğlandır. Ancaq sonra məlum olur ki, həmin
adam yoldan ötən biri imiş.
Filmdə
nə teatr görürük, nə də tamaşa. Elə
filmin adı da ümumi mesaja işarə edir. Məşqə
gecikən qəhrəman artıq real həyatda öz məşqini,
öz tamaşasını qurur. Ancaq mənə elə gəlir
ki, filmə bir epiloq da əlavə olunmalı və burda
aktrisanın məşq etdiyi tamaşadan bir səhnə
göstərilməli idi. Yəni nəhayət ki, Fəqumənin
məşq elədiyi tamaşa səhnələşdirildi.
Film boyu
tamaşada oynayacağı rolun sözlərini əzbərləyən,
güzgü qarşısında bəzənib-düzənib
harasa hazırlaşan aktrisa evdən çıxıb şəhərin
forslu aktrisalarının addımlarını belə
atmayacağı kəndin palçıqlı yolları ilə
xeyli gedəndən sonra nəhayət, gəlib
dayanacağın olduğu yerə çıxır. Belə
demək olarsa, sivilizasiyanın, hardasa normal nəqliyyat
sisteminin olduğu yerə çatır və rahatlamış
kimi, ayağındakı qaloşları dikdabana dəyişir.
Ancaq burda da rayon mərkəzinə gedən avtobus ləngiyir.
Gecikdiyini növbəti dəfə teatra xəbər verən
Fəquməyə telefonun o başından deyirlər ki, məşq
bitdi, daha gəlməyin mənası yoxdu. O zaman Fəqumə
kəndlərindən keçib gedən bir maşınla geri
qayıdası olur. Kənddə maşından
düşür və maşından gələn mahnı səsinəcə
küçənin ortasındaca oynamağa başlayır və
oynadıqca kameradan uzaqlaşır. Film bu yerdə bitir.
Qəribədir
ki, bu rəqsdən çox düşmənə döyüşqabağı
meydan oxumağa bənzəyir. Sanki aktrisa bu hərbə-zorba
ilə amansız taleyinin üstünə
şığıyaraq ona həmlə edir ki, qorxudub
savaşda qalib gəlsin. Ancaq tale ilə olan bu savaş bitməmiş
də biz bilirik ki, qalib sənətkardır - Fəqumə
Yusifova.
Mirmehdi Ağaoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 24
iyun.- S.5