İdrak və imanın vəhdəti
"Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur"
H.Zərdabi
Sona Vəliyeva niyə "İşığa gedən yol"a
çıxdı?
Görkəmli maarifçi, milli mətbuatımız, teatrımız və xeyriyyəçilik hərəkatımızın banisi, ilk mətbu orqanımız olan "Əkinçi" qəzetinin baş redaktoru, təbiətşünas alim Həsən bəy Zərdabinin həyat və yaradıcılıq yoluna həsr olunmuş "İşığa gedən yol" romanı tanınmış şairə, publisist, filologiya elmləri namizədi Sona Vəliyevanın bədii nəsrə ilk müraciətidir. Amma H.Zərdabi maarifçilik hərəkatının bir sıra önəmli məsələləri üzrə təkcə Azərbaycan yox, bütün müsəlman Şərqində yol göstərən olduğu kimi, S.Vəliyeva da bu romanla təkcə öz yaradıcılığı yox, ümumən Azərbaycan ədəbiyyatı, milli bədii nəsr və tarixi romançılığımızda bir sıra yeniliklərə imza atıb.
Əvvəla,
"İşığa gedən yol" Azərbaycan tarixinin ən
işıqlı simalarından olan Zərdabi haqqında ilk
romanımızdır. İkincisi, romanda tarixi nəsr
texnologiyası və üçüncüsü,
maarifçilik ideyalarına orijinal, aktual yanaşma var. Məsələyə
giriş xarakterini nəzərə alıb, sözümüzə
birinci məsələdən başlayaq. Görəsən, necə oldu ki,
Sona xanım çoxlu sayda ədəbi və tarixi simalar
içində məhz Zərdabi haqqında roman yazmaq qərarına
gəldi?
Bunun ilk səbəbi,
yəqin ki, Zərdabi mövzusunun bədii nəsrimizdə
indiyə qədər işlənməməsi,
"Əkinçi"nin baş redaktorunun həyat və fəaliyyətinin
bir əsrdən artıq eləcə
əl dəyməmiş, şumlanmamış, xam torpaq kimi
qalmasıdır. Halbuki, görkəmli ədəbi-mədəni
simalarımızın əksəriyyəti haqqında tarixi
romanlar, kinossenarilər yazılıb, filmlər çəkilib.
M.S.Ordubadinin Nizami, M.İsmayılovun Xaqani,
İ.Muğannanın Nəsimi, Y.V.Çəmənzəminlinin
Vaqif, F.Kərimzadənin Xətai, Ə.Cəfərzadənin
S.Ə.Şirvani və A.Səhhət, M.İbrahimovun N.Nərimanov,
Ç.Hüseynovun M.F.Axundov, S.Dağlının C.Cabbarlı,
H.İbrahimovun Əcəmi...
haqqında əsərləri bu baxımdan sadəcə
ilk yada düşənlərdir. Zərdabinin vətənpərvər
ruhu, fədakar xarakteri, bütün yenilikçi, tərəqqipərvər
ziyalılar kimi təhdidlərlə dolu, amma mənalı həyat
yolu, milli mətbuat və ümumən mədəniyyətimiz
tarixindəki misilsiz xidmətləri isə indiyə qədər
bədii nəsrin təsvir və araşdırma predmetinə
çevrilməyib. Bu, bütün ömrü boyu istər
özümüz, istərsə də özgələr tərəfindən
çoxsaylı haqsızlıqlarla üzləşən
böyük maarifçiyə qarşı, yüngül desək, növbəti etinasızlıq idi.
"İşığa gedən yol" tarixi
romançılığımızda Zərdabi mövzusu ilə
bağlı boşluğu doldurur, bədii
yaddaşımızdakı ağ ləkəni silir, görkəmli
ictimai xadimin ədəbi obrazının yaradılması
işinin əsasını qoyur. İkincisi, S.Vəliyevanın
da təsdiq etdiyi kimi, bu
romanın yazılması müəllifin öz tarixi sələfi
qarşısındakı borc duyğusundan irəli gəlir. "Kaspi” Təhsil Şirkətinin
və "Kaspi" qəzetinin təsisçisi, Azərbaycan
Respublikası Milli Televiziya və Radio Şurasının sədr
müavini olan müəllif bu romanla milli mətbuatımızın
banisinə öncə öz adından, sonra
yazıçı-jurnalist heyəti adından, ən nəhayət,
Azərbaycan xalqı adından minnətdarlığını
bildirir, tərəqqipərvər ziyalı
qarşısında ümummilli vicdan borcumuzu yerinə yetirir.
Amma məsələ sadəcə
bununla bitmir. Bu duyğu təkcə
xələfin sələf, insanın vətən
qarşısında yox, həm
də bəndənin Allah qarşısındakı borcundan
doğur. Təhlilə çəkdiyimiz roman bu müqəddəs
duyğunu özünün bütün çalarları ilə
əks etdirir.
Bütün yollar Azərbaycandan
keçir
Bədii ədəbiyyat
ilk öncə yenilik deməkdir. Bunu antik dahi Platon deyirdi.
Ədəbiyyat tarixin mahiyyətini açmaqla, tarixi onun özündən daha dərin
əks etdirir. Bunu isə Platonun ən istedadlı şagirdi və
ən ciddi rəqibi Aristotel deyirdi. "İşığa
gedən yol" romanı göstərir ki, S.Vəliyeva antik
yunan dahilərinin hər ikisi ilə razıdır. Bəs,
Platonun dili ilə desək, romanın yeniliyi nədədir? O,
təxminən bir əsr yaşı olan tarixi
romançılığımıza nə kimi yeniliklər gətirir?
Bu
sualın cavabı bizi milli özünüdərk
şüuru ilə bağlı ciddi bir məsələ ilə
üz-üzə qoyur. Xanlıqlar dövründən qalan bir
ümummilli taleyüklü problemimiz
var – bölgə psixologiyası, regionçuluq,
özünü azərbaycanlı kimi tanımaqdan daha
çox, hansısa konkret bir coğrafi ərazinin təmsilçisi
kimi dərk etmək. Azərbaycannamə əvəzinə
çoxsaylı qarabağnamələr, dərbəndnamələrin...
yazılması bölgə
psixologiyasının, məhəlli düşüncənin
tarixi idrakımızdakı izləri olduğu kimi, tarixi
romanlarımızda azərbaycançılıq
düşüncəsinin istənilən səviyyədə
olmaması da problemin bədii nəsrimizdəki nişanəsidir.
"İşığa gedən yol"
ayrı-ayrılıqda gəncənamə, irəvannamə,
qarabağnamə, şirvannnamə, naxçıvannamə...
olmaqla yanaşı, həm də bunların
hamısının məcmusundan ibarət azərbaycannamə – Azərbaycan haqqında
kitabdır. Məncə, indiyə qədər heç bir
tarixi romanımızda, ümumən heç bir bədii əsərdə
Azərbaycan özünün coğrafi, etnoqrafik, tarixi, mədəni...
konturları ilə belə tam, belə bütöv
görünməyib.
Yazıçı
Azərbaycanın genəl tarixi-mədəni mənzərəsini
göstərmək məqsədiylə maraqlı bir üsula əl
atır. O, özünün maarifçi ideyalarını həyata
keçirmək üçün Azərbaycanın ən
müxtəlif bölgələrinə gedən, o yerlərin
nüfuzlu, tərəqqipərvər adamları ilə
görüşən qəhrəmanının ardınca,
oxucunu da ölkənin ən fərqli yerlərinə tarixi səyahətə
aparır. Bu bədii-tarixi marşrut zamanı S.Vəliyevanın
əsaslandığı qaynaqların zənginliyi, tarixi
materialı səbrlə, təmkinlə incələnməsi
oxucuda razılıq doğurur, müəllif fikrinin mötəbərliyinə
inam yaradır.
Lakin
"İşığa gedən yol" müəllifinin
tarixi faktlara diqqəti, onların əsirinə çevrilmək, onlara mütləq anlamda tabe olmaq
kimi aşırı sınırlara varmır. Tarix kitabı yox, tarixi roman
yazdığını unutmayan yazıçı hadisələrin bəsit fotosurətini
çıxarmır, bəzən dövrün ən ümumi
məzmununa xələl gətirmədən xronoloji montajlar
edir. Aristotelin təbiri ilə desək, o, zamanın şəklini yox, daxili
mahiyyətini, məğzini göstərir, faktoqrafiyanın
ardınca getməkdən daha çox, faktları
başlıca müəllif ideyasının ardınca
aparır.
Romanın
əsas, fundamental müəllif ideyası isə azərbaycançılıqdır
və bu təsadüfi olmayıb, S.Vəliyevanın indiyə
qədərki bütün yaradıcılıq yolunun məntiqi-zəruri davamı, qanuni nəticəsi kimi
meydana çıxır. Çünki onun istər elmi ("Azərbaycançılıq
milli ideologiya və ədəbi-estetik təlim kimi",
"Milli dövlətçilik hərəkatının
yüksəlişi və Xalq Cümhuriyyəti dövründə
Azərbaycançılıq ideyası", istər publisist ("Zaman xəbərsiz
ötdü"), istərsə də poetik ("Arazbarı")
yaradıcılığının altyapısında duran bir
ana ideya var – azərbaycançılıq. Bu ideya özünün
bütün elmi, publisistik və poetik yönləri ilə S.Vəliyeva
yaradıcılığının məhək daşı, təməl
prinsipidir.
Yazıçının
nəsr yaradıcılığı, konkret desək,
"İşığa gedən yol" romanı da bu cəhətdən
istisna deyil. Roman öz müəllifinin ən ümumi
dünyagörüşünün üzvi tərkib hissəsi,
ayrılmaz bir parçasıdır.
Azərbaycançılıq ideyası
"İşığa gedən yol"u sadəcə konkret
şəxsə həsr olunan bir romandan ümumən millət
və vətən haqqında əsərə çevirdiyi
kimi, həm də ona güclü müasirlik ruhu verir. Bunun
hesabına romanın tarixi əsərdə müasirlik deyilən
bir keyfiyyəti meydana çıxır. Biz romanı oxuyanda təkcə
XIX əsrdə baş verən hadisələri yox, ikinci planda
həm də günümüzdə cərəyan edən
olaylara sətiraltı işarələri
görür, bir çox ümummilli taleyüklü problemələrin
tarixi səbəbləri və kökləri haqqında
düşünürük.
İlk neomaarifçi roman
Elə əsərlər
var ki, tarix onlarda məqsəd, elələri də var ki,
müasirlik haqqında söz demək üçün sadəcə
bir vasitədir. Bunlardan birini digərinə tərcih etmirik.
Çünki əsas məsələ müəllifin öz
qarşısına nə məqsəd qoyması və ona nə
dərəcədə nail olmasından ibarətdir. Bu prinsip bədii
mətnin dəyərləndirilməsində əsas
çıxış nöqtəsi olmalıdır.
"İşığa gedən yol" romanının
müəllifi tarix və müasirlik məsələsinə
münasibətdə nə birinci, nə də ikinci mövqedə
durur. Tarix onun üçün sitayiş ünvanı deyil,
amma müasirlik haqda hər hansı fikrinin ifadəsində
dekor rolu da oynamır. Onun düşüncəsində tarix və
müasirlik ayrılmaz vəhdətdədir.
Bununla da,
yazıçı təkcə tarix və müasirlik
mövzusu yox, hər hansı məsələdə istər
antik yunanlar, istərsə də onlardan ilhamlanan İslam
mütəfəkkirlərinin təqdir etdiyi, ən ali prinsip
kimi götürdüyü və ədalət adı verdiyi
qızıl ortada dayanır, çağdaş dillə desək,
sintez mövqeyindən
çıxış edir.
Biz
vurğunu sintez məsələsinin üstünə təsadüfən
salmadıq. Çünki qızıl orta, yaxud sintez məsələsinin
çözümü istər maarifçiliyin həqiqi tarixi
mahiyyətini dərk etmək, istərsə də onun
çağdaş durumdakı rolunu düzgün dəyərləndirməkdə
müstəsna önəmə malikdir. Fikrimiz aydın olsun deyə
kiçik bir tarixi-nəzəri haşiyə etməli
olacağıq.
Maarifçiliyin
əsas devizi bilikdir və onun iki əsas yolu, iki
başlıca mənbəyi var: ilahi; bəşəri. Din bu
yollardan birincisinə, elm ikincisinə üstünlük verir.
Bu baxımdan bəşər tarixini, Hegelin tirada sistemi (tezis,
antitezis, sintez) üzrə üç əsas mərhələyə
bölmək olar. İrrasional inama əsaslanan dini
düşüncə XVII-XVIII əsrlərə qədər
hakim olub. Bu mərhələdə idrakın əsas predmeti,
baş qəhrəmanı Allah idi. Bu, tezis idi.
İkinci
mərhələ Yeni dövrdən, yəni maarifçilik
dönəmindən başlayır. İlahi
başlanğıcın inkarı, bəşəri
ağlın hər şeyin fövqünə qoyulması,
irrasional səciyyə daşıyan istənilən fikrin
mövhumat, xurafat adı ilə damğalanması, rasional
ağlın əsas ölçü kimi götürülməsi
bu dövrdə insanı düşüncənin əsas araşdırma subyektinə
çevirdi. Elm və insan din və
Allahın yerini tutaraq, onları qəti surətdə ikinci
plana sıxışdırdı. İnsan özünü əsası
olmayan bir dilemma, absurd bir seçim
qarşısında qoydu: ya din, ya da elm; ya rasional, ya da
irrasional; ya Allah, ya da insan.
M.F.Axundovun "elmi olanın imanı, imanı olanın
elmi ola bilməz" şüarı məzh bu radikal
maarifçi dilemmanı ifadə edirdi. Bu, antitezis idi. Həqiqət isə "ya o, ya da bu" deyə bu iki qütbü
qarşı-qarşıya qoymaq yox, əksinə, onları
ortaq məxrəcə gətirmək, barışdırmaq,
tezis və antitezisi sintez etməkdə idi. Lakin bu həqiqətin
dərki üçün insanlığa bir neçə
yüzil lazım gəldi.
Din və
elmə, Allah və insana, irrasional və rasionala münasibətdə
M.F.Axundovun irəli sürdüyü radikal, dovtələb
dilemma bu gün sadəcə olaraq maarifçilik tariximizin
faktı kimi qiymətlidir. Çünki
çağımızın əsas intellektual-psixoloji tələbi
fövqəlbəşər və bəşərini
qarşı-qarşıya qoymaq yox, bir araya gətirmək,
sintez etməkdir. Çağdaş dünya ədəbiyyatı
və incəsənətinin ən mütərəqqi meylləri
bu sintezi özündə aydın surətdə əks etdirir.
Lakin təəssüf ki, müasir Azərbaycan nəsri
Elçin, A.Məsud, H.Herisçi, İ.Fəhmi kimi bir
neçə səciyyəvi imzanı çıxmaqla hələ də ilkin
maarifçilik ənənələrindən gələn
ateist-materialist dünyagörüşünə köklənib.
Adı
keçən yazıçıların son dönəm
yaradıcılığı göstərir ki, M.F.Axundovla
başlayan və mədəniyyətimizin inkişafında
yeni era açan ilkin, ənənəvi maarifçilik öz
yerini keyfiyyətcə yeni mərhələyə verir. Bu
keçid ilkin maarifçiliyin mədəniyyətimiz tarixindəki
rolunu qətiyyən inkar etmədiyi kimi, maarifçiliyin
ümumən aradan qalxmasına da dəlalət etmir. Və nə
tezis, nə də antitezis yox, məhz sintez bu yeni mərhələnin
– neomaarifçiliyin təməl prinsipidir.
"İşığa
gedən yol" sözügedən sintez mərhələsinin
milli bədii nəsrimizdə ilkin örnəklərindən
biri, problemin aydın nəzəri formuləsi baxımından
isə ilk nümunəsidir. Romanın nəsrimizdə,
ümumən milli düşüncəmizdəki əsas yeri və
rolu bununla bağlıdır. O özünün həqiqi qiymətini
yalnız bu müstəvidə ala bilər.
Zərdabi fenomeni nədən
yarandı?
S.Vəliyevanın
sintez mövqeyində durması
təsadüfi olmayıb,
düşünülmüş, məqsədyönlü
müəllif proqramından, aydın dərk olunmuş nəzəri-fəlsəfi
qənaətdən irəli gəlir. Lakin o, zaman və şəxsiyyətlə
volyuntaristcəsinə davranıb, ona istədiyi şəkli
vermək, tarixi olayları özünün ruporuna çevirməkdən
də uzaqdır. Müəllifə belə bir sintez mövqeyində durmağa
hər şeydən öncə Zərdabinin özünün
şəxsiyyəti, həyat və yaradıcılıq yolu
imkan verir.
XIX əsrin
60-cı illərində – elmdə Çarlz Darvinin təkamül
nəzəriyyəsi, fəlsəfədə Ogüst Kontun və
Herbert Spenserin pozitivizmi, ədəbiyyatda Emil Zolyanın
naturalizminin tüğyan etdiyi bir dövrdə, üstəlik
də pravoslavlığın mərkəzi Moskvada təhsil
almasına baxmayaraq, Zərdabi özünün nə milli, nə
dini köklərinə nəinki arxa çevirməmiş, əksinə,
"Zaqafqaziya müsəlmanlarının atası" kimi
tanınmışdı. O, qərb elminin danılmaz nailiyyətlərindən
ilham alsa da, Avropa qarşısında kor-koranə, birmənalı
pərəstişdən də uzaq olmuş, öz
xalqını, ümumən türk və müsəlman
xalqlarını elmli, mədəni, xoşbəxt görməyi
həyat və fəaliyyətinin başlıca istiqamətinə
çevirmişdi. Ən
ümumi maarifçilik platformasında birləşmələrinə
baxmayaraq, onun dünyagörüşü
xristianlığı qəbul edən Mirzə Kazım bəydən
də, ateist-materialist Mirzə Fətəli
Axundovdan da fərqlənirdi. O, Azərbaycan elmi, ədəbiyyatı
və ictimai fikrinin bu iki böyük siması kimi qərbçi
deyildi, amma sözün bəsit, zahiri, ortodoksal anlamında
şərqçi də deyildi. Quranda deyildiyi kimi, Qərbin də,
Şərqin də Allaha məxsus olduğunu dərindən dərk
etmək onu istər sağa, istərsə də sola sapmaqdan,
ifrat və ya təfritə yol verməkdən xilas edir,
qızıl orta mövqeyinə gətirirdi. Bu üzdən
onun dünyagörüşündə milli ilə ümumbəşəri,
qərblə şərq birləşirdi.
Bəs,
XIX əsrin ikinci yarısında Həsən bəy Zərdabi
fenomeni necə meydana çıxdı? S.Vəliyeva böyük maarifçinin unikal
dünyagörüşü, təkrarsız xarakterini
formalaşdıran üç əsas amilə diqqət
yetirir: genetik, sosioloji və metafizik. Yazıçının
fikrincə, Həsən bəyin ziyalı bir şəxs kimi
formalaşmasının genetik kodu babası Rəhim bəydədir.
Məhz Rəhim bəy balaca Həsəni savadlı və
imanlı Molla Hacı Məhəmmədin mədrəsəsinə
aparmaqla onun gələcək
dünyagörüşünün əsasını qoyur.
Burda müəllif tərəfindən "savadlı" və
"imanlı" sözlərinin xüsusi vurğu altına
salınması təsadüfi olmayıb, rasional (savadlı) və
irrasional (imanlı) idrakın istər Rəhim bəy, istərsə
də onun təqdir etdiyi Hacı Məhəmməddə birləşməsinə
işarədir. Bu həm də elm və dinin bir arada
olmasının mümkünsüzlüyünə dair
axundovçu maarifçi postulatın neomaarifçi mövqedən
redaktəsi, antitezisin sintezlə əvəzlənməsidir.
Rəhim
bəy Həsənin dünyagörüşünün
formalaşmasında genetik amili, qan yaddaşını təmsil
edirsə, Hacı Məhəmməd təhsili, sosioloji amili
işarələyir. Psixoanalitik
dillə desək, bunlardan birincisi şüuraltı, ikincisi
şüur qatı ilə bağlıdır.
Amma əgər
S.Vəliyeva sadəcə bunlarla kifayətlənsəydi, onun
romanının özündən öncəkilərdən elə
bir mühüm fərqi olmazdı. Çünki indiyə qədərki
nasirlərimiz də əksərən ya şüur (realistlər),
ya da şüuraltı (psixoloji realistlər, magik realistlər,
modernistlər və s.) qatda işləyiblər. Ötən əsrin
ilk yarısının nəsri daha çox birinci, sonrakı
yarısı isə ikinci tip yazıçılarla səciyyələnir.
20-50-ci illər ədəbiyyatı ilə
altmışıncılar arasındakı
qarşıdurmanın psixoanalitik əsasında da məhz
şüur və şüuraltının toqquşması
dururdu. Bunlardan birincisi tezis, ikincisi isə onun inkarı –
antitezis idi.
"İşığa
gedən yol"un müəllifi bura üçüncü –
şüurüstü qatı da əlavə edir. Bu qat qəhrəmanın
uşaqlıqdan ta ölümünə qədər
gördüyü və həyat yoluna işıq salan silsilə
yuxularda öz əksini tapır. Bu yuxular nə Freydin, nə də
Yunqun təlimləri ilə izah olunmur, çünki hər
iki psixoanalitikin təfsirində yuxu şüuraltı və
keçmiş, romanda isə şüurüstü və gələcəklə
bağlıdır. Onlar insan həyatına ilahi müdaxiləni
işarələyən, istər Freyd, istərsə də
Yunqun təliminə sığmayan metafizik faktlardır.
Sehrli
ruhu, magik aurası, poetizmi ilə romanın digər hissələrindən
dərhal seçilən bu yuxular müəllifin
özünün fərdi təcrübəsindən doğub və
bunu sezmək o qədər də çətin deyil. Fərdi
təcrübə isə metafizika məsələlərinin dərki,
qəbulu və təsvirində olduqca ciddi amildir.
Çünki yalnız bu məsələlərdə fərdi
yaşantısı olan
yazıçı S.Vəliyevanın durduğu idrak və
imanın vəhdəti mövqeyində belə qətiyyətlə,
birmənalı dayana bilər.
İdrak
ağıl, iman ürəklə bağlı olduğundan S.Vəliyevanın
bu mövqeyi ədəbiyyatımızda min ildən bəri
davam edən ağıl-ürək
qarşıdurmasını onların birliyi ilə əvəzləməyə
çağırış deməkdir. "Eşq imiş hər
nə varsa aləmdə, elm bir qeylü-qal imiş ancaq"
deyən Füzulinin Axundov tərəfindən "Füzuli
şair deyil" deyə tənqidə məruz qalması da məhz
elmin imanı, ağlın ürəyi, rasional
düşüncənin irrasional fikri inkar etməsi idi.
Bunlardan birincisi tezis, ikincisi antitezis idi. Sintez mövqeyini əks
etdirən "İşığa gedən yol"
romanında bu minillik qarşıdurma öz yerini
qarşılıqlı anlaşma və barışa verir –
elm imana gəlir, iman elmiləşir.
Romanını qəhrəmanı Zərdabi bu
barış düşüncəsinin ən səciyyəvi təmsilçisidir.
Onun şəxsiyyətində Füzuliyə məxsus irfanla,
Axundova məxsus maarif sintez olunur.
Şüuraltı
qat şəxsiyyətin formalaşmasına bioloji, şüur
qatı sosioloji, şüurüstü qat isə metafizik
amilin təsirini göstərir.
Başqa sözlə desək, bunlardan birincisi insanın
formalaşmasında ailənin, ikincisi cəmiyyətin,
üçüncüsü isə Allahın roluna işarə
edir. Məhz bu amilləri özündə bir küll
halında birləşdirməsi sonucda Həsən bəyi
ideal bir qənaətə – elm və imanın, insani və
ilahinin sintezi fikrinə gətirir: "Hər elmli insan
imanlı, hər imanlı insan elmli olarsa, bizim
inkişafımız daha da sürətlə gedər". Məncə,
bu, təkcə romanın qəhrəmanı yox, həm də
müəllifin gəldiyi ən mühüm qənaət, onun
ictimai fikrimizə gətirdiyi mənəvi-intellektual dəyərdir.
"İşığa gedən yol" yeni dəyər
müəyyənləşdirən əsərdir və onun
başlıca məziyyəti də məhz bundadır.
Şüurun
hər üç qatının aktivliyi romanda hadisələrin
təsvirində üç plan əmələ gətirir:
real, psixoloji və metafizik planlar. Real plan şüur qatı
ilə bağlıdır.
Müəllif təhkiyəsi ilə bağlı bu qat
özündə hadisələri, dialoqları, personajların
zahiri portretini ehtiva edir. Psixoloji plan şüuraltı qatla
bağlıdır. Bu qatı olayların vizual yox, virtual
inkişafı, daxili monoloqlar, personaların psixoloji portreti əmələ
gətirir. Nəhayət, gerçəkliyin başqa
forması – silsilə yuxular şüurun da tamam fərqli
qatı – şüurüstü ilə bağlıdır.
İlahi izdivac
S.Vəliyevanın
bədii təqdimində H.Zərdabi fərdi həyatı və
ictimai fəaliyyəti sıx bağlı olan bütöv
şəxsiyyətdir. Buna görə onun qızıl orta
mövqeyi təkcə ictimai məsələlər yox, şəxsi
həyatında, məsələn, özünə
ömür-gün yoldaşı seçməsində də
üzə çıxır. Bu məsələdə o bir
neçə variantla rastlaşır. Əslən cənubdan
olan, Bakıda qonşuluqda yaşayan ağıllı, ismətli,
fədakar, amma təhsilsiz qız onun taleyinin tezisidir. O
qızın sevgisindən nəzakətlə imtina edir.
Çünki belə bir ailə onun gələcək
maarifçilik arzularının gerçəkləşməsi
ilə düz gəlməz, onu lokal çərçivəyə,
ailə-məişət çərçivəsinə
salardı. Üstəlik, onu qarşıda başqa tale
gözləyirdi. Moskvada təhsil aldığı illərdə
qarşılıqlı məhəbbətlə sevdiyi rus
qızı Vera da bu tale deyil. O, rus qızına olan hisslərini
"yalnız şəxsi xoşbəxtlik gətirən sevgidən
daha böyük ictimai amallar mövcuddur" deyə çətinliklə
də olsa, boğa bilir. Cənublu qızın antitezisi olan
şimallı qız savadlıdır. Lakin həyatını
millətin maariflənməsi işinə həsr etməyə
hazırlaşan Həsən bəy rus qızının bu
çətin yolda ona axıracan silahdaş olacağına əmin
deyil. Üstəlik bu baxımdan qarşısında neqativ bir
örnək də var. Tiflisdə yaşayan yaxın qohumu,
çar ordusunun zabiti, rus qadını ilə evləndiyindən
doğmalarından uzaq düşən və "Urus" ləqəbi
qazanan Fərəc bəyin şəxsi həyatındakı
uğursuzluq gənc Həsənə bir ibrət dərsidir.
Və o
üçüncü yolu seçir – Avropa təhsilli, amma
müsəlman ümmətinin nümayəndəsi olan Hənifə
xanımla evlənir. Hənifə cənublu qızdakı
imanla şimallı qızdakı elmi özündə birləşdirir.
O, iki antiqütbün sintezidir. Ən maraqlısı budur ki,
onunla evlənmək təklifini Həsən bəyə kimsə
başqası etmədiyi kimi, bu onun özünün də
seçimi deyil. Gələcək zövcəsi Həsən bəyin
qarşısına nağıl-dastanlarda aşiqlərə
verilən buta kimi çıxır. O öncə qızı
yuxuda görür, sonra həyatda rastlaşır və ilk dəfə
gördüyü Həhifəyə tərəddüdsüz-filansız
evlənmək təklif edir. Eyni yuxunu görən və eyni
hissləri yaşayan Hənifə də gözlənilməz
təklifi rədd edə bilmir. Çünki Avropa qiyafəli,
amma milli əxlaqlı bu qız gələcək maarifçinin
sadəcə seçimi yox, bəxti, taleyi, alın
yazısıdır. Sonrakı ömür yolunda o, Həsən bəyin eləcə
zövcəsi yox, həm də dostu,
təkcə ömür-gün yoldaşı yox, həm
də əqidə yoldaşı olur. S.Vəliyevanın bədii
yozumunda onların qovuşması sıradan evlənmək yox,
millətin zülmətdən işığa
çıxması yolunda iki seçilmiş şəxsin
ilahi iradə ilə müəyyənləşən
izdivacı – səmavi aktdır.
İthürənə yox,
işıqgələnə
Roman
ağır, fasiləsiz zehni işdən iflic keçirib,
yatağa düşən Həsən
bəyin ölümü ilə bitir. Lakin ölüm
romanın ümumən götürəndə
işıqlı, optimist ruhuna nəinki qalib gələ bilmir,
əksinə, istər ilahi, istərsə də insani anlamda,
istər iman, istərsə də idrak gözü ilə
baxanda əbədiyyətə açılan qapı kimi mənalanır.
Çünki işığa gedən yol ölümə yox,
ölməzliyə aparır. Nə yazıq ki, iki yüzilə
yaxındır, -
"İşıqgələnə getməyin, orda div
var, ithürənə gedin!", - deyə bizi qorxutmuş,
insani, milli və dini köklərimizdən uzaq
salmışlar. "İşığa gedən yol" bu
mifi dağıdır, bizi özünəqayıdışa səsləyir.
Çünki hər insanın da, hər millətin də
işığı onun öz içindədi. Və əgər
onu yandıra bilsək, Allah özü belə
işığımıza gələr.
"İşığa gedən yol" romanının qəhrəmanı
Həsən bəyin nurlu yuxularına gəldiyi kimi...
Əsəd
Cahangir
Ədəbiyyat qəzeti.- 2017.- 6
may.- S.20-21.