Remarkın bədbəxt sevgisi
Erix Mariya Remark və Marlen Ditrix sevgisi. Bu iki məşhur
şəxsin məhəbbəti alınmadı. Biri sevgidən əzablar içində qovruldu, digəri
karyerasını düşünüb kişiləri əlcək
kimi dəyişdi. Sakit təbiətli
Remarkla çılğın Ditrixin həyata baxış
parametrləri bu sevgidə üst-üstə düşmədi.
Marlen Ditrixin öz memuarında yazdığından
görünür ki, o, sevgi
üçün yaranmamışdı, yalnız
eyş-işrət barədə düşünürdü:
“Kişilərdən xoşlandığım iki şey var: əllər
və dodaqlar. Yerdə qalanları yamaqdır”.
Erix Mariya Remarkın gündəliyinin əsas hissəsini isə
gəzdiyi qadınlar deyil, Ditrix təşkil edirdi: “Bu
qadın mənim həyatımı məhv etdi”. Bu ifadədə acılarla dolu həyatının
necə keçdiyini görməmək mümkün deyil.
1970-ci ilin sakit sentyabr günlərinin birində Ronko qəbiristanlığında
dünyaya “Üç yoldaş” kimi roman bəxş edən
yazıçını dəfn etdilər. Eleqant
şlyapadakı dul qadın başını vüqarla
yuxarı qaldırıb baxırdı. Müqəddəs
Ata Tanrının duasını
pıçıldayırdı. Elə bu
vaxt qəbiristanlığın kənarında qara rəngli
avtomobil dayandı. İçəridən bir oğlan
çıxıb qadına iri gül dəstəsi və məktub
verdi. Dəfn mərasiminin
yekunlaşmasına səbri çatmayan qadın tez qəbrə
torpaq töküb oradan uzaqlaşdı. Toplaşanlar
arasında pıçıltı yayıldı: “Görəsən,
gülü kim göndərib? Məktub
kimdən idi?”. Yaşlı xanım dərindən
“ah” çəkib dedi: “Yazıq Polett! Mən
eşitmişəm ki, o, Ditrixin bütün məktublarını
yandırıb”. Başını
vüqarlı tutan qadın Marlen Ditrix idi. Nə
vaxtsa sevgilisi olmuş şəxsin dəfn mərasiminin sonunu
gözləməyib növbəti sevgilisinin göndərdiyi
gül dəstəsinin havasına uçub getdi.
Remark həyatda
çox qadını sevib. Müxtəlif
vaxtlarda sevgililəri arasında alman aktrisası Qret Qarbo, rus əsilli
amerikalı maneken Nataşa Braun və 30-cu illərin kino ulduzu
Hedi Lamarr da olub. Düzdür, dahi
yazıçı pozğun qadınlara daha çox
üstünlük verirdi, ancaq hərdən səviyyəli
qadınlarla da görüşürdü. Bu da səviyyəli qadınların onu özünə
valeh etməsindən asılı idi. Bioqraflar
Remarkın niyə pozğunlara üstünlük verməsini
şəxsi xarakteri ilə əlaqələndiriblər.
O, çox utancaq olub, həm də səviyyəli qadınla
ünsiyyətdən sonra atılmağından qorxub. Lakin heç də həmişə
utancaqlığı ilə seçilməyib. Birinci Dünya müharibəsindən iki yerdən güllə
yarası almış halda qayıdandan sonra şan-şöhrət
barədə planlarını tituldan başlayıb. O,
baron Huqo fon Buxvaldla çox əlaqə
saxlayıb. Nəhayət günlərin birində
baronu ona atalıq etməsinə razı salıb. Pula görə hər şeydən keçən
baron Remarkdan külli miqdarda pul istəyib. Remark
500 reyxsmarka verərək qocanı yoldan çıxarıb,
baronluq titulunu əldə edib. İndi
qalırdı üst-başı düzəltmək. Gənc oğlan kostyumlarını ən
yaxşı dərzilərə tikdirər, monokl taxar və
bununla da zərif cinsin nümayəndələri arasında rəğbət
qazanardı. Onun hörməti “Qərb cəbhəsində
dəyişiklik yoxdur” romanı dərc ediləndən sonra
daha da artdı. Qadınlar artıq gənc
oğlana intellekt sahibi kimi yanaşır, hörmətini tutur,
bəziləri isə gizli atmacalar atır və məktub
yazırdılar. Deyilənə görə,
Remark həmin romanı Berlindəki mənzildə gözəl
qadın Leni Rifenştalla yaşadığı vaxtlarda
yazıb. Leni ona ilham pərisi rolunu
oynayıb. Qeyd edək ki, Leni Rifenştal
sonralar Hitlerin sevimli rejissoru olmuşdu. Ancaq
yazıçı sevgilisi ilə yaşayanda, heç də
subay deyildi. Rəqqasə Yutte Zambonla ailə
həyatı qurmuşdu. Maraqlıdır
ki, o vaxtkı həmyerliləri və indiki bioqraflar
yazıçının xəyanətinə haqq
qazandırırlar. Çünki həyat
yoldaşı Yutte vərəm xəstəsi idi. Remark həyat yoldaşını “Üç
yoldaş” əsərinin qəhrəmanlardan birinin prototipi
seçmişdi. Bunun üçün
arvadının bütün hərəkətlərini saatlarla
müşahidə edər, çarpayıda necə əzab
çəkməsini, gecələr qəfildən vanna
otağına qaçıb öskürməsini yaxından
izləyərdi. Məhz bu səbəbdən
prototip inandırıcı və səmimi
alınmışdı.
1929-cu ildə onların yolu ayrıldı. Ancaq buna
baxmayaraq Remark keçmiş arvadına Amerika vətəndaşlığı
almaq üçün yenidən evlənməyi təklif
etmişdi. Çünki xəstə
qadının faşistlərin əhatəsində
qalmasını istəmirdi. Artıq
Almaniyada faşizm toxumu cücərirdi. Belə
cücərtini ilk hiss edənlərdən biri də Remark
oldu. Belə ki, alman əsgərinin qəhrəmanlığını
alçaltdığına görə
yazıçının kitablarının oxunmasına və
dərcinə qadağa qoyuldu, şəhər
meydanlarındakı tonqallarda yandırıldı. Remark həyatına təhlükəni duyub
İsveçrəyə qaçdı, malikanə aldı,
burada da müxtəlif qadınlarla həyatını
keçirdi, içkiyə qurşandı. Günlər ayları əvəz etdikcə
Remarkın əsəb pozğunluğu yarandı. Həkimin
diaqnozu çoxlarını təəccübləndirdi: “Həyata
yüksək iddialılıq və başqalarının
sevgisindən güclü asılılıq”. Qarşıdan
isə yeni romantik günlər, “Marlen” adlı yeni həyat fəlsəfəsi,
əzablı dəqiqələr gəlirdi. Sirli və məşhur kinodiva ilə
tanışlığın əzablı olacağını
bilsəydi vaxtında uzaqlaşıb qaçardı, çox
uzaqlara qaçardı. Ancaq elə ilk
görüşdəcə Marlen onu ovsunladı, şirin
gülüşləri, eyni zamanda qürurlu
baxışları ilə. Qadın ona çox əzab verdi, ürəyini yaraladı, Remark isə
sitayiş etməyindən yorulmadı. Marlen laqeyd qaldı,
biganəlik göstərdi, Remark az qala
bütün qəlbini ona verdi, qulluq göstərdi, istədiyini
yerinə yetirdi.
Remarkın Marlenlə
ilk sevişməsi Fransanın cənubundakı Antib kurortunda
baş tutdu. Marlen Ditrix, əri Rudolf Ziber, 13 yaşlı
qızları Mariya və dayə - rus mühacir Tamara Matul
kurortda dincəlirdilər. Remark otağına
çəkilib yeni romanı üzərində işləyir,
Marlen gecəsini qonşu malikanədə keçirirdi. Həmin malikanə ABŞ-ın Böyük
Britaniyadakı səfiri Cozef Kennediyə məxsus idi. Qısa xatırlatma verək ki, Cozef preziden Con
Kennedinin atası olub. Remark otaqdan
çıxıb gəzişəndə Marleni gördü.
Aralarında söhbətin nədən getdiyini heç kim bilməsə də, bircə o məlumdur
ki, yazıçı ona kiçik məktub göndərib:
“Ah, mən sənin incə çiynin, zərif dərin barədə
nə bilirəm ki? Mənə nə qədər
vaxt lazımdır ki, bütün bunları bilim. O
vaxtacan saçım töküləcək, gözlərim
işıqdan məhrum olacaq”.
Marlen Ditrix
yazıçının məktubuna gülümsəyib.
Bəlkə də demək istəyib ki, Ernest Heminqueylə
keçirdiyi sevgili həyatı ona heç kim
yaşada bilməz. Erix Mariya Remark kimi utancaq gənc
şövqlü sevgidə istisnalıq təşkil edirdi.
Remark bilirdi ki, belə
açıq-saçıq məktubdan qadın inciyəcək.
Kinoaktrisa doğrudan da incimişdi. Bax onda guya utancaq oğlan Remark kiçik hiyləgərliyə
əl atıb. Məktubu Alfred adlı
oğlan uşağının adı ilə yazaraq Marleni “Leni
xala” adlandırıb. Ditrixin əsəbi
gülüşlə əvəz edilib, özünü sevdirməyə
Remarka icazə verib.
Çimərlik
mövsümü başa çatandan sonra ailə üzvləri
əvvəlcə Parisə, ordan da Hollivuda getdi. Fransada
qalan Remark həm yeni əsərlərini yazır, həm də
sərt Ditrixdən məktub gözləyirdi: “Balaca incə
meymunum! Axı, bu nə zavallı həyatdır.
Sən dünyanın o tərəfində
yaşayırsan və hərdən teleqram göndərirsən.
Məgər bir məktub yazmaq eləmi çətindir?”. Aktrisa və müğənni
Marlen Ditrixin isə buna vaxtı yox idi. Həm
filmlərə çəkilir, həm də Hollivudun
yaraşıqlı aktyoru Orson Uelslə sevgi romanı
yaşayırdı. Remark həsrətə
dözməyib Hollivuda uçdu. Marlenə
ona ərə gəlməyi xahiş etdi. Cavabında
gözəl aktrisadan eşitdiyi sözlərdən pərişanlıq
yaşadı: “Mən aktyor Ceyms Styüartdan hamilə
qaldım, sonra uşağı abort etdirdim. Və
bugünkü həyat məni qane edir”.
Remark xəyali
sevgilisinin sözlərindən təsirlənsə də, belə
qadınla ömürlük yanaşı qalmaq
üçün hər şeyə hazır idi.
Aktrisanın qızı Mariya xatirələrində
yazırdı: “O, sanki anamın evimizə yaxınlaşan
maşınının qıjıltısını, telefon zəngini
eşitmək üçün yaşayırdı”. Belə əzabı ona bəxş etdiyinə görə
Erix özünü danlayır, hisslərini ələ ala
bilmirdi. 1939-cu ildə
yazıçının əsəbləri daha da tarıma
çəkilmişdi. Həkimlərin
çaldığı həyəcan təbili belə idi ki,
hisslərini boğmasa tezliklə həyata göz yumacaq.
Elə həmin il Remark Marlenə məktub
yazdı: “Bu səhər sənin həsrətinlə sanki
iflic oldum. Mənə elə gəldi ki, əlimi
tərpədə bilmirəm. O halda idim ki, sanki sinəm
cırılacaq və qan axacaq”.
Amma 1930-cu ildə hər şey necə də gözəl
başlamışdı. O, Marleni ilk dəfə Berlindəki “Eden” otelində
görmüşdü. Restoran müğənnisi Marlen Ditrixin
çıxışından sonra söhbət edib
ayrılmışdılar. Gənc
yazıçı qadına valeh olmuşdu. Həmin axşam cəsarətlənmək
üçün çoxlu kalvados içmişdi ki,
tanışlığı davam etdirsin. Alınmadı.
Səhər tezdən Marlen oteldən
getmişdi. Yazıçı 7 il onu
görmədi. Lakin hər dəqiqə, hər
saat onun “Eden” otelindəki şirin söhbətini, şaqraq
gülüşünü unutmadı, daim xatırladı.
Kinoteatrlara gedib aktrisanın oynadığı
filmləri izlədi, afişalardakı şəkilləri
qarşısında dəqiqələrlə dayanıb
baxdı. Əgər Ditrixin qızı
Mariyanın xatirələrinə inansaq, onların
arasındakı növbəti görüş 1937-ci ildə
Venesiya kinofestivalı zamanı baş tutub. “Otel de Ben”in
nahar zalında Marlen Ditrix, əri Rudolf Ziber və kinorejissor
Cozef Şternberqin əyləşdiyi masaya eleqant geyimli gənc
yaxınlaşdı: “İcazə verin özümü təqdim
edim. Erix Mariya Remark”. Marlen isə
gülümsəyərək dedi: “Siz dövrümüzün
belə möhtəşəm əsərinin müəllifi
olmaq üçün hələ gəncsiz”. Remark
özünü itirmədi: “Mən belə əsəri ona
görə yazardım ki, sizin ifanızda dinləyim”. Tezliklə parketli zalda rəqs etdilər, bir də
baxdılar ki, nə ər, nə də rejissor qalıb. Onda Remark Marlenin qulağına onu necə sevdiyini
pıçıldadı. Sonrakı məktubu da göstərir
ki, yazıçı bu qadının əhatəsində
olmağa can atır: “Mən sənin yanında olmaq istəyirəm,
başqa heç nə. Bil ki, mən varam.
Gərək heç nədən qorxmayasan.
Duy ki, həmişə yanında olacağam.
Və bundan sonra “tənhalıq” adlı nəsnədən
uzaqlaşacaqsan”. O, Marleni depressiyadan qurtarmağa çalışırdı.
Çünki bioqrafiyasına nəzər salanda
görmək olar ki, aktrisanı bir müddət kinoçəkilişlərə
dəvət etməyiblər. Əvəzində
qadın onun mühacirətdəki darıxdırıcı həyatını
al-əlvan rəngə boyayırdı. Remark hisslərində
səmimi olsa da, Ditrix kişilərlə yeni romanlara can
atırdı. Yazıçı yeni əsərlər
yaza bilmirdi. Tanrı ona Marlenin timsalında
cəza vermişdi. Hətta əsərlərindən
birində yazdığı dialoq da ifritə Marlenə aid idi:
“Ah, səni ifritə! Sirli qəlbinlə cəhənnəm
ol”.
Əzabların həyatına son
qoyacağından qorxan yazıçı 1953-cü ildə
Marlen Ditrixi seçim qarşısında qoydu: “Ya mənə
ərə gələcəksən, ya da Çarli
Çaplinin keçmiş arvadı aktrisa Polett Qoddarla evlənəcəyəm”.
Polett gözəl varlı qadın idi. Həmin vaxt Marlen Remarkın təklifini rədd etdi.
Çünki bu dəfə fransız maço
Jan Qabenlə sevgi yaşayırdı. Yazıçı
sözünün üstündə dayanıb Polett Qoddarla ailə
həyatı qurdu. Bununla da məmnuniyyətlə
“Yaşamaq vaxtı və ölmək vaxtı” romanını
yazmağa başladı. Bu əsəri
Polettə ithaf etdi. Romanın sərt
yazılışından, ilan zəhərli sözlərindən
məlum olurdu ki, sanki Erix-Polett evliliyi qəribə müttəfiqlikdir.
Yazıçı İsveçrədə
yaşayır, Polett isə filmlərə çəkilib
dünya kinofestivallarında iştirak edirdi. Ər və arvad əksər hallarda məktublaşırdılar.
1967-ci ildə
Almaniyanın İsveçrədəki səfiri Erix Mariya
Remarka Federativ Respublikanın ordenini təqdim edəndə
yazıçının ürək ağrıları
başlamışdı. Heç kim
bilmirdi ki, işıqlı insanın ölümünə
üç il qalıb. Marlen Ditrix isə ondan 22 il çox yaşadı. Ömrünün
son illərində Parisdəki mənzilinə
köçüb spirtli içkilərin təsiri altında sərxoş
hərəkətlər edirdi. Ayılanda
isə məşuqlarının divara
yapışdırdığı fotolara baxırdı.
Son günlərində isə gözlərini Remarkın
fotosundan çəkməyib işlər katibi Mariya Zimmelə
pıçıldadı: “İlahi, mən bu insanı necə
də sevirdim”.
Marlen Ditrixin
ölümündən sonra qızı Mariya
yazıçı Remarkın məktublarını dərc etməyi
qərara aldı. Hiss etdi ki, bütün məktublar
göz yaşları içində yazılıb. Sevdiyi qadının bircə nəvazişini görməyən,
xoş sözünü eşitməyən
yazıçının məhəbbəti ürəyində
qalmışdı. Yazıq Remark.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 13
may.- S.31-32.