Taleyimdə
müstəsna rol oynayan
iki şəxsiyyətdən biri
RƏSUL RZANIN
DOĞUM GÜNÜNƏ
Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsində oxuyurdum.
Rus və ingilis dillərini yaxşı bilən tələbələri seçib bir il sonra xaricdə tərcüməçi işləməyə göndərəcəkdilər. Biz üç tələbə dost İndoneziyanı seçmişdik. Bir gün M.F.Axundov adına Milli Kitabxanamızda oturub İndoneziyanın tarixi, mədəniyyəti və adət-ənənələrinə dair materiallarla tanış olurdum. Kitabxanada hamı Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraqa səfərindən və Rəsul Rzanın “Azərbaycan jurnalı”nda çıxan “Uzaq ellərin yaxın töhfələri” məqaləsindən danışırdı. Məqaləni oxudum və ilk dəfə İraqda dili dilimizdən olan “türkman” adlandırılan azərbaycanlıların yaşadığını, xoyratlarının bayatılarımızdan fərqlənmədiyini öyrəndim. Füzuli möhnətini duydum. Nazirliyə qaçaraq israrla xahiş etdim ki, məni İraq Respublikasına göndərsinlər. Bəxt üzümə güldü, məni İraqa göndərdilər.
Əgər Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri” məqaləsini oxumasaydım, tələbə dostlarım Qəzənfər Məmmədov və mərhum Zöhrab Əliyev kimi İndoneziyaya gedəcəkdim. Altı aydan sonra orada çevriliş baş verəndə onlar kimi kor-peşman vətənə qayıdacaqdım. Mən isə vətənə altı ildən sonra kərküklülərin zəngin ləhcə və folklor xəzinəsilə döndüm.
Şairi ilk dəfə gördüyümü xoş məramla xatırlayıram. Elmə, biliyə, ədəbiyyata böyük maraq göstərilən XX əsrin ikinci yarısının 60-cı ili idi. İnstitutumuzda görkəmli ədibimiz Süleyman Rəhimovun 60 illik yubileyi təntənə ilə keçirilirdi. Tələbələr adından çıxış etmək mənə həvalə olunmuşdu. “Saçlı” romanının ilk çap tarixi üstündə Nəbi Xəzri ilə mübahisəm düşdü. Mən romanın ilk çapının 1944-cü ildə, Nəbi Xəzri isə 1948-ci ildə işıq üzü gördüyünü deyirdi. İndiki kimi yadımdadır, Süleyman müəllim dedi ki, “Nəbi, sənin Moskvada, Leninqradda başın oxumağa qarışmışdı. O balam düz deyir”. Qalib kimi qürrələndim. Rəsul Rza “Bu oğlandan nəsə çıxacaq” deyəndə zalda xeyriməmi, ziyanımamı olduğunu anlamadığım gülüş səsləri ucaldı. Qismətə bax ki, taleyimdə müstəsna rol oynayan, XX əsr poeziyamızın zirvələrindən biri Rəsul Rzanın bəlkə də şair fəhmi ilə dediyi “Bu oğlandan nəsə çıxacaq” sözlərindən cəmisi səkkiz il sonra - 1968-ci ildə həyatımda 2-ci əlamətdar hadisə baş verdi. O da Rəsul Rza ilə bağlı idi. Xalq şairi ilə birgə hazırladığımız, Azərbaycanda və İraqda hadisəyə çevrilən “Kərkük bayatıları” kitabını “Azərnəşr” şairin ön sözü ilə və böyük tirajla çap etdi.
Dünya şöhrətli şairin ədəbiyyat aləmində heç bir xidməti olmayan, tanınmayan bir gəncin adının kitabda öz adı ilə qoşa getməsinə razılıq verməsi, böyük şair ürəyinin sayəsində gənclərə göstərilən qayğının, inamın, onları ruhlandırmaq arzusunun nəticəsi imiş.
Buna görə şairə ömrüm boyu borclu olduğumu bir an belə unutmuram.
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin Rəsul Rza haqqında müdrik kəlamını yaşa dolduqca daha yaxşı başa düşmək olur: “Gənclərlə qaynayıb-qarışan, onların poetik nailiyyətlərini öz nailiyyəti hesab edən sənətkarlar heç vaxt qocalmırlar. Bunun üçün böyük şair ürəyi lazımdır. Rəsul Rza belə bir insan idi”.
Rəsul Rza ilə məni yaxınlaşdıran “əfsanə və bayatıda, əsatir və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklor” olmuşdur.
Maraqlıdır ki, Kərkük xoyratları şairə o qədər güclü təsir etmişdi ki, Azərbaycanda “Sərbəst şeir məktəbi”nin banisi Rəsul Rza ömrünün sonuna qədər onların cazibəsindən çıxa bilməmiş, 1961-1964-cü illərdə “Aşıq Yanıqlı bayatıları”nı, ölümünə bir il qalmış, 1980-ci ildə “Yaralı Kərkükün bugünlü xoyrat və maniləri” silsiləsini yazmışdır. Yaradıcılığının daha da parladığı, məşhur “Rənglər” silsiləsini yazdığı bir dövrdə, şairin bayatı formasına müraciəti bir daha təsdiq edir ki, ənənə Rəsul Rza kimi sənətkarlar üçün təməldir. Büdrəməmək, yıxılmamaq üçün söykənəcəkdir, arxadır.
Bunu nəzərə alaraq 2007-ci ildə şairin xoyrat və manilərini, eləcə də kərküklü qıza həsr etdiyi “Ağlama, gözəl, ağlama” şeirindən götürdüyümüz “Ağlayan çox, gülən hanı?” adı altında şeirlərini mərhum Əbdüllətif Bəndəroğlu ilə geniş ön sözlə Kərkükdə çap etdirdik. Kitab türkman ellərində əl-əl gəzdi.
Şairin
“Ağlama, gözəl, ağlama!”
İraq Türkman ellərinin başına gələn bəladan, faciədən söz açır. Şeiri ixtisarla oxuculara təqdim
edirik:
Hicran dərdi
yaman olur,
Yollar çiskin, duman olur.
Hər dərdə
bir güman olur;
Ağlama,
gözəl, ağlama!
Kərkük
üstü duman oldu,
Abad evlər viran oldu.
Aydın
hava boran oldu,
Ağlama,
gözəl, ağlama!
Göy
üzündə şimşək çaxdı,
Ərbildən od-alov qalxdı.
Kimlər
yazdı belə baxtı -
Ağlama,
gözəl, ağlama!
Yandı Dədə Gur-gur, Mosul.
Oda girdi bütün sağ-sol.
Qurban
getdi neçə oğul,
Ağlama,
gözəl, ağlama!
Ağlayan çox, gülən hanı?
Göz yaşını silən hanı?
Matəm
tutub bu dünyanı
Ağlama,
gözəl, ağlama!
Rəsul
Rzanın şair fəhmi ilə yazdığı xoyratlar və manilər sanki
İraqın bu günündən bəhs edir:
Kərkükün
baş qalası,
Divarı daş qalası.
Ölü
ana yanında,
Tökür qan-yaş balası.
lll
Bağdaddan
karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər
qurban kəsilib
Sularım al-qan gəlir.
lll
Bağdad
qızıl, gümüşdü,
Bağdada yanğın düşdü.
Belə
qara günləri
Bağdad haçan görmüşdü.
lll
Atlarım,
İlxı-ilxı atlarım.
Bir
çətin günə düşdüm,
Ağladı xoyratlarım.
lll
Kərkük
üstü dumandı,
Kərkük oda qalandı.
Kərbəla
müsibəti
Buna baxsan yalandı.
lll
Ərbilə;
Yanğın
düşdü Ərbilə;
Höcəti
kəsmək olmaz
Dava-dalaş, hərb ilə.
Ustadın bu xoyratlarından da göründüyü
kimi, bayatını vaxtı keçmiş janr hesab edənlər
yanılırlar. Xalq yaradıcılığının ən
qədim və ən geniş yayılan, lirik növün bədii
cəhətdən ən kamil janrı xoyrat və
bayatılarda yeni dövrün fikrini ifadə etmək
münasib forma olur. Ölməz sənət
əsərləri səviyyəsinə yüksələn,
xalqın dünənini, bu gününü, həyat tərzini,
adət-ənənəsini əks etdirən əvəzsiz xəzinəyə
çevrilən Kərkük xoyrat və maniləri Rəsul
Rzada sözlə ifadə edilməz sonsuz məhəbbət
oyatmışdı. Bunu vaxtilə SSRİ-də Türk
dilli xalqların oyanışına böyük təkan verən
görkəmli türk şairi Nazim Hikmətin sözlərindən
də bilmək olur:
“Ötən il Rəsul Rza İraqa getmişdi (1959-cu il). Qayıdanda əlində
bir kitab gördüm. Elə bil şair əlində
öz ürəyini aparırdı. Azərbaycancaya
çox, lap çox yaxın olan bu şeirlər İraqda
yaşayan türklərin xoyratları idi”.
Burada söhbət kərküklü folklorşünas Əta
Tərzibaşının “Kərkük xoyratları və
maniləri” kitabından gedir. O kitab ki, İraqda, Türkiyədə
və Azərbaycanda dönə-dönə çap olunub və
çoxları bu nadir incini əlinə alanda Nazim Hikmətin
təbirincə desək, sanki əlində ürəyini
aparır.
Yaşlı nəsil yaxşı bilir ki, 1968-ci ildə
“Kərkük bayatıları” Bakıda çap olunanda elə
belə də olmuşdu, eləcə də şairin “Uzaq ellərin
yaxın töhfələri” məqaləsi. Poetik
sözün əsl nümunəsi olan, bu sanballı
elmi-publisistik məqalə həm İraqda, həm də Azərbaycanda
böyük hadisə kimi qarşılandı.
Rəsul Rzanın xalq qarşısında xidmətləri
ölçüyəgəlməzdir. Onun ən böyük
xidmətlərindən biri də Suriyanın Hələb
şəhərində, 1968-ci ildə Nəsiminin qəbrini
üzə çıxarması olmuşdur. Taleyə bax
ki, düz qırx il sonra - 2008-ci ildə Nəsiminin 600 illik
yubileyində akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli
və nəsimişünas Səadət Şıxıyeva Hələb
şəhərində məruzələrlə
çıxış etdik. Mən məruzəmdə
Nəsimi ilə bağlı Rəsul Rzanın fəaliyyətindən
bəhs etdim. Nəsiminin qəbrini ziyarət
edəndə hər iki ölməz şairin ruhuna dualar oxuduq.
Sevinirəm ki, hər iki şair haqqında az-çox
xidmət göstərmişəm. “Nəsimi “İraq
divanı” (Yazıçı, 1987, 336 s.) və
“Nəsimi haqqında araşdırmalar” (“Qarabağ”, 2010, 168
s.) kitablarım çıxıb. Rəsul
Rzanın yaradıcılığına məqalələr həsr
etmişəm. Şairin Kərkükdə
Ə.Bəndəroğlu ilə birgə “Ağlayan çox,
gülən hanı?” adlı 180 səhifəlik
kitabını buraxmışam.
Rəsul müəllimlə bağlı bir məsələni
də oxucuların nəzərinə çatdırmaq istərdim. Ötən əsrin 80-ci illərində
Bakı şəhər Partiya Komitəsinin qərarı ilə Bakı
Şəhər Sovetində küçələrə adqoyma
komissiyası yaradılmışdı. Bakı
Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat
şöbəsinin müdiri Etibar Babayev komissiyanın tərkibinə
nüfuzlu şəxsləri salmışdı. Komissiyanın tərkibində mən də
vardım. İki təkliflə
çıxış etdim. Yaşadığım Suren Osepyan
küçəsini Süleyman Rüstəmin adına,
Rəsul Rzanın yaşamış olduğu küçəni
onun adına qoymağı təklif etdim.
Xalq yazıçısı Anar birinci təklifimi
zarafatla “tapıntı” adlandırdı. Xalq yazıçısı
Mirzə İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə və
Sabir Rüstəmxanlı hər iki təklifimi dəstəklədilər
və müsbət qərar qəbul olundu...
İndi hər dəfə Rəsul Rza küçəsindən
keçəndə qürur duyuram. Qürur duyuram ki, belə
bir dahi şəxsiyyətin müasiri olmuşam.
Qəzənfər PAŞAYEV
Professor
Ədəbiyyat qəzeti.- 2017.- 13 may.- S.11.