EPOSUN MƏTNALTI “SİRLƏRİ”
“Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud” poetikasına giriş. Dansökülən variant”
monoqrafiyası ilə bağlı düşüncələrim
Akademik Kamal Abdullanın “Dədə
Qorqud” mövzusunda yazdığı elmi və bədii əsərləri
bir ad altında, vahid tematik motiv boyunca birləşə bilir:
«K.Abdullanın «Dədə Qorqud»
yaradıcılığı».
Onun
elmi əsərləri intellektual axtarışlarının məhsulu
olduğu kimi, bədii əsərləri də, əslində,
bu elmi axtarışların poetik müstəvidə
davamıdır. «Yarımçıq Əlyazma»
romanının cildinin arxa
qabığında müəllif özü bunu aydın şəkildə
belə ifadə edib: «Yarımçıq Əlyazma»ya gətirən
yollar, izlər, cığırlar, lağımlar: «Əvvəl-axır
yazılanlar...», «Yolun əvvəli və axırı»,
«Unutmağa kimsə yox...», «Ruh», «Gizli Dədə Qorqud»,
«Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud - 2»,
«Bir-iki, bizimki...», «Kim dedi ki, Simurq quşu var imiş?!»,
«Sirriçində nəğmələr», «Gümüş
dövrün sirləri», «Qərar», «İlişin
qayıtmağı», «Elə bil qorxa-qorxa...», «Hərdən mənə
mələk də deyirlər...», «Beyrəyin taleyi», «Casus»,
«Hamı səni sevənlər burdadı...», «Dəvə
yağışı», «Kədərli seçmələr» və
hətta: «Azərbaycan dili sintaksisinin nəzəri əsasları.
Kamal müəllimin sıraladığı bu kifayət qədər iri siyahı onun irili-xırdalı bir sıra elmi və bədii kitablarından ibarətdir. Bu əsərlər müəllifin janrca və formaca (şeir, hekayə, esse, pyes, monoqrafiya və s.) biri-biri ilə qətiyyən yanaşı durmayan əsərləridir.
Kamal Abdulla 1980-ci ildə «Kitabi-Dədə Qorqud» dastanlarında olan şeirlərin, 1981-ci ildə isə, eposun nəsr təhkiyəsinin özünəməxsus xüsusiyyətlərindən bəhs edən əsərlər yazmışdır. 1983-cü ildə çap olunmuş məqaləsində isə Azərbaycan mifologiyasının sistemli tədqiqi üçün Kitabi-Dədə Qorqud»un mənbə olaraq rolunu əsaslandırmışdır. K.Abdulla üçün eposun mətnaltı «sirlər» dünyasına gedən yol dastanın dilindən başlanır. Bu baxımdan, onun növbəti ildə çap olunmuş məqaləsi tədqiqatçı və epik dil probleminin nəzəri-metodoloji əsaslarına həsr olunmuşdur. Bu elmi məqaləni indi oxuyarkən onun müəllifi alim K.Abdullanın obrazı altında yazıçı K.Abdullanın da konturlarını aydın şəkildə sezmək olur. Eyni məsələ alimin 1985-ci ildə çap olunmuş «Müəllif - əsər - oxucu» kitabında da geniş şəkildə şərh olunmuşdur.
Kamal müəllimin 1991-ci ildə bu tipli yazıları özündə birləşdirən «Gizli Dədə Qorqud» adlı kitabı nəşr olunur. K.Abdulla burada özünün elmi tədqiqat metodunun əsaslarını da şərh etmişdir. Həmin metodu o, əslində, öz bədii yaradıcılığında da davam etdirəcəkdi. Bu cəhətdən, müəllifin əsas tezisi ondan ibarətdir ki, «bir tərəfdən Dastanın üzdə olan ifadə planı var ki, burada çox məsələ qaranlıq görünə bilər... Digər tərəfdən, üzdəki ifadə planından başqa dastanın dərin, gözəgörünməyən mahiyyət planı vardır. Məhz mahiyyət planında ifadə planında özünü göstərən qəribəliklər və mənqtiqsizliklər duman kimi dağılır, hər şey öz dəqiq və təbii halını alır, bir növ, məntiqsizliklərin məntiqi əsas görünməyə başlayır». Doqquz il sonra bu kitabın ardı nəşr olunur. K.Abdulla «Sirr içində dastan və yaxud gizli Dədə Qorqud - 2» adlı yeni kitabında dastanın üzdə olan ifadə planındakı qaranlıq və məntiqsiz təsir bağışlayan məqamların məntiqini aydınlaşdırmaq üçün mətnin dərinliklərinə - altda, K.Abdullanın obrazlı ifadə etdiyi kimi: gizlində olan mahiyyət planına enir Daha sonra müəllif «Dədə Qorqud» motivləri üzərində elmi-bədii axtarışlarını «kifayət» hesab edir: «Casus» pyesi və «Yarımçıq Əlyazma» romanları meydana gəlir.
«Kitabi-Dədə Qorqud» dastanının iki plandan - ifadə və mahiyyət planlarından ibarət sistem kimi təsəvvür edən K.Abdulla «Gizli Dədə Qorqud» əsərində belə yazır: «Dastan bu iki planın üzvi şəkildə birləşməsindən ibarətdir. Mahiyyət planına nüfuz etmədən ifadə planını araşdırmaq birtərəfli, bəsit və üzdən gedən nəticələrə gətirib çıxarır. Əksinə, mahiyyət planında «gizlənmiş» səbəblərin, motivlərin açılması ifadə planının da məntiqsizliklərini anlamağa kömək edir. Şübhəsiz ki, bu gizlində qalmış motivlər üzdə olan süjet xəttinin, hər hansı bir məqamın bütöv və dərindən qavranılmasına böyük köməkdir. Bu səbəblər, başqa sözlə desək, bu motivlər nə şəkildə özünü göstərir? Demək olar ki, bir, ya iki söz, cümlə, davranış tərzi, adi ştrix, detal da gözəgörünməz gərgin bir münasibətlər kələfinə işarə edə bilir və yaxud, bir kələfin yaranmasını şərtləndirir. Bu işarələr müxtəlif səviyyəli olsalar da (məsələn: söz və davranış tərzi; cümlə və detal və s.) öz aralarında pozulmaz bir sistem yaratmış kimidirlər».
Azərbaycan nəsrində «Kitabi-Dədə Qorqud» dastanlarının postmodernist roman «yozumu» da yazıçı, şair, akad. K.Abdullanın yaradıcılığı ilə bağlıdır. Ümumiyyətlə, ədibin «Dədə Qorqud» yaradıcılığı uzun illərin məhsulu olub, həm bədii, həm də elmi əsərləri əhatə edir. Müəllifin mövzu (tematik motivlər) baxımından biri-biri ilə sıx bağlı, yaxud biri-birinin davamı olan bu yaradıcılığı fenomenal dərəcədə mürəkkəbdir. Belə ki, ədib-alimin bədii və elmi əsərləri Azərbaycan ədəbi-elmi mühitində heç kəsin yaradıcılığına bənzəməyən orijinal hadisədir. O, belə demək mümkünsə, özünəqədərki ənənə əsasında işləmir, lakin yaradıcılığında güclü bir ənənə də müşahidə olunur. Elmi mühitin qiymətləndirməkdə (səciyyələndirməkdə) çətinlik çəkdiyi bu ənənənin müəllifi elə K.Abdullanın özüdür. O, xüsusilə bədii yaradıcılığında inkişaf etdirdiyi «Dədə Qorqud» yozumu ənənələri ilə müasir Azərbaycan tənqidində, əslində, çaşbaşlıq yaratmış müəllifdir. Hələ ki, Azərbaycan ədəbiyyatında üçüncü minilliyin başlanğıcında elə bir bədii əsər olmadı ki, onun haqqında K.Abdullanın 2004-cü ildə çap olunmuş «Yarımçıq Əlyazma» romanı qədər yazsınlar və mübahisə etsinlər. Bu roman ədəbi və elmi mühiti sözün həqiqi anlamında silkələdi.
“Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” monoqrafiyası mənə bunları bir daha xatırlatmağa imkan verdi. Deməli, Kamal müəllimin əsərlərində əsas konflikt «Miflə Yazının münasibətləridir. Yazı Mifə qarşı üsyan edir... İnsan qəlbini, insan hissiyyatını hərəkətə gətirir. Bəzən bizə elə gəlir ki, keçmişlər keçmişdə, tarixdə olanlar tarixdə qalır. Miflə Yazının toqquşması da geridə qalmır, bu günümüzdə də ən kəskin formada yaşayır. «Kitabi-Dədə Qorqud» donmuş mətn deyil, çoxşaxəli, çətin, dərin, ziddiyyətli bir keçidin əksidir. «Dədə Qorqud» dastanı bu keçidin bütövdən təkcəyə, külldən vahidə, insan cəmiyyətindən insana keçidin ən ümumi, ən aparıcı məqamlarını təsvir etdiyi surətlərində, hadisələrində yaşadır».
Kamal müəllim yeni monoqrafiyasına epiqraf olaraq Canbatisko Vikonun “İnsanlıq tarixini Şairlər yazmağa başladı”-sitatını seçmişdir. İnsanı dərindən düşünməyə məcbur edən bir fikirdir.
Aristotel fəlsəfəsinin əsas fikri olan «Ya…ya…» və bundan doğan «Həqiqət- Yalan» ikili inkar qanunu, «Dədə Qorqud»da fiziki mövcudluğun üç forması - «Ölüm», «Dirilik», «Küçücük ölüm» - fikirlərini də ortaya qoyan Kamal müəllimdir və sonra isə Kamal müəllim yazır: «Aristotelin qurduğu divar çökür». «Dədə Qorqud» bizim milli, mənəvi, fəlsəfi, etik, ictimai, siyasi, bədii, ədəbi…. əgər tapsanız nəyimizdir”. Bu sualı da bizə Kamal müəllim verir.
Şifrələrin və kodların içərisində azıb qalmış XXI əsrin insanının həyəcanla dinlədiyi qopuzun səsi əsl sənətin və mahiyyətin doğurduğu səsdir. Kamal Abdulla bizi yenə «Gizlinlər» içində qoyur: «Mif dövrünün mətni və Yazı dövrünün mətni: Dəşti Müstəqimiyyə və Dəşti Məcaziyyə».
“Dəşti-müstəqimiyyəyə mifoloji bədiipoetk-lik ünsür və vasitələri, dansökülən mərhələdə müstəqim deyimlərin bədiipoetik-lik “iddiasında” olan ünsürləri daxil edilir. Bu məkan, əslində, tarixəqədərki mifoloji təsəvvürlər dövrünə və tarixi mif yaradıcılığı dövrünə məxsus bədiipoetik elementləri öz içinə yığır.
Dəşti-Məcaziyyə isə tarixi dövrün mif yaradıcılığından sonrakı təsviretmə dönəmindəki bütün və hər cür məcazlaşmaları və klassik poetik örnəkləri ehtiva edir. Beləliklə, deyə bilərik ki, KDQ-də tarixəqədərki mif yaradıcılığı dövrünü təmsil edən Dəşti-Müstəqimiyyə ilə tarixi mif təsviri dövrünü təmsil edən Dəşti-Məcaziyyə üzbəüz dayanmışdır. Anaxronikliyin ruhu və canı bu iki mənəvi mənanın - Dəşti-Müstəqimiyyə və Dəşti-Məcaziyyənin bir-birinin yanında, bəzən də bir-birinin içində olması ilə intişar tapır.
Dəşti-Müstəqimiyyə dövrünə, yaxud qatına təmiz mifoloji elementlərdən ibarət olan mif mətninin dövrü kimi baxmaq olar.
Dəşti-Müstəqimiyyə dövrünə, yaxud qatına sonralar yaranacaq Yazı mədəniyyətinin məhsulu olan klassik poetizmlər daxil edilir.
Beləliklə aydın olur ki, Dəşti-Müstəqimiyyə və Dəşti-Məcaziyyəyə aid olan bu iki dövrün (məkanın) hər biri dastanda müstəqil qat olaraq öz zəngin əvvəlcə bədiipoetik, daha sonra bədii və poetik potensialı ilə çıxış edir.
Mifoloji dansökülan insan təsəvvürlərinin, onun ibtidai görüşlərinin ilkın çağıdır. “Dansökülən” sözünün magik içqatına böyük ümidimiz var. O qədər şəffafdır ki, xüsusi izaha ehtiyac qalmır. Mifoloji dansökülən mifoloji günortaca, oradan da mifoloji qüruba keçəcək. Sonra – zülmət. Və daha sonra - İşıq!
Tarix belə başlayacaq. İnsanlar illəri, ayları, günləri saymağa başlayacaqlar. Onlar dünəni xatırlayacaq və sabahı gözləyəcəklər, artıq ancaq indi ilə yaşamayacaqlar… Dünya Allahların, titanların, yarımallahların, Şər və Xeyir mələklərinin, kortəbii təbiət qüvvələrinin - tufan və fırtınaların, zəlzələ və uçqunların, vəhşi ehtirasların, Göy qurşağından keçən və keçməyən bütün rənglərin dünyasıdır.
Yazı fərdin yaranmasını şərtləndirir, bu şəkildə cəmiyyət üzvlərinin özü-özünü tanımağını qarşıya məqsəd qoyur.
Təmas nöqtəsi dastandır. Münasibətlər Dastanda gəlib birləşir. Mifin bütün əzəməti və gücü də məhz burada özünü göstərir, gələcək gücsüzlüyü, zəifləməsi də məhz burda öz ilkin tərpənişinə başlayır. Yazının da eynilə ilkin gücsüzlüyü burda-bu təmas nöqtəsindədi. Hər şey bu təmas nöqtəsindən- Dastandan başlayır: güc və gücsüzlük də!
Və bu günəcən gəlib çıxır.”
Möhtəşəm fikirlərdir. Bir mütəfəkkirin gəldiyi nəticədir. Kamal müəllim, arzu edirəm ki, “Dədə Qorqud” sevginiz heç vaxt bitib-tükənməsin.
Öz-özümə belə bir sual verirəm: Kamal Abdulla antik süjetləri niyə bu qədər sevir? “Sözlərin magiyası: natamamın tamlığı, natamamın estetikası….”.
Və özüm-özümə belə cavab verirəm: Kamal müəllimin əsərlərində əsas konflikt Miflə Yazının münasibətləridir. Yazı Mifə qarşı üsyan edir.
Yeganə Nəhmətulla
qızı İsmayılova
filologiya üzrə elmlər doktoru, professor
Ədəbiyyat qəzeti.- 2017.- 13
may.- S.22.